Şeir
karvanının məhəbbət yükü
Oktyabrın 30-da Bakıda
keçirilən "Türk dilinin 8-ci Uluslararası şeir
mərasimi" Şərqin və Qərbin türk dilində
yazan şairlərini bir araya gətirdi. Üç gün davam edən şeir
mərasiminin açılışı Azərbaycan Dövlət
Rus Dram Teatrında oldu. Türkiyə Yazarlar
Birliyi, Azərbaycan Yazıçılar Birliyi və Qafqaz
Universitetinin birgə təşkilatçılığı
ilə keçirilən tədbiri TYB-nin başqanı
İbrahim Ülvi Yavuz açaraq dünyanın müxtəlif
ölkələrindən gəlmiş türk dilində yazan
şairləri "Türk dilinin 8-ci Uluslararası şeir mərasimi"ndə
salamlamaqdan qürur duyduğunu vurğuladı:
"Türkiyə Yazarlar Birliyi özünün otuz bir illik fəaliyyətində
kifayət qədər müxtəlif yönlü tədbirlərin
keçirilməsinə yardımçı olub. Onlardan biri də
bu sayaq şeir şölənlərinin gerçəkləşdirilməsidi.
Birliyimizin fəaliyyətində uluslararası
şeir mərasimlərinin keçirilməsi xüsusi yer
tutur. 1992-ci ildə Konyada, Bursada başlayan, daha sonra
Qazaxıstan, Türkmənistan və
Qırğızıstanda, Ukraynada, fransada düzənlənən
uluslararası şeir mərasiminin indiki halda Azərbaycanda
keçirilməsindən qürur duyuram. Bu
şeir şölənləri vasitəsilə
dünyadakı bütün türkdilli yazarları bir araya gətirmək
amacı yürütmüşük. Üç gün davam
edəcək mərasimə də eyni məqsəd
ucalığı ilə qatılmışıq və
inanıram ki, burada çıxış edəcək
yazarların hər biri öz xalqlarının
çağdaş poetik düşüncəsini ifadə etməklə
bu sahədəki bilgilərimizin genişlənməsinə
yardımçı olacaqlar. Sizlərlə bir olmaqdan, sizləri
salamlamaqdan məmnunam və dəyərli sənət
dostlarıma şeir şölənində uğurlar diləyirəm.
Dünyanın çeşidli ölkələrindən uzun
yollar keçərək bu mərasimə qatılmış qələm
dostlarımla bir yerdə duyğulu anlar yaşayacağıma
ümidliyəm".
Azərbaycan
Yazıçılar Birliyinin sədri, xalq
yazıçısı Anar açılış mərasimində
çıxış edərək dedi: - Əziz dostlar, Azərbaycanın
böyük şairi Səməd Vurğunun adını
daşıyan dəyərli bir sənət ocağında Azərbaycan
Yazıçılar Birliyi adından sizi salamlamaqdan qürur
duyuram. Ölkələr
arasında sərhədləri, sədləri dövlətlər
qurur, şairlərsə uçurub-dağıdırlar. Azərbaycanla
Türkiyə arasında söz sınırı, söz sərhədi
yoxdur. Bizdə belə bir ifadə var: "Qonşuya
ümüd olan şamsız qalar". Ancaq Türkiyə ilə
Azərbaycan arasındakı münasibətlər qonşuluq
yox, qardaşlıq münasibətləridi, biz
qardaşıq. Azərbaycanda həmişə qardaşa
güvənərlər. Azərbaycan Türkiyəyə
güvəndiyi kimi, Türkiyə də həmişə Azərbaycana
güvənə bilər. Bu tarixi
qardaşlığımız, bu gələnəkli
ilişkilərimiz, mədəniyyətimizin, dilimizin, mənəviyyatımızın,
varlığımızın birliyi çox zaman bizə
ağır başa gəlib. 1918-ci ilin mart ayında
bolşevik-daşnak iqtidarı Bakıda soyqırım törədəndə,
on minlərlə azərbaycanlı qətlə yetiriləndə,
Azərbaycanın başqa bölgələrində - Gəncədə,
Naxçıvanda, Şamaxıda, Qarabağda, Qubada
soydaşlarımızı qanına qəltan edəndə
Türk-İslam ordusu Nuru Paşanın
başçılığı ilə Azərbaycana gəldi,
Bakını azad etdi. Və Azərbaycanı bu ölüm təhlükəsindən
qurtardı. Mustafa Kamal Paşanın qurtuluş
savaşında Azərbaycandan çox insanlar əldə silah
iştirak etdilər. O cümlədən, mənim əqrəbalarım
Eyyub bəy, Səməd bəy, Qafar bəy… Səməd bəy
Türkiyədə paşa tituluna qədər yüksəlmişdi.
