Cəfər
Cabbarlı – 110
“Sevil”
zamanın səsidir
XX əsrin
ən məhsuldar yazıçılarından sayılan,
çoxsahəli bir yaradıcılıq yolu keçən, az
yaşayıb çox yazan Cəfər Cabbarlı sənətinin
qaynağı xalq həyatı və tarixi idi. Xalq
üçün, ictimai həyatımız üçün
çox ciddi əhəmiyyəti olan yaradıcılıq yolu
keçən C.Cabbarlının bütün
yaradıcılığı küll halında
götürülsə, bu yaradıcılıqda ərəb
istilasından XX əsrin 30-cu illərinə qədərki Azərbaycan
tarixinin ayrı-ayrı dövrlərinin əks olunduğunu
görmək mümkündür. O, Azərbaycan torpağında
baş verən hadisələrə sadəcə olaraq
baxmır, onu görür, ümumiləşdirir, odur ki,
tariximizin bədii salnaməsi olan əsərlərini yazıb
ortaya qoya bilirdi. Əsərlərinin üzərindən illər
keçsə də, bu əsərlər yenə də
zamanın aynasına, tarixin bədii salnaməsinə
çevrilir və zamanın səsinə səs verir.
Onun əsərlərində
həmişə əsrlər, dövrlər və əsrləri,
dövrləri təmsil edən fikirlər
qarşılaşdırılır. Dramaturji konflikt də bu
dövrlərin qarşılaşdırılmasında
özünü göstərir.
C.Cabbarlının
əsərləri içərisində çox böyük əks-sədaya
səbəb olan ictimai fikir doğurduğu üçün
mübahisəyə, fikir ayrılığına, həm tərifə,
həm də tənqidə məruz qalan pyeslərdən biri,
bəlkə də birincisi "Sevil" idi.
Vaxtilə
yalnız sosializm realizmi metodu çərçivəsində
təhlil edilən bu əsərin bu gün elmi və tarixi dərkinə
ehtiyac vardır. Professor Yaşar Qarayevin C.Cabbarlı
haqqındakı yazılarının birində
professionallıqla söylədiyi "Bu
yaradıcılığın yenidən elmi dərkinə
aşkar ehtiyac yaranmışdır" fikri müasir
baxımdan çox dəyərlidir.
"Sevil"
əsərində zamanın siyasi mövqeyinə uyğun
olaraq qadının azad olması üçün birinci amil
kimi çadranın atılması əsas
götürülürdü. C.Cabbarlı da bu mövqedə
dayandığı üçün zamanın tələbi ilə
səslənən kamil bir əsər yazıb ortaya qoydu. Lakin
qadın azadlığı elə yalnız çadranı
atmaqlamı izah olunmalıdır? Hələ 1913-cü ildə
"Şəlalə" jurnalı 27-ci nömrəsində
yazırdı: "Qadınların açıq vəziyyətdə
sokağa (küçəyə - M.H.) çıxmaları tərəqqini
təmin etsəydi, əsrlərdən bəri
çıl-çılpaq gəzən Afrika zənciləri tərəqqi
etmiş olardı". Demək, qadın azadlığı
üçün çadradan azad olmaq problemin bir qütbü
idi. Problemin ikinci tərəfi isə qadının iqtisadi cəhətdən
azad olması idi. Bu C.Cabbarlının əsərində
ustalıqla qələmə alındı. C.Cabbarlının,
elə o zamankı ədəbi tənqidin də əsərə
münasibətindən görmək olurdu ki, qadın
haqlarına mane olan yalnız çadra deyil. Çadra o
zamanın qadın azadlığı devizi altında
keçirilən dövlətin ideoloji kampaniyasının bir
simvolu idi. Qadın haqlarına mane olan amillərin kökü
daha dərindədir. Bunu hələ gənc yaşlarından
dərk edən gənc Cabbarlı hökumətin
keçirdiyi kampaniyanın imkanlarından yararlandı.
