İraqda Füzuli günlərindən 15 il keçir

 

Bağdadlı Füzuli

 

Bağdadda "Hikmət evi" xalqların ədəbi məhsullarını qoynuna aldı. Şərq və Qərbdə alimlərin, həkimlərin - bilginlərin, filosofların və fikir adamlarının yaratdıqlarını ərəbcəyə çevirdi, onları qorudu. Beləliklə, ilkin Orta əsrlərdə ərəb dili Quran dili olmasaydı insanlığın mirası itib gedərdi. Ərəb alimləri bu məhsulları qələmə aldılar, onları təmizləyib düzəltdilər; birər-birər açıqlayıb anlatdılar, üzərinə əlavələr etdilər.

Əski zamandan bəri İraqın mavi göyü altında xalqlar qucaqlaşıb öpüşdülər.

Mahmud əl-Kaşğari 469 hicri ilində xəlifə müqtədi dövründə "Divan lüğat-ət-türk"ü yazdı. Bu kitab həm ərəbcə, həm də türkcə yazılan ilk kitab idi.

682 hicri ilində vəfat edən İbn Məhna Moğollar dövründə "Həliye əl-insan və həliye əl-lisan" kitabını yazdı. Bu kitab dörd dili bir araya toplamışdır.

Biruni türkmənləri zikr etdi, Kaşğari isə iyirmi türk qəbiləsini saydı; Füzuli qəbiləsinin mənsub olduğu oğuzları göstərdi. Oğuzlar çox əskidən bəri İraqda yaşayırlardı. İraqda çox ünlü olan böyük bir sancaq onlara mənsub olmuşdu. Bu da oğuzların çox əskidən bəri bu ölkədə yaşadıqlarını vurğulayır. Seyid Məhəmməd Mürtəza əl-Zəbidi, Hacı Zeynalabdin əl-Şirvani və Katib Çələbi bu mövzuya toxunmuşlar.

İraqın geniş və səxavətli üfüqləri ədəbiyyat və dillərin, bunlardan türkcə və türkmancanın görüşməsinə və inkişaf etməsinə kömək göstərdi.

Türk və türkman ədəbiyyatının İraqda güvənilən bir mövcudiyyəti vardır. Bu ədəbiyyatın başda gələn yazıçılarını "İraqda türk ədəbiyyatı" adlı yazılarımda ətraflı göstərmişəm. Dostumuz, rəhmətlik hüqüqşünas Abbas Əlzavi də bunu öz kitabında açıqlamışdır.

Bağdad yüz minlərcə insanı meydana gətirdi, içində də yüz minlərcə insan yaşadı. Uzun tarixi boyunca ona yüz minlərcə insan bağlandı. Bunların arasında heç bir kitabın sığmadığı böyük sayı da ünlü kişilər və alimlər var idi. Hər kəs Bağdada mənsub olmaqla iftixar edirdi. Ancaq "Bağdadi - Bağdadlı" ləqəbi Bağdada mənsub olanlardan bir neçə kişiyə qismət olmuşdu. Misal üçün, Bağdad tarixini yazan Xətib əl-Bağdadi və on yeddi sənətdə üstünlük göstərən Bağdadın yaradıcı alimi Əbdülqahir əl-Bağdadi, habelə Bağdad və Kərxə olan həsrətini göstərən, "Ayn" əsərilə tanınan qərib aşiq şair İbn Zəriq əl-Bağdadi, "Ədəbiyyat xəzinəsi"ni yazan Əbdülqadir əl-Bağdadi və başqaları. Bunların ən ünlüsü də şair və ədəbiyyatçı füzuli əl-Bağdadidir. Füzuli onuncu əsr hicridə İraqda və dünyada ən böyük şair sayılmışdır. Füzuli üç dildə şeir, nəsr və yazı yazmışdır.

Füzulinin türk dilləri ədəbiyyatında tutduğu mərtəbə ərəb ədəbiyyatında Əmri əl-Qeysin, fars ədəbiyyatında Rudəkinin və ingilis ədəbiyyatında Çoserin mərtəbəsinə bənzəyən bir mərtəbədir, yəni öncüllük və bir yenicilik mərtəbəsidir.

Füzuli farsca şeir və nəsr yazmaqda elə üstünlük göstərmişdir ki, hicri əsrdə fars ədəbiyyatı mərhələsində şair və yazıçıların önlərinə keçmişdir.

Füzulinin ərəbcə şeirləri və "Mətlə" əl-etiqad" adlı kitabı ərəb ədəbiyyatı tarixində "məzlum dövr" adlandırdığım qaranlıq əsrin - Orta əsrin ilk üç yüzilliyində şeir və nəsrdə yaxşı örnək sayılır.

