Hüseyn Razi-85
Anım günündə
Bu
günlərdə Yazıçılar Birliyinin Natəvan
klubunda tanınmış şair Hüseyn Razinin anım
günü keçirildi. Mərasimi AYB-nin birinci katibi, xalq
şairi Fikrət Qoca açaraq dedi: "Bu gün həmişəyaşar
şairimiz Hüseyn Razini ən xoş duyğularla yad edirik. Mən
ona görə "həmişəyaşar" deyirəm ki,
onun poeziyası, yaradıcılığı həmişəyaşardı.
Sənət adamlarının ömür üfüqləri
yaşadığı illərin sayı ilə yox,
yazıb-yaratdıqlarının yaşarılığı
ilə ölçülür. Hüseyn Razi çox narahat, məsuliyyətli,
təbii, bənzərsiz bir insan idi. Tez-tez Bakıya gələrdi.
Ürəyinin bir hissəsini burada dostlarıyla
boşaldırdı, sonra da tələsik öz doğma
Naxçıvanına dönürdü. Yaşasaydı, indi
85 yaşını qeyd edəcəkdik. Bir daha deyirəm ki, əsl
sənətkar cismən dünyasını dəyişir, mənən,
ruhən yaşayır. Bu səbəbdən də mən
unudulmaz şair dostuma "85 yaşın mübarək"
deyirəm.
Tədbirin
aparıcısı, yazıçı-dramaturq, AYB-nin
dramaturgiya seksiyasının müdiri Firuz Mustafa
vurğuladı ki, böyük ədəbiyyatın vətəni,
məkanı da böyük olur. "Hüseyn Razi
ömrünü ədəbiyyat yolunda şam kimi əritdi. Hələ
orta məktəb illərində mən onun "Odlu diyar",
"Arxalı dağlar" poemalarını oxumuşdum. Sonralar
şairin "Şirinliyin acısı" əsəriylə,
digər şeirləri ilə tanış oldum. O
tanışlığın unudulmaz təəssüratları
hələ də mənimlədi".
Tanınmış
şair İlyas Tapdıq H.Razinin İkinci Cahan
savaşının od-alovundan keçmiş bir qələm
adamı olduğundan söz açaraq onun Naxçıvan ədəbi
mühitinin formalaşmasındakı rolunu yüksək dəyərləndirdi:
"Bu məclisdə iştirak edən şair-dramaturqlardan
Ramiq Muxtar, Kəmalə xanım həmin ədəbi
mühitin yetişdirdiyi insanlardandı. Tez-tez Azərnəşrə
gəlirdi. Hal-əhvallaşanda "istirahətdən gəlirəm"
- deyərdi. Rəhmətlik Məmməd Araz, Hüseyn
İbrahimov, Nağı Nağıyev onun yaxın dostları
idi. Müzəffər Nəsirli həmişə xahiş edərdi
ki, Hüseynin kitabını plana salaq. Deyirdim, a kişi, sən
öz kitabını demirsən… Cavab verirdi ki, Hüseyn Razi
yaxşı şairdi, ondan muğayat olun. O vaxtlar Hüseynin
"Vurğunun ağızdolusu Azərbaycan deməsi"
misralı şeri çox məşhur idi. Tez-tez məsləhət
görürdük ki, köçüb gəlsin Bakıya.
"Nə deyirsiniz, - deyirdi - Naxçıvandan ayrı
yaşaya bilərəmmi?"
Cəsarətli,
qorxmaz adam idi. Dövrünün nöqsanlarına qəti
etirazlarını ifadə edərdi əsərlərində. Şeirlərində
insanın hansı yolla getməli olduğunun düsturunu
açırdı".
Şair-dramaturq
Kəmalə H.Razini gözəl müəllim, unudulmaz
şair kimi xatırladığını vurğuladı,
onunla birgə işlədiyi günlərdən söz
açdı.
