İki xalqın övladı

 

Hər yada düşəni boğur göz yaşı, hər sözün dalınca qərib ah gəlir. Qanunmu şah olub, ya şahmı qanun - hər fərman dalınca min günah gəlir. Həmin o fərmanlardan birinin hökmü ilə taleləri çiliklənən insanlardan, ağır günlərindən danışır Şərqiyyə xanım. Mənsə elə bir ucdan söhbətin səmtini 1980-ci ilin iyun ayında Özbəkistanda keçirilən Azərbaycan ədəbiyyatı və sənəti ongünlüyünün şadyanalığı üzərinə çəkir, çəkirəm. Bircə anını, məqamını da unutmayıb o günlərin. Hər şeyi birər-birər, yerli-yataqlı xatırlayır:

- Həmin ədəbiyyat və sənət günlərinə özbək yazıçı və şairləri, mədəniyyət işçiləri çox yaxşı hazırlaşdılar. Azərbaycanın görkəmli şair və yazıçılarının əsərləri özbək dilinə tərcümə edilmişdi. Xalq yazıçısı Mirzə İbrahimovun "Boran quşu" əsərini İbrahim Qafurov, Cabir Novruzun "Öz dünyam var" kitabında toplanan şeirləri özbək dilinə Özbəkistanın görkəmli şairlərindən Rəmz Babacan, Cüməniyaz Cabbarov, Rəzzak Əbdürəşid, Narmurad Narzullayev, Mirəziz Əzim uğurla çevirmişdilər. Bundan başqa, Özbəkistanda yayınlanan qəzet və jurnallarda Azərbaycan şair və yazıçılarından xeyli tərcümələr çap edilmişdi.

- Gündəliyinizdən oxumuşam ki, o unudulmaz ədəbiyyat və sənət günlərində sizin də fəal iştirakınız olub.

- Əlbəttə, mən doğma Azərbaycanımızın adıyla, ədəbi-mədəni həyatıyla bağlı o unudulmaz tədbirlərdə seyrçi olaraq qala bilməzdim. Həmin günlərdə Azərbaycan ədəbiyyatından xeyli tərcümələr edib özbək mətbuatında dərc etdirdim. Televiziyasında yazıçı-alim Əziz Kayumov və görkəmli şair Abdulla Aripovun iştirakı ilə iki böyük veriliş hazırlayıb özbək tamaşaçılarına təqdim etdik. Həmin tədbirlər çərçivəsində keçirilən bir görüşdə unudulmaz Mirzə İbrahimovun mənim barəmdə söylədiyi fikirləri bütün ömür yolumun ən dəyərli qiyməti, ziynəti kimi əziz tuturam. Mirzə müəllimin "Şərqiyyə xanım Özbəkistan və Azərbaycan arasında ən etibarlı mənəvi körpüdü" dəyərləndirməsindən yüksək qiymət nə ola bilərdi ki? Görkəmli ədib, böyük azərbaycanlı həmin tədbirdə özbək-Azərbaycan ədəbi əlaqələrinin tarixi köklərindən, mənəvi, ruhi birliyindən də ətraflı danışdı.

- O unudulmaz günlərdə görkəmli özbək şairi Zülfiyyə xanımın bağında xalq şairi Mirvarid Dilbaziylə birgə qonaq olduğunuz anları dəfələrlə xatırlayıbsınız…

- Bilirsinizmi niyə? Mən o anda iki böyük sənətkarın simasında özbək və Azərbaycan xalqının türk mənəviyyatı vasitəsilə birləşən, çarpazlaşan gəlişmələrini, doğmalığını gördüm. Sovet dönəminin unutqanlaşdırma, manqurtlaşdırma siyasətinin təpkisi altında bu doğma ruhu sərgiləmək, nümayiş etdirmək elə asan deyildi. Ancaq həmin axşam Zülfiyyə xanımın o qudsal bağı elə bil ki, başdan-başa türkçülük, Turançılıq havası qoxuyurdu. Mən həmin axşam bu iki görkəmli sənətkarın simasında xalqlarımızın nə qədər doğma, mehriban, əziz olduğunu öz gözlərimlə yenidən görüb, qəlbimlə hiss etdim. Mirvarird xanım yenicə yazdığı "Bu yerlər Özbəkistandır", "Özbək qızı" şeirlərini həmin axşam Zülfiyyə üçün oxudu. O şerin misraları indinin özündə də qulaqlarımda səslənir:

 

Özbək qızı,

Şeir oxuyaq bu gecəni

Səhərə qədər.

