“Mənəvi
yanğının əsarətində”…
2 il
bundan əvvəl Yazıçılar Birliyində professor
Gülrux Əlibəylinin "Zamanımız və
özüm haqqında" kitabının təqdimatında mən
də iştirak edirdim və yadımdadır:
çıxışımda belə bir fikir söyləmişdim
ki, bu insan hərəkətsizliyi, nöqtə qoymağı
sevmir, həmişə yaradıcılıq
axtarışındadır və görünür, yaxın
vaxtlarda biz növbəti kitabın da oxucuları
olacağıq.
Yaxın
günlərdə Natəvan klubunda biz Gülrux Əlibəylinin
növbəti maraqlı, mən deyərdim ki, ən maraqlı
və etiraf, səmimilik baxımından ən
"açıq" kitabının təqdimatına
yığışmışdıq. Tədbiri həmişə
olduğu kimi, Anar müəllim aparırdı. Danışmaq
istəyən çox idi. Amma çıxış edənlər
daha çox müəllifdən danışırdılar,
onun yaradıcı şəxsiyyət kimi təkrarsızlığını
qeyd edirdilər. Mənə növbə çatanda tədbirə
ayrılan vaxt artıq qurtarmaq üzrə idi və mən
kitaba aid bir neçə sözlə kifayətlənməli
oldum. İndi qərara gəldim ki, təqdimatda deyə bilmədiyim
fikirləri geniş oxucu kütləsi ilə
bölüşüm.
Bildiyimiz
kimi, Gülrux Əlibəyli son illərdə sırf elmi
yaradıcılıqdan yeni sahəyə üz tutmuşdur: qələmini
bədii publisistika, estetika, hekayə, portret, memuar
janrlarında sınayır və onun bu yaradıcılıq
axtarışları geniş oxucu kütləsinin
böyük marağına səbəb olmuşdur.
Çünki son altı kitabında müəllif bizi əhatə
edən həyatımız haqda, özünün
keçmişi və indiki mənəvi durumu,
tanınmış və o qədər də tanınmayan
maraqlı insanlar haqqında açıq, heç bir ehtiyat
etmədən səmimi söhbət aparır.
Sonuncu
kitabın adı ilə bağlı bir neçə variant
düşünülmüşdür. Nəhayət, Puşkinin
məşhur "Peyğəmbər" şerinin birinci sətrində
dayanıldı.
Altı
kitabdan dördü Azərbaycan dilində idi
("Düşünən dünyamız",
"Çırpınan dünyamız", "Dəyişən
dünyamız", "Dağılan dünyamız").
Burada söhbət dünyamızın həmişə
hansısa hərəkətdə (təəssüf ki, bu hərəkət
heç də həmişə inkişafa, tərəqqiyə
bərabər deyil) olduğu və müəllifin bu kontekstdə
dəyişməsi, özünüdərk, mənəvi-yaradıcı
kamilləşmə prosesində olmasından gedir. Başqa
sözlə desək, bu kitablarda yazıçının
dünyamızı və özümüzü bu dünyada dərk
etməsindən gedir. Bu mürəkkəb dialektika bu iki
dünyanın bir-birilə müxtəlif zamanlarda heç də
eyni olmayan münasibətlərində açıqlanır:
müəllifin özündə qoruyan dünyasının
böyük dünyamızın içində yaşaması
və bu dəyişkən dünyanın
yazıçının daxili aləmində əks olunması,
qəbul olunması meyarı məsələsi. Meyar isə dəyişməzdir:
mənəviyyat, mənəviyyat sorağında. Elə
beşinci kitabda da ("Zəmanəmiz və özüm
haqqında") dünyamız haqqında söhbətin dəyişkən
olan zəmanəmiz kontekstində tanış oluruq yeni faktlar,
hadisələrin şərhi əsasında.
Biz
kitabların adlarına ona görə xüsusi diqqət
yetiririk ki, bunlar təsadüfi seçilməmişdir: birinci
dörd əsərdə prioritetlik "dünyamız"a
verilir, daha çox onda gedən proseslərin insana təsirindən
danışılır, sonrakı kitabda müəllif
"zaman"la paritetlik mövqeyindədir, sonuncu əsərdə
müəllifin öz şəxsiyyəti ön plana
çıxır.
