Səni
xatırlayırıq, Sinan Səid
Əzizim
Sinan! Mən bu sətirləri yazdığım dəmdə
radioda sevimli müğənnimiz Nərminə Məmmədova
ilə səs-səsə verib oxuduğun unudulmaz Kərkük
mahnısı "Öglərinin ögü yonca" səslənir.
Qəlbim qanad çırpır, yadıma sən
düşürsən, sənli günləri
xatırlayıram. Bilirəm, qayıtmaz o günlər… Qəlbimə
yazıldı, tarixə çevrildi o sənli çağlar,
Sinan Səid!
…Universitet
illərindən yaxşı tanıdığım, bir vaxtlar
Radionun Xarici Ölkələrə Verilişlər İdarəsində
birgə çalışdığım gənclik dostum,
yazıçı Aqşin Babayev zəng eləmişdi. O, ANS
telekanalında apardığı silsilə verilişilə əlaqədar
mənimlə tez-tez danışır. Həmişə də
istəyini yerinə yetirməyə çalışıram.
-
Nahidcan, bəlkə bu dəfə Sinan Səidi yad eləyək,
- dedi, - xatirələrimizi bölüşək. Onu yaxından tanıyan professor Qəzənfər
Paşayev, sən, bir də mən - üçümüz
olacağıq. İkimiz də Sinanla bir yerdə işləmişik,
Qəzənfər müəllim də onu Bağdaddan
tanıyırdı. Bakıda da çox
görüşüblər.
-
Bunları bilirəm, - dedim. - Bəs nə əcəb türk
şöbəsinin keçmiş diktoru Sabir Axundovu
çağırmamısan? Bilirsənmi ki, o, Sinanı
Bakıya gəlməzdən əvvəl, ilk dəfə
Moskvada - tələbəlikdən tanıdığı,
Moskva radiosu ərəb redaksiyasının baş redaktoru
Yevgeni Primakovun kabinetində görüb.
-
Düzü, mən bunu bilmirdim, - Aqşin urəkdən
sevindi. - Nahid, axı Sabir özü də səninlə bir
yerdə ərəb şöbəsində işləyib,
Sinan Səidlə dostulq edib.
Mənim
dediklərim gələcək verilişin müəllifi kimi
Aqşini çox sevindirdi.
Azərbaycan
Dövlət Universitetində oxuyurdum, beşinci kursa
keçmişdim. Əvvəllər olduğu kimi, yenə də
yay tətilinə getməmişdim. Ştatdankənar
müxbir kimi radioda çalışırdım. Leninqrad
blokadasını görmüş baş redaktorumuz savadı,
qələmi ilə ad-san qazanmış Muxtar Hacıyev
başqaları kimi, mən "yetim"ə də atalıq
qayğısı göstərirdi. Şair Teymur Əliyev
(T.Elçin - N.H.) də Komitəyə sədr təyin
edilmişdi. Qaynar yaradıcılıq atmosferinə
düşmüşdüm.
1959-cu ilin avqust ayı idi. Muxtar müəllim məni yanına çağırıb:
- Sentyabrın ortalarında ərəb ölkələrinə verilişlərə başlayacağıq, - dedi. - Gördüyün kimi, tərcüməçiləri yığmışıq. Üç nəfərdir: professor Ələsgər Məmmədov, Əhməd Yusifi və əslən Yəməndən olan Hafiz Abdullayev. Diktor İraqdan gələcək, yolunu gözləyirik. Redaktor heyətini isə sonra yığacağıq. - Əlindəki vərəqi mənim qabağıma qoydu. - Al, yaxşı-yaxşı bax, ilk gün səslənəcək verilişlərin planıdır. Yəqin ki, sonra dəyişikliklər də olacaq. Ancaq bu əsasdır. Sən səsyazma aparatını da götür, başla işə.
Buradakıların
əksəriyyəti ürəyimdən idi. Səməd
Vurğunun "Azərbaycan" şeri, Bülbülün
ifasında "Ölkəm" romansı, bəstəkar Fikrət Əmirovun,
məşhur müğənni Rəşid Behbudovun, İraqda
neft kəşfiyyatı aparmış məşhur
neftçinin təbrikləri, xəbərlər, siyasi şərh…
Bunlar bir saatlıq proqramın əsas məqamları idi.
Bir il
qabaq İraqda tiran Faruxu
yıxmışdılar, yerini hərbçi Əbdülkərim
Qasem tutmuşdu. Bununla bağlı SSRİ-dən İraqa
qastrola gedən ilk qaranquş Rəşid Behbudov olmuşdu.
