Anar
Mübahisəli müsahibəyə münasibətim
Son günlər
istər iqtidar, istər müxalifətyönlü, istərsə
də az-çox müstəqil qəzetlərdə Rüstəm
İbrahimbəyovun bir müsahibəsi haqqında verilən
yazılar məni çox narahat etdi. Təbii ki, ölkəmizdə
çıxan bütün qəzetləri izləyə bilmirəm,
amma aldığım və oxuduğum qəzetlərdə həm
Rüstəmə qarşı haqsız iradlar, həm də
guya ki, onun müdafiəsinə yönəlmiş
yazıların çoxusu məni təəssüfləndirdi.
Məsələ Milli Məclisdə
Rüstəmin məlum müsahibəsiylə bağlı
çıxışlardan başladı. Hörmət
bəslədiyim millət vəkillərinin Rüstəmə
tutduğu iradların çoxunu əsassız sayıram.
İradlara münasibətini bildirən Rüstəm
İbrahimbəyov bir daha geniş demokratik düşüncə
sahibi olduğunu sübut etdi: "Bu fikirləri söyləmək
onların haqqıdır" - dedi.
Doğrudur. Bu
fikirlərə etiraz etmək də mənim haqqımdır.
Alimliyinə, qələminə hörmət bəslədiyim
dostum Nizami Cəfərov gərək: "Mən Rüstəm
İbrahimbəyov adlı yazıçı
tanımıram" - sözlərini dilinə gətirməyəydi.
Belə sözlər onun ədəbi
savadına, bədii zövqünə yaraşmır.
Rüstəm
yazıçıdır, həm də böyük
yazıçıdır. Yeri gəlmişkən,
Rüstəmi qınayanların da, müdafiə edənlərin
çoxunun da onu ilk növbədə kinorejissor
adlandırması təəccüb doğurur. Düzdür, Rüstəm bir neçə bədii
filmin rejissorudur, amma o, ilk növbədə yazıçı,
dramaturq, ssenaristdir. Ssenariləri Azərbaycanda, Moskvada,
keçmiş SSRİ-nin müxtəlif studiyalarında
çəkilmişdir, yüksək mükafatlar almış
filmlərin müəllifidir. Tək Azərbaycanda
deyil, Türkiyə də daxil olmaqla, bütün türk
dünyasında nüfuzlu Oskar ödülü almış
yeganə sənətçidir. Pyesləri Moskvanın,
Leninqradın (Peterburqun) ən mötəbər səhnələrində,
dünyanın müxtəlif ölkələrində
tamaşaçıların rəğbətini
qazanmış, özünün yaratdığı İBRUS
teatrıyla müxtəlif ölkələrdə uğurla
çıxışlar edən dramaturqdur. Əsərləri
neçə-neçə dilə çevrilən görkəmli
nasirdir.
Bunlar öz yerində,
bütün bunlarla bərabər Rüstəm Azərbaycanın
ən böyük vətənpərvərlərindəndir.
Qarabağ münaqişəsinin ən qaynar
çağlarında erməni lobbisinin çox böyük
güc sahibi olduğu bir ölkədə - Fransada, Paris
televiziyasıyla çıxış edib Azərbaycanın
haqq işini müdafiə edən, Şarl Aznavur kimi məşhur
müğənniyə sərt ittihamlar verən də
başqası yox, məhz Rüstəm İbrahimbəyov idi. Bakıda, öz aramızda erməniləri
söyüb ürəyini soyutmaq böyük hünər
deyil. Hünər - ASALA kimi terrorçu
erməni təşkilatının at oynatdığı və
neçə-neçə qətllər törətdiyi Parisdə
daşnak siyasətini qorxmadan, çəkinmədən
bütün Fransa qarşısında ifşa etməkdi.
Bunu Rüstəm edib. Moskvada
Ali Sovetdə deputat olduğumuz zaman, bizə çox vaxt
düşmən, ən azı laqeyd münasibət bəsləyən
bir auditoriyada Azərbaycanın səsini eşitdirənlərdən
biri də Rüstəm İbrahimbəyov idi.
