Azad edək...
- “Şuşa, Şuşa” deyirsən,
Bu qədər neçin, ata?
Kədər ilə salırsan
Hər gün onu sən
yada.
- Mənim ağıllı balam.
Sözlərimə qulaq as.
Şuşa kimi şəhərdən
Bu dünyada tapılmaz.
Gözəldir başdan-başa,
Onun hər bir bucağı.
Vardır təmiz havası,
Neçə sərin bulağı.
Durur "Cıdır düzü" də
Kədər içində indi,
Vaqifin məqbərəsi
Kim bilir nə gündədi.
Gözlərimi açmışam
Bu torpaqda bir səhər.
Mənim canım, ciyərim,
Sevincimdir bu şəhər.
Vardır ayaq izlərim
Hər küçədə, hər tində.
Neçə ildir əsirdir
Şuşa düşmən əlində.
Fikrə gedib bir qədər
Belə söylədi Babək:
- Ata, gedək Şuşanı
Düşməndən azad edək.
Güldü gözləri
Məstan pişiklə
Oynayan zaman
Tapa bilmədi
Topunu Ceyran.
Qaraltdı bu iş
Onun qanını,
Artırdı xeyli
Həyəcanını.
Axdı gözündən
Yaş gilə-gilə,
Baxdı pişiyə
Qız kədər ilə.
Məstan səs salıb
Durdu ayağa,
Qaçdı o biri
Böyük otağa.
Sonra top ilə
Qayıtdı geri,
Güldü Ceyranın
Yaşlı gözləri.
Dalaşmağa qoymayaq
Xoruz döyüşdürürdü
Küçədə iki nəfər,
Maraq ilə baxırdı,
Onlara kiçik Əsgər.
Qanad açıb irəli
Cumurdular xoruzlar,
Bir-birindən görən nə
Umurdular xoruzlar?
Üst-başları onların
Batmışdı tamam qana,
Əsgər qorxub ağladı
Sığındı atasına.
Ata: - Mehriban bala,
Nə oldu sənə, - dedi?
Gəl özünü ələ al,
Qurban gözünə, - dedi.
Göz yaşını silərək
Belə söylədi uşaq:
- Ata, gəl xoruzları
Dalaşmağa qoymayaq.
Danışacaq səninlə
Bir "Əlifba" kitabı
Aldı qızına ana.
Şəkillərə baxanda
Qəmləndi kiçik Sona.
Dedi: - Ana, bu kitab
Danışmır mənlə nədən?
Danışan "Əlifba" al
Mənim üçün sabah sən.
Ana gülüb Sonanın
Sığalladı başını,
Dedi: - Çatma can bala
Kədərlənib qaşını.
"Əlifba"nı öyrənib,
Tamam başa vuranda,
Danışacaq səninlə
Bütün kitablar onda.
Ağıllı
dələ
Bir boz dələ,
Çıxdı çölə
Ağacların arasından.
Bir qoz tapdı,
Atıb-tutdu,
Baxdı ona heyran-heyran.
Alıb getdi qozu dələ
Bir az sonra döndü geri.
Ulduz kimi parlayırdı
Onun xırda şən gözləri.
Eşələyib yarpaqları,
Yenə də qoz tapdı yerdən.
Sevincindən rəqs eylədi,
Sonra qaçıb getdi birdən.
Dələnin bu oyununu
Görüb dilə gəldi Lalə:
- Ata, alıb bu qozları
Hara qaçıb getdi dələ?
- Gözəl qızım, bu gün-sabah
Bu yerlərə yağacaq qar.
O boz dələ bu qozları
Qışı üçün yığıb saxlar.
Heyvanların içində də
Var ağıllı olanları.
Çox sevirəm gələn günün
Qayğısına qalanları.
Öpüb basdı bağrına
Dərsdən evə gələndə,
Balaca qız Yasəmən
Bir pul kisəsi gördü
Qaldırdı onu yerdən.
Baxdı xeyli pul vardı,
O kisənin içində.
Kimsə itirib dedi, -
Burdan gəlib keçəndə.
İndi yəqin axtarır,
Həmin adam pulunu.
Görsəydim qaytarardım
Sahibinə mən onu.
Gördü gəlir bu zaman,
Ona sarı bir nənə.
Qoca arvad deyirdi
Nə isə öz-özünə.
Yaxınlaşıb soruşdu
Nənə qızdan aramla:
- Kisəmi itirmişəm,
Bəlkə görmüsən, bala?
Aylıq təqaüdümü,
Təzəcə almış idim.
Burdan gəlib keçəndə
Onu salıb itirdim.
Yasəmən dedi: - Nənə,
Unut qəmi, kədəri,
Kisəni mən tapmışam,
Say pulunu, al geri.
Açıldı çiçək kimi
Nənənin qaş-qabağı,
Öpüb basdı bağrına
Dönə-dönə uşağı.
Qəninin sevinci
Taykeş geydi
Çəkməsini
Ayağına
Kiçik Qəni.
Gördü durub
Gəzə bilmir.
Sıxır onu,
Dözə bilmir.
Bir xeyli vaxt
Fikirləşdi.
Dedi: - görən,
Bu nə işdi?
Qoy çağırım,
Gəlsin anam.
Bilər bunu
Yəqin anam.
Sonra dedi:
- Bəlkə səhvən,
Tərs geymişəm
Çəkməni mən.
Alıb geydi,
Onu yenə.
Sevinc qondu
Üz-gözünə.
Bilərəm bunları
Anasıyla Təbrizə
Qonaq gəldi Təbrizə.
Xalası öpdü onu,
Qucaqladı boynunu.
- Xoş gəldin qızım, - dedi,
Baharım, yazım, - dedi.
Sığalladı başını,
Xəbər aldı yaşını.
Dedi Təbrizə bu an:
Beş yaşım var, xalacan.
Şəkil çəkə bilirəm,
Gül də əkə bilirəm.
Xoşlaram rəqs etməyi,
Həm də yallı getməyi.
Bilirəm şeir, mahnı,
"Təyyarə"ni, "Kukla"nı.
Xala dedi: - Çox qəşəng,
Gəl öpüm səni bərk-bərk.
Sevindirdin xalanı,
Sevdim sən tək balanı.
Demək, çox iş görürsən,
Evi də süpürürsən.
Yuyursan qab-qacağı,
Sevirsən oynamağı.
- Yox, xalacan, yox hələ,
Balacayam çox hələ.
Süpürmürəm otağı,
Yumuram qab-qacağı.
Qoy böyüyüm, boy atım,
Məktəb yaşına çatım.
Yəqin, xala, mən onda
Bilərəm bunları da.
Baxa bilmədi
Məktəbdən gələn kimi,
Dünən balaca Ağa,
Çıxdı uşaqlar ilə
Həyətdə oynamağa.
O qədər oynadı ki,
Düşdü əldən, ayaqdan.
Dərsini də unutdu,
Uzanıb yatdı oğlan.
Səhər durub yuxudan,
Məktəbinə getdi o.
Bilməz bunu müəllim
Öz-özünə, - dedi o.
Eşidildi zəng səsi,
Gəldi dərsə müəllim.
Salam verib oturdu,
Dedi nəsə müəllim.
Sonra durub ayağa,
Dərsimiz nədir, - dedi?
Əllər qalxdı yuxarı,
Danışsın Nadir, - dedi.
Müəllimin üzünə
Baxa b ilmədi Ağa.
Əydi utandığından
O, başını aşağa.
Sentyabr-oktyabr 2009
Almaniya
Simax Şeyda
Ədəbiyyat qəzeti.-2009.-20
noyabr.-S.6.