Füzuliyə
Vəfalıdan vəfa
Böyük şairimiz Məhəmməd Füzuli haqqında saya gəlməyəcək
qədər yazılar və etibarlı araşdırmalar
yazılmış, hələ onun şeri, düşüncəsi
və şəxsiyyəti çox sayda yazar, fikir adamı və
geniş miqyasda tədqiqatçının diqqətini cəlb
etmişdir. Ədəbiyyatımızda "fövqəladə diqqət yetirilən
birinci sənətkar" olan Füzuli digər keyfiyyətlərindən ən çox
yaradıcılığı ilə bu böyük kütləni
ardınca apara bilmişdir. Xalqın prinsiplərini,
acısını, fikrini və tarixini əks etdirən Füzuli kimi ölməz bir sənətkar,
əlbəttə, əsalət arıyan kimsələri həmişə
özünə cəlb edir. Onlardan biri də azərbaycanlı
bilgin Ayaz Vəfalıdır.
Uzun illərdən bəri ədəbiyyat və sənət
sahələrində əmək sərf etməsi ilə
tanınmış Ayaz Vəfalı "Füzuli xəlqiliyi" başlıqlı yeni bir əsəriylə
Füzulidən öyrənən
və Füzulini tanıdanların
yürüşünə qatılmışdır. Daha diqqətli və əsabətli
ola bilmək üçün söyləyə bilərəm
ki, Vəfalı bu kitabı ilə elm binasına yeni və
sağlam, dəyərli bir əlavə etmişdir.
"Füzuli xəlqiliyi"
kitabı beş bölümdən ibarətdir:
1. Ön
söz; 2. Xalq poeziyası - xalq hikməti; 3. Əfsanə və
həqiqət; 4. El şeri - söz sehri; 5. Son söz.
Kitabın
ön sözündə "Əsl sənətkar xalq
üçün yazır" deyə söyləyən Ayaz Vəfalı
bəlli olur ki, bu əsas nöqtədən Füzuli dünyasına işıq
tutacaqdır. Başqa bir yerdə də rəhmətlik alim Həmid
Araslının Nizami mövzusunda bu kimi bir yol seçdiyini bəyənib
özü də belə bir metoda üstünlük verdiyini
vurğulayır. Buna heç bir söyləyəcəyimiz
yoxdur. Əksinə daha doğru bir yoldur. Çünki istənilən
mühüm məqsədə çatmaq üçün bu həqiqət
müəyyən qaynaqlara əsaslanmalıdır. Belə mənbələr
tapılmadıqda araşdırmaçı əlləri
bağlı vəziyyətdə dura bilməz və əlbəttə,
bir çıxış yolu tapar. Bu da xalqın şifahi ədəbiyyatını
diqqətlə araşdırmaqdan və sözügedən
şairin bu sərvətə nə qədər yaxın və
ya uzaq olduğunu isbat etməkdən ibarətdir.
Beləcə
Ayaz Vəfalı etimoloji təhlillərdən yararlanaraq yola
çıxmışdır.
Xəlqilik
Çox
xəlqi və ya xalqçı olmaq üçün yazar və
şairdən nə tələb olunur? - Xalqın şifahi ədəbiyyatını
diqqətlə incələmək, xalqın keçmişini,
bu gününü, hansı fikirlərlə
yaşadığını, adət və ənənələrini
öyrənmək. Çünki xalq öz
varlığını bu qiymətli materiallarda əks etdirir.
Bütün
bunlardan istifadə etmək xalqla qarşılıqlı əlaqələr
yaratmaq deməkdir. Bunlardan nəyin öyrənilməli
olduğunu və necə istifadə edildiyini təhlil etməyə
başlayan Ayaz Vəfalı Füzulini Füzuli edən xalqın irsini
incələmək yükünü öz çiyninə
almışdır. Bizdən öncə özü də bu
kimi çalışma yolunun nə qədər böyük
bir zəhmət tələb etdiyini yaxşıca bilir.
Sənətkarın
xəlqiliyi və ya xəlqi olmaması, xalqdan yana və ya
xalqdan yana olmaması mövzusundan öncə hər kəsə
bəlli bir cəhət vardır. O da ustalıqdır. Sənətə
malik olmaq "bədiilik sirrini öyrənmək"dir. Sonra
xəlqi olmaq və ya xəlqilik mövzusu gəlir. Bu da
kitabda bəs bəllidir ki, Vəfalının fikrincə hər
şeydən öncə xalq özü ən böyük
ustadır. Hikmət xalqdan doğar. Xalqdan
götürülür, bir də yeni, "bəlkə də
daha üstün" bir şəkildə xalqa
qaytarılır.
