Almaniyadan məktub

 

Kişvəri divanının avtoqraf nüsxəsi

 

Tarix: Sevvome-xordad mahe -1328-m.1949. Mehdi Bəyani».

 

Doktor Mehdi Bəyani 1966-cı ildə çap etdirdiyi “Əhval və asare-xoşnevisan” adlı qiymətli əsərində Kişvərini nəstəliq xəttinin ustad xəttatları sırasına daxil etmişdir. Lakin burada o nədənsə Kişvəri haqqında Əlişir Nəvainin deyil, yalnız Sam Mirzənin yazdıqlarını qeyd etmişdir. Mövzu ilə əlaqədar “Məcalisün-nəfais”in bir əlyazma və bir farscaya tərcümə edilmiş çap nüsxəsini nəzərdən keçirdik. Bunların heç birində Kişvəriyə aid söz-söhbətə rast gəlmədik. Ehtimal etmək olar ki, doktor Bəyani Kişvəri divanının xəttindən danışarkən səhvən Sam Mirzənin “Töhfeyi-Sami”si əvəzinə Ə.Nəvainin “Məcalisün-nəfais”inin adını çəkmişdir. Müəllif “Əhval və asare-xoşnevisan” əsərini yazarkən Kişvərinin öz xətti ilə yazdığı divanını gördüyünü də unutmuşdur. O yazır: “Kişvəri “Töhfeyi-Sami”də yazılmışdır ki, Qəzvinin Rudbarındandır. Nəstəliq xəttini yaxşı yazardı. Onun xətti ilə yazı məndə vardır. Sədi “Bustan”ının bir neçə nüsxəsini mütəvəssit (orta) qələmlə, Sultan Əli Məşhədi üslubunda bu tarixdə köçürmüşdür. Kətəbə əlzəif Kişvari 896”.

Narın xətlə köçürülmüş bu əlyazmanın vərəqlərinin təxmini ölçüsü 20x10 sm, mətnin ölçüsü 14,5x6,5 sm-dir. Hər səhifə 10 misra (5 beyt) üçün çərçivələnmişdir ki, bunların da 8 misrası bir-birinin altında, çəlipa surətdə, köçürülmüş, 1 beyt isə yan tərəfdə xüsusi çərçivəyə alınmışdır. Onu da qeyd edək ki, bir qəzəlin bitib, digərinin başladığı, həmçinin müəmmalar və müxəmməsin köçürüldüyü səhifələrdə misraların sayı 1-dən 4 misraya qədər azalır.

Haqqında danışdığımız əlyazma divanın ilk səhifəsi (1a) bundan öncə gələn itmiş səhifədəki qəzəlin son beyti ilə başlanır:

 

Can midəhəd sükkane-tora bənde Kişvəri,

Bənde əst mikonəd ədəb bəndegi əda.

 

Həmin səhifənin başında - haşiyə hissəsində Cənubi Azərbaycanın tanınmış mətnşünas və xətşünas alimi mərhum Hacı Mirzə Cəfər Sultan Əlqəraninin möhürünü görürük. Məlum olur ki, bu əlyazma vaxtı ilə mərhum alimin şəxsi fonduna daxil imiş. Görünür ki, o, bu nüsxənin üzərində araşdırma aparması üçün alim dostu, həmkarı Mehdi Bəyaniyə vermişdir. Vərəq 1a-da Sultan Əlqəraninin möhüründən başqa Məclise-Şuraye-Milli Kitabxanasının və Məhəmməd İbrahim adlı şəxsin möhürləri də vardır. Əlyazmanın 2b, 58b, 64b vərəqlərindən sonra naməlum sayda vərəqlərin düşdüyünü görürük. Nüsxənin farsca şeirlər bölümündə qəzəllərdən başqa bir müxəmməs (60b-62a), 6 rübai (62a-b3b) və 8 müəmma (63b-64a) vardır. Farsca şeirlər bölümü aşağıdakı beytlə sona çatır:

 

Çü qönçe dər təbəssüm didəm an

ləle-soxənqura,

Qol pərvərde dər qənde-mükərrər

yaxtəme-u ra(64b).

 

Şairin ana dilində yazdığı şeirlər əlyazmanın 65a vərəqindən, “peyda” rədifli qəzəlin son üç beyti ilə başlanır:

 

Qəmər tolğanmayınca bulmaz ol

muyi-miyan zahir,

Təbəssüm qılmayınca irməz ol

nəqşi-dəhan peyda.