Azərbaycanlı şəhidlər Çanaqqala
unudulmazlığında da uyuyurlar. Otuzuncu illərdə
Türkiyəyə sevgi bəsləyən, Türkiyə ilə
ilişgiləri olan, orada qohum-əqrəbası yaşayan
çox adamlar repressiya acısı yaşadı, hətta bu mərasimdə
adı çox sayğı ilə çəkilən
böyük şairimiz Hüseyn Cavid sürgün olundu,
çoxları güllələndi, həbs edildi, Sibir
zülmətində unutduruldu. Ancaq bu ağır illərdə
də qəlbimizin Türkiyə sevgisi öləzimədi.
Türkiyə bizim ruhumuzda yaşadı, bu sevgi bizi müstəqilliyimizə
aparan mübarizəyə qoşdu, bu gün biz öz
azadlığımıza qovuşmuşuq, dostluq əlaqələrimiz
daha da möhkəmlənib və bu dostluğu,
qardaşlığı kimsə poza bilməz. Azərbaycan
bayrağı Türkiyədə qüdsal, müqəddəs
olduğu kimi, Türkiyə bayrağı da Azərbaycanda, Bakıda
qüdsal və müqəddəsdir.
Şeir
şölənləri çox gözəl, önəmli bir ənənədi.
İnsanlar şeir vasitəsilə bir-birlərini daha
yaxından tanıyır. Amma mən istərdim ki, bu şeir
şölənləri ilə bir sırada başqa işlərimiz
də olsun. Ancaq mən ədəbiyyat adamı olduğum
üçün xüsusilə Azərbaycanda türk ədəbiyyatının,
Türkiyədə də Azərbaycan ədəbiyyatının
daha çox tanınmasını, təbliğ edilməsini
istəyirəm. Bir vaxtlar mən Türkiyədə
olanda, oradakı universitetlərdən birində mühazirələr
oxuyanda çox acı təəssüf hissləri ilə
gördüm ki, Türkiyədə
üçüncü-dördüncü dərəcəli
Amerika və yaxud rus yazıçısının əsərləri
türkcəyə çevrilib, amma, məsələn, Cəlil
Məmmədquluzadənin əsərləri burada
yayınlanmayıb. Çox şükürlər olsun ki, son
illər bu kəsir aradan qalxır. Türkiyədə bizim bir
çox şairlərin, nasirlərin əsərləri həm
çap olunur, həm səhnədə oynanılır, Azərbaycanda
bir çox türk şair və
yazıçılarının əsərləri
yayınlanır, səhnəyə qoyulur.
Yazıçılar Birliyi olaraq biz bu işlərdə
çox fəal iştirak edirik və ən son günlərdə
Yazıçılar Birliyinin nəzdində yeni dərgi -
"Çinar" adlı bir dərginin nəşrə
başlamasını nəzərdə tutmuşuq. Bu dərgi
yalnız türk dünyası şair və
yazıçılarının əsrələrini çap
etməklə Azərbaycan oxucusuna çatdıracaq.
Mən
bir daha sizi salamlayıram, bu şölənin uğurlu
keçməsini arzulayıram və mənim dostum, Türkiyənin
məşhur şairi Yavuz Bülənd Bakilərin bir
sözü ilə çıxışımı
tamamlayıram. O, deiyr ki, Azərbaycan ürəyimdə bir
şah damardır. Mən də deyirəm: "Türkiyə
mənim ürəyimdə şah damardır".
Türkiyəli araşdırmaçı, doktor-professor
Mehmet Doğan öz çıxışına böyük
türk şairi Yunis İmrənin "Söz" qəzəlini
diqqətə çatdırmaqla başladı.
Vurğuladı ki, sözün dəyərinin çox
yüksək səviyyədə təqdir edildiyi bir yerdə,
bu qədər söz ustasının cəm olduğu bir məclisdə nə
özümün, nə bu günün sözünü
söyləmək istəmədim: - Yeddi əsr öncə
Batıda ortaya çıxan zəngin şeir
varlığımızın böyük atası Yunis İmrənin
şeri ilə başladım. İstədim ki, bu şöləndə
şairlərdən öncə ilk şeri mən oxuyum - o da
böyük Yunisdən olsun.