Bütün bunları yada salmaq bəlkə də artıq
işdir, əgər...
Əgər Rüstəmi bu gün az qala qeyri-patriotluqda, guya ki Bakıdan gedən
ermənilərin həsrətini çəkməkdə
ittiham etməsəydilər. Rüstəm bu
"həsrəti" harda ifadə edib? Hər
halda hədəf seçilmiş müsahibədə ermənilər
barədə bir kəlmə də deyilmir.
Niyə görə biz nadir istedada
malik insanlarımıza qarşı bu qədər amansız,
insafsızıq? Niyə görə ömrü
boyu bu millətə, onun mədəniyyətinə, ədəbiyyatına,
kinosuna, sənətinə əvəzsiz xidmət göstərmiş
şəxsiyyətləri kiməsə mübahisəli
görünən bircə müsahibəsinə görə
yerə vurmağa tələsirik, onların gördüyü
bütün işlərin üstündən birdəfəlik
qələm çəkməyə hazırıq? Çərrədib, dığ edib öldürəndən
sonra üstündə şaxsey-vaxsey qurub ağlaşmaq,
"heyf, sağlığında qədrini bilmədik" - qəbilindən
riyakar sözlər söyləmək üçünmü?
Əgər Rüstəmin
müsahibəsini xeyirxah baxışla oxusan, görəcəksən
ki, o, Bakını tərk etmiş dəyərli adamları,
ilk növbədə azərbaycanlıları nəzərdə
tutur. Məgər çox qiymətli
mütəxəssislərimizin Rusiyaya, Türkiyəyə,
Avropa ölkələrinə, ABŞ-a, İsrailə getməsi
acı həqiqət deyil? Məhz bu
"beyin axını", "istedad axını" nəticəsində
şəhərimizin elitası, loru dillə desək,
qaymağı əvvəllərdəki tək nüfuzlu
söz sahibi deyil. Düzdür, Rusiyada, Türkiyədə,
adı keçən başqa ölkələrdə alimlərimizin,
həkimlərimizin, musiqiçilərimizin, rəssamlarımızın,
müğənnilərimizin fəaliyyət göstərməsi,
öz-özlüyündə mənfi hadisə deyil, əksinə,
bu ölkələrin elminə və sənətinə öz
töhfələrini verməklə, onlar həm də Azərbaycanı
daha çox tanıdırlar, öz doğma vətənlərinin
şöhrətini daha da ucaldırlar. Amma hər
halda belə dəyərli insanların bu gün Azərbaycanda
olmaması da təəssüf doğurur. Bu
mühacirəti yalnız siyasi səbəblərə
bağlamaq düz deyil. Belə
könüllü mühacirətin başlıca səbəbi
iqtisadi problemlərdir.
Xaricdə təhsil almış ən
qabiliyyətli gənclər də bəzən vətənə
dönərkən müəyyən çətinliklərlə
rastlaşır, alışmadıqları şəraitin
şərtlərini qəbul edə bilmirlər, odur ki, ya
heç gəlmək istəmirlər, ya da yenidən təhsil
aldıqları yerə qayıtmağa
çalışırlar. Bunu da danmaq
olmaz.
Hər hansı səbəbdən
olur olsun - Bakı cəmiyyətinin xeyli dəyişməsi
danılmaz həqiqətdir. Əlbəttə, mən istərdim
ki, ağır, dözülməz müsibətlər nəticəsində
Ermənistandan, işğal
olunmuş rayonlarımızdan qaçıb,
köçüb Bakıya daşınmış, Bakıya
sığınmış insanlar haqqında danışarkən
Rüstəm daha diqqətli ifadələr işlətsin. Bu çox həssas məsələyə toxunarkən
problemin bütün obyektiv və subyektiv amillərini nəzərə
almaq vacibdir. Amma şəhərdə demoqrafik dəyişmənin
ağrılı bir proses olduğunu dilə gətirdiyi
üçün Rüstəmi heç vəchlə
qınamaq olmaz. Müəyyən proseslərə
göz yummaqla onları çözmək mümkün deyil.