Şair baban Nəvai tək

Şöhrətini qoy yaşatsın

Qərinələr.

Sən bu gecə, Zülfiyəcan,

Tək mənimlə söhbət elə,

Danış mənə, əziz dostum,

Böyük şair Alimcandan,

Ver əlini, özbək qızı,

İşıqlanır mavi göylər.

Oxu, doğur dan ulduzu!

Açılacaq indi səhər.

Oxu -

Şerin Nəvainin

Şöhrətindən bəlkə xəbər verə.

Nizaminin nəvəsidir

Qarşındakı bu şairə.

 

Görürsünüzmü, Mirvarid xanım bu misralarda Nizami-Nəvai paralelliyinin diliylə iki doğma xalq arasnıdakı ilişgiləri, bu ilişgilərin davamlı olmasını necə həssaslıqla, ustalıqla verib? Mən şadam ki, Özbəkistanla Azərbaycan arasındakı dostluq, qardaşlıq əlaqələri, ədəbi-mədəni doğmalıq dövlət səviyyəsində bu gün də davam etdirilir. Özbəkistanda Azərbaycan Mədəni Mərkəzi fəaliyyət göstərir. Mərkəzdə ölkəmizin Özbəkistandakı səfirliyinin əməkdaşları dəyərli tədbirlər düzənləyirlər. Orada yaşayan azərbaycanlı uşaqlar üçün qruplar açılıb. Həmin qruplarda uşaqlar öz ana dillərində yazıb-oxuyurlar. Lap elə bu günlərdə müstəqillik günümüzlə bağlı Azərbaycan səfirliyinin təşkilatçılığı ilə Mədəni Mərkəzdə keçirilən bayram şənliyində ifa olunan xalq mahnılarımıza, milli rəqslərimizə özbəklərin necə böyük maraq göstərdiyini müşahidə etmək necə də xoş idi… Belə tədbirlər xalqlarımızı bir-birinə daha da yaxınlaşdırır. Mən özüm də həmin Mərkəzin işində həmişə fəal iştirak edir və bunu özümün vətəndaşlıq borcum hesab edirəm.

Hələ 1980-ci ildən bir az əvvəl, 1978-də özbək və Azərbaycan xalqları arasında dostluq, ədəbiyyat və mədəniyyət günlərinin keçirilməsi üçün Azərbaycan Yazıçılar İttifaqı tərəfindən hazırlıq işləri başlanmışdı. Özbək yazıçı və şairlərinin əsərlərindən nümunələr tərcümə edilməli idi. Bu işlər Yazıçılar Birliyi tərəifndən mərhum şair Əhəd Muxtara tapşırılmışdı. Mən də hazırlıq işlərinə cəlb edilmişdim. Ədəbiyyat ongünlüyü ilə bağlı nəşr ediləcək əsərlərin sətri tərcüməsi mənə həvalə olunmuşdu. Mən bu işi vaxtında başa çatdırdım. Beləliklə, özbək ədəbiyyatı nümunələrinin toplandığı "Nəğməkar Özbəkistan", "Nurlu diyar", "Balalara hədiyyə" antologiyaları işıq üzü gördü. Görkəmli özbək şairi Əlişir Nəvainin "Yeddi səyyarə", Maqsud Şeyxzadənin "Əks-səda", Zülfiyyənin "Torpağa səcdə", Rəmz Babacanın "İşıqlar", Mirtemirin "Ülfət", Narmurad Nəzullayevin "Məhəbbətdən doğulmuşam", Mirmuxsinin "Ağ mərmər", İbrahim Qafurovun "Sözün işığı" kitabları mənim sətri tərcümələrim əsasında nəşrə hazırlandı… Beləliklə, Azərbaycanda özbək ədəbiyyatı günləri uğurla keçirildi.