Bu
şöləni əziz xatirəsinə həsr etdiyimiz Azərbaycanın
böyük şairi Bəxtiyar Vahabzadə "Yunis
karvanı" şerində
Yeddi yüz ildir ki, Yunis karvanı
Məhəbbət yüküylə yol gəlir hələ -
deyir.
Bu gün burada dünyanın müxtəlif ölkələrindən gəlib 1992-ci ildə yola çıxmış, Bursa, Konya, Almatı, Aşqabad, Kıbrıs, Strasburq, Ağməscid və son olaraq Yəhya Kamalın şəhəri Üskübdə qonaqlanmış bir məhəbbət karvanı var. Bu karvan öz köçündə minilliklərə söykəli dil və şeir yükümüzü daşıyır. İpəkdən yumşaq, sərt qılıncdan kəskin, altundan dəyərli bir yük! Bu bizim üçün hava, su, torpaq qədər gərəkli olan bir nemətdi.
Türkdilli xalqların şeri olmasa, belə zəngin bir ədəbiyyat, mədəniyyət olmazdı… Bizim üçün Azərbaycanda, onun baş şəhəri Bakıda olmaq, "Türk dilinin 8-ci Uluslararası şeir şöləni"ndə iştirak etmək böyük bir mutluluqdu. Bu, elə bir vaxta düşüb ki, Bakı İslam mədəniyyətinin paytaxtı olmaq şərəfini yaşayır. O, bu gün türk dilinin uluslararası şeir şöləninin keçirilməsi səbəbiylə şerimizin də paytaxtına çevrilmişdir.
Bu gözəl şəhərdə fərqli ləhcələrdə, şivələrdə şeirlər söylənəcək, sözdən, sənətdən söhbət açılacaq. Getdikcə kiçilən dünyada, ölkələrin bir-birinə yaxınlaşdığı bir çevrədə bizi ayıran sınırları aşıb gələn ədəbiyyat və elm əhli bir türk qlobalizmini, birliyini düşünmədən nəyəsə nail ola bilməz. Bu gün burada Qırğızıstandan Almaniyaya, Hollandiyaya qədər çeşidli düşüncələrlə gəlmiş şairlər var. Bu şairlər bilirlər ki, biz böyük bir bütünün parçasıyıq. Bizi dünya birlikdə tanıyır. Coğrafi, tarixi fərqləri, dil və ləhcə ayrılıqlarına rəğmən bu bütünlük inkar edilə bilməz bir həqiqət olaraq önümüzdə durur.
17 il öncə gerçəkləşdirdiyimiz ilk şeir şölənimizdə - 1992-ci ildə Bursada şeir oxuyan özbəkistanlı şair Rauf Parfinin səsi hələ qulaqlarımızdadı. Keçən illərdə qayb etdiyimiz böyük şairimiz "Azərbaycan, sən yalqız imişsən" - deyirdi.
Azərbaycan yalqız deyildir. Heç bir ölkəmiz, xalqımız yalqız deyildir. Bunu köklü mədəniyyət mirasımız söyləyir, şerimiz söyləyir, ədəbiyyatımız söyləyir.
O böyük və zəngin mirasın varisi olaraq burada bulunan, dünyanın dörd tərəfindən gəlmiş şairlərimiz söyləyir.
"Məndə sığar iki cahan, mən bu cahana sığmazam". Nəsimi belə söyləyir.
Azərbaycan şeri bügünkü Azərbaycana sığmaz. Hətta Arazın o üzündəki Azərbaycan da ona yetməz.
Hələbdəki Nəsimi, Sivasdakı
Qazi Bürhanəddin, Ərzurumdakı Darir, Misirdəki Həsənoğlu,
Bağdaddakı füzuli şeri olmasa, Azərbaycan şeri
olurmu? Ötən zamanlarda - istiqalalını itirdikdən
sonra Türkiyədə yaşayan Azərbaycan şairləri
- Rəsulzadə, Məmməd Sadıq Aran,
Oxonda daşlar dilimizdə danışmasaydı, Bilgə Xaqan "türkü düşün, titrə!" deməsəydi, "Qutatqu-bilik" bizə mutluluq təlqin etməsəydi, Mahmud doğulduğu Kaşqardan minlərcə kilomert uzaqlarda, böyük bir mədəniyyət mərkəzində - Bağdadda, "Divani-lüğat-it-türk"ü yazmasaydı, Dədəm Qorqud soy soylayıb, boy-boylamasaydı, Yasəvinin, Nəvainin, füzulinin, Bakinin, Məhtumqulunun, Abayın, Tukayın dili olurdumu? "Manas" minlərcə, on minlərcə misra ilə insanlıq macəramızı anlada bilirdimi, Çingiz Aytmatov "Gün var əsrə bərabər"i yaza bilərdimi?