C.Cabbarlı
yaradıcılığı ilə məşğul olanlar
yaxşı bilirlər ki, Azərbaycanda sovet hakimiyyəti illərinə
qədər (1920, 28 aprel) Azərbaycan Demokratik Respublikası
hökuməti zamanı bir sıra milliyyətçi,
türkçü milli ənənəyə bağlı
("Ədirnənin fəthi", "Bakı müharibəsi"
kimi) əsərləri ilə sovet hökuməti dairələrində
bir növ "gözükölgəli" olan C.Cabbarlı
Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra sovet cəmiyyətinin
irəli sürdüyü bir sıra tədbirlərlə
bağlı əsərlər yazıb ortaya qoyur, bununla da cəmiyyətdəki
mövqeyini qoruyub saxlamağa çalışırdı.
Yeni cəmiyyətin ortaya atdığı problemlərdən
biri də qadın azadlığı, qadına münasibət
məsələsi idi.
Odur ki,
1920-30-cu illərdə Azərbaycan Kommunist Partiyası mədəni
inqilab şüarı ilə bir sıra tədbirlər həyata
keçirməyə başladı. Bu tədbirlərin
içərisində çadraya qarşı mübarizə
günün aktual məsələləri sırasında idi.
Sovet cəmiyyətinin bu tədbiri elə bil ki,
C.Cabbarlının arzularının mücəssəməsi
oldu. C.Cabbarlı cəmiyyətin əsası olan ailədə
yaranan bir növ "inqilab"ın doğurduğu zərurət
nəticəsində yaranan bir əsər yazdı. Bu, həyatın
axarından doğan ailələrdəki təbəddülatın
nəticəsi idi. C.Cabbarlının "Sevil"i də
1927-1928-ci illərdə qadınların çadra atmaq
kampaniyasına kütləvi hərəkatını,
onların ictimai işə, ictimai əməyə cəlb
edilməsi yollarını əks etdirirdi.
İndi
isə C.Cabbarlı dövlətin tədbirlərindən
yararlanaraq "çadranın atılması
kampaniyası" ilə bağlı özünün demək
istədiklərini "Sevil" əsərinin qəhrəmanları
Sevilin və Gülüşün simasında əks etdirməyə
çalışırdı.
"Yeni"
ilə "köhnə" - yəni çadranı atmaq və
ya çadranı örtmək C.Cabbarlının
"Sevil" əsərində ictimai ziddiyyət kimi
qarşılaşdırıldığı üçün
C.Cabbarlı "Sevil" əsərində bu problemdən çox
gözəl istifadə etmişdir.
C.Cabbarlı
cəmiyyətin əsası olan ailədə bu
qarşılaşmanı çox bariz şəkildə
verdiyi üçün "Sevil" əsəri bir növ həyatın
özü, zamanın səsi idi. C.Cabbarlı hökumətin
tədbirlərindən yararlanaraq Azərbaycan
qadınının inkişaf perspektivlərini göstərməyə
çalışırdı.
Hər nə
qədər dövlətin "mədəni inqilab",
"çadranı atmaq" kampaniyası həyata
keçirilsə də, C.Cabbarlını "Sevil"ə gətirib
çıxaran köklər çox dərin idi. Bu köklər
bir tərəfdən böyük tarixə malik olan Azərbaycan
ədəbiyyatının ənənəsindən gəlib
çıxırdısa, ikinci tərəfdən ədibin
öz yaradıcılıq ruhundan və öz ideyalarından
irəli gəlirdi. Zamanın səsi kimi "Sevil"
mütləq yaranmalı, qadın azadlığı məsələsi
o dövrdə bədii ədəbiyyatda mütləq bu şəkildə
qoyulmalı idi. Əsərlərində daim qadın
azadlığı mövzusuna toxunan C.Cabbarlı tərəfindən
bu əsərin yazılması da təbii və qanuni idi.