- Ancaq hələ bu illərdən çox-çox əvvəl taleyinizdən 1938-ci ilin acı ruzigarı əsib keçmişdi, ağır repressiya illərinin məşəqqətlərini yaşamışdı ailəniz…

- Vur-tut dörd yaşım vardı onda. Ancaq indinin özündə belə ailəmizi uzaq Özbəkistana çəkib aparan mal-heyvan üçün nəzərdə tutulmuş yük vaqonunda uşaq marağıyla başımı nəfəslikdən çıxarmaq istəyəndə milis işçisi tüfəngin qundağıyla alnımdan itələyib qəzəblə, qorxmuş halda "Geri, geri çəkil!" - deyə üstümə qışqırdı, bax o anı, o qorxunc sifəti heç vaxt unuda bilmirəm. Elə bil ki, dörd yaşlı bir qızcığaz o boyda səddi, qoruq-qadağanı yarıb o kiçik, dar nəfəslikdən çıxıb qaçacaqdı. Tüfəngin qundağıyla alnımdan vurub elə itələdi ki!.. Ağır illər idi.

- Bəs nə deyib, hansı adla sürgün etmişdilər ailənizi?

- Səbəbini bilsəydik daha niyə nigarançılıq çəkirdik. Səbəb-filan nə gəzirdi… Heç bir xəbərdarlıq eləmədən bir gün əvvəl kəndimizin kişilərini yığıb harasa aparmışdılar. Ertəsi gün də qadınlı-uşaqlı yığıb doldurmuşdular yük vaqonlarına. O boyda mülkdən, ev-eşikdən əyin-başlıq da götürməyə qoymamışdılar. Onda ailəmiz füzuli rayonunun Yuxarı Abdurəhmanlı kəndində yaşayırdı. Bizi oradan 1938-ci ildə, mənim dörd yaşım olanda didərgin saldılar, qara vaqonlar günahsız ailələri Özbəkistan çöllərinə dartıb apardı. Adammı dözərdi o məşəqqətə. Nə qədər insan yollarda tələf oldu. Dəfn-zad nə gəzirdi, elə çöllərdəcə götürüb atırdılar, qurda-quşa yem olurdu dünyasını dəyişənlər.

Atam Şıxəliyev Məhərrəm Səfərəli oğlu əslən o taydan, Cənubi Azərbaycanın Mahasi-Cədid (Kəleybərə yaxın yerdə) kəndindən idi. Anam Arzuxanım Nəsirova Yevlax rayonunun Yuxarı Qarxın kəndində doğulmuşdu. 1932-ci ildə ailə həyatı qurmuşdular. 1934-də mən, 1938-də qardaşım Yusif dünyaya gəlmişdi. Təzə-təzə xoşbəxt, bəxtəvər günlərini yaşamağa başalyan ailəmizin üstündən 38-in acı ruzigarı əsdi. Hökumətin qərarına görə İran vətəndaşlığı, pasportu olanlar öz vətənlərinə köçürüldü, atamgilin belə pasportu olmadığı üçün ailəmiz Özbəkistana sürgün edildi. Dərbədər olduq. Qohumlarımızın çoxu ömrünün sonuna kimi bir daha bir-birinin üzünü görə bilmədi. İran pasportu olduğuna görə atamın əmisi oğlanları Ələkbəri, Eynullanı İrana qaytarmışdılar.Atamın bacısı Teybə Yevlağın Qaramanlı kəndində, xalası, xalası oğlu Heydər Bərdədə, anamın əmisi Əşrəf Nəsirov, bibiləri, qardaşları Yusif, Musa Yevlağın Yuxarı Qarxın kəndində qalmışdılar. Bizim ailəmizsə ac-susuz, soyuq mal vaqonlarında… Uşaq olsam da, hər şey gözlərimin qabağındadı. Günlərlə yol gedəndən sonra bizi vaqonlardan düşürüb ucu-bucağı görünməyən səhralara tökdülər, heç bir şəraiti olmayan torpaq daxmalara yerləşdirdilər. Sonralar öyrəndik ki, bura Mirzəçöl rayonu imiş. Bizimlə bir kənddən köçürülən qonum-qonşuları isə başqa vilayətlərə aparmışdılar. Rəhmətlik atam haradansa öyrənib ki, onları Daşkənd vilayətinin Bostanlık rayonundakı Koşkurqan kəndində yerləşdiriblər. Sürgün olunmuşlarasa üç kilometrdən uzağa getməyi qadağan etmişdilər. NKVD-də hər ay qol çəkdirirdilər. Məktub-filan da yazmaq olmazdı. Belə bir şəraitdə kirvəmiz Məhəmməd əminin köməyi ilə qaranlıq gecədə Koşkurqanda qərarlaşan qohum-əqrəbanın, kəndçilərimizin yanına qaçası olduq. Qaranlıq gecədə qatar stansiyasına çatmaq üçün üç-dörd kilometr yol getmək lazım idi. Soyuq qış gecəsində yola düşdük. Mən atamın boynunda, bir yaşlı qardaşım Yusif anamın kürəyində gedirdik. Məhəmməd əmi əyin-baş paltarımızı götürmüşdü. Atam tez-tez deyirdi: "Şərqiyyə, qızım, yuxulama, məndən bərk-bərk yapış ki, yıxılmayasan".