Azərbaycanlı şair Rüstəm Behrudinin Üskübdə böyük şairimiz Yəhya Kamalın şəhərində iki il öncə "Türk dilinin 7-ci Uluslararası şeir şöləni"ndə oxuduğu şeirdən bu misralar yadımda qalıb:
O hansı millətdir taleyi sirdi,
Yüz adla bölündü, yenə də birdi,
Məni hüzuruna bu dərd gətirdi,
Salam, dar ağacı, əleykümsalam,
Həm azərbaycanlıyam, həm türkmənəm, özbəyəm, qazağam, tataram, qırğızam… bütünlükdə türkəm…
Bu torpağın şairi Ramiz Rövşən təəssüf ki, əvvəlki şölənlərimizə dəvət edilməyinə baxmayaraq, iştirak edə bilmədi. İndiki mərasimdə bu misraları da ehtiva edən şeri oxuyub-oxumayacağını bilmirəm:
Ya bir geniş yolu tut get,
Ya düş ensiz cığırına.
Yenə Nəsimi dili ilə söyləyirəm:
Çünki yardan ayrı düşdüm - bu diyarı neylərəm,
Yüz min cəfa qılsan mənə mən səndən üz döndərmərəm.
Biz Azərbaycanın inkişafı üçün lazım olsa canımızı, qanımızı verərik. Bu, söz xatirinə söylənmiş söz deyil, əsrlərin sınağından çıxmış bir əməlin ifadəsidi. 1918-ci ildə, yəni Birinci Dünya savaşı dönəmində, taleyin bizim üçün tamam tərsinə döndüyü o fəlakətli zamanda Mondoros müqaviləsinin şərtləri öncəsində azərbaycanlı qardaşlarımızın erməni və bolşevik zülmü altında soyqırıma məruz qaldığı zamanda, İraq cəbhəsindən geri çağırılan əsgərlər əsas olmaqla Qafqaz İslam ordusu təşkil edilmiş və bu türk yurdunun xilası üçün bütün Osmanlı coğrafiyasından, bugünkü Türkiyənin bütün vilayətlərindən şəhidlər verilmişdi… Azərbaycanın istiqlalı üçün can verənlər arasında mənim vilayətim olan Ankaranın övladları da ön sıralarda gedib. Mən ankaralıyam, bir az da yaxınlaşdırıb, şəxsiləşdirsəm, qalacıqlıyam. Davud oğlu Mustafa - mənim öz doğulduğum Qalacıqdan gəlib Azərbaycanın istiqlalı üçün savaşmış və 21 yaşında bu torpaqlar üçün canını vermişdir. Davud oğlu Mustafa Qalacıqdan Azərbaycana bu ölkənin istiqlalı üçün gəldi. O Mustafa ilə bu Məmmədin başlanğıcı, soyu-kökü birdi, yəni bir əqrəbadı. İndi mən ondan doxsan il sonra müstəqil Azərbaycanda əbədi bir istiqlal bayrağı olan şerimizin şölənini yapmaq üçün dünyanın dörd tərəfindən gələn qardaş şairlərlə birgəyəm. Bundan böyük mutluluq, bəxtiyarlıq ola bilərmi?
Böyük şairimiz Mehmet Akif Birinci Dünya savaşının Çanaqqala cəbhəsində döyüşən və şəhid olan əsgərlər üçün dastanı ədəbiyyatımızın ən böyük şah əsəri olan bir şeir yazdı. O şeri bir milli marş kimi Türkiyədə hər kəs bilir. Əmin olun ki, bu yüksək səsli şeir təkcə Çanaqqalada çarpışan əsgərlər üçün yazılmamışdır. Heç şübhə yox ki, Bakının xilası üçün canlarından keçmiş əsgərlər üçün də yazılmışdır:
…Ey bu torpaqlar üçün torpağa düşmüş əsgər
Göydən əcdad enərək öpsə o pak alnı, dəyər.