Yazıçının bir vəzifəsi də,
hətta müəyyən ifrata vararaq, cəmiyyətin diqqətini
ağrılı problemlərə yönəltməkdir.
R.İbrahimbəyovun müsahibəsində
daha hansı məqamlara etiraz edirlər? Rüstəm
deyir ki, Azərbaycanda rüşvətxorluq, korrupsiya var. Məgər
yoxdur? Yoxdursa, korrupsiyaya qarşı mübarizə
qurumu niyə yaradılıb?
Rüstəm deyir ki, məmur
özbaşınalığı var, bu, təbii ki,
bütün məmurlara aid edilə bilməz. Amma müxtəlif səviyyəli məmurların
süründürməçiliyi, on dəqiqədə həll
oluna biləcək məsələni aylarla uzatması, bəzən
təmənnalı şəkildə "hörmət"
umması insanları incidir, narazı salır. Belə olmasaydı bir çox məmurları,
yüksək vəzifə sahibləri də daxil olmaqla,
zaman-zaman nöqsanlarına görə işdən
çıxarmazdılar ki...
Rüstəm deyir ki, Bakının siması dəyişib,
tikinti işlərində pərakəndəlik var. Məgər
bu da həqiqət deyil? Doğrudur, şəhərdə
xeyli yeni bina tikilib, nə sovet dövründən əvvəl,
nə sovet dövründə son illərdə inşa olunan qədər
tikinti işləri aparılıb (Onların bir-birinə bənzəməsi,
bir-birinin "qarnında" yerləşdirilməsi,
yaşıllıqların azalması bahasına meydana
çıxması başqa məsələdir). Hər halda şəhərdə külli miqdarda yeni
binalar ucalır, qədim binalar yüksək səviyyədə
təmir olunur, yaraşıqlı bağlar səliqə-səhmana
salınır, müasir tipli körpülər qurulur və bu
da həqiqətdir. Bütün bunlara
hamımız sevinirik, bu uğurlar barədə deyirik də,
yazırıq da, hər gün televiziya kanallarıyla
eşidirik də. Amma məgər şəhərimizin
həyatında bizi narahat edən cəhətlər
qalmayıb və bu barədə yazıçı öz tənqidi
fikrini söyləyə bilməz? Mən də
vaxtilə bu barədə yazmışam, demişəm. İçərişəhərin qorunması
haqqında - Milli Məclisdə qərar
çıxardığımıza baxmayaraq - son vaxtlara qədər
burada özbaşınalıq hökm sürürdü, indi də
çox şeyi bərpa etmək əfsus ki, artıq
mümkün deyil. Bir vaxt "İçərişəhəri
sökməyin" deyirdiksə, indi "İçərişəhəri
tikməyin" - deyirik. İçərişəhərdəki
bu pozucu işlərə tək-tüklər etiraz etdi,
köhnə İnturist kimi həm memarlıq, həm tarixilik
baxımından unikal bina söküləndə isə
heç tək-tüklərin də səsi
çıxmadı. Memarlığımızın
korifeyi Mikayıl Hüseynovun layihəsi üzrə
tikilmiş möhtəşəm binalar söküləndə
özlərini onun tələbələri, xələfləri
sayan arxitektorlarımızın etirazını eşitmədik.
Rüstəmin elita haqqında
dediyi ağrı dolu sözlər bax, bu sayaq faktlardan
qaynaqlanır. Azərbaycan ədəbiyyatının böyük
klassikləri haqqında ən nalayiq sözlər mətbuat səhifələrinə
çıxarılarkən, çağdaş
yazıçılarımız haqqında bəzi qəzetlər
hər gün böhtanlar, təhqirlər, yalanlar dərc edərkən
Yazıçılar Birliyindən başqa kim
buna qarşı söz dedi? Axı, bu təxribat
tək bir yazıçılara qarşı deyildi,
bütün mənəvi dəyərlərimizin, mədəniyyətimizin,
dilimizin təməllərinin, əsrlərdən
keçmiş adət-ənənələrimizin,
böyük-kiçik münasibətlərinin alt-üst edilməsinə
yönəlmişdi. Bunlara qarşı
etiraz etmək bütün cəmiyyətin, ən azı onun
"elitasının" müqəddəs borcu deyildimi?