 

Vərəq 72 b-dən sonra bizə məlum olmayan sayda vərəqlərin düşdüyü üzə çıxır. Nəticədə

 

Pərivəş dilbəri kim, çeşmeyi-heyvandin

artuxdur,

Nə kim qılsan təsəvvür xubliğindin andin

artuxdur (72b)

 

-mətləli qəzəl də yarımçıq qalmışdır. Vərəq 73a “Sənsiz” rədifli qəzəlin son beyti ilə başlanır:

 

Həyatındin qərəz sənsən bu fani

dünyada yoxsa,

Nə istər Kişvəri bu xaneyi-viran ara

sənsiz (73a).

 

Vərəq 75b-dən sonra yenə vərəqlərin itdiyindən şeirəlin ardıcıllığı pozulur. Burada

 

Ey gözün zağı-siyahü zülfi-mişkinin duzağ,

Daneyi-falın üçün düşmüş duzağınğa duzaf

 

-beyti ilə başlanan qəzəlin də son beyti düşübdür. Həmin qəzəl M-27 şifri altında saxlanan Bakı nüsxəsində bütöv halda mövcuddur.

Vərəq 76a isə aşağıdakı beytlə başlanır:

 

Bədr ilə hilalı yüzün ilə əgri qaşın,

Şəbi-qədr ilə bəratım qara zülfü hinduvü

xalın.

 

Vərəq 83b və 90b-dən sonra yenə də vərəqlərin düşdüyünü müşahidə edirik. 84a vərəqi “ayru” rədifli qəzəlin ikinci beyti ilə başlanır:

 

İraf yüzündin, ey firdovs bağının

tazə gülzarı,

Mənəm bir bülbüli-nalan düşüb

gülzardin ayru.

 

Qəzəlin mətləsini Bakı nüsxəsi vasitəsi ilə öyrənirik. 90a vərəqi “barcəsi” rədifli qəzəlin 3 beyti ilə tamamlanır. Divanın son vərəqi hesab olunan v.91a müəmmalarla bitir. Son vərəqin son beyti belədir:

 

Çeşmi-tər birlə mənəm ol şəm’inin

pərvanəsi,

Dərdi-dil birlə könüldür otindin yanəsi.

 

Həmin vərəqin haşiyəsində Məclise-Şuraye-Milli və Mirzə Cəfər Sultan Əlqərani kitabxanalarının möhürləri vurulubdur.

Kişvəri divanının haqqında məlumat verdiyimiz bu nüsxəsində 23 qəzələ digər nüsxələrdə rast gəlmirik. XV əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Kişvərinin tərcümeyi-halını öyrənmək üçün əlimizdə çox az mənbə vardır. “Töhfeyi-Sami” təzkirəsinin müəllifi Sam Mirzə onun barəsində ancaq aşağıdakı sözləri yazmaqla kifayətlənmişdir: “Mövlanə Kişvəri Rudbari Qəzvinin Rudbarındandır. Nəsx və təliq xəttini özünəməxsus şəkildə yazır və çox şeir deyibdir. Şeirlərinin yaxşısı bu mətlədir:

 

Novbəhari-rüxət afəti-xəzan mərəsad,

Qubari-qəm be, to ey sərvi-novcəvan,

mərəsad.

 

Məhəmmədəli Tərbiyət isə onun barəsində yalnız bir cümlə yazmaqla kifayətlənmişdir: “Nemətullah Kişvəri Dilməqani. Türk və fars dillərində şeirlərdən idarət divanı vardır”.

Qeyd etdiyimiz kimi, 1946-cı ildə Bakıda türkcə divanı aşkar edildikdən sonra Kişvəri haqqında daha ətraflı danışmaq imkanı əldə edilmişdir. Həmin divan nüsxəsinin ilk tədqiqatçısı akademik Həmid Araslı şairin şeirlərini araşdıraraq, həmçinin prof. İsmayıl Hikmətin də onun barəsində dediyi sözləri nəzərə alaraq Kişvəri yaradıcılığı haqqında elmi mülahizələrini irəli sürmüşdür. O yazır:

“Kişvəri divanında olan qəzəllərdən aydınlaşır ki, şair XV əsrin axırlarında hakimiyyət sürən Ağqoyunlu Sultan Yəqubun sarayına yaxın olmaq istəmiş, dəfələrlə ona müraciət etmişdir. O, şeirlərindən birində yazır:

 

Qələndər Kişvəridir bir süxəndan,

Süxənguyadır üştə kuyi-meydan.

Onun hər beytidür bir dürri-qəltan,

Qulaq verməz ona Yəqub Sultan,

Məni bu qayğı öldürdü, mədəd hay.