Kimdir bu əcdad? Yalnız böyük hökmdarlar, dövlət adamları və ya şanlı komandirlərmi? Məsələn, füzuli atamız da o pak alınları öpmüş deyilmidir? Dilimizin bu coğrafiyada var ola bilməsini reallaşdıran əsgərlərin alnından kim öpməz? Kim Mehmet Akiflə birlikdə bu misraları təkrarlamaz:
Sənə dar gəlməyəcək məzarı kimlər qazsın?
Göməlim gəl səni tarixə desəm, sığmazsın.
Bakının xilası üçün, Azərbaycanın istiqlalı üçün çarpışan və şəhid olan əsgərlərə Allahdan rəhmət diləyirəm, sözlərimi bu rəhmət niyazı ilə bitirirəm.
Bizim bu gün burada bir araya gəlməyimizə vasitə olan bütün klassik şairlərimizə minlərcə rəhmət olsun!
Qafqaz Universitetinin rektoru Əhməd Sanic mərasim iştirakçılarını salamlayaraq dedi: "Belə bir söz var ki, biz ağlımızla düşünür, qəlbimizlə qonuşuruq. Bu gün qəlblərin qonuşduğu, bir araya gəldiyi gündü. Türk dili sevgi dilidi. Çağdaş durumda dünyanın qafası var, qəlbi yoxdu. Belə qonuşmalar, bir araya gəlmələr dünyaya yenidən, təkrar qəlb yaxılması günüdü. Dünyanın yaxasına bugünkü qəlbi burada bir araya gələn söz adamlarının yaxacağına ümidliyəm.”
Millət vəkilləri Gültəkin Hacıbəyli və
Məlahət Həsənova da tədbirə qatılan qələm
adamlarını salamlayaraq türk ədəbiyyatının,
türk mədəniyyətinin ortaq məqamlarından,
hazırkı ictimai-siyasi burulğanlar müstəvisindən
türk birliyini itkisiz keçinmək yollarından, bu sahədə sənət
adamlarının, şair və yazıçıların
aparıcı mövqeyə malik olmasından söz
açdılar.
Türkiyəli
millət vəkili Mustafa Kabaqçı şeir şölənində
çıxış edərək ədəbiyyatın,
şerin-sənətin xalqların, millətlərin
yaxınlaşma və anlaşmasında müstəsna əhəmiyyətə
malik olduğunu önə çəkdi. Millət
vəkili Azərbaycanla Türkiyə arasındakı tarixi
qardaşlıq münasibətlərinə kölgə salmaq
istəyən qüvvələrin arzularının
bütün zamanlarda puça çıxacağını
vurğulayaraq bildirdi ki, Türkiyə ilə Azərbaycan bir
bütövün paralarıdır. Dilimiz, dinimiz, tarixi
köklərimiz birdir. Tarixin bütün dönəmlərində
Türkiyə Azərbaycanın yanında olub, onun mövqeyindən
çıxış edib. Bu münasibətlər gələcəkdə
də belə davam edəcək.
Azərbaycanın mənafeyinə zidd olan, onun
marağını əks etdirməyən heç bir qanunun,
protokolun özünün də təmsil olunduğu Türkiyə
Böyük Millət Məclisində heç bir dəstək
qazanmayacağını, qanun şəklində qüvvəyə
minə bilməyəcəyini vurğulayan Mustafa Kabaqcı azərbaycanlıların da Türkiyə sevgisinin
heç zaman yeniləməyəcəyinə əminliyini dilə
gətirdi.
Tədbirdə
çıxış edən Türkiyənin Azərbaycandakı
səfirliyinin ticarət işləri üzrə
müşaviri Qazi Bilgin bəy şeir şöləninə
qatılanların yüksək mənəvi dəyərlər
daşıyıcısı olduqlarını önə
çəkdi: "Sizin estetik anlayışlarınız bizim
qardaşlıq anlayışlarımızı daha da
böyüdür, dövlətlərimizin,
insanlarımızın anlaşmasına, istək və
arzularını paylaşmasına xidmət edir".
