Fuzuli - 515
Əbədiyyət yolu
“Dahi Azərbaycan
şairi, böyük mütəfəkkir insan Məhəmməd
Füzulinin 500 illik yubileyi ilə əlaqədar təşkil
olunmuş komissiyanın iclası keçirilir. Xeyli vaxtdır
ki, respublikada bu yubileyə hazırlıq işləri gedir.
Yubiley komissiyasının yaratdığı işçi qrup
da müəyyən işlər görmüşdür. Ancaq
komissiya üzvlərinin və dəvət olunmuş şəxslərin
iştirakı ilə geniş iclas keçirilməsinə
böyük ehtiyac vardır. İndiyədək
görülmüş işləri təhlil etmək və
qarşıdakı tədbirləri müzakirə etmək,
bunların həyata keçirilməsi üçün şərait
yaratmaq komissiyanın əsas vəzifələridir.”
On beş il bundan əvvəl -
1994-cü il avqustun 1-də ulu öndər Heydər Əliyev
M.Füzulinin 500 illik yubileyi üzrə Dövlət
komissiyasının iclasını bu sözlərlə
açdı.
O, eyni zamanda qeyd etdi ki,
respublikamızın bu ağır dövründə
böyük yubileylər keçirilməsi, şübhəsiz
ki, müəyyən qədər çətinliklərlə
üzləşəcək. Ancaq bunlara baxmayaraq, həyatımızın
mənəvi-mədəni sahəsi heç vaxt
unudulmamalıdır. Çətinliklər nə qədər
çox olsa da, mədəniyyətə, mədəni irsimizə,
mənəviyyata daim xüsusi diqqət yetirməli və bu
sahələrin geri qalmasına yol verməməliyik.
Dahi Füzulinin 500 illik
yubileyinin keçirilməsi böyük mütəfəkkir
şairin Azərbaycan xalqı qarşısında və
bütün türk xalqları, dünya mədəniyyəti
qarşısındakı xidmətlərinə verilən qiymətdir.
Eyni zamanda həm də mədəniyyətimizi, tariximizi təbliğ
etmək üçün çox əlverişli fürsətdir
və biz bundan hərtərəfli istifadə etməliyik. Uzun
illərin təcrübəsi göstərir ki, belə tədbirlər
mənəviyyatın yüksəldilməsinə,
insanların tariximizlə bağlı olmasına kömək
göstərir.
Ümummilli liderin qədim
və zəngin tarixə malik ədəbiyyatımıza, mədəniyyətimizə,
elmi-bədii-yaradıcı fikrimizin dünyaşöhrətli
siması Füzuliyə verdiyi yüksək qiymət dahi
şairin dünyaya gəldiyi və
yaşayıb-yaratdığı İraqda keçirilən
unudulmaz yubiley günlərində bir daha əyani şəkildə
təsdiqini tapdı.
On beş payız bundan əvvəl
Heydər Əlirza oğlu Əliyevin özünə xas
qeyri-adi təşkilatçılıq qüdrətilə
Füzulinin 500 illiyi respublikamızın elm və sənət
adamlarının böyük bir qrupunun iştirakı ilə
İraqda həqiqətən möhtəşəm qeyd olundu.
Kərkükdə keçirilən
tədbirdə qardaş türkmanların Azərbaycandan gələn
doğmalarına müraciətlə Füzulinin bu məşhur
beytini necə təsirlənmiş halda dediklərini unutmaq
çətindir:
Bu vüsalə yuxu əhvalı demək
mümkün idi,
Əgər olsaydı
yuxu dideyi-giryanimizə.
(Bu görüşə
yuxu əhvalı demək olardı,
Əgər ağlar
gözümüzə yuxu gəlmiş olsaydı.)
Bu yuxu güman edilən
mənzərəni həqiqət edən idi - ulu öndərin
nadir şəxsiyyəti, böyük dövlətçilik
istedadı idi.
İraqdakı yubiley
günlərində fəxrlə deyilən həqiqətlərdən
biri də belə bir fikir idi: füzuli Azərbaycanın
İraqdakı daimi səfiridir.
Hazırki geniş qloballaşma
prosesində İslam ölkələri müasir dövrün
tələblərinə layiqincə cavab vermələri
üçün, müştərək yaşarı milli-mənəvi
dəyərləri qoruyub-saxlamalı, dünyanın digər
xalqlarının gərəkli keyfiyyətlərini
lazımınca öyrənməlidir.
Bu il oktyabrın 14-də
Azərbaycan Prezidenti İlham Əliyev “Bakı - İslam Mədəniyyətinin
Paytaxtı - 2009” mədəniyyət ili çərçivəsində
Bakıda keçirilən İslam Komitəsi Təşkilatının
üzvü olan dövlətlərin Mədəniyyət Nazirlərinin
VI Konfransının nümayəndələrini qəbul mərasimindəki
çıxışında demişdir: “Azərbaycanın
çox zəngin tarixi, çox zəngin mədəniyyəti
vardır... Azərbaycanda mədəniyyət sahəsində
çox böyük işlər görülür... Azərbaycan
xalqı indi öz taleyini özü həll edir. Bu, bizim
üçün tarixi əhəmiyyətdir. Biz bu gün
dünya birliyində öz müstəqil siyasətimizi
aparırıq. Bizim üçün dost, qardaş ölkələrlə
qarşılıqlı surətdə faydalı əlaqələr
qururuq və biz görürük beynəlxalq təşkilatlarda
kimlər bizi dəstəkləyir. Bu, çox önəmlidir.
Əlbəttə, biz çalışırıq ki,
bütün ölkələrlə yaxşı münasibətlər
quraq və buna nail oluruq. Ancaq ölkəmiz üçün həlledici
məqamlarda bizim yanımızda olan ölkələr müsəlman
ölkələri olmuşdur. Beynəlxalq təşkilatlarda
bizə ən çox dəstək verən ölkələr
müsəlman ölkələridir. Biz də öz növbəmizdə,
bütün beynəlxalq təşkilatlarda həmişə
müsəlman ölkələrinin təşəbbüslərini
dəstəkləyirik.”
Bu həqiqət də
bir daha təsdiq edir ki, Füzuli İraqda cismən əbədi
uyusa da, xüsusən bütün müsəlman
dünyasında Azərbaycanın ən mötəbər və
daimi səfiridir. Hər gələn yeni il onun yaşı
üstə yaş gətirir. Bu rəqəm indi 515-dir... Füzulinin
əbədiyyət yolu bitib-tükənməzdir.
Ədəbiyyat qəzeti.-2009.-20 noyabr.-S.1.