Deyə bilərlər ki, belə hücumlar əsasən
müxalifət mətbuatında, bir para bulvar qəzetlərində
edilir. Yaxşı, bəs niyə iqtidar qəzetlərində,
ya müstəqil mətbuatda elita bunlara cavab vermirdi? Əlbəttə, mən Rüstəm kimi kateqorik şəkildə
"Azərbaycanda elita yoxdur" demək istəməzdim.
Elita olmasaydı, millət də qalmazdı.
Elita var, amma səsini çıxarmır, ərinirmi,
tənbəllik edirmi, biganəliyi üstün tuturmu,
"azacıq aşım, ağrımaz başım"
prinsipiylə yaşayırmı, bilmirəm. Lakin ən azı ədəbiyyat, sənət sahəsində
nadan çıxışları, haqsız hücumları
görmür, eşitmir sanki.
Rüstəm İbrahimbəyov
olaylarıyla bağlı başqa bir məsələyə də
toxunmaq istəyirəm. Bir də təkrar
edirəm ki, çıxan qəzetlərin çoxunu oxumaq
imkanım yoxdur. Amma oxuduğum qəzetlərin
bəzilərində Rüstəm İbrahimbəyovun
müdafiə olunmasına əvvəl-əvvəl təəccüb
qaldım. Axı, cəmisi bir neçə ay əvvəl
elə həmin qəzetlər Rüstəmi az
qala vətən xaini kimi təqdim edirdilər. İndi nə
baş verdi, Rüstəm nədən birdən-birə
gülməşəkər oldu. Məsələ
gün kimi aydındır. Rüstəm də,
bəzi başqa yazıçılar, ziyalılar da bu
jurnalistlərə yalnız siyasi dartışmalarında bir
alət kimi, bir vasitə kimi lazımdırlar. Elə ki, hər hansı bir
yazıçının obyektiv söylədiyi bir fikirdən
öz məqsədləri üçün istifadə edə
bilirlər, o yazıçı olur "fəxrimiz,
iftixarımız, vicdanımız" və s. Elə ki,
bunların mövqeyinə uyğun gəlməyən başqa
doğru söz söyləyir, dərhal qara siyahılarına
düşür.
Özü də bu yalnız
yazıçılara aid davranış deyil. Gözəl müğənnimiz Flora Kərimova uzun
illər boyu müxalifət mətbuatının ərköyünü
idi. Amma elə ki, Flora xanım prezident
seçkilərində İlham Əliyevə səs verəcəyini
söylədi, dərhal elə həmin mətbuatın səhifələrində
hücumlara məruz qaldı. Demə,
müğənninin nəinki istədiyi şəkildə səs
vermək haqqı yoxmuş, heç ümumiyyətlə,
vokal səsi də "yoxmuş".
"Bütün
yazıçılardan zəhləm gedir" sözlərini
yazan və mətbuat səhifələrinə
çıxarmağı rəva bilən adamın qəfil
"Rüstəm İbrahimbəyov sevgisinin" səmimiyyətinə
necə inanasan?
Ən nalayiq ifadələrlə
Fikrət Qocanın yüksək şairlik istedadını
danan müəllif, Rüstəm İbrahimbəyov
yaradıcılığının dəyərini bilməyə
qadirdimi?
Yazı müəllifinin, Milli Məclisdə bir
çıxışına görə Əkrəm Əylislini
yaşına, başına yaraşmayan bir kobudluqla lağa
qoyması ilə Rüstəm İbrahimbəyovun yüksək
mədəni davranışının təqdiri heç
cür uyğun gəlmir (Bu müəllif adamların
adının yanında "əkə" sözünü
yazmağı öz "yumorunun" ən uğurlu
tapıntısı hesab edir).
