Hörmətli Arif müəllim!

 

Sizi - görkəmli Azərbaycan ədəbiyyatşünasını 75 yaşınızın tamam olması münasibətilə təbrik edirik.

Siz 1953-1958-ci illərdə ADU-nun filologiya fakültəsində təhsil almış, əmək fəaliyyətinə "Avtomobil nəqliyyatçısı" qəzeti redaksiyasında ədəbi işçi kimi başlamısınız. Sonra Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasını bitirmiş, "Sabit Rəhmanın komediyaları" mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi almısınız. Sizin ömrünüzün fəaliyyyətininizin böyük bir dövrü Nizami adına Ədəbiyyat İnstitutunda keçmişdir. Bu institutda siz kiçik elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi, elmi katib vəzifələrində çalışmış, biliyiniz, səmimiyyətiniz xeyirxahlığınız sayəsində üzvü olduğunuz kollektivin respublika ədəbi-elmi ictimaiyyətinin dərin rəğbətini qazanmısınız. Yüzlərlə məqaləniz, ədəbi icmallarınız, "Sabit Rəhmanın komediyaları" (1978), "Komediya həyat" (1983), "Sabit Rəhman" (1987), "Azərbaycan dramaturgiyası müasir mərhələdə" (1998) kitablarınız işıq üzü görmüş, sizə dərin hörmət qazandırmışdır.

Hazırda, ömrünüzün müdrik çağında siz daha məsuliyyətli şərəfli bir vəzifə daşıyır, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Humanitar ictimai elmlər şöbəsinin müdiri kimi elmi dəyərlərin keşiyində durursunuz.

Hörmətli Arif müəllim!

Sizi bir daha anadan olmanızın 75 illiyi münasibətilə təbrik edir, sizə cansağlığı, işlərinizdə böyük uğurlar arzulayırıq.

 

 

Azərbaycan Yazıçılar Birliyi

 

Ədəbiyyat qəzeti.-2009.-6 noyabr.-S.4.