Oqtay
Rza şairin "Anamla söhbət" şerini tədbir
iştirakçılarının diqqətinə
çatdırdı, "Koroğlunun Kanat səfəri" əsərindən
söz açdı, Naxçıvan görüşlərinə
ayna tutdu: "O, milli ruhlu insan idi. Hələ sovetlər
dönəmində səsini ucaldırdı ki, siz bu ermənilərin
həyasızlığını
görürsünüzmü - türklərin Ağrı
dağına göz yetirirlər. Hüseyn sağ olsaydı,
Qarabağ itkilərimizdən yana bizləri oda
qalayardı".
Tədqiqatçı
Rafiq Oday H.Razidən Azərbaycan ədəbiyyatında öz
sözünü deyə bilmiş şairlərimizdən biri
kimi söz açdı, şairin "Şərq
qapısı" qəzetindəki fəaliyyətini yüksək
qiymətləndirdi.
Tanınmış
tənqidçi Vaqif Yusifli şairin "Buludlar arasında"
poemasını hələ orta məktəbdə təhsil
aldığı illərdə oxuduğunu, sonralar onunla şəxsən
tanış olduğunu xatırladı: "Hüseyn müəllimlə
məni rəhmətlik İsa İsmayılzadə
tanış etdi. Öz növbəsində o da mənə məsləhət
verdi ki, işlədiyi "Şərq qapısı" qəzetinə
məqalələr göndərim. Onun təşəbbüsüylə
"Şərq qapısı" üçün bir
neçə məqalə yazdım. O, nəğməkar
şair idi. Sözlərinə bəstələnən
mahnılar dillərdə gəzirdi, Zeynəb Xanlarova, Qulu Əsgərov
kimi müğənnilərimiz bu bəstələri
böyük məhəbbətlə ifa ediblər".
Professor
Minəxanım Təkləli, şairlərdən Mirkazım
Seyidov, Sona Xəyal, Ədalət Əsgəroğlu H.Razinin əsərlərindəki
yüksək vətəndaşlıq duyğusundan
danışdılar. Yazıçı-dramaturq Ramiq Muxtar onun
səliqəli, dəqiq adam olduğunu dilə gətirdi:
"Məni səxavətlə çap edərdi. Bayaq İlyas
müəllim onun Bakıya köçməməsinin səbəbindən
danışdı. Hüseyn müəllim Bakıya
köçə bilməzdi. O, Naxçıvanın
vurğunu, anasının heyranı idi. Tez-tez doğma Dəstə
kəndinə gedər, anasına baş çəkərdi. Bir
şerində yazırdı ki, mən anama can demişəm
anamın öz dilində, bu sözdən sonra gəlir sevgilim
də, sevgim də…"
Tanınmış
şair Abbas Abdulla şairlə bağlı xatirələrini
danışdı: "Onunla çox görüşlərim
olub. Naxçıvanda yazıb-yaradanlar çox olsa da,
ünsiyyətim daha çox Hüseyn Razi ilə tuturdu. O, Azərbaycan
insanının kimliyini ehtiva edən bir şəxs idi".
Anım
günündə bədii qiraətçilərdən Nəcəf
Məmmədov, Ruslan Mürsəlov şairin əsərlərindən
nümunələr oxudular.
Sonda şairin oğlu, professor Məmməd Rzayev atasının şeirlərindən nümunələr
söylədi, dedi ki, atam bu
şeirlərdə öz
ürəyindən keçənləri
yazırdı: “O, öz
sözünü deməyi
bacaran insanlardan idi. Atam dövlət,
övlad və sənət qarşısındakı
borcunu ləyaqətlə
yerinə yetirdi. Onun xatirəsini əziz tutan insanlara, Yazıçılar
Birliyinin rəhbərliyinə
dərin minnətdarlığımı
bildirirəm".
Sərvaz
Ədəbiyyat qəzeti.-2009.-20
noyabr.-S.5.