"Dədə-Qorqud"dakı
qəhrəman, mərd qadın surətləri, Nizaminin, M.f.
Axundovun, H.Cavidin əsərlərində tərənnüm
etdikləri qadın surətlərinin hamısı XX əsrdə
Sevilin cəsarətli addımlarının, başından
açdığı çadranın proloqu idi. Sevilin cəsarəti
və təkamülü isə Azərbaycanda gələcək
Almazlar və Gülbaharlar üçün bir perspektiv oldu.
"Sevil"
pyesində əsas dramaturji konkflikt zahirən Balaşla Sevil
arasında ziddiyyət kimi görünür. Əslində
Balaşla Sevil arasındakı ziddiyyət ər-arvad
arasında bütün zamanlarda, bütün xalqlarda
özünü göstərən şəxsiyyət, xarakter
müxtəlifliyindən doğan ailə konflikti deyil, əsrin
öz konfliktidir.
Cabbarlı
Sevilin simasında Azərbaycan qadınının mübarizəsində
onun təkamül prosesini göstərməyə
çalışdı. Belə ki, əsərin əvvəllərində
gördüyümüz Sevil sonrakı şəkillərdəki
Sevil deyil. O, artıq günün, əsrin
qadınıdır. O, indi eyhamlarla, qəhqəhələrlə
danışır. Bu qəhqəhələri, bu eyhamları
ilə Balaşdan intiqam alır. Bu intiqamın özü də
bir şəxsin bir şəxs üzərindəki qələbəsi,
intiqamı deyil, öz haqqını axtarıb tapan
qadının qələbəsi və intiqamıdır. Beləliklə,
C.Cabbarlı böyük bir dramaturji ustalıqla əsrlər
boyu yaranmış təzadları, onun inkişaf
yollarını təsvir etməyə
çalışmışdır. Bu mənada "Sevil"
pyesi həm əxlaqi-tərbiyəvi xüsusiyyətləri, həm
də qəhrəmanların tipikləşdirilməsi
baxımından əsl sənət nümunəsi oldu.
C.Cabbarlı
Sevili ideallaşdırır, onu sevdirməyə, onun hər
addımını təqdir etməyə
çalışırdı.
C.Cabbarlının
əsərlərinə, bu əsərlərindəki
personaclara rəmzi adlar verildiyi bir həqiqətdir. Almaz,
Yaşar, Oqtay Eloğlu, Gülüş, Dönüş kimi.
Bu, ədəbiyyatda bir yenilik idi. Bu adlar gəlişi gözəl
bir mənada deyil, hər personajın və əsərin
xarakterinə uyğun olaraq seçilirdi. "Sevil" əsərinin
qəhrəmanı Sevil də bu mənada bir rəmz idi.
C.Cabbarlıya görə hüququ və azadlığı
müəmmalı olan hər bir qadın özünü
yetişdirməyi, dəyişməyi, döyüşməyi
bacarmalı və bacarığına görə də sevilməli,
təqdir olunmalıdır. Əsərin əvvəllərində
hüquqsuz, itaətkar, müti, avam bir qadın olan Sevil
yavaş-yavaş öz hərəkəti,
davranışı, biliyi ilə ətalətdən
çıxır, dəyişir, dəyiə-dəyişə
də hamı tərəfindən sevilməyə
başlayır. Demək, C.Cabbarlı Sevil adını məqsədli
yaratmış və əsər boyu öz qəhrəmanını
bu məqsədlə inkişafda vermiş, onun sevilməsinin
bütün atributlarını verə bilmiş, Sevil
adını bir məqsədlə yaratdığını
ifadə edə bilmişdir.
Sevil
daxili-mənəvi bir inkişafla böyüyür, dəyişir
və bu müsbət dəyişiklik onu sevdirir. O, sevilməyə,
təqdir olunmağa başlayır.