Yazıq xəstə anam zorla addım atırdı. Güc-bəla səhərə yaxın gəlib stansiyaya çatdıq. Məhəmməd əmi bizi qoyub tez geri, ailəsinin yanına qayıtdı, ehtiyat edirdi ki, axtararlar. Bir neçə gündən sonra onlar da qaçıb gəldilər öz camaatımızın yanına (Şərqiyyə xanım söhbətin bu yerini bəxtəvərlik günü kimi xatırlayır. O məşəqqətli sürgün olayında öz camaatları ilə bir yerdə olmağın şadyanalığını yaşayır yenə. Üz-gözündən işıqlı bir təbəssüm ötüb keçir. O xiffətli günlərdə onlar üçün tanış sifətlər doğma vətəni əvəz edirmiş). Koşkurqan səfalı bir kənd idi. Rəhmətlik Molla Mirzə Ələkbər əmi başda olmaqla hamı bizi sevinclə qarşıladı. O, çox savadlı, mədəni bir insan idi, hamı ona hörmətlə yanaşırdı. Təsəvvür edin, ulu babalarım Şıxəli, Səfərəli Mahasi-Cədiddə kəndxuda olmuşlar, sayılıb-seçilən bir nəslin yetirməsi idi atam. Ancaq o Koşkurqan kəndinin torpaq daxması ona can rahatlığı gətirirdi, çünki heç olmasa bu yad ellərdə ailəsinin əlini tanış, doğma adamların əllərinə çatdıra bilmişdi, bununla təsəlli tapırdı. Ana babam Nəsir kişinin evi ağır ocaq sayılırdı. Belə bir insanın ciyərparaları günahsız-filansız zillət çəkirdi. Adamlarımız əməksevər olduqlarından yerli camaat xətrimizi çox istəyirdilər. Tezliklə həyət-bacamızı qaydaya saldıq. İndinin özündə də "Gülüstan" adlanan küçəmizdə ağaclar, gül-çiçək əkdik. Burada yerləşdirilən ailələr indinin özündə də gözümün qabağındadı (Şərqiyyə xanım o ailələrin hər birinin neçə nəfərdən ibarət olmasını adbaad yazıb gündəliyində. Bir yerdə 50-yə qədər ailə. Onlardan 10 ailə İttifaq kəndində, 20-si Karavayda yerləşib). Kənddə dövlət planlarının artıqlaması ilə yerinə yetirilməsində bizim camaatın böyük əməyi vardı. Uşaqlar Cambul adına məktəbdə özbək dilində oxumağa başlamışdılar. Mənim birinci müəllimim Ruxsarə xanım (o zaman Ruxsarə müəllimənin cəmi 17 yaşı varmış) oldu. Sonra da müharibə başladı, bütün kişiləri müharibəyə apardılar. Yenidən çətin günlər başlandı. Həm oxuyur, həm də işləyirdik. Əlcəklər, corablar toxuyurduq. Ancaq bu müharibə insanları bir-birinə bir az da yaxınlaşdırdı, doğmadan doğma etdi. Özbəklər bizə "mehmanlar" yəni qonaqlar deyirdilər, xətrimizi əziz tuturdular. Ən böyük dərdimiz doğma Azərbaycanla əlaqə saxlaya bilməməyimiz idi… Yalnız 1952-ci ildə atamın bacısı Teybə bibi bizim sorağımızca Koşkurqana gəldi. Onu qarşılamağa atama icazə vermədilər. Qonşumuz Gülməhəmməd kişiylə qardaşım Yusif bibimi qarşıladı. Kişi tanışlıq vermək üçün bərkdən