Ədəbiyyatda iki dil ilə yazan yazıçıya işarət etmək istəmirəm. Çünki mən bu mövzuya ədəbiyyat, ədəbiyyat tarixi və tənqidi barədə qələmə aldığım yazılarımda geniş bir biçimdə toxunmuşam. Burada üç və ya dörd dil ilə şeir və yazı yazan kişilərin olduğuna işarət etməklə kifayətlənirəm.

 

Hüseyn Əli Məhfuz

İraq, Kərbəla, 1994

 

Qarşılaşdırmalı ədəbiyyat və tənqid mövzusunda araşdırmalarımda yer alanlar arasında Şərq dillərindən üç böyük dili bilən Bağdadlı Füzuli gəlirdi. Füzuli üç dildə bir çox şeir və nəsr qoyub getdi. Hər üç dilin ədəbiyyat tarixində irəli gələn kişilərdən sayılırdı.

Yaqut əl-Həməvinin adlandırdığı "dünyanın anası və ölkələrin xanımı Bağdad" Füzuli ilə fəxr etməkdədir. füzuli Bağdadi də Bağdad ilə fəxr edir. Füzuli Bağdada vəfalı qaldı. Adını Bağdadın adına bağladı. Bağdadı öydü… Öz şeir və qəzəllərində ona "övliyalar bürcü" adını verdi.

Füzuli hicri doqquzuncu yüzilliyin sonunda İraqda anadan oldu. Hillədə böyüdü, Bağdad və Kərbəlada yaşadı. Türkman ədəbiyyatında şahanə nəsr parçalarını içinə alan türkcə divanının ön sözündə deyildiyi kimi, çeşidli sənətkar sahibiydi, hikmət və həndəsədə, hədis və təfsirdə mahir idi.

Bütün araşdırıcılar və ədəbiyyatçılar Füzuli Bağdadiyə qiymət verib, onu öydülər. füzulinin çağdaşı və yüksək səviyyədə ədəbiyyat tarixçilərindən biri olan Əhdi Bağdadinin sözləri çox əhəmiyyətli vəsiqədir.

Əhdi Bağdadi Füzulinin əsərlərini öydü, onun üslubunu, sözlərini, cümlə quruluşlarını və anlamalarını dəyərləndirdi. Onları qızıl külçələrinə bənzətdi. Füzulini kamalınca vəsfləndirdi; ölkədə yalnız onun üç dildə şeir və yazı yaza bildiyini söylədi. Sadiqi də bunu təkid edərək ona heç kimsənin bənzəmədiyini bildirdi.

Tarixçi və ədəbiyyatçı Nəzmizadə Füzulini "şairlərin fəsahətlisi" adlandırdı. Ona "şairlər rəhbəri" və "şairlər sultanı" da deyildi. Əbdülhəq Hamid isə Füzuliyə "şairlərin şeyxi", "ən böyük şair" və "Şərqin böyük şairi" adını verdi.

Füzuli üç ədəbiyyatda üç dil ilə önəmli əsərlər qoyub getdi. Həm şeir, həm də nəsr sənətində yaradıcılıq göstərdi.

Beləliklə, onun üç divanına, - "Hədiqətüs-süəda", "Şikayətnamə" və "Mətlə"əl-etiqad" başlıqlı əsərlərinə işarət etmək yetər.

"Füzuli əl-Bağdadi" adlı kitabımda Füzulinin əsərlərinin adlarını saydım və onlardan ətraflıca danışdım. Mən Füzulini İraqda ilk tanıdan və ondan ilk dəfə söz açan bir adamam. Onun biblioqrafiyasını və qısaca həyatını ərəbcə qələmə alıb bir kitab halına gətirən ilk kişi olmağımla fəxr edirəm.

Mən 1958-ci ildə Bakıda Füzuli xatirəsi təntənəsində iştirak etdim. O tarixdən otuz altı il sonra həmin xatirəni Bağdadda təkrar yaşamağıma çox xoşbəxtəm. 1958-ci ildə Azərbaycanda füzulinin vəfatının dörd yüz illiyi keçirilirdi.

Füzuli haqqında 1959-cu ildə çap edilən kiçik kitabım Füzulini tanıdan, həyatını, əslini, adını, ləqəbini, anadan olmasını, böyüməsini, mədəniyyətini, əsərlərini ələ alan ilk ərəbcə kitab idi. Bu kitab Füzulinin İraqda, Türkiyədə və Şərqin xilafət ölkələrində göstərdiyi əhəmiyyətli təsiri ortaya çıxarır. Mən onun ölüm tarixini və tərcümeyi-halını sıraladım. Füzuli ilə əlaqəli bir çox yazılarım əllinci illərin sonlarında qəzet və məcmuələrdə nəşr olundu. Beləliklə, Füzulinin ərəbcəyə tərcümə etdiyim əsərləri ərəb ədəbiyyatçılarının gördükləri ilə gözəl örnəklər idi.