Son on ildə Əkrəmlə mənim
münasibətlərimizdə müəyyən problemər
olduğunu hamı bilir. O, Yazıçılar təşkilatının
tarixində olan bəzi hadisələr haqqında, ümumiyyətlə,
Yazıçılar Birliyi haqqında, mənim barəmdə
həqiqətdən çox uzaq sözlər söyləyəndə
cavab verməyə məcbur olmuşam. Amma
yetmiş yaşını haqlamış tanınmış
yazıçı haqqında bu cür hərzə tonla danışmaq
daha sonra gələn nəsillərə pis nümunədir.
Gün gələcək onlar da sizlər
haqqında bu tonda danışacaqlar...
Qəzetlərdə baş alıb gedən
savadsızlıqlardan danışsam, mətləb xeyli uzanar.
Birisi elə bilir ki, "Yaşıl eynəkli adam"
telepyesini Vaqif yox, Yusif Səmədoğlu yazıb. Başqa birisi Vaqif Səmədoğlunu ittiham edir ki,
"Bir axşam taksidən düşdük payıza"
misralarını Nazım Hikmətin "Trəndən
düşdüm yaya" misralarından götürüb.
Türkiyə türkcəsində "yay" - bizdə
olduğu kimi fəsil adı deyil, "yaya" - piyada deməkdir,
bizim "yay" dediyimiz mövsümə isə onlar
"yaz" deyirlər. Bunu bildiyi
üçün Vaqif heç cür həmin gözəl
misrasını Nazimdən götürə bilməzdi. Bəli, Vaqif bunu bilir, amma onu yekaxanalıqla tənqid
edən bilmir.
Bu qəzetlərin redaktorlarına məsləhət
görərdim ki, bizlərə qarşı hücumlar təşkil
edəndə, yazılar sifariş verəndə, bir az daha savadlı müəlliflər tutsunlar. Yazıçıların maskalarının
düşməsini iddia edən müəllifə isə
xatırlatmaq istəyirəm ki, maskanı yalnız öz sifəti
olmayan, onun-bunun sözünü deyən, ya da sifətini
tez-tez dəyişənlər taxmağa məcburdurlar. Ömrü boyu bir sifətdə olub, üzləri
heç vaxt dəyişməyənlərin isə maskaya
ehtiyacı olmur.
Televiziyanın maraqlı
verilişlərindən biri də müxtəlif sahələrə
aid suallar və hədiyyəli cavablardır. Bəzən bu verilişə baxıram. Çox vaxt təəssüflənirəm ki,
özləri - musiqi, tarix, ədəbiyyat
mövzularını seçən adamlar bu seçdikləri
sahələrə aid ən elementar şeyləri bilmirlər.
Məni ən çox təəccübləndirən isə
o oldu ki, bu verilişi ümumiyyətlə, maraqlı aparan
aparıcı "Kvazimodo hansı yazıçının
personajıdır" sualına "Qoqolun"
cavabını alanda "doğrudur" - dedi və "qalibə"
hədiyyə təqdim etdi (Bilməyənlərə
xatırladım ki, Kvazimodo fransız yazıçısı
Viktor Hüqonun "Paris Notr Dam kilsəsi" romanının
qəhrəmanıdır). Başqa bir verilişdə "28
sentyabr niyə Musiqi günü elan edilib" sualına
"Üzeyir Hacıbəyovun anadan olduğu gün
olduğuna görə" cavabı məqbul sayıldı. Məktəbli də bilir, daha doğrusu bilməlidir
ki, Üzeyir Hacıbəyov sentyabrın 28-də yox, 18-də
anadan olub və Musiqi bayramı da həmin gün
keçirilir.
Mətbuatda, TV və radio
dalğalarında arabir izlədiyim bu sayaq
yanlışlıqlardan yalnız bir neçəsini misal
çəkdim. Bu isə öz növbəsində
onunla bağlıdır ki, KİV istəsə də, istəməsə
də xalqı ciddi mütaliədən, deməli, savaddan
uzaqlaşdırır.
Nəyə görə
şou-müğənnisinin pişiyinin ölümü bir qəzetdə
ən mühüm ictimai-ədəbi hadisələrdən
daha vacib xəbər kimi oxuculara təqdim olunmalıdır.