təkrarlayırmış: "Məhərrəm balası, Məhərrəm balası". Bibim başa düşüb ki, kişinin göstərdiyi qardaşı oğludu. Bir yerdə gəldilər. Bu, bir qəribə görüş idi. Heç kəs dinib-danışmırdı, eyzən sevincli göz yaşları axırdı. Qədim bir xalq mahnısı sığal çəkirdi yaddaşıma: "Sil gözün yaşın, Qaragilə, ağlama, bəsdi!" Göz yaşlarısa elə hey axır, axırdı. Bu, iyirmi illik ayrılıqdan sonra doğma insanla olan ilk görüş, böyük bayram idi. Elə bil bibimi yox, bütövlükdə doğma Azərbaycanı bağrımıza basırdıq. Bir neçə gün evimizdə şadlıq oldu. Bibim gördü ki, biz öz dilimizi unutmamışıq. Necə unuda bilərdik axı? Anam həmişə bizə Azərbaycanın gözəl guşələri olan Göy-göldən, Maral göldən, Kəpəzdən, Qoşqardan, Qarabağdan, Kür çayından, doğulduğu Karxun kəndindən şövqlə danışardı. Atam füzulidən, Bərdədən, doğulduğu kənddən söz açardı. Evimizdə latın əlifbasıyla yazılmış iki kitab var idi. "Koroğlu" və "Bayatılar". Bu kitabları hər axşam oxuyurdum, bütün ailə qulaq asırdı. O qədər oxumuşduq ki, hamımız əzbər bilirdik. Koşkurqanda yaşayan azərbaycanlıların dilimizi, adət-ənənələrimizi unutduğu gün olmadı heç. Xüsusilə Novruz bayramını qeyd etdiyimiz günlər indi də gözümün qabağındadı. Həmişə Azərbaycan xörəkləri bişirərdik. Yelləncək asardıq, qızlar "beş-daş", oğlanlar "çilingağac" oynayardılar, yumurta döyüşdürərdik. Yaşlılar da bizə qoşulardı. Hər il martın 21-22-də dərsə getmirdik, yerli camaat deyirdi ki, "mehmanların bayramıdı". Sovet qanunları yol verməsə də, sürgün həyatı yaşasaq da belə, biz o bayram günlərini böyük duyğularla keçirirdik. 1953-cü ildə orta məktəbi bitirdim. Sənədlərimi Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji İnstitutunun özbək dili və ədəbiyyatı fakültəsinə verib qəbul olundum. İnstitutda bizə dərs deyən müəllimlər arasında azərbaycanlı alim, böyük insan, görkəmli yazıçı Maqsud Şeyxzadə də var idi. Onun tələbəsi olduğuma görə xoşbəxtəm. O, iki xalq arasındakı dostluq və qardaşlıq əlaqələrini Nizami və Nəvai arasındakı sənət ilişgiləri fonunda təbliğ edir, öyrədirdi. O, uzun illər boyu özbək ədəbiyyatı tarixindən dərs demişdi, həm Azərbaycanda, həm də Özbəkistanda sevilirdi. Yubiley günlərinin birində Özbəkistandakı Nizami Gəncəvi adına Pedaqoji İnstitutun foyesində Nizami Gəncəvinin şəkli ilə Maqsud Şeyxzadənin şəkli, barelyefi qarşı-qarşıya qoyulmuşdu. Uzun əsrlərdən sonra qardaş özbək diyarında iki böyük insan, iki dahi azərbaycanlı görüşüb elə bil bir-birinə dayaq durmuşdular.

