İnsan olmaq istedadı

 

Noyabrın 25-i Azərbaycanın xalq yazıçısı İmran Qasımovun doğum günüdür. Yaşasaydı, onun 90 yaşını bayram edəcəkdik, bu gün 90 illiyini onsuz qeyd edirik.

İmran Qasımov ədəbiyyatda, kinoda, teatrda iz qoymuş görkəmli sənətkardı, xüsusi kino təhsili almış ilk peşəkar ssenariçilərimizdəndi. Hələ 40-cı ildə onun birinci ssenarisi üzrə "Yeni üfüq" bədii filmi çəkilmişdi. Sonrakı illərdə onun ssenariləri əsasında çəkilmiş bədii və sənədli filmlər (o cümlədən Roman Karmenin Xəzər neftçiləri haqqında Lenin mükafatına layiq görülmüş sənədli filmləri) Azərbaycanın kino salnaməsinə daxil olmuşdur. "Nağıl başlananda", "İnsan məskən salır", "Dairəni genişləndirin", "Ömrümüz çox qısadır" pyesləri Bakıda Azərbaycan Milli dram teatrında, Rus dram teatrında, Moskva teatrlarında müvəffəqiyyətlə tamaşaya qoyulmuşlar.

Həsən Seyidbəyliylə birlikdə yazdığı "Uzaq sahillərdə" romanı 22 dilə çevrilərək 30 dəfədən çox nəşr edilmiş, öz dövrünün ən populyar əsərlərindən biri olmuşdu. Bu roman əsasında Tofiq Tağızadənin çəkdiyi eyniadlı filmdə Nodar Şaşıqoğlunun yaratdığı obraz xalqımızın igid oğlu, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadəni vətənimizin hüdudlarından kənarda da geniş tanıtdı.

İmran Qasımov xarici səfərlərin təəssüratlarını "Fransız qobeleni", "İtalyan mozaikası" kimi çox dəyərli oçerklərində qələmə alıb. Bəstəkar dostu haqqında yazdığı "Qara Qarayevin briqantinası" essesi ədəbiyyatımızda bu janrın ilk uğurlu örnəklərindən idi.

İmran müəllim atamın ən yaxın dostlarındandı. Rəsul Rza əvvəlcə Kino işləri idarəsinin müdiri, sonra Azərbaycanın ilk kino naziri olarkən İmran Qasımov onun müavini vəzifəsində çalışırdı, ancaq onların münasibətləri nazir-müavin münasibəti deyildi, çox yaxın, məhrəm dostluq əlaqəsi idi, ruhən yaxın insanların mənəvi yoldaşlığı idi. Atam onu nəvazişlə "İmrani" deyə çağırırdı. İmran da Rəsul Rza haqqında ən səmimi sözlər deyib və yazıb. Gözümü açandan İmran müəllimi evimizin əziz qonaqlarından biri kimi xatırlayıram, lap uşaq yaşlarımda onu Minarə xanımla birlikdə atamın Buzovnadakı bağına gəldiyi yadıma düşür. Müharibənin son illərində və müharibədən sonra Azərbaycana gətirilmiş Amerika maşınları - üstüaçıq "Villis"lə gəlmişdilər bağımıza və sükan arxasında İmran özü oturmuşdu. Atam da o vaxt həm maşın, həm də motosiklet sürürdü. Çimərlikdə İmranın "Villis"lə, atamın motosikletdə ötüşdüklərini xatırlayıram... O vaxt ən munis arzum böyüyüb motosiklet və maşın, özü də mütləq üstüaçıq "Villis" maşını sürmək idi. Əfsus ki, bir çox başqa arzularım kimi bu arzum da baş tutmadı.

Sonralar İmran müəllimlə daha ciddi ünsiyyətimiz oldu. O zəngin məlumatlı, geniş erudisiyalı, həm də çox maraqlı müsahib idi. Söhbətlərindən doymaq olmurdu. İmran dünyasını dəyişəndən çox-çox illər sonra Türkiyədə rəhmətlik Çingiz Aytmatovla söhbətlərdə o, sıx-sıx mərhum yazıçımızı xatırlayır, İmranla ünsiyyətin insanı zənginləşdirməsindən danışırdı. Bilirəm ki, İmran Qasımovla Çingiz Aytmatov həm də tez-tez məktublaşıblar. Bu məktubları hər iki yazıçının arxivindən tapıb mətbuatda dərc etmək nəcib iş olardı.