Demək
olar ki, Füzulini doğuran xalqı
anlamaq Ayaz Vəfalının qənaətincə ilk başda
gələn bir nöqtədir. Onun üçün bu
çalışma o qədər zəngindir ki, kitabda xalq ədəbiyyatından,
xoyratdan, bayatılardan bir misra, bir kəlmə olsa belə
qaçırılmadan, mövzunu aydınlaşdırmaqdan
ötrü onlardan istifadə edilmişdir.
Ölməz
Füzuli usta bir xalqın
doğurduğu ustadır. Xalqdan istifadə
etmişdir, amma o qədər ustalıqla yapmışdır
bu işi suç üstü yaxalanması güc olduğu qədər
gücdür. Çünki Füzulinin xüsusi bir özəlliyi var, o da
ilk olaraq tədqiqat mövzusunu düşünən və tətbiq
edən sənətkardır. Öz əsərlərinə
tədqiqatçı gözüylə baxardı. Farsca Divanının müqəddiməsində
deyir: "Böylə vaxtlar da olmuşdur ki, gündüz
axşama qədər düşüncə dəryasına
dalıb, söz almazı ilə məna cövhərini
deşmişəm. Bunu görənlər - bu məzmunlar
anlaşılmır və xoşa gəlməzdir - deyər-deməz
o məzmun gözümdən düşmüş, hətta
onun üzünü köçürməmişəm". Böylə bir söz edən Füzuli işlətdiyi
sözlərin kimlər tərəfindən
anlaşılması gərəkdiyini, nə üçün
anlaşılmadığını və kimin xoşuna gəlmədiyini
öz-özündən soruşmuş, əlbəttə. Onun
işlətdiyi sözləri, mənaları, təşbihləri
həmən-həmən bir dəfəyə həll etmək
zor iş sayılır.
Füzuli öz əsərlərini
almaz və gövhər tərəzisində çəkmişdir.
Almaz və gövhərlərin də almaz və gövhər
deyə qəbul olunması, ancaq xalqın bəyənməsi
"xoşuna gəlməsi" yoluyla gerçəkləşəcəyini
düşünmüşdür. Yəni Füzulinin sənət və fikir
görüşlərində xalqla bir bağlılıq və
eyni atəşdə ərimək və əridilmək
düşüncəsi vardır. Onun
üçün digər kimsələrin nəzərində
"gövhər" sayılan nəsnə bəlkə
füzulinin nəzərində bayağı bir şey
sayılırmış. Kimiləri də xalqın işlətdiyi
sözləri ələ almaq işini bir növ sənət və
bədii yaradıcılıqdan yan düşmək və
bayağılaşmaq sayarmışlar. Halbuki Füzuliyə görə səthilik
xalqdan yana olmaqdan və xalqın zövqünü və bəyənişini
hesaba almamaqdan doğar.
Xalqı
anlamaq üçün xalq ilə anlaşma və onun tərəfindən
anlaşılmaq uğrunda çalışan sənətkarlara
görə, xalq kütləsinin dilində dolaşanları,
fikrində gəzişənləri mənimsəmə
mövzusu tartışılmayan bir zərurətdir.
Xalqımızın
hikməti, dədələr, atalardan qalma ibarətlər
oğullara mal olduqdan sonra oğullar da ardılarına - xələflərinə
buraxmışlardır. O materiallar şerimizdə,
xoyratımızda, bayatılarımızda, atalar sözündə,
manilərimizdə gizlənmişdir. Bunu yaxşıca
başa düşən Ayaz Vəfalı yazılarını
başlatmış, onun yanı sıra bir şeçim
işi aparmalı olmuşdur. Bulduğu hər hansı nəsnəni
qəbul etməmiş, ancaq özəl şeylər
aramağı füzulinin bu irs ilə əlaqəsinin
hansı şəkildə olduğunu anlamaq və anlatmaqda
özünə xas bir vəzifəni yerinə yetirmişdir.
"Füzuli xəlqiliyi" kitabı o qədər
sürəkləyici bir kitabdır ki, özümüzü
ondan böylə qolay-qolay alamıyorduq. Xoyratlarımızda
gizli qalan simgələri, çoxmənalı sözləri,
mənalardakı sehri, misraların iç mənalarını
ruhumuzda icad edərək Füzulinin nə
qədər bilgin bir kişi olduğunu
açıqlaya-açıqlaya bizi də özünə
tabe edir. Füzuli ki, bu materiallardan
özünü almış, sonra onu ruhən və eşq ilə
yaratmışdı. Və əksərən qəzəl tərzi
ilə şah əsərlər yazıb yaratmışdır:
Könül
gərçi əşarə çox rəsm var,
Qəzəl
rəsmin et cümlədən ixtiyar.