Füzuli böyük bir iraqlı şairdir. İraqın üç böyük şəhəri olan Bağdad, Hillə və Kərbəlaya bağlıdır. Bağdad "dünyanın anası" və "ölkələrin xanımı"dır. Müqəddəs Kərbəla şəhadət evidir və şiələr atasının yurdudur… Hillə isə elm ölkəsidir və möminlərin şəhəridir, alim və ədəbiyyatçıların evidir.

Füzuli hicri 900-963-cü illər arasında həyatını İraqda keçirdi. Döyüşməkdə olan iki dövlətin zamanında yaşadı. İki işğalı yaşadı. Ölkənin Səfəvilər ilə Osmanlılar arasında əldən-ələ keçdiyini gördü. Barış şəhəri Bağdadda altı kral və altı valinin sultanlığına şahid oldu. Ağqoyunlu türkmən dövlətini və iki mərhələsində Səfəvilər dövlətinin hökmünü gördü; beləliklə, Osmanlı türk dövlətinin doğuşunu yaşadı.

Füzuli son illərində üzləti və yalnızlığı seçdi. Ölkənin "Həyat suyu" - deyə adlandırdığı Kərbəlada davamlı qaldı. Həzrəti Hüseyn əleyhissəlamın türbəsi yanında bir evdə yaşadı. Qalan ömrünü orada ibadətlə keçirdi. 963 hicri ilində taun xəstəliyindən vəfat etdi və müqəddəs Hüseyniyə rövzəsinin qiblə qapısı qarşısında, məzarın cənubundakı Bəktaşi təkyəsində gömüldü.

Oğlu Fəzli atasının tutduğu yolu tutdu. Onu özünə bir rəhbər tanıdı. Fəzli də üç dildə şeir, xüsusilə də şeirlə tarix - yəni cümlələrlə (əlifba hərfləri hesabı ilə) düzülmüş tarix yazmağa başladı.

Ruhi Bağdadi Fəzlinin şeirlə tarixi hesab etməkdə üstün bir qabiliyyət sahibi olduğu üçün onu "Dünyanın tarixçisi" adlandırdı.Füzuli məşriq ədəbiyyatçısı, Şərqin şairi idi. Söz sultanı və ən yaxşı şeir və nəsr yazan idi. Həqiqətən o, hicri onuncu əsrdə böyük ədəbiyyatçı, şairlərin ustadı, mənzumə və şeir yazanların rəhbəri idi.

Füzuli türk ədəbiyyatı tarixində divan ədəbiyyatının ən böyük ədəbiyyatçısı sayılarkən, hicri onuncu əsrdə İraqda yaradıcılar arasında məşhurların biri idi. Onun üç divanına işarət etmək lazımdır. Onun bu əsərləri Şərq ədəbiyyatının dəyərli sərvəti və insanlıq mirasında fikir xəzinəsidir. Bu əsərlər dünya ədəbiyyatında ən şahanə əsərlər sayılmaqdadır.

Həqiqətən onun üç dil və üç ədəbiyyatda yazdığı və sayı on səkkiz əsər olan bu kitablar üstünlüklə yazılmışdır və orijinallıqla, yeniliklə, nadir üslub və düşüncələrlə doludur. füzuli xarüqüladə bir şairdir. Hicri onuncu əsrdə Şərq ədəbiyyatında şeir və nəsr sultanıdır. Hər üç xalq onunla fəxr edir, ona hörmət və izzət göstərir. Beləliklə, o, türkman ədəbiyyatının qurucusu, yaradıcısı və yenilikçisi sayılır.

Ərəb ədəbiyyatında afətli sevda hekayələrindən bariz bir hekayə olan, şeir sahəsində də ən şahanə əsərlərdən sayılan "Leyli və Məcnun" hekayəsi Şərq ədəbiyyatında böyük bir təsir yaratdığı üçün qırx şairdən daha artıq müəllif bu hekayəni yazmışdır.

Azərbaycanlı şair Nizami Gəncəvi həmin hekayəni şeirlə yazan ilk şair idi. Amma Füzulinin "Leyli və Məcnun"u ən gözəl sözlərlə, mənalarla, incə üslubla və sevgiylə bəzənmişdir. Bu cür ədəbiyyat məhsulu da şöhrət qazanan çox az ədəbi məhsullardan sayılır. Füzuli özündən əvvəl və sonra gələn şairləri geridə buraxmışdır. Şərhdə, anlatmaq tərzində və təsvirdə zirvəyə çatmışdır.

 

 

Ədəbiyyat qəzeti.-2009.-20 noyabr.-S.1, 2.