Almas İldırım
deyəndə...
AYB-nin
"İrs" komissiyasının "Yüzilliklər"
silsiləsinin yeni nəşri kimi araya-ərsəyə gələn
"Almas İldırım" ("Nurlan" nəşriyyatı,
2009) kitabı görkəmli şair, "45 illik
ömrünün 20 ilini vətəndən uzaqlarda
yaşamağa məhkum olunmuş, qürbəti hələ vətənindəykən
başlamış" (Anar), repressiya qurbanı Almas
İldırımın 100 illik yubileyinə ithaf olunub. Kitabın
tərtibçisi və redaktoru Sona Xəyal ön sözdə
yazır: Almas İldırım deyəndə
gözümüz önündə Azərbaycandan Türkiyəyə,
Bakıdan Elazığa, Xəzərdən-Xəzərə
bir yol uzanır. Bu yolu qatarla da getmək olar, gəmiylə, təyyarəylə
də. Amma mən bu yolu şairin şeirlərini oxuyaraq xəyal
köhlənində keçdim…"
Kitaba
daxil edilən məqalələrdə Almas
İldırımın sənətinə və şəxsiyyətinə
müxtəlif baxış bucağından işıq
salınır. Şair Abbas Abdulla ondan Azərbaycan Sovet
hökumətinin rus əlifbasına keçid siyasətinə
ilk etiraz edən ziyalı, ədib kimi bəhs edir, xalq
yazıçısı Anar "Gölə ad vermiş
şair" yazısında şairin məşəqqətli
ömür yolunun ayrı-ayrı məqamlarından söz
açır. Sonra da gəlir Aygün Həsənoğlu, Bədrəddin
Kələş Timur, Cihan Özdəmir, Dilşad Cabbarlı,
Əbdülvahab Yurd Sevər, Ədalət Əsgəroğlu,
Əyyub Şirvanlı, Gülxani Pənah, İslam Sadıq,
Maarif Teymur, Məhəmməd Həmdi Müz, Vaqif Yusifli,
Nazif Qəhrəmanlı, Nikpur Cabbarlı, Vaqif Sultanlı,
Valeh Hüseynoğlu və başqalarının
A.İldırımın yaradıcılığından bəhs
edən məqalələri.
Akademik
Bəkir Nəbiyev "Almas İldırımın
poeziyasında türkçüyülün tərənnümü"
məqaləsində yazır: "Almas İldırım XX əsr
Azərbaycan mühacirət ədəbiyyatının ən
görkəmli nümayəndələrindən biri, tale
yazısının dəhşətləri etibarilə bəlkə
də birincisidir. Onun lirikası keçən əsrin 20-ci
ilində öz dövlət müstəqilliyini itirmiş Azərbaycan
haqqında, ölkəmizdə bolşevik-daşnak təcavüzü
nəticəsində dağıdılmış tifaqlar,
söndürülmüş ocaqlar, pərən-pərən
salınıb puç olmuş soydaşlarımızın
faciəsi haqqında ürəkləri yandıran bir mərsiyə,
türkün pozulmuş haqlarının bərpası
uğrunda mübarizəyə çağıran alovlu
şeirlərilə zəngin bir xəzinədir".
Kitabda
şairin 100 illik yubileyilə əlaqədar olaraq keçirilən
təntənəli tədbirlərlə bağlı ətraflı
məlumatlar da verilib.
S.Hüseynoğlu
Ədəbiyyat qəzeti.-2009.-20
noyabr.-S.5.