Nəsiminin 640 illiyi münasibətilə Suriyada tədbirlər keçiriləcək

 

   Böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 640 illik yubileyi ərəfəsində Suriyanın Hələb şəhərində və paytaxt Dəməşqdə tədbirlər təşkil ediləcək. Noyabrın 10-dan 17-dək Azərbaycan nümayəndə heyəti Suriya Ərəb Respublikasında səfərdə olacaq. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyeva məlumat verib. Səfər çərçivəsində Azərbaycan   və Suriya alimlərinin iştirakı ilə Nəsiminin yaradıcılığına | həsr olunmuş müştərək elmi konfrans keçiriləcək.

  Azərbaycan alimləri akademik Bəkir Nəbiyev, AMEA-nın müxbir üzvü Teymur Kərimli, professor Qəzənfər Paşayev, filologiya elmləri namizədi Səadət Şıxıyeva elmi konfransda məruzələrlə çıxış edəcəklər. Elmi konfransda iştirak etmək, həmçinin, Nəsiminin məqbərəsinin bərpası və yenidən qurulması ilə bağlı təkliflər hazırlamaq məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev, Mədəni irs şöbəsinin sektor müdiri Telman Kərimli, "Mədəni irsin qorunması, tədqiqatı və monitorinq mərkəzi" MMC-nin baş direktoru Rüstəm Muxtarov da Suriyaya gedəcəklər.

  Nümayəndə heyətinin Hələb Quberniyasının, Suriyanın Mədəniyyət Nazirliyinin rəhbərliyi ilə, habelə Nəsiminin məqbərəsinə nəzarət edən, şairin nəslinin davamçısı Məhəmməd Nəsimi ilə görüşləri planlaşdırılır.

 Nümayəndə heyətinin Suriya Yazıçılar ittifaqında, Milli Ensiklopediyada və Milli Muzeydə də görüşləri olacaq.

 

Ədəbiyyat qəzeti.-2008.-7 noyabr.-S.2.