Konsertləri də triumfal keçmiş, sənətkar
böyük təəssüratla Vətənə
qayıtmışdı.
Günlər
ötdükcə orada yazılanları "xırıd"
eləməyə başladım. Muxtar müəllim sevinirdi.
Universitetdə dərslər başlayanda demək olar ki,
boynuma düşənləri yerinə yetirmişdim. Müxtar
müəllimdən bir yağlı "sağ ol" da
aldım.
Günləri
sayırdıq ki, ərəb dilində verilişlərə nə
vaxt başlanacaq? Xəbər yayıldı ki, SSRİ Nazirlər
Sovetinin qərarı ilə İraqdan dəvət edilmiş
diktor Bakıya gələcək. Onu qarşılamaq
üçün idarə rəisi Muxtar Hacıyev səhər
tezdən aeroporta getmişdi. Hamımız gözləyirdik,
gözümüz qapıda idi…
Nəhayət,
Muxtar müəllimlə ərəb diktoru ikinci mərtəbədə
göründü. Gələcək işçimiz arğaz,
ucaboylu, qarayanız gənc bir kişi idi. Səliqə ilə
saçını yan daramışdı. Dəhlizdəkilərin
hamısı ilə çox səmimi, mehribanlıqla, deyərdim
ki, köhnə tanışlar kimi görüşdü.
Danışığını eşidəndə qəlbən
isindik, həm də həyəcanlandıq. O, şirin ləhcə
ilə bizim dildə danışırdı. Sən demə,
milliyyətcə ərəb deyil, kərkük türkü
imiş. İnqilabdan sonra ərəblər onlara qondarma
türkman adı qoymuşdular. O, Bağdad radiosunun sevilən,
seçilən diktorlarından biri idi.
Beləcə,
Sinan Səid bizimlə dostlaşdı, qəlbən Bakıya,
Azərbaycana vuruldu. O, elə bil doğmalarına
qovuşmuşdu…
Aradan bir
həftə keçdi. Efirdə "Hönə Baku" -
"Danışır Bakı!" sözləri qanad
açdı. Beləcə, düz yarım əsr əvvəl,
sentyabrın 15-də Azərbaycanda ərəb dilində
verilişlər yayımlanmağa başladı. Onun ilk diktoru
sonralar adı əfsanəyə çevrilmiş Sinan Səid
oldu.
Komitənin
sədri Teymur Əliyev əyani oxusam da, məni müxbir
götürdü. Dövlət imtahanları verəndə isə
məni ərəb şöbəsinə redaktor vəzifəsinə
keçirdi. Üç nəfər idik. Mən orijinal
materiallara baxırdım, Əhməd Yusifi tərcüməçi,
Sinan Səid isə diktor idi.
Ömrümün
ən gözəl günləri başlayırdı. Sinan Səid
Bakıya ürəkdən bağlanmışdı. Həmişə
deyirdi: "Heç bilməzdim ki, Bakı bu qədər
gözəl imiş!" Günlər ötdükcə
dostları, tanışları çoxalır, əhatəsi
genişlənirdi. Ona köhnə "İnturist"də
otaq tutmuşdular. Bütün günü Sinandan
ayrılmırdım. Axşamdan xeyli keçənə qədər
də yanında olurdum.
Həftəlik
proqramı var idi: "Ərəbin gözü ilə".
İqtisadiyyat, elm, təhsil, ədəbiyyat və incəsənətin
müxtəlif sahələrinə aid verilişlər
hazırlayırdı. Mən də ona kömək edirdim. Hərdən
də teatr tamaşalarına gedirdik. Ürəyini qətrə-qətrə
Azərbaycanla doldururdu.
O, şair və yazıçılardan S.Rəhimov, Mir Cəlal,
R.Rza, M.Dilbazi, M.Rahim, B.Vahabzadə, rəssamlardan M.Abdullayev,
S.Salamzadə, alimlərdən H.Araslı, bəstəkarlardan F.Əmirov, C.Cahangirovla
yaxınlaşdı. Onlarla ülfət bağladı,
dostlaşdı… Günlərin necə keçdiyini hiss
etmirdi. Bakıdan
tez-tez Bağdada, Kərkükə məktublar göndərir,
Bakdan, buradakı dostlarından sevinclə söz
açır, yazmaqdan yorulmurdu.
İlk vaxtlar bizim sevimlimiz idi. Aylar keçdi, bütün Komitənin, sonra isə Bakının istəklisinə çevrildi.
