Ülvü insan, böyük yazıçı
Ədəbiyyatımızın
canlı klassiki, əvəzsiz şəxsiyyət və nəcib
insan Qılman İlkin əbədiyyətə qovuşdu.
Bütöv bir əsrə bərabər
yaşamış xalq yazıçısı Qılman
İlkinin ömür yolu heç zaman hamar
olmamışdır. Çox eniş-yoxuşlar
aşmış, acılı-ağrılı günlər
yaşamışdır. O, 1914-cü ilin 28 aprel ayında
Bakının Mərdəkan qəsəbəsində anadan
olmuşdur. Kiçik yaşlarında ikən atasını
itirəndən sonra anasının və
qardaşlarının qayğısı ilə
böyüyür. Mərdəkanda Hacı Zeynalabdin
Tağıyevin tikdirdiyi məktəbdə təhsil alır.
Kənd
məktəbini qurtarandan sonra Bakı şəhərində
18 nömrəli pedaqoji məktəbdə təhsilini davam
etdirir.
Pedaqoji
texnikumda oxuyarkən Əzizbəyov kitabxanası nəzdində
Yazıçılar İttifaqının ədəbiyyat dərnəyində
yaxından iştirak edir. O zaman bu dərnəyə əvvəlcə
şair Almas İldırım, sonralar isə Seyid Hüseyn rəhbərlik
edirdi. Bu dərnəkdə o, ədəbi
yaradıcılığa çox isinişir, Seyid Hüseynin
köməkliyi ilə ilk hekayələrini yazır. Bu hekayələrdən
biri "Hücum" jurnalında dərc edilir.
1920-1930-cu
illərdə Azərbaycan kəndlərində müəllim
çatışmadığına görə texnikum tələbələrini,
eləcə də 14 yaşında yeniyetmə Qılmanı
Xaçmaz rayonuna göndərirlər. O, Əhmədoba kəndində
həm müəllim, həm də məktəb müdiri
işləyir.
Sonrakı
illər Qılman müəllimin sorağı "Gənc
işçi" qəzetindən gəlir. O, ədəbi
işçi vəzifəsində çalışır.
Redaksiyanın binası İsmailiyyə binası ilə
üzbəüzdə yerləşdiyi üçün tez-tez
oradakı Proletar Yazıçıları Cəmiyyətinə
gedir, hətta orada çağırılmış
yığıncaqlarda yaxından iştirak edir. Görkəmli
Azərbaycan yazıçılarını yaxından
tanıyır, tez-tez redaksiyaya gələn Mikayıl
Müşfiq, Süleyman Rüstəm, Seyid Hüseyn və
başqaları ilə yaxından tanış olur.
Qılman
İlkin 1932-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun ədəbiyyat
və tarix fakültəsinə daxil olur. Eyni
zamanda, ədəbi yaradıcılığa başlayır. Əvvəllər
Əli Vəliyev, Zeynal Xəlil və Mikayıl
Müşfiqin əsərləri barədə tənqidi məqalələr
yazır. 1938-ci ildə institutda Müşfiq haqqında
keçirilən ədəbi gecədə Müşfiqin
uşaq şeirləri barədə etdiyi məruzə
üstündə çox keçmir ki, başı bəlalar
çəkir. Müşfiqin həbsi ilə bağlı
tez-tez təhlükəsizlik orqanları tərəfindən
sorğu-suala tutulur.
Qılman
İlkin 1938-ci ildən "Uşaqgəncnəşr"də
məsləhətçi, baş redaktor və direktor vəzifələrində
işləmişdir.
İkinci
Dünya müharibəsi onu düşgün əhval-ruhiyyədən
xilas edir. Xəstəliyinə görə hərbi xidmətdən
azad olsa da, 1941-ci ildə partiyanın Mərkəzi Komitəsi
tərəfindən Cənub cəbhəsinə hərbi xidmətə
göndərilir.
Sovet
qoşunları 1941-ci ildə İranı işğal etdikdən
sonra Azərbaycandan Güney Azərbaycana - Mirzə İbrahimovun
başçılığı altında 100 nəfərədək
ziyalı - jurnalist və mətbəə işçisi
göndərilmişdi. Onlar Təbriz şəhərində
"Vətən yolunda" və "Qızıl əsgər"
qəzeti dərc edəcəkdilər.
Bu jurnalistlər içərisində başqa
yazıçı və qəzet işçiləri ilə
yanaşı, ərəb əlifbası ilə sərbəst
yazıb-oxuyan Qılman İlkin də vardı. Göndərilən
adamlara o zaman Mərkəzi Komitənin katiblərindən biri
- Əziz Əliyev rəhbərlik etdiyi üçün onlara
“Əziz Əliyev qrupu” deyilirdi. Lakin bu adamların vəzifəsi
yalnız qəzet çıxarmaqla kifayətlənmirdi.
