75 yaşın əks-sədası

 

"Dağın döşü həm yoxuşudur, həm yeniş" müşahidəsi indi Oqtay Rzanın 75 yaşının proloqu kimi səslənir.

Srağagün Yazıçılar Birliyində tanınmış şairin 75 illiyinə həsr olunmuş tədbirdə də daha çox bu səslənişin əks-sədası yaşandı. Mərasimi AYB-nin katibi Arif Əmrahoğlu açaraq dedi: "Oqtay Rza ömrünün müdriklik çağını yaşayır. Səmimiyyətlə deyirəm ki, onu tanıyıb, sevməyən adam olmaz. Oqtay Rzanın dili ürəyindən gəlir. Onu kədərli gördüyümü xatırlamıram. Olduğu kimi görünən, salamı salam kimi qiymətləndirən adam, səmimi şairdi".

Tədbirin aparıcısı, "Ulduz" jurnalının baş redaktoru Elçin Hüseynbəyli yubilyarın sənət yolundan ətraflı söz açdı. AYB-nin mətbuat rəhbəri, şair Ədalət Əsgəroğlu vurğuladı ki, O.Rza Yazıçılar Birliyinə tez-tez gəlir, həmişə də özüylə xoş bir aura, sevinc gətirir. Bu, onun şəxsi keyfiyyətlərinin büllurluğundan irəli gəlir. Çıxışçı sonra yubilyara həsr etdiyi şeri oxudu.

Tanınmış şair İlyas Tapdıq O.Rzanı 1954-cü ildən tanıdığını, həyati şeirlərinin vurğunu olduğunu önə çəkdi.

"Oqtay Rza bəxtli şairdi, şeirlərində olan pafos ritorikadan uzaqdı, bu pafos daha çox onun qəlbinin, düşüncəsinin və ilhamının vüsətidir. Adam hər an əl uzadıb bu şeirləri tutmaq, saxlamaq istəyir" - deyən tanınmış şair Yusif Həsənbəy sənət dostuna cansağlığı arzuladı.

Filologiya elmləri doktoru Buludxan Xəlilov Azərbaycan Pedaqoji Universitetinin rəhbərliyinin təbrikini yubilyara çatdırdı.

Yazıçılar Birliyinin Qarabağ bölməsinin sədri Ənvər Əhməd yubilyarın azərbaycançılıq düşüncəsinin böyük ideoloqu Əli bəy Hüseynzadəni, azadlıq mücahidi Xəlil Rza Ulutürkü, unudulmaz şair Əliağa Kürçaylını yetirən bir bölgənin poeziya havasıyla böyüdüyünü önə çəkdi, şairlərdən Xuraman Vəfa, Ramiz Abdulla, Musa Ələkbərli, Asif Əsəd, Şövkət Zərin Horovlu, Dayandur Sevgin, Adil Cəmil, Müsrəddin Kövrək, Ramiz Heydər, Simuzər Nüsrətbəyli, Səxavət Talıblı, Qulam Saleh, Gülzar İbrahimli, Teyfur Çələbi şairin yaradıcılıq məziyyətlərindən, şəxsi keyfiyyətlərindən söz açdılar, ona həsr etdikləri şeirləri oxudular.

Ədəbiyyatşünas alimlərdən Allahverdi Emin, Asif Rüstəmli, Vaqif Yusifli O.Rza yaradıcılığının ictimai-siyasi, ədəbi-bədii mahiyyətini açıqladılar. "Ailələrə sosial dəstək" ictimai təşkilatının sədri Esmira Rəhimova, "Zirvə" ziyalılar təşkilatının yaradıcısı Minayə xanım yubilyarı diplomla mükafatlandırdılar.

Sonda Oqtay Rza çıxış edərək tədbir iştirakçılarına və AYB-nin rəhbərliyinə dərin minnətdarlığını bildirdi, yeni şeirlərini oxudu.

 

 

S.Əsgərli

 

Ədəbiyyat qəzeti.-2009.-13 noyabr.-S.5.