Təxminən yarım il mehmanxanada yaşadı. Sonra Səməd Vurğun küçəsinin qurtaracağına yaxın bir yerdə ikiotaqlı mənzil aldı. İkinci mərtəbədə olurdu. Qonşuları xalq artisti Barat Şəkinskaya və rayonlara işləyən, ortayaşlı sürücü idi. İkisi də Sinana böyük diqqət, qayğı göstərirdi. "Qəribdir, qonaqdır, hörmət borcumuzdur" - deyirdilər.
Sinan Səidin ali təhsili yox idi. O, İraqda bizim Sabir adına Pedaqoji Məktəbə bənzər təhsil ocağını bitirmiş, ibtidai məktəbdə dərs demək hüququ qazanmışdı. İstedadı, geniş erudisiyası, savadı ilə tez parlamışdı. Nadir səsli gözəl diktor olmaqla, həm də mahir tərcüməçi idi. Bacarmadığı işi yox idi, nə desən gəlirdi əlindən. Hər addımda da adamı heyrətləndirirdi.
Baş redaktorumuz Muxtar Hacıyevin bir sözü var idi: "Nahid, Sinanı tək qoyma".
Axşamlar oturub uzun-uzadı söhbət eləyirdik. Bir gün mənə dedi:
- Nahid, istəyirəm yağlı boya ilə sənin şəklini çəkim.
- Sinan, sən bunu da bacarırsan?! - deyə gülümsədim.
- Bəyim, əlbəttə ki, bacarıram.
O, kəsilmiş ağ karton gətirdi, sonra rəng, fırça hazırladı. Məni stula otuzdurdu. Fırça götürdü, başladı işləməyə.
Bu iş çox uzandı. Mən bu işə o qədər də ürəkdən həvəs göstərmirdim.
Vəzifəmi böyütdülər. Ona görə də "Ərəb verilişləri" şöbəsindən getməli oldum. Bir gün görüşəndə:
- Nahid, hazırlaş, işdən sonra bizə gedəcəyik, - dedi.
- Xeyir ola, Sinan?
- Xeyirdir, gedərik, görərsən.
Günün sonunda onun maşınına mindim.
İçəri girəndə stolun üstündəki ağ bükülünü mənə uzatdı:
- Bəyim, aç bax, gör sənə oxşada bilmişəmmi?
Baxdım, sevindim və dönə-dönə təşəkkürümü bildirdim. İndi həmin portret evdə, yazı stolumun üstündən mənə boylanır.
Dediyim kimi, hərtərəfli istedad sahibi idi. Gecə-gündüz həm beyni işləyirdi, həm də əli. Radioda bütün günü davam edən, çox vaxt axşam saat 10-da sona çatan işi onun gördüklərinin yalnız bir hissəsi idi. Boş dayanmaqla işi yox idi. Günlərin birində sıxıla-sıxıla:
- Bəyim, səni bir zəhmətə salmaq istəyirəm, - dedi.
- Buyur, qadası.
Əlindəki köhnə qəzeti açıb:
- Hekayədir, neçə il qabaq Bağdadda çıxıb, - dedi. - İstəyirəm burada çap etdirəm. Ərəb dilində yazmışdım. Sənin üçün sətri tərcümə eləyərəm. Sonra sənin üçün ərəb dilində də oxuyaram ki, ritmi tutasan. Görüm sizin dildə bu hekayə necə səslənəcək?
Səhv etmirəmsə, hekayənin adı "Ümid" idi. Burada işsiz-gücsüz, ac-yalavac bir sərgərdanın könül sızıldadan düşüncələri, arzuları qələmə alınmışdı.
Nəhayət ki, bu ürəkyandıran, emosional hekayənin tərcüməsi hazır oldu. Mən çəkinə-çəkinə müəllifə oxudum. Kiçik düzəlişlər etdik. O, ayağa qalxıb məni qucaqladı:
- Bəyim, çox sağ ol! Heç inanmağım gəlmir ki, bunu mən yazmışam. Vallah, Azərbaycan dilinə bir də vuruldum.
Mən hekayəni "Ədəbiyyat və incəsənət" qəzetinə apardım. Orada məsul katib işləyən Əlfi Qasımov oxuyub bəyəndi. Uçmağa qanadım yox idi. Ancaq hekayə çap olunandan sonra bu sevinc çilik-çilik oldu. Çünki mənim adımı çıxartmışdılar. Əlfi müəllim dedi ki, günah sənin özündə olub. İmzanı qoyanda N.Hacıyev yazmısan. Gecə mətbəədə adını bilməyiblər. Kimdən də soruşublar, bilən olmayıb. “N.Hacıyev” də yazmağa qorxublar. Çünki qəzetlər Mərkəzi Komitənin ideologiya katibi Nazim Hacıyevin ad-familiyasını həmişə belə verirdi: "N.Hacıyev".