Atalar
sözünə, xoyrat, bayatı - şifahi ədəbiyyata
yanaşmış, ərəbcə, farsca və hətta
tatarca tərcübəsi olmuşdur. Onun üçün Füzulini cahanşümul bir sənətkar
saya bilərik. Bir tərəfdən də söyləyə
bilirik ki, Füzuli nadir fikir sahibi olan bir
aydındır. Bir pərvanə kimi həmişə
xalqın ətrafında dolanmasıyla cahanşümulluğu
vəsf olunur.
Dəyərli
ədəbiyyatşünas Ayaz Vəfalı kitabında həqiqətən
diqqətəşayan bir mövzunu ərz etməkdədir.
Etibarlı bilgilər və ilginc nümunələr göstərməkdədir.
Füzuli nəyə görə
xalqla birgə olmağı üstün tutdu,
yaşadığı ortamı - fikir, fəlsəfə və
şeir ortamını işıqlar altında tutaraq, bir yandan
Nəsimi ilə onu, digər yandan Kişvəri və Nəvai
ilə onu müqayisə etməkdədir. Başqa bir tərəfdən
də xalq şerinə, xoyrat və bayatı dəryalarına
dalıb uzun müddət alim və tədqiqatçı
gözüylə əsl gövhəri süni
daş-qaşlardan seçir. Yeri gəlmişkən bunu da
söyləməyimiz lazımdır ki, Ayaz Vəfalı kərküklü
alim Əta Tərzibaşının "Kərkük
xoyratları və maniləri" əsərindən çox
yararlanmışdır.
Füzulinin o zamanlar
gördüyü eyni işi Ayaz Vəfalı da
görmüşdür - "Gövhər seçmək
işini". Amma Füzuli bu
işi çalxantılı bir dövrdə yapmaq zorunda idi. Zənn
edirəm ki, Füzulinin həyatında olduqca
böyük bir faktordu bu. Yalnız və qərib olduğu,
himayə olunmaması bir hiss olaraq onu narahat edərdi. Bu da
şairin psixoloji xüsusiyyətlərini öyrənmək
üçün yararlı ola bilir. Həqiqət budur ki, Ayaz
Vəfalı Füzulinin bir tərəfdən
yaşadığı dövrdən, digər tərəfdən
də özlərini alim - bilgin, şeir və fikir sahibi
sayanlardan yaxınmaqda olduğunu təsbit etməyə
çalışmışdır. Hər zaman
özünü qərib və qüdrətli hiss edən füzuli
nə demiş:
Tutiyayi xaki payin feyzinə yol bulmuşam,
Nuri çeşmim eyb qılma kor olur derlər qərib.
Buna qarşılıq olaraq xalq arasında deyilən əski bir xoyrat:
Heç bilməm haralıyam,
Torpağım, daşım qərib.
Bir misqal qaçırmamaq səyilə quyumçu (quyuqazan) kimi çalışan Ayaz Vəfalı bəzən gizli - hiss olunmadan açıq-aydın bir müqayisə dəryasına girib oxucunu böyük bir ehtişamın içində heyran qoyur, lal və dilsiz edir. Zənnimcə, Ayaz Vəfalı bu çalışmasında ruhumuza qovuşmaq istəyir. Deyir ki: "Füzulinin şeri ilə xoyrat və maniləri bağlayan, doğmalaşdıran nöqtələr bir deyil, iki deyil, ancaq bu bağlılığı gözlə görməkdən daha çox ruhən duymaq və aramaq lazımdır".
Şifahi ədəbiyyatımızda yazılı olaraq təsbit edilən İraq türkmanlarının irsi sayılan xoyratlardan və manilərdən, Azərbaycan folklorundan mötəbər nümunələr göstərilmiş, Təhmasibin "Uzaq ellərin yaxın töhfələri"ndən, Həmid Araslıdan, Hasibə Mazioğludan və hətta Ukrayna şairi Şevçenkoya qədər müraciət edilmiş, onların fikirlərindən nümunələr göstərilmişdir. Bu da tədqiqatın elmi və akademik əsaslara dayanmasına nail olan araşdırmaçının ensiklopedik bir kültür sahibi olduğunu isbat etməkdədir.
Ayaz Vəfalı bu kitab üzərində işləyərkən Füzuliyə boyun borcunu ödəmək üçün hər qapını çalmış, bağlı və örtülü duran hər düyünü açmışdır. Borcunu ödəyə bilən hər aydın Füzuliyə olan borcunu nə qədər tez ödəyə bilsə, nə mutlu...
Cəlal Polad
(“Yurd” qəzetindən)
Əski əlifbadan
çevirəni: Ələsgər Behbudlu
Ədəbiyyat qəzeti.-2009.-20
noyabr.-S.3.