 

Başqa bir şerində şair Sultan Yəqubun

dövrünü arzuladığını bildirir:

 

Tale’i-bərgəştə bir dəxi qılaydı sərvəri

Kim, cila tapsaydı ol ayineyi-İskəndəri,

Şölə çəksəydi çırağı-tudeyi-Bayənduri,

Vəh nə ləzzət tabğay ol saət qələndər

Kişvəri

Kim, görünə rayəti-Yəqubi-xanı bir dəxi.

 

Buradan aydın olur ki, şair müəyyən müddət, yəni Sultan Yəqubun hakimiyyətinin son illəri olan 1490-cı illərə qədər sarayda yaşamış, hörmət görmüş, ömrünün gözəl illərini burada keçirmişdir. Sultan Yəqubun ölümündən sonra şahzadələr arasında gedən müharibələr dövründə isə saraydan kənarda qalıb, öz keçmiş günlərini həsrətlə xatırlamışdır…

Kişvəri üzərində məşhur özbək şairi Əlişir Nəvainin qüvvətli təsiri olmuşdur. Şair həmişə Nəvaini nümunə hesab etmiş, onun qəzəlləri səviyyəsində əsərlər yaratmağa çalışmışdır. Nəvainin bir sıra qəzəllərini təxmis etmiş, hətta Nəvainin ustadı sayılan özbək şairi Lütfinin də əsərləri ilə yaxından maraqlanmışdır. Bu təxmis və nəzirələrdən başqa Kişvəri Nəvaini xatırlayaraq bir qəzəlində yazır:

 

Nəvai himmətindən Kişvəri əhli-nəzər

boldu,

Cəhan mülkün tutar şeri nəzər bolsa

Nəvainin.

 

Şair hətta başqa bir şerində Sultan Hüseyn Bayqara kimi şeirə, sənətə əhəmiyyət verən bir hami arzulayıb yazır:

 

Kişvəri şeri Nəvai şerindən əksik iməs,

Bəxtinə düşsəydi bir Sultan Hüseyni-

Bayqara.

 

Kişvərinin şeirləri əsasən qəzəllərdən ibarətdir. Bu qəzəllərdə biz şifahi xalq ədəbiyyatından gələn meyllərin qüvvətli olduğunu görürük Burada dini-təriqət təsirlərinə çox az təsadüf olunur. O, son dərəcə sadə, xalq danışıq dilindən gələn obrazlı ifadələrdən istifadə edərək yazmış olduğu qəzəllərdə məhəbbətdən bəhs edir

Böyük Azərbaycan şairi Nəsimidən sonra Azərbaycan dilində belə gözəl, aydın və maraqlı əsərlər yaradan Kişvəri XV əsr Azərbaycan şerinin qüvvətli nümayəndələrindən biridir.

Qeyd edilməlidir ki, Kişvəri Nəvaidən başqa bir neçə Osmanlı şairinin, o cümlədən “Əhməd” təxəllüslü Əhməd Paşa və Nizami Qunəvi kimi sənətkarların da qəzəllərinə təxmis yazmışdır. İsmayıl Hikmətin bildirdiyi kimi, şair Mehri xatunun

 

Neyləyim, biçarə könlüm bir dəm olmaz

yarsız,

Əbsəm olmaz netə kim cəhd eylərəm

bu arsız

- mətləli qəzəlinə bu beytlə başlanan nəzirə yazıbdır:

 

Məndən, ey naseh ki, rüsvayi-cəhanəm

yarsız,

Arü namus istəmə kim, aşiq olur arsuz.

 

“Töhfeyi-Sami” və “Danişməndani-Azərbaycan” əsərlərindən fərqli olaraq Təqiəddin Kaşani h.975-1016-cı illərdə (m.1567-1607) yazdığı “Xülasətül-əşar zübdətül-əfkar” adlı təzkirəsində şair barədə nisbətən ətraflı danışır. Kişvərinin əlimizdə olan Azərbaycan və fars dillərindəki divanlarından əldə etdiyimiz məlumatlar, həmçinin şairin xoşnəvisliyinə (xəttatlığına) dair Sam Mirzə və Mehdi Bəyaninin sözləri bir çox məqamlarda Təqiəddin Kaşaninin verdiyi məlumatla üst-üstə düşür. T.Kaşani yazır: “Mövlanə Kişvəri. Bəziləri onun əslinin Qumdan, bir çoxları isə Qəzvinin Rudbarından olduğunu söyləyirlər. Lakin türk nəslindən olduğu bəllidir. Bir çox sultanların və böyüklərin qulluğunda könüllərin məqbulu olmuşdur. Onun zühuru keçmiş Əbülmüzəffər Şah İsmayıl zamanında olub. Türk və gili dillərində də şeirlər demişdir, xətti də gözəl idi. Bir çox ölkələri səyahət etmişdir. Əsrin ümərası onun xatirini əziz tutur Azərbaycanın vəziri Xacə Zeynalabdinə yazdığı həcv qəsidəsi dünyada böyük şöhrət qazanıbdır. Həqiqətən bu qəsidə onun sənətkar bir şair olduğunu aydın göstərir. Omrünün axırlarında arif və mühəqqiq olmuşdur. Yəzddə vəfat etmişdir. Vəfat tarixi məlum deyil. Qəzəllərdən ibarət divanını görməmişəm. Onun qəzəli azdır. Lakin qəzəl formasında yazdığı əlifba sırasıyla tərtib edilmiş bir neçə müşairəsini (şairlərlə yazışma) görmüşəm. Bu xülasəyə (müəllifin “Xülasətül-əşar zübdətül-əfkar” əsəri nəzərdə tutulur - M.H.) onun ən seçilmiş iki qəsidəsini daxil etdik. Bu şeirlər yüz səksən beytdən ibarətdir”.