Arada bərk xəstələnmişdi. Yaradıcılıq işlərindən aralanan kimi olmuşdu. Günün ikinci hissəsi işə gəlir, tərcümə edilmiş materialları lentə yazdırıb gedirdi. Çox qaradinməz olmuşdu. Bunu hamımız duyur, hiss edirdik. Muxtar Hacıyev mənə bərk-bərk tapşırmışdı: "Çalış axşamlar da onunla qal".
O, ayaq üstə kölgəyə dönmüşdü. Özü də çox qəmgin-qəmgin danışırdı, gözləri də həmişə yol çəkirdi. Bir dəfə soruşdu:
- Bloknotun cibindədirmi?
Başımı tərpətdim.
- Onda bu parçanı ora yaz, lazım olar, - dedi.
Başladı parçanı deməyə:
Neylərsən ölüm hər kəsin başında
Uyadım, uyamadım olacaq.
Nerdə, nasıl, kaç yaşında,
Bir namazlıq səltənətin olacaq
O müsəlləh baş daşında.
Sonra əlavə etdi: Nahid, mənim qardaşım qürbətdə ölüb - İstanbulda. Bu misraları onun başdaşına həkk etdirmişəm. Birdən ölüm məni Bakıda yaxalasa, sən də bu misraları mənim başdaşıma yazdırarsan.
Düzü, tutuldum. Bilmədim təsəlli üçün ona nə deyim. Özümü ələ alıb:
- Ay Sinan, ay qardaş, - dedim, - biz ikimiz də hələ çox cavanıq. Ölümə isə hələ çox-çox illər var. Yaşa dolmalıyıq. Hələ bizim ölümdən danışmağa vaxtımız, vədəmiz yoxdur.
Diqqətlə üzümə baxıb dedi:
- Düz deyirsən, mən hər şeyi ürəyimə salır, özümə dərd eləyirəm.
- Sinan, qardaşım, xəstəlik də
keçib gedəcəçk, - deyə onun çiyninə
vur-dum. - Gəl bu axşamdan hər şeyi unudaq. Yalınz yaxşı şeylərlən
danışaq.
Dodaqlarında
qərib bir təbəssüm gəzdi.
- Bəyim, mən əllərimi yuxarı qaldırıram. Bundan sonra daha "ah-uf" eləməyəcəyəm. Səninlə deyib-güləcəyəm. İndi isə keçirik axşam yeməyinə. Göbələk qızardacağam. Sən də stulu sobaya yaxın çək, məni həvəsləndir.
- Bütün söz-söhbəti bir tərəfə qoyub, keçirik iş başına, - dedim.
Sinan sobanı yandırıb, çuqun tavanı sobanın üstünə qoydu. Mən sobanın lap qırağında oturmuşdum. Sinan iş görə-görə pəsdən oxuyurdu:
Öglərinin ögü yonca,
Yonca kalxmış dam boyunca
Ninni yavrum, ninni, ninni…
Stulu lap yaxına, qaz sobanın böyrünə çəkdim. Sinan öz aləmində idi, mən öz aləmimdə. Mahnını içirdim…
Sinan zümzüməsinə ara verib, nigaran-nigaran üzümə baxdı. Mən onu qa-baqladım:
- Qiyamətdir, qardaş, çoxdan bəriydi ki, mahnı məni bu qədər alıb apar-mamışdı.
- Sənin xətrinə oxudum, - deyə gülümsədi. - Bizim Kərkükdə, Bağdadda bu mahnını elə oxuyurlar ki, adam dinlədikcə dinləmək istəyir.
Mən onun gözləmədiyi halda:
- Sinan, səsinə qurban, bunu bir də oxu, - dedim.
Dodağında təbəssüm gəzdi:
- Bəyim, bunu Vətən yadıma düşəndə zümzümə edirəm.
- Qadan alım, bu dəfə də mənim üçün oxu, nə olar…
Boğazını azca arıtlayıb:
- Sənin sözündən çıxa bilmirəm, - dedi, - bir şey çıxmasa da oxumağına oxuyaram.