Yadımdadır, İmran müəllim İtaliyadan qayıdandan sonra orada məşhur İtaliya yazıçısı Alberto Moraviyayla görüşündən danışırdı, bəzi qərb sol intellektuallarının qəribə şıltaqlıqlarına uyğun olaraq Moraviya da o vaxt Çin xunveybinlərini müdafiə edirdi. İmran müəllim İtaliya yazıçısına deyibmiş: "Bəs İtaliyada da xunveybinlər baş qaldırsa və bütün əski ədəbiyyatı, o cümlədən elə Moraviyanın öz kitablarını yandırmağa başlasalar, yazıçı buna necə münasibət bəsləyər?"

İmran müəllimi erkən itirməyimiz bədbəxtlikdir, amma bunun bir təsəllisi var ki, o elə öz vətənində, vətənimizdə, Azərbaycanda bu sayaq "xunveybinlər"in peyda olacaqlarını görmədi - bütün keçmiş ədəbiyyatımızın, bütün mənəvi dəyərlərimizin, bütün klassiklərimizin və çağdaşlarımızın üstündən qələm çəkməyə cəhd edənlərdən xəbər tutmadı.

İmran Qasımov istedadlı bəstəkar idi, amma onun ən böyük istedadı, məncə, istedadı idi.

İlk baxışda elə düşünmək olar ki, "adam" və "insan" kəlmələri eyni anlayışı ifadə edir və tutalım, rus dilinə hər ikisi eyni sözlə çevrilir: "Çelovek".

Amma Azərbaycan türkcəsində bu sözlərin arasında çalar fərqi var. Biz "əsl insan" ifadəsini işlədirik, "əsl adam" ifadəsini yox. Doğrudur, dilimizdə müsbət mənada "filankəsin adamlığı var" - deyimi də mövcuddur. Amma bununla bərabər "filankəs "insan adamdır" da deyirik, yəni hər adam hələ insan deyil. qədər acı olsa da, adam çoxdur, insan az...

İmran Qasımov əsl insan idi. Tanrı ona səxavətlə İnsan olmaq istedadı əta etmişdi.

Mən bunu atamın xəstə olduğu, ümimiyyətlə, ailəmizin çətin bir dövr yaşadığı günlərdə bir daha gördüm. Bu barədə "Sizsiz"də də yazmışam.

Anam İmranı, təbii ki, çoxdan tanıyırdı, amma məhz o günlər bir dəfə mənə: "Ay Anar, bu İmran nə yaxşı adam imiş" - dedi. Sanki bu həqiqəti yenidən kəşf etmişdi. Doğrudan da nə lazım olurdusa, - həkim, dərman, mənəvi dəstək hansısa problemi yoluna qoymaq - İmran can-başla kömək edirdi. Halbuki bu vaxt artıq özünün də ağır xəstəliyi başlamışdı. Və atamın vəfatı, dəfni günlərində İmran müəllim, artıq yataqdan qalxa da bilmirdi, Rəsul Rzanın ölüm xəbərinin ona necə ağır təsir etdiyini mənə onun ailə üzvləri də danışıblar. Atamdan iyirmi gün sonra İmran da dünyasını dəyişdi və ömür boyu yanaşı yaşadıqları kimi, Fəxri Xiyabanda məzarları da yanaşıdır.