Onlardan bəzisinin üzərinə başqa məsul vəzifələr
də qoyulmuşdu. Qəzet işçilərindən Qulam Məmmədli
ilə Qılman İlkinin üzərinə daha məsul vəzifə
qoyulmuşdu. Onlar güney Azərbaycanın mədəni
tarixi ilə məşğul olmalı idilər: Qulam Məmmədli
ədəbiyyat tarixi ilə, Qılman İlkin el ədəbiyyatı-folklorla,
qəzetin başqa bir işçisinə Təbrizin yerli teatr
truppasına kömək və rəhbərlik etmək
tapşırılmışdı.
Redaksiya
kollektivi Cənubi Azərbaycanda milli azadlıq hərəkatına
da kömək edirdi. Yerli hökumətin
başçısı Seyid Cəfər Pişəvərinin
tapşırığı ilə Qılman İlkinlə Qulam
Məmmədli Güneydəki milli azadlıq hərəkatı
haqqındakı materialları bir ay müddətində gecəli-gündüzlü
İran və Sovet mətbuat səhifələrindən
toplayıb, kitab şəklində çap etdilər.
Bu işə
görə Pişəvəri tərtibçilərin hər
ikisini Azərbaycan milli hökumətinin ali "21 Azər"
medalı ilə təltif etdi.
1941-ci ilin yayında Mərkəzi Komitə Qılman
İlkini Şimali Qafqaz cəhbəsinə ezamiyyətə
göndərir, orada tanınmış tənqidçi Cəfər
Xəndanın redaktorluğu ilə Azərbaycan dilində
çıxan "Vətən uğrunda" qəzeti
redaksiyasında işləyir.
Bir müddətdən sonra Cəfər Xəndanla
Q.İlkin Mərkəzi Komitə tərəfindən geri
çağırılır və 20 nəfərədək
redaksiya heyəti tərkibində Mərkəzi Komitənin
katibi Əziz Əliyevin başçılığı ilə
yenidən Təbriz şəhərinə ezam olunur.
İkinci
Dünya müharibəsinin axırınadək onlar Təbrizdə
qalır. Müharibədən sonra Qılman İlkin Bakıya
qayıdır. Azərbaycan Dövlət Universitetində
baş müəllim, Azərnəşrdə baş redaktor
işləyir.
Onun
dövründə Azərnəşrin buraxdığı
kitablar həm tərtibat, həm də keyfiyyət etibarilə
xeyli yaxşılaşır. Belə ki, ondan qabaq nəşriyyatın
bircə kitabı belə qiymətləndirilmədiyi halda,
onun dövründə nəfis tərtib olunmuş kitablara hər
dəfə kitab sərgisində diplom və mükafat verilir.
Azərnəşrin fəaliyyəti hər il yüksək
qiymətə layiq görülür. Ümumittifaq Kənd Təsərrüfatı
sərgisi nəşriyyatın buraxdığı kitablara
görə onu böyük gümüş medalla təltif
edir.
Qılman
İlkin 1963-cü il mayın 5-də Mərkəzi Komitənin
tapşırığı ilə Azərbaycan
Yazıçılar Birliyinin orqanı olan "Azərbaycan"
jurnalının baş redaktoru təyin olunur.
O zaman
jurnalın vəziyyəti çox ağır idi. Oxucular
jurnaldan uzaqlaşmışdılar. Abunəçilərin
sayı çox az idi. Buna görə də jurnalın
tirajı çox aşağı idi. Təzə gəlmiş
redaktorun qarşısında müxtəlif vəzifələr
dururdu. Əvvəla redaksiyanın portfeli tamam boş idi. Təqdim
olunan əsərlər aylarla oxunmurdu. Belə hallar jurnalı
hörmətdən salmışdı. Redaksiyada əmək
intizamı çox aşağı idi. İşçilər
bəzən saatlarla redaksiyada tapılmırdı. Jurnala təzə
redaktorun təyin olunduğunu eşidən kimi özlərini
yığışdırdılar.
Redaksiyadakı
qüsurları kompleks şəkildə həll etmək təbii,
çox çətin idi. Lakin Qılman İlkin təcrübəli
mətbuatçı kimi hər şeyi tezliklə öz yoluna
qoydu: boşalmış redaksiya portfelinin qayğısına
qaldı, yazıçılarla söhbətlər
keçirildi. Mətbəə ilə sıx əlaqəyə
girib mətbəədə gecikmələrin
qarşısı alındı. İşçilərdən
bəziləri rayonlara göndərildi. Tirajı artırmaq məqsədilə
oxucu kütlələri ilə əlaqə yarandı. Gənc
yazıçılarla söhbətlər keçirildi.