Ta
şifahi xalq ədəbiyyatından başlamış XX əsrin
əvvəllərinə qədər Azərbaycan
yazıçı və ictimai xadimlərinin qadın
azadlığı haqqında mülahzələri, qadın
azadlığı ətrafında XX əsrin əvvəllərində
Azərbaycan mətbuatında gedən mübahisələr
işığında C.Cabbarlı "Sevil"də
qadın azadlığına öz münasibətini şərh
etdi. "Sevil" pyesi Azərbaycan qadınının
azadlıq tarixinin bir epoxada bədii əksi oldu.
Göründüyü
kimi, C.Cabbarlını "Sevil"ə gətirən
köklər, böyük tarixə malik olan ədəbiyyatımızın
öz ənənəsindən gəlib
çıxırdı. C.Cabbarlı böyük tərbiyəçi
olan sələflərinin əsərlərində dilə gətirdikləri
qadına münasibət məsələləsini yeni əsrdə
yaranan şəraitə uyğun olaraq bədii əsərə
gətirdi, onun reallığının bədii dərkini ifadə
edə bildi.
"Sevil"
XXI əsrin astanasında da öz həyatını
yaşayır. Bir tərəfdən çadralılar
artmağa başlayır, digər tərəfdən
açıq-saçıq geyinmiş
yarıçılpaqlar.
"Sevil"in birinci pərdəsində belə bir epizod var. Açıq-saçıq geyinmiş Dilbər (Edilya) bir otaqdan, çadraya bürünmüş Sevil isə başqa otaqdan çıxıb üz-üzə gəlirlər və hər ikisi qışqıraraq geri dönürlər. Bu vahimənin səbəbi odur ki, Dilbər Sevili çadrada görəndə guya vahimələnib qışqırır, Sevil isə Dilbəri açıq-saçıq geyinmiş görərkən heyrətdən və xəcalətdən qışqırır.
"Sevil"də qaldırılan məsələ bu gün üçün keçilmiş etap kimi görüsə də, bütövlükdə əsər öz aktuallığını itirməmiş, qadına köhnə münasibətin qalıqlarına qarşı bu günlə səsləşir. Qadındakı təkamül, inkişaf, dünyaya baxış, hüququnu və haqqını dərk məsələsini cəmiyyətin mövqeyindən həll etmək baxışından "Sevil" dramı bu gün də ədəbiyyatımızda öz üstün mövqeyini mühafizə etməkdədir. Bu gün də bəşəriyyətin qarşısında duran ən nəcib və şərəfli vəzifələrdən biri qadın, onun cəmiyyətdəki rolu ideyasının tənzimlənməsidir.
Dünyada qadın hüququ, qadın azadlığı, gender məsələləri ilə bağlı çox böyük qlobal problemlər hələ də öz həllini gözləməkdədir. Bu gün Avropada, Amerikada, dünyanın bir çox inkişaf etmiş və ya inkişaf etməkdə olan ölkələrində "qadın hüquqları", "gender problemləri", "insan hüquqları" kimi problemlər aktuallaşır və bu problemlərin həlli gündəmə çıxarılır. Bu gün bizə müasir Avropanın dəyərləri kimi gündəmə çıxarılaraq təqdim olunan qadın haqları problemi özünün həllini hələ də doğru-dürüst tapa bilməmişdir. Halbuki C.Cabbarlı təxminən 80 il bundan əvvəl qoyduğu və həll etməyə çalışdığı bu problemin həllində çox ötkəm bir bədii üsuldan istifadə edərək, ədəbi-bədii müstəvidə onu həll etməyə çalışmış və bu mənada XX əsrdə XXI əsri qabaqlamış, qadın haqlarının bir çox yollarını bədii şəkildə verə bilmiş, qadının mənəvi azadlıq yollarını göstərə bilmişdir.
Maarifə
Hacıyeva
Ədəbiyyat
qəzeti.-2009.-22 may.-S.6-7.