1965-ci ildə sürgün olunmuş insanlara bəraət verildi. Özbəkistanın üç kəndində məskunlaşan azərbaycanlılar may ayının birində qatarla Azərbaycana döndülər. Bu səfər yumşaq vaqonlarda.

Ailəmiz Yevlax rayonunun Yuxarı Qarxın kəndinə - ana ocağımıza gəldi. Anamın əmisi oğlu öz evində bizə yer verdi

- Şərqiyyə xanım, bəs tərcüməçilik fəaliyyətiniz hansı zərurətlə bağlı idi...

- İlk növbədə bu istək sənətə, ədəbiyyata olan sevgimdən qaynaqlandı. Eyni zamanda, mən orta və ali təhsilimi özbək dilində almışdım, ali təhsil ocaqlarında bu dildə mühazirələr oxumuşdum, dərs demişdim, hər iki dilin incəliklərinə bələd idim. Borcum idi ki, ən ağır günlərimizdə ailəmizə, həmyerlilərimə isti qucaq açmış bir xalqın ədəbiyyatı ilə soydaşlarımı tanış edəm. Bu mənim üçün mənəvi bir borc idi. Bacardığımı etməli idim. Ancaq tərcümə sahəsini seçməyimin bir özgə səbəbi də oldu. Deməli, 1974-cü ilin avqust ayında anamın xəstəliyi səbəbindən Bakıya köçəsi olduq. Hələ bundan bir il əvvəl Bakı şəhər Müəllimləri Təkmilləşdirmə İnstitutunun direktoru məni işlə təmin edəcəyinə söz vermişdi. Ancaq o, sənədlərimə baxandan sonra, görünür, sürgün həyatı yaşamış bir insanı işlə təmin etməyə çəkindiyinə görə öz sözünü yerinə yetirmədi. Xülasə, gəldim Bakıya, ancaq iş tapa bilmədiyimə görə çox böyük çətinliklər çəkdim. Günlərin birində Azərnəşrin "SSRİ xalqları ədəbiyyatı" şöbəsinə müraciət etdim. Şöbədə tərcüməçi-şair Vilayət Rüstəmzadə mənə bu sahənin gözəl bilicisi, professor Pənah Xəlilovla görüşməyi məsləhət bildi, sonra Azərbaycan Dövlət Televiziyasında çalışan Mailə Muradxanlıya zəng eləyib mənə köməklik göstərməsini xahiş etdi. O, çox yaxşı adam idi. Onun xahişiylə Mailə xanım verilişlərində mənim tərcümələrimə yer ayırdı. "Ulduz" jurnalında Sabir Azərinin, Əhəd Muxtarın köməkliyiylə özbək ədəbiyyatından tərcümələrim çap olundu, az da olsa qonorar aldım, ailəni dolandırdım. "Ədəbiyyat və incəsənət" qəzetinin baş redaktoru işləyən Nəriman Həsənzadənin, hələ o zaman qəzetin məsul katibi işləyən Ayaz Vəfalının yaxşılıqlarını, diqqətini gördüm. Mən bu insanların yaxşılığını heç vaxt unuda bilmərəm. 1975-ci ilin mart ayından başlayaraq Azərbaycan Mərkəzi Müəllimləri Təkmilləşdirmə İnstitutunda rus siniflərində Azərbaycan dili kabinəsinin müdiri kimi çalışmağa başladım və burada da tərcüməçilik fəaliyyətimi davam etdirdim. Bax belə… Bir göz qırpımında, əslindəsə əsrə bərabər bir vaxt civarında hər şey gəlib keçdi… İndi mən daha çox xatirələrlə yaşayıram.

 

 

Söhbətləşdi: Sərvaz HÜSEYNOĞLU

 

Ədəbiyyat qəzeti.-2009.-13 noyabr.-S.3, 6.