"Mənəvi
yanğının əsarətində…" təxminən belə
tərcümə etmək olar Puşkinin "Peyğəmbəri"nin
misrasını.
Bu
yanğı bu və ya digər dərəcədə G.Əlibəylinin
esselərində, avtobioqrafik yazılarında, portretlərində,
hekayələrində, gündəliklərindən
parçalarda leytmotiv kimi oxunur. Və elə bu səbəbdən
kitaba daxil edilən müxtəlif janrlı lakonik əsərlər
bütövlükdə eklektika təəssüratı
bağışlamır. Bunları birləşdirən əbədi
problem - mənəviyyat axtarışlarıdır ki, bunlar təsvir
olunan sadə adamlardan tutmuş alimlər, mədəniyyət,
elm xadimlərinin dəyərləndirilməsində əsas
meyardır. Özü də bu kitabdakı portretlər daha
çox eskiz, etüdə bənzəyir- bir-iki ştrixlə,
yaxud həyatından bir epizodla kifayətlənən müəllif
təsvir etdiyi insanın mahiyyətindən bizə xəbər
verir.
Gülrux
Əlibəyli kitablarında öz həyatında baş verənləri
xatırlayır, bunların onun şəxsiyyətinin (lap
uşaqlıq, tələbəlik illərində)
formalaşmasında oynadığı rolu baxımdan. Burada
söhbət onun həyatında
qarşılaşdığı məşhur və elə də
məşhur olmayan adamlardan və başqa bir aləmdən -
oxuduğu kitablardan gedir. Onun Nitsşe, Monten, Epikur, T.Mann və
b. filosoflar haqqında "Mənim Nitsşem", "Mənim
Montenim" deməsi bu tarixi şəxsiyyətləri
qavraması, onların irsinə bələdliyi ilə məhdudlaşmır:
öz həyat mövqeyini onların mənəviyyatlılığa
aid təcrübəsi, nəzəriyyələri əsasında
sınamasıyla bağlıdır. Buna aid bir məsələyə
diqqət yetirmək yerinə düşər. Bəzi oxucular
G.Əlibəylinin kitablarında çoxlu epiqraf, sitatdan
istifadə olunmasına tənqidi yanaşır. Axı bu
sitatlar, epiqraflar bəzək üçün, yaxud müəllifin
öz erudisiyasını nümayiş etdirmək məqsədi
ilə verilmir. Bu üsul - müvafiq esse, yaxud başqa
janrlı yazının açılmasında açar rolu
oynayır, sitat gətirdiyi şəxsiyyətlərin müəllif
üçün nüfuz sahibi olmasını ifadə edir,
müəllifin öz mövqeyinin bu dahilərin fəlsəfi-mənəvi
təcrübəsi ilə səsləşməsini
yoxlayır.
Müəllifin
ən yüksək tutduğu şey - həyatın
inersiyası, vərdiş etdiyimiz instinktlərə
qarşı qoyduğu daxili azadlıq, mənəvi kamilləşmə,
yaradıcılıq axatrışlarıdır. Bu nöqtədə
bir çox oxucular müəlliflə razılaşmayacaq.