Uluslararası
şeir şöləninin idarə heyətinin başqanı,
“9 Eylül” universitetinin professoru Yavuz Akpinar "Azərbaycan-Türkiyə
arasında ədəbi əlaqəlar" mövzusunda etdiyi məruzəsində
ədəbi əlaqələrimizin tarixinə vardı:
"Türkdilli ölkələrin könül adamları
qarşısında danışmaqdan ehtiyat etsəm də,
bunun bir şərəf işi olmasının fərqindəyəm.
Azərbaycanla Türkiyə arasında ədəbi,
siyasi-iqtisadi, mənəvi əlaqələrin çox dərin
kökləri var. Ədəbi ilişgilər bizim milli
birliyimizi ortaya qoyur. Bizim aramızda ruhi sınırlar, sədlər
yoxdu, biz bir-birimizin qəlbində, ruhunda, içindəyik.
Oğuzların tarix səhnəsinə
çıxdığı gündən bu ilişgilər var.
Xalq ədəbiyyatından gələn ilişgilərimiz o qədərdir,
daimidir ki, bunu seçib-ayırmaq
mümkünsüzdü".
Y.Akpinar Seyid Nigari, Qumru Dərbəndi kimi şairlərimizin
İraq-İran arası yayılan şöhrətindən,
onların sayəsində türkçülük
düşüncəmizin zərif gəlişmələrinin
hər bir türk insanının ruhuna, qafasına yol
açmasındakı rolundan söz açdı.
Çıxışçı modern ədəbiyyatı gəlişmələrinin
türkdilli xalqlar ədəbiyyatında daha çox Mirzə Fətəli Axundovdan başlanması
üzərində ətraflı dayanaraq onun yeni əlifbaya
keçmək təşəbbüsünü mənəvi
intibah məqamı kimi dəyərləndirdi. O, böyük
Azərbaycan şairi Seyid Əzim Şirvaninin fəaliyyətinin
və irsinin türk-Azərbaycan ədəbi əlaqələrinin
möhkəmlənməsindəki rolundan geniş bəhs etdi:
"Seyid Əzim Şirvani Türkiyə nəşriyyatlarını,
nəşrlərini ardıcıl izləyən bir şəxs
idi. O, böyük islamçı,
islamçılıq düşüncəsinin
daşıyıcılarından biri kimi türk
insanının mənəvi düşüncəsində
böyük intibah oyatmağa xidmət etmişdi, öz
yaradıcılığıyla islam aləmini içindən
yeyən məzhəb, təriqət qarşıdurmasının
dəf olunmasına yardımçı olan böyük
düşüncə sahiblərindən, yeni üsullu məktəblərin
əsasını qoyanlardan biri olmuşdur. Seyid Əzim öz
təzkirələrində Azərbaycan-Anadolu arası
yazıb-yaradan şairlər haqqında bilgilər verməklə
də önəmli iş görmüşdür. Onun şeirdə
etdiyi intibah gəlişmələrini yetirməsi Mirzə Ələkbər
Sabir daha da inkişaf etdirdi. Eyni zamanda, Seyid Əzimin
türkçülük düşüncəsinin millətin
məfkurəsinə çevrilməsində Həsən bəy
Zərdabi tərəfindən əsası qoyulan "Əkinçi"
qəzeti mühüm rol oynadı. "Əkinçi"nin
İstanbulda İbrahim adlı bir nümayəndəsi
olduğu da məlumdu. Çox təəssüf ki, Seyid
Əzimin, Sabirin, "Əkinçi"nin
türkçülük düşüncəsinin
intişarındakı rolu az öyrənilib".
Çıxışçı XX yüzilliyin əvvəllərində
azərbaycançılıq, turançılıq
düşüncəsinin daha möhtəşəm vüsət
almasında Əli bəy Hüseynzadənin və onun nəşr
etdiyi "füyuzat" jurnalının oynadığı
tarixi rol üzərində xüsusi olaraq dayandı.
Vurğuladı ki, bu gün müstəqil Azərbaycanın
bayrağında gördüyümüz rəmzlər həm
də Əli bəy Hüseynzadənin, Ziya Göyalpın, Məhəmməd
Əmin Rəsulzadənin düşüncələrinin, həyat
amallarının gerçəkləşməsi kimi qəbul
olunmalıdı. "Bu düşüncənin
daşıyıcıları olan Hüseyn Cavid, Abdulla
Sur, Mirzə Cəlil, Məhəmməd Hadi, Əhməd
Cavad, Cəfər Cabbarlı, eyni zamanda, "Molla Nəsrəddin"
jurnalı türkçülük düşüncəsini
dönmədən sürdürən amal
daşıyıcıları olmuşlar. Bütün
türklüyü tək bir ədəbi dil çevrəsi ətrafında
cəmləmək ideyası zaman-zaman türkçü
düşüncəsinin daşıyıcılarının
mücadilə mövzusu olaraq qalmışdı".