Bəlkə belə hesab edirlər ki, pişiyin
ölümü iqtidara daha bir ağır ittihamdır?
Nə üçün TV kanallarında əyləncə
proqramları (kim kimlə dalaşdı,
kim kimlə barışdı, kim kimə nə dedi, kim kimi necə
söydü, kim evləndi, kim boşandı) əsas və ən
baxımlı vaxtı işğal edir. Əyləncə
də lazımdır, sözsüz, amma yalnız əylənən,
heç bir ciddi problemə maraq göstərməyən
tamaşaçı kütləsi cəmiyyəti mənəvi
iflicə gətirib çıxara bilər. Əyləncəyə
ayrılan TV vaxtının böyük bir qismi maariflənməyə,
savadlanmağa ayrılsa, bu, qat-qat faydalı iş olar.
Rüstəm düz deyir ki,
savadlı olmaq hələ elita olmaq deyil. Amma
məsələ ondadır ki, göründüyü kimi savad
sarıdan da ciddi problemlərimiz var. Sonra da iddia edirik ki,
hamımız ucdantutma elitayıq. Belə
olmasa da, hər halda bu gün Azərbaycanda elita var, bu
elitanın qədrini bilməliyik. Rüstəm
İbrahimbəyov da bu elitanın ən layiqli, ən parlaq
nümayəndələrindəndir. "Mənə
toxunmursa, nə işimə" prinsipiylə yaşayıb,
layiqli ziyalılarımızın təhqir olunmasına,
pisikdirilməsinə dözməməliyik, etiraz səsimizi
ucaltmalıyıq.
Rüstəmi müdafiə edən
yazılardan (oxuduqlarımdan) yazıçı Eldəniz
Quliyevin, hüquqşünas Aslan İsmayılovun, jurnalist
Zabil Müqabiloğlunun dedikləri obyektivliyi və məsələyə
təmkinli münasibətiylə seçilir. Dərin
hörmət bəslədiyim, məmnuniyyətlə çap
olunduğum, ziyalıların mötəbər "525-ci qəzet"ində
dərc olunmuş "Rüstəm İbrahimbəyovun
"beynəlmiləlçi" Bakı nostaljisi" adlı
yazı isə məni pərişan etdi... Rüstəm
İbrahimbəyovun adı gələndə
"ziyalı" sözünü hər dəfə
dırnaq arasına almaq çətin iş deyil, Rüstəm
səviyyəsində ziyalı olmaq qat-qat çətindir.
Bu yazını yazmaqda məqsədim
Rüstəmlə bağlı mübahisələrlə bərabər
bir sıra başqa məsələlərə də
münasibətimi bildirmək idi. Bilirəm,
yəqin ki, hər tərəfdən hücumlara məruz
qalacam. Olsun. Ədəbiyyata
gəldiyim ilk gündən və özəlliklə son iyirmi
ildə hər gün, hər növ, hər çeşid
hücumlara hədəf olmağa və çox vaxt müdafiəsiz
qalmağa alışmışam. Bəlkə
yazımın bir məqsədi də "atəşi"
dostum, qardaşım Rüstəmdən yayındırıb
öz üzərimə çəkməkdir.
noyabr 2008
P.S. Bu yazı çıxandan sonra hücumlara məruz
qalacağımı zənn edirdim. Demə,
hücumlar yazı çıxmamışdan
başlayacaqmış. Cavan ömrünü mənə
həsr etmiş növcavan tez-tələsik məni Rüstəmin
müdafiəsinə qalxmamaqda suçlayır və bu sayaq
"əxlaq" sahiblərinə xas olan "qanacaqla"
atamı da bura qatır. Bir-iki gün hövsələsi
çatmır ki, əlüstü, atüstü yazılar
yazmağı istəməyənlərin, sözünə
ciddi, məsuliyyətli yanaşanların reaksiyasını
gözləsin. Beləsinə nə deyəsən?
Yalnız təxəllüsünə bir durğu işarəsi
əlavə edə bilərəm: Qan! Tural!
525-ci qəzet.-2008.-7 noyabr.-S.4.