Bu dəfə kövrək səsinə xüsusi bir şirinlik, cazibə qatdı. Mən isə öz dünyama çəkilib, əriyə-əriyə gedirdim. Oxumağı sona çatanda üzünə baxdım:
- Bəyim, bəlkə bu mahnını lentə yazdıraq, yadigar qalsın? Bəyim, məni jurnalist, yazıçı, rəssam elədin… - Düşüncəli halda üzümə baxdı. - Yoxsa indi də müğənni eləmək istəyirsən?
- Sinan, özün də bilirsən ki, bu mahnını necə oxuyursan.
- Axı sən bunun əsil ifaçılarını görməmisən.
- Görmüşəm.
- Nə vaxt?
- Elə indicə. Sənin əvəzin ola bilməz.
- Bəyim, zarafatı burax.
- Vallah, zarafat eləmirəm.
Hiss elədi ki, nə deyirəmsə, ürəkdən deyirəm.
Xörək bişdi, yedik. Süfrə yığışdırıldı. Üstündən çay da içdik. Söhbət yenə çözələndi…
Söhbətlərimizin yönü, səmti dünyanın bu başından o başına keçdi. Sərhədlər adladı, ölkələr keçdi. Yatmağa yaxın "Öglərinin ögü yonca" dolanıb yenə söhbətimizə körpü saldı. Güc-bəla "saqqızını" oğurladım. İstəyim də bu oldu ki, mahnını yazdıraq, radionun "Qızıl fond"unda qalsın. Vaxt gələr, bir Allah bəndəsi bizlərdən xatirə danışar, sonra da mahnını səsdəndirər.
Deyəsən sevər yerinə toxunmuşdum. O, bu anlarda dünya haqqında, onun gəldi-gedərliyi, faniliyi haqqında fikirləşirdi. Üzünün rəngi də, səsinin ahəngi də, baxışları da dəyişmişdi. Çox götür-qoydan sonra gözünü qıyıb:
- Nahidcan, axır ki, saqqızımı oğurladın, - dedi. - Sən ki bu qədər minnət-xahiş eləyirsən, bu xırda səsimlə oxuyacağam. Sonra sənin boynunda qalacaq, ağrısını sən çəkəcəksən.
O, bu sözləri ürəyi ağrıya-ağrıya deyirdi. Çünki bizim münasibətlərimiz o qədər şirinləşmişdi, ülviləşmişdi ki!..
Çəkən deyildi. Hərdən mənə sataşmağı da, "Bəyim, qazandığının yarısı siqaretə gedir", - deməyi də var idi. Ancaq hərdən özü də siqaret yandırmağı unutmurdu.
- Bəyim, bir dənə də mənə ver, - əlini yavaşca çiynimə vurdu. - Vaxt olur, bu da adama kömək edir.
- Əfəndim, əlbəttə ki, - dedim. - Məni də çəkməyə radio öyrətdi. Həmişə qələm götürəndə siqaret də yandırıram.
Siqareti narın-narın qullablayaraq:
- Özün bilirsən ki, mənim səsim diktor səsidir, mahnı oxumaq üçün yaramır, - dedi. - Sənin ürəyin bu qədər istəyirsə, canımı dişimə tutub, "Öglərinin ögü yonca"nı oxuyacağam. Ancaq mənə bir səs də gərək olacaq. Duet üçün səsimə uyğun qadın səsi. Sizin müğənnilərə o qədər də bələdçiliyim yoxdur. Sənin köməyin lazım gələcək.
- Mən hazır, bəyim! Sən mənə göstəriş ver.
Elə o an da yadıma düşən məşhur qadın müğənniləri göz önünə gətirdim. Başladım adlarını sadalamağa.
Mən adları çəkdikcə, başını bulayır, gülümsəyirdi:
- Yox, yox!
Nə qədər ad çəksəm də "yox"dan başqa söz eşitmədim. Ona kömək eləyə bilmədiyimə görə ürəyimdə özümü qınayırdım…
Aradan xeyli vaxt keçdi. Şəhərdən gəlirdik. O vaxt televiziya və radio eyni binada yerləşirdi. Söhbət edə-edə, sağa burulub, ikinci mərtəbəyə qalxmaq istəyirdik. Qulağımıza səs gəldi. Radiostudiyadan gəlirdi bu səs. Xorun məşqi gedirdi. Solist müğənni Nərminə Məmmədova idi. Qolumu çəkərək, sevinclə:
- Bəyim, tapdım! - dedi. - Bax, bu səs
mən deyəndir, ürəyimdən xəbər verir. Onu mənimlə
- Xorun solistidir, - deyə tələsik
izahat verdim. - Səni elə bu dəqiqə - məşq
qurtaran kimi
Dediklərimdən şad oldu, bir az da ürəkləndi. Bəxtimizdən
məşq tez qurtardı. Sinanı onunla
- Azca zümzümə eləyin, qulaq asım.