Çünki hətta məhəbbət, ailə
qayğıları, analıq hissi və s. absolüt meyar kimi
götürülən daxili azadlığa olan güclü
meylin bütövlükdə reallaşmasına bir növ maneə
kimi səciyyələndirilir. Özünün yaradıcı
şəxsiyyət kimi intim prosesi izləməklə də
özünə qəddarcasına tələbkar olan müəllif
öz təbiətinin ikili, ziddiyyətli olduğu barədə
səmimi söhbət aparır: bir tərəfdən, məsələn,
onda analıq hissinin çox güclü olması, digər tərəfdən
- tezliklə bu buxovlardan xilas olmaq və daxili azadlığa,
yaradıcı uğurlara nail olmaq meyli. Hətta məhəbbəti
azadlıqdan məhrum olmaq kimi mənalandırır. Müəllif
öz yazılarında didaktikadan uzaqdır, o, oxucuya sanki
öz qəlbinin və əqlinin həyat həqiqətinin
axtarışında olan narahat fəaliyyətini təqdim
edir. Amma müəllifin peşimançılıqla
bağlı bəzi hissləri, məsələn, həyatının
çox hissəsini instinktlərlə yaşamasını, hətta
Leninqarad Universitetinin fars bölməsində oxumasını və
s. səhv kimi, itirilmiş illər kimi dəyərləndirilməsi
özünə qarşı maksimalist mövqedə
olmasını göstərir. Yəni onun öz daxili
marağına, mənəvi inkişafına kömək etməyən
fəaliyyətinə heyifsilənir G.Əlibəyli.
Amma bu həyatdır,
təcrübədir, özü də maraqlı, ziddiyyətlərlə
dolu bir həyatdır. Bəlkə də bunlar olmasaydı,
özü üçün yeganə düzgün hesab etdiyi
yola gəlib çıxmazdı.
Müəllif
bir-birinə yad olan, amma çox yaxın tellərlə
bağlanan insanlardan danışır və bu
bağlılığın səbəbini ilk növbədə
mənəvi yaxınlıqda axtarır. Həmin müstəvidə
doğma olan insanların yadlaşması izah olunur. Bu və
buna oxşar adi görünən, amma mahiyyətcə
çox mürəkkəb olan problemlər mücərrəd
- fəlsəfi tərzdə təqdim olunmur: müəllifin
müşahidə etdiyi və yaşadığı həyat
təcrübəsinə əsaslanır.
Daxili
azadlığı, mənəviyyat axtarışlarını
sərbəst reallaşdırmaq və qorumaq
üçün, mənəvi böhrana yuvarlanan dünyadan
xilas olmaq üçün o, təbiətə üz tutur.
İlin üç ayını Car, Qax, Qum kimi vətənin əsrarəngiz
güşələri ilə və burada yaşayan sadə
adamlarla təmasda olmağı üstün tutur. Bir qədər
sonra bunlarla bağlı təəssüratlar, müşahidələr
hekayə, esselərə çevriləcək.
Belə
yazılarında müəllif həssas müşahidəçi,
mahir psixoloq və orijinal peyzajist kimi açılır. Bu kimi
lakonik, amma təsirli təsvirlərdə G.Əlibəylinin vətənə
bağlılığı, milli təəssübkeşliyi
duyulur. Bu heç də sentimental olmayan yazılar çox
oxunaqlı, lakonik, cəlbedici dillə fərqlənir.
Kitabda
qaldırılan aktual məsələlər - estetikanın həyatımızda
oynadığı rolu (hətta futbolda estetik məqamlar
aşkarlanır) və bu fənnin ali məktəb
proqramlarından çıxarılması. TV verilişlərinin
səviyyəsi və s. gözlənilməz, orijinal
üslubda və diqqəti çəkən tərzdə
işıqlandırılır. Hətta çox lakonik verilən
portret - eskizlərdə (Şövkət Ələkbərova,
Amalya Pənahova, Naibə Musayeva) yaxud qısa etüdlərdə
(Ziya Bünyadov, Müslüm Maqomayev, Alim Qasımov)
aparıcı mövqe istedadlı insanı seçmək
qabiliyyəti, mədəniyyətimizə olan münasibətdir.
Bu münasiəbətin isə əsas meyarı milli təəssübkeşlikdir.