Çıxışçı
türk yazarı Namiq Kamalın "Zavallı çocuq" əsərinin
hələ sovetlər dönəmində bir çox
türkdilli xalqların, o cümlədən Azərbaycan səhnələrində
tamaşaya qoyulmasından, türk ədəbiyyatına olan
maraqdan ətraflı bəhs etdi. H.Cavidin "İblis"
dramının bəşəri mahiyyətindən
danışdı.
"Türk
dilinin 8-ci Uluslararası şeir mərasimi" həmin
gün Atatürk Mərkəzində öz işini davam
etdirdi. Mərkəzin rəhbəri, AMEA-nın
müxbir üzvü, millət vəkili Nizami Cəfərov tədbiri
açaraq dedi: "Ümummilli lider Heydər Əliyevin ən
böyük xidmətlərindən biri də Mustafa Kamal
Atatürkün ideyalarının Azərbaycanda dərkinə
yaradıcı olması idi. Əsası ulu öndər tərəfindən
qoyulan Atatürk Mərkəzində Türk
dünyasının tanınmış şairlərini
qarşılamaqdan məmnunluq duyuram. Burada keçirilən
bölüm böyük şairimiz Bəxtiyar Vahabzadəyə
həsr olunub. Elə bir türk, azərbaycanlı
tanımıram ki, o, Bəxtiyar Vahabzadənin şerini sevməsin,
əzbər bilməsin. Biz onu bu il haqq dünyasına yola
saldıq. Bəxtiyar Vahabzadə türk düşüncəsinin,
mənəvi birliyimizin alovlu təbliğatçılarından
idi…"
Həmin
gün keçirilən şeir şöləni B.Vahabzadə,
Nizami Gəncəvi, Hüseyn Cavid fəsilləri ilə davam
etdi, dünyanın müxtəlif ölkələrindən gəlmiş,
o cümlədən azərbaycanlı şairlər yeni
şeirlərini oxudular.
Mərasim ertəsi gün Qafqaz Universitetində davam etdirildi. Universitetin elmi işlər üzrə prorektoru Ömər Okumuş qonaqları salamladı, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın təbrikini şeir şöləninin iştirakçılarına çatdırdı.
Sonra AYB-nin katibi Rəşad Məcid xalq yazıçısı, Yazıçılar Birliyinin sədri Anarın adından Azərbaycanın dövlət bayrağını türkiyəli professor Mehmet Doğana hədiyyə etdi. M.Doğan bildirdi ki, Azərbaycan bayrağının mənə hədiyyə edilməsini Anar bəydən xahiş etmişdim, mən bu bayrağı Ankarada Türkiyə Yazarlar Birliyinin inzibati binasının qarşısından asacağam və heç bir qüvvə bu bayrağı o binanın qarşısından endirə bilməz.
Həmin gün şeir şöləni Əhməd Haşim, Füzuli və Şəhriyar fəsilləri üzrə davam etdirildi. Əvvəlcə bu görkəmli söz ustalarının həyat və yaradıcılığı haqqında geniş bilgilər verildi, onların ölməz əsərlərinin türk düşüncəsinin formalaşmasındakı yerindən söz açıldı.
Türkiyəli millət vəkili Mustafa Kabaqçı, Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayeva və başqaları bir daha türk birliyinin yenilməzliyindən, tarixi qardaşlığımızın əbədiliyindən, söz sənətinin türkçülük məfkurəsinin formalaşmasındakı önəmli yerindən söz açdılar, şairlər şeirlərini oxudular.
Tədbirin mükafatlandırma bölümündə kosovalı şair Zeynal Bəksar Ə.Haşimi, türkmən şairi Oraz Yağmur H.Cavid, türkiyəli şair Mehmed Attila Marat N.Gəncəvi adına ödüllə mükafatlandırıldılar. Şeir mərasiminə qatılan bir çox şairlərə şölənin diplomları təqdim edildi.
Sonra şeir şöləni bölmələr üzrə davam etdirildi.
Hazırladı:
SƏRVAZ
Ədəbiyyat qəzeti.-2009.-6
noyabr.-S.1, 3.