Yaranmış belə vəziyyəti görən redaksiya əməkdaşları
da özlərinə nəticə çıxardılar. Gənc
yazıçıların əsərləri kollektiv şəkildə
oxunurdu. Jurnalın bədii tərtibatı barədə də
söhbətlər oldu. Rəssamlardan bəziləri bu işə
cəlb edildi. Əlyazmalarının redaktorlar tərəfindən
vaxtında redaktə olunub təhvil vermələri üzərində
tam nəzarət yarandı.
Xoşbəxtlikdən
bu qeyri-adi təşkilatçılığın şahidi
olmuşam. O zaman "Azərbaycan" jurnalı
redaksiyasında şeir şöbəsində Əli Kərim,
Cabir Novruz, nəsr şöbəsində Vidadi Babanlı, Ənvər
Yusifoğlu, Vaqif Musa işləyirdi. Mən tənqid və ədəbiyyatşünaslıq
şöbəsinə rəhbərlik edirdim. Novruz Gəncəli
redaktor müavini, Ağacavad Əlizadə məsul katibin
müavini idi.
Qılman
İlkinin baş redaktor kimi davranışı, səmimiyyəti
və tələbkarlığı, işə münasibəti
bizim hamımız üçün tərbiyə məktəbi
idi. O, ən nəcib insani keyfiyyətlərə
malik istedadlı qələm sahibi, əqidəli redaktor və
ictimai xadim kimi tanınırdı. O öz həmkarları
arasında müqəddəsliyi, təmizliyi və sadəliyi
ilə seçilirdi. İş yoldaşlarım kimi mən də
ondan müəllimim və ağsaqqalım kimi çox şey
əxz etmişəm.
Redaksiyada
hər şey yenicə qaydaya düşmüşdü ki,
Qılman İlkin jurnaldan geri çağırılıb Azərnəşrə
direktor təyin edildi. Bu aylarda Azərnəşrin planları
daha da genişlənmişdi. Musiqi nəşriyyatı Azərnəşrə
qatılmışdı. Qılman İlkin nəşriyyatda
işləri yüksək səviyyədə təşkil
etdi. Onun Azərnəşrə gəlməsindən
üç ay keçmişdi ki, əməkdar incəsənət
xadimi Qılman İlkin Vətən qarşısındakı
xidmətlərinə görə iki dəfə
mükafatlandı: birinci dəfə “Qızıl əmək
bayrağı” ordeni, ikinci dəfə “II Dünya Vətən
müharibəsi” ordeni ilə.
İctimai
fəaliyyəti dövründə Qılman İlkin
yazıçı kimi çox məhsuldar işləmişdir.
Bütün yaradıcılığı boyu 54 kitabı nəşr
edilmişdir. Bunlardan dördü roman, qalanları povest və
hekayələrdir. "Cərrahlar", "Tayqa
nağılı", "Əsgər müharibədən
qayıdırdı", "Geriyə yol yoxdu", "Baba və
nəvə" televiziya pyesləri uzun müddət mavi
ekranda göstərilmişdir. Onun "Şimal küləyi"
əsəri dövlət mükafatına layiq
görülmüşdür. O, iki dəfə Azərbaycan Ali
Soveti Rəyasət həyətinin fəxri fərmanı ilə
təltif olunmuşdur. "Bakı və bakılılar"
kitabı "Humay" mükafatı almışdır. O,
Qafqaz Müsəlmanlar İdarəsinin "Paklıq"
mükafatına layiq görülən yeganə
yazıçıdır. Əsərləri xarici ölkələrdə
dərc edilmişdir. Onun ssenariləri əsasında iki bədii
film - "Yenilməz batalyon", "Kölgələr
sürünür" çəkilmişdir. Onun 96
yaşında da qələm əlindən düşməmişdi.
2009-cu ildə "Xaqani" adlı pyesini, "Abbasqulu
Ağa Bakıxanov" povestini və Almas İldırım
haqqında əsərini başa
çatdırmışdır.
Qılman
İlkin həmişə deyirdi ki, o, ömrü boyu bir
prinsiplə işləmişdi: "Mənə olan pislikləri
və başqalarına etdiyim yaxşılıqları dərhal
unuduram".
Onun bu
amalı uzun ömür sürməyin sirlərini bizə
aşılayır. Qəlb təmizliyi, xeyirxahlıq və mənəvi
paklıq heç kəsin paxıllığını çəkməmək
bu ülvü insanın bizə tövsiyyəsi və vəsiyyətidir.
Allah rəhmət
eləsin, qəbrin nurla dolsun, Qılman müəllim…
Teymur ƏHMƏDOV
Ədəbiyyat qəzeti.-2009.-13
noyabr.-S.4.