Sinan onun istəyini yerinə yetirdi. Nərminə xanım dinlədi.
- Mahnı çox həzindir, həm də ürəyəyatımlıdır, - deyə sıxıla-sıxıla dedi. - Ancaq sözlərindən nigaranam, ləhcəsi mənim üçün çətin olar.
Sinan sevincək halda:
- Nərminə xanım, sözlərini sizə elə öyrədəcəyəm ki…
- Onda musiqiylə yoxlayaq, görək bir şey çıxırmı?
- Əlbəttə ki, çıxacaq, - dedi, - "Öglərinin ögü yonca" dillərə düşəcək, sonra da ikimizin də taleyi olacaq…
Demək olar ki, hər gün görüşürdülər. Nərminə xanım professional müğənni kimi onun dediklərini tez götürürdü. Sinan fərəh duyurdu. Gözlərinin dərinliyində gizələnən kədər dumanı da çəkilib getmişdi. Mən də onun bu sevincinə qoşulmuşdum. "Öglərinin ögü yonca" ikisinə də ruh vermişdi. Bu mahnı beş oldu, "Kərkük mahnıları" silsiləsinə çevrildi. Bu mahnılardan biri də Sinan Səidin özününkü idi.
Lent yazılışı sona çatandan sonra kimlər dinləmədi onu? Bəstəkarlar, müğənnilər, Sinanın dostları, tanışları. Azərbaycan radiosunda səsləndiyi gün bayram elədik. Beləcə "Kərkük mahnıları" qanad açdı, ellərdən-ellərə yayıldı. Sinan Səid bütün Azərbaycanda məşhur oldu.
Sinan Səid ərəb redaksiyasında bir il işlədi, çoxlu dostlar qazandı. Getmək vaxtı çatanda çox kövrəlmişdi. Ürəyi getmirdi... Onu Vətənə yola saldıq.
Gözümüz yolda, qulağımız isə səsdə idi.
Günorta vaxtlarında mən
radionu
Vidalaşanda fikirli-fikirli:
- Günorta vaxtları həmişə bizim verilişi açarsan, - dedi. - Yəqin ki, bir nömrəni böyük Azərbaycan şairi Mirzə Ələkbər Sabirə həsr edəcəyəm. Verilişdə "Fəhlə, özünü sən də bir insanmı sanırsan?" şerini oxusam, bil ki, razılıq almışam, Bakıya qayıdıram. Əgər oxumasam… Onda görüşümüz qaldı qum göyərənə.
Mən efirdə bu misranı eşidəndə ucadan qışqırdım: "Ay can, Sinan Səid qayıdır!" Xoş xəbər tez yayıldı. Dostları, tanışları bundan xəbər tutdular, sevindilər.
Bu qayıdışla Sinan Səid əsl bakılı oldu. Toyunu elədik. Azərbaycanlı qızı ilə ailə qurdu. Azərbaycan Dövlət Universitetinə daxil oldu, ali təhsil aldı. Sonra aspirant oldu, akademik Həmid Araslının rəhbərliyi altında dissertasiya müdafiə elədi, elmlər namizədi oldu. Neçə illər sonra Bağdad Universitetində dərs dedi və jurnalistika fakültəsinin dekanı seçildi. Bu, həm onun, həm də bizim fəxrimiz idi. Sinan dünyasını dəyişəndən sonra ailəsi Bakıya qayıtmış, professor Qəzənfər Paşayevin köməyilə Azərbaycan vətəndaşlığı almışdır. Ailə indi Türkiyədə yaşayır. Qızı Əməl Bağdadda 15 seriyalı filmə çəkilmişdir. O, Əhməd Cavadın nəslindən olan Bakı adlı oğlanla ailə həyatı qurmuşdur. Oğlu Ümidin isə ömür yoldaşı türkdür.
Radio dalğalarında Nərminə Məmmədova ilə oxuduğu "Kərkük mahnıları" tez-tez qanad açır… O, Azərbaycanda ərəb ölkələrinə verilişlərin ilk diktoru kimi adını tarixə yazmışdır.
Nahid HACIZADƏ
Ədəbiyyat qəzeti.-2009.-6 noyabr.-S.5, 6.