Əlbəttə, məsələ yalnız şəxsi dostluqda və bizim ailəyə özəl xoş münasibətdə deyil. Yazıçılar İttifaqında əvvəlcə katiblərdən biri, sonra bu təşkilatın rəhbəri kimi çalışanda İmran Qasımov nə qədər adamın məişət qayğılarını həll etməyə yardım göstərib. Bəzən bəsit düşüncəli adamların təsəvvüründə belə yaradıcı təşkilata rəhbərlik etmək - kefdir, ləzzətdir. Yalnız bu vəzifədə namusla çalışan adamlar həmin işin nə qədər çətin, ağır bir fədakarlıq olduğunu bilirlər. Bunu vaxtilə Qırğızıstanda Yazıçılar təşkilatına rəhbərlik edən rəhmətlik Çingiz Aytmatov bilirdi, bunu eyni vəzifəni vaxtilə Qazaxıstanda daşıyan Oljas Süleymenov bilir. Əziz dostum, Gürcüstan Yazıçılar İttifaqının sədri Quram Pancikidze qəfildən vəfat edəndə məndən: "Quram nədən öldü?" - deyə soruşdular, - "Yazıçılar İttifaqının rəhbəri olduğundan" - dedim. Elə bizdə də rəhmətlik Mehdi Hüseynin ürəyini öz iş kabinetində, iclas zamanı partlatmadılarmı? Mərhum İsmayıl Şıxlının xəstəliyi bu vəzifəni daşıdığı müddətdə şiddətlənib, ömrünü qısaltmadımı? Əminəm ki, İmran Qasımovun xərçəng xəstəliyinə səbəb bu təşkilatda keçirdiyi stresslər, əsəb gərginliyi, onun əlinə su tökməyə layiq olmayan adamların tənələri, hücumları, sancmaları oldu.

Bədxahların bu sözlərdən ruhlanacağını nəzərə alıram, "aha, deməli, səni də bu aqibət gözləyir" - deyə şadyanalıq edəcəklərini də bilirəm... Sevinməyə tələsməsinlər, mənim üzüm bərkdir, hər halda 22 ildir bütün bu çətinliklərə dözə bilmişəmsə, intizarla gözləmələrinə bir əsas yoxdur. Sülənə-sülənə, sürünə-sürünə yaşayanlar bəzən iddia edirlər ki, onlar guya uçmağa da qadirdilər. Uçmaq var, uçmaq var. Qartal göylərdə süzür, amma mığmığılar, milçəklər də uçur axı. "Uçan" mığmığanın həyatı adamları sancmaq, qanlarını sormaqdır, ta o vaxta kimi, kimsə bir çırtmayla onların bu sayaq ömür tərzinə son qoyur.

Bütün bu sancmaların, savadsız hücumların, əsassız tənələrin, bütün bu məşəqqətlərin səbəbi nədədir? Təşkilatın nə qədər üzvü varsa, o qədər də hərənin öz istəyi, təmənnası, tələbi var. Bəzən istədikləri layiq olduqlarından qat-qat artıq olur. Gərəkdir ki, bu adamların heysiyyətlərini qoruyaraq, onların ifrat təmənnalarını üzlərinə vurmayasan, birtəhər yola verəsən. Amma barmağının beşini də bala batırsan, yenə narazı qalanlar olacaq. Doqquz xahişini yerinə yetir, onuncusunu edə bilmə, dərhal səndən küsəcək, inciyəcək, bir anda bütün körpüləri yandıracaq. Bəzən mənə elə gəlir ki, çörəyi dizinin üstündə olanların böyük bir qismi nədənsə qələmə sarılıb, yazıçı olub. Hamı nəsə umur, umduğunu yerinə yetirmək imkan daxilində olmayanda qatı düşmənə çevrilir...

İmran Qasımov bütün bu mürəkkəb situasiyalardan böyük insanlıq istedadını saxlayaraq, ləyaqətini və mənliyini qoruyaraq keçə bildi. Odur ki, vaxtında qədri-qiyməti yetərincə bilinməyən, əhəmiyyəti kifayət dərəcədə dərk edilməyən bu xeyirxah insanı bu gün belə böyük ehtiramla, min rəhmətlə anırıq.

İmran Qasımov vəfat edəndə dahi bəstəkarımız Qara Qarayev Moskvadan teleqram vurmuşdu, teleqram qəzetlərdə də dərc olundu. Bu başsağlığı teleqramında bir cümlə məni heyrətləndirmişdi. Qara Qarayev İmrana "axır ki, rahatlıq tapdın" sözlərini yazmışdı. O vaxt mən bu sözlərin dərin mənasını başa düşməmişdim.

İndi başa düşürəm.

 

 

          Anar

 

          Ədəbiyyat qəzeti.-2008.-28 noyabr.-S.3.