Artıq məlumdur ki, Təqiəddin Kaşaninin Kişvərinin meydana çıxdığı vaxtı Şah İsmayıl dövrünə aid etməsi səhvdir. Ağqoyunlular dövlətinin süqutundan sonra dövrün bir çox alim, şair və incəsənət xadimləri Şah İsmayıl sarayına cəlb olunurlar ki, bunlardan biri də Kişvəri olmuşdur. Şairin oxucuların diqqətinə çatdırdığımız son aşkar edilmiş əlyazma divanındakı

 

Ey müsəlmanlar, fəğan bir namüsəlman

əlkidən (əlindən - M.H.),

Namüsəlman demə kim, bir afəti-can

əlkidən

 

-mətləli qəzəlinin son beytində müəllifin Səfəvi dövlətinin banisi Şah İsmayıla münasibətini görürük:

 

Kişvəri, bir cür’ə içsən yoxdur ölməklik

sana,

Cami-zərdin Şah İsmaili-sultan əlkidən

(v.81b).

 

Təqiəddin Kaşaninin Kişvərinin bir çox sultanların qulluğunda olması barədə fikrini belə başa düşmək lazımdır ki, onun xidmətində olduğu hökmdarlardan biri də Şah İsmayıl olmuşdur.

Kişvərinin tərcümeyi-halını mümkün qədər ətraflı öyrənmək üçün əldə olan məhdud sayda qaynaqların verdiyi məlumatları müqayisə edərək dəqiqləşdirmək, bu istiqamətdə araşdırmaları davam etdirmək lazımdır. Fikrimizcə Kişvərinin farsca divanının Tehran Universiteti kitabxanasında 4289-cu nömrə altında saxlanan digər bir nüsxəsini diqqətlə araşdırmaq qarşıda duran mühüm vəzifələrdəndir. Bundan başqa, bu günə qədər çap edilməmiş bir neçə tarixi mənbə də, o cümlədən “Təzkirətül-əsami” və “Məcməüş-şüəra və münafiqül-füzəla” kimi təzkirələrdə Kişvəriyə dair bəzi məlumatlar ola bilər.

Şairin istər ana dilində, istərsə də farsca yazdığı şeirləri əsasən dünyəvi məzmundadır. Akademik Həmid Araslının dediyi kimi, Kişvərinin əsərlərində “dini-təriqət təsirinə çox az təsadüf olunur”. Şairin lirikası ümumiyyətlə real bir həyatla əlaqədardır. Şeirlərində o, real həyati sevgisini, bununla bağlı hissiyyatını, eşqi yolunda dözdüyü məhrumiyyətləri aydın şəkildə əks etdirmişdir. Şairin bir müddət ağır, yoxsul günlər yaşaması da şerindən məlum olur:

 

Bir xərab olmuş evim var, qış günündə

badgir,

Nə dərü, nə bamü, nə divar, nə balayi zir,

Nə tənurü, nə büxari, nə hisarü, nə həsir.

Sübhü şamümdür mənim “yövmən əbusən

qəmtərir”,

Xansı birni öyləyim, ah ancə dərdim var

mənim.

 

Kişvərinin dili ümumiyyətlə sadədir. Onun Azərbaycan türkcəsində yazdığı əsərlərdə Əlişir Nəvainin, farsca şeirlərində isə Hafizin, bəzən də Sədinin təsirini görürük. Onun anadilli yaradıcılığı farsca əsərləri ilə müqayisədə daha sanballıdır.

 

 

Məhəmmədəli HÜSEYNİ

Berlin

 

Ədəbiyyat qəzeti.-2009.-20 noyabr.-S.3, 5.