Fəsil dəyişəndə

 

Sarı köynəyini geyinib bağlar,

Meşədə yarpaqlar xəzələ dönüb;

Heyranı olduğum dilbər qovaqlar

Şalını itirən gözələ dönüb.

Duyulur nəfəsi çənin, ayazın,

Küləklər bayatı çağırır yenə;

Durub ayrıcında qışla payızın,

Baxıram arxaya, baxıram önə.

Salam, həyatımın kamillik ili!

Açırsan qapımı gülə-gülə sən;

Gəmim haraylayıb neçə sahili,

Son liman hardadır - necə biləsən?

Sinəmdə min ocaq hərarəti var,

Fikrim yüz hədəfə şığıyan oxdur

Ömür-gün yolunun nəhayəti var,

Fəqət arzuların hüdudu yoxdur.

Səsimdə, sözümdə əvvəlki ahəng,

Ruhumun qidası təranələrdir.

Pöhrə duyğularım sərv ağacıtək

Həmişəyaşıldır, həmişətərdir.

Dünyaya gəlmək ,ölmək haqdır,

Gərək yaşayasan əməllərində;

Günəş get-gedə soyuyacaqdır,

Başqası yanacaq onun yerində.

Nəvəm ürəyimi döndərir dağa,

Özüməm, həyatda təkrarımdır o.

Gücüm çatmasa da cavanlaşmağa,

Geriyə qayıdan baharımdır o!

 

 

Oqtay Rza

 

Ədəbiyyat qəzeti.-2009.-13 noyabr.-S.5.