Mədəniyyətin,
incəsənətin növlərindən G.Əlibəyli ən
çox "hərəkətdə olan estetika" - musiqiyə,
rəqsə bağlıdır. Həm də ona görə
ki, bunlar azaddır ideologiyadan, doğmalardan. Bu mövzu onun
bütün kitablarından keçib. Çünki musiqi, rəqs
onun qəlbinin ən incə, dərin tellərini oyadır və
bu orijinal dialoqda harmoniya yaranır. Məhz rəqsdə
insanın xarakteri, təbii mahiyyəti açılır, bu
anlarda fiziki hərəkətlərdən daha çox qəlbin
rəqsini, magik açılışını duyan və
ifadə edən müəllif daxili azadlığın apogeyinə
zirvələnə bilir. Elə onun Nitsşeyə də həm
dilinin özünəməxsus ritminə görə,
müsiqi və rəqsə münasibətinə görə,
orijinal dahiyanə dünyaduyumuna görə sitayiş edir
müəllif. Ümumiyyətlə, Nitsşe onun birmənalı
oxunmayan, mərd, hətta bir qədər epatajlı fəlsəfəsi
ilə G.Əlibəylinin mənəvi-estetik təbiətinə
yaxın olan dahilərdən biridir. Məhz ondan ən
çox sitat verilir bu kitabda. Məsələn, rəqsin dərin
fəlsəfəsi məhz Nitsşenin şərhində izlənilir.
Hətta "rəqs və qocalıq" adlı
etüdünə onun kəlamlarının biri epiqraf kimi
verilir: "Mən yalnız rəqs etməyi bacaran Allaha
inanardım". Müəllif isə yazır ki, ölüm
onun özünü o vaxt haqlaya bilər ki, o, artıq rəqs
edə bilməyəcək. Ümumiyyətlə, G.Əlibəylinin
6 kitabının Nitsşe ilə bağlı
yazılarını "Mənim Nitsşem" adlı
ayrıca bir tədqiqat həsr etmək olardı. Müəllif
bəzən əvvəlki kitablarında deyilmiş fikirlərə
qayıdır. Lakin bu təkrar deyil, mövzunun yeni
açılışıdır.
Kitabın
əsas leytmotivi - daxili mənəvi azadlığa
çatılması yolları və bu çətin yol, bu
mübarizə özünün tərcümeyi-halından olan
epizodlar, başqa adamlarla münasibətlərin fonunda izlənilir.
Çox
təsirli, qədirbilənliklə seçilən səhifələr
Leninqrad Universitetində oxuduğu illərlə
bağlıdır. Blokadadan sonrakı aclıq günləri
yüksək mənəvi, mədəni ab-hava fonunda bu
işıqlı iqlimi yaradan konkret nəcib şəxsiyyətlərin
yad edilməsi ilə təsvir olunur. Sözsüz ki, bu
mühit müəllifin özünün xarakterinin, mənəviyyatının
formalaşmasında təkrarsız rol oynayır.
Həyata
daima maraq, həyatda daima hərəkət, inkişaf,
mübarizə, insanlara qiymət vermək bacarığı,
mənəviyyatı hər şeydən üstün tutmaq -
budur Gülrux Əlibəylinin yaşamaq meyarı. Özü
də avtobioqrafik məqamların təsvirində özünə
qarşı çox tələbkar. Hətta bir qədər qəddardır
müəllif. Bu hünəri, bu haqqı ona keçdiyi
çətin həyat yolu və bu yolda formalaşan həyat təcrübəsi
verir.
Bir
neçə söz kitabın adı haqqında. Bildiyimiz kimi,
Puşkin qeyd olunan sətirin ("Duxovnoy jajdoö tomim…")
peyğəmbərdən danışır. Əslində isə
şairliyin peyğəmbərliyə bərabər olan
missiyasını nəzərdə tutur, onu insanlara həqiqəti
çatdırmağa sövq edir. G.Əlibəyli kitabına
bu adı verərkən sözün təsirini və
doğruluğunu və gücünü nəzərdə
tuturdu. Əlbəttə, bu adın seçimində incə
metaforik məqam da duyulmaqdadır. Bu metaforiklik əvvəlki
kitablarının da adında, üslubunda özünü
göstərməkdədir. Bu xüsusiyyət təbiidir, həyatın
dərkini estetik münasibətsiz təsəvvür etməyən
və bu münasibətini metaformasız ifadə edə bilməyən
müəllif üçün.
Sara Osmanlı
Ədəbiyyat qəzeti.-2009.-13
noyabr.-S.5.