Əta
Tərzibaşı: “Bu ehtiram üçün çox minnətdaram”
İraqda Füzuli yubiley tədbirlərinin
iştirakçıları səhər tezdən Kərkük
şəhərinə yola düşdülər. Bağdaddan şimala təqribən
250 kilometr məsafədə yerləşən bu şəhərin
adı Azərbaycan oxucularına yaxşı
tanışdır. İraq-türkman folklorunu içərisinə
alan bir sıra kitabların üstündə bu adı dönə-dönə
oxumuş və sevmişlər: "Kərkük
bayatıları", "Kərkük ata sözləri və
məsəlləri" və s.
İraq-türkman folkloru ilə maraqlanan hər kəs
yaxşı bilir ki, bizim üçün çox doğma
olan bu mənəvi sərvətin layiqincə toplanması, nəşri
və tədqiqi böyük alim Əta Tərzibaşının
adı ilə ayrılmaz surətdə bağlıdır.
Azərbaycan-Türkiyə
ədəbiyyatşünas və
folklorşünaslarının İraq-türkman folkloru ilə
bağlı təkrar-təkrar müraciət etməli
olduqları ən etibarlı mənbə Əta bəyin
kitablarıdır ("Kərkük xoyratları və maniləri",
"Kərkük şairləri" və s.).
Bu mənəvi
haqqa görədir ki, Azərbaycan Yazıçılar Birliyi
İraq-türkman ədəbiyyatının ağsaqqalı Əta
Tərzibaşını Birliyin fəxri üzvü seçməyi
qərara almışdır. Kərkükə
yetişən kimi, şəhərin geniş salonunda veriləcək
konsertdən əvvəl Birliyin sədri Anarın təklifi ilə
nümayəndə heyəti üzvlərindən bir qrupu -
Sabir Rüstəmxanlı, Yaşar Qarayev, Qəzənfər
Paşayev və Ayaz Vəfalı Əta Tərzibaşının
evinə - onun görüşünə getdi.
Qocaman
alim qonaqları böyük səmimiyyətlə
qarşıladı. Bu görüşdən xeyli məmnun
olduğunu dedi.
Qəhvə
süfrəsi ətrafında keçən söhbəti
Yazıçılar Birliyinin sədri Anar gəlişinin məqsədini
söyləməklə başladı:
-
Sayın Əta Tərzibaşı, bildiyimiz kimi, dahi şair və
mütəfəkkir Məhəmməd Füzulinin anadan olmasının 500 illiyi YUNESKO-nun qərarı
ilə dünya miqyasında qeyd edilir. Mədəniyyət
aləmindəki bu tarixi hadisənin ən mühüm səhifələrindən
birini ölməz şairin doğulduğu,
yaşayıb-yaratdığı və nəhayət, qoynunda
uyuduğu qədim İraq torpağında keçirilən tədbirlər
təşkil edir. Biz dini müqəddəslərlə
yanaşı, şairin İmam Hüseyn məscidindəki
türbəsini ziyarət etdik. Bu gün isə böyük Füzulinin nəvə-nəticələrinin
məskun olduğu Kərkükün qonağıyıq.
İlk arzumuz sizi görmək oldu. Siz Kərkük
xoyrat və manilərinin, Kərkük havalarının ən
mötəbər toplayıcısı və tədqiqatçısı
olaraq təkcə İraqda deyil, həmçinin Türkiyədə,
Azərbaycanda və daha başqa ölkələrdə
geniş şöhrət qazanmış alimsiniz. Azərbaycan
Yazıçılar Birliyi sizi Birliyin fəxri üzvü
seçib və üzvlük vəsiqəsini sizə təqdim
etməyi mənə tapşırıb. Bu şərəfli vəzifəni
mən məmnuniyyətlə yerinə yetirirəm.
Yazıçılar
Birliyinin sədri Anar Birliyin fəxri üzvü vəsiqəsini
Əta Tərzibaşıya təqdim etdi.
Sonra mətbuat
və informasiya naziri Sabir Rüstəmxanlı Əta Tərzibaşının
İraq-türkman folklorunun mötəbər tədqiqatçısı
kimi xidmətini ayrıca qeyd etdi. S.Rüstəmxanlı
İraq-türkman ədəbiyyatı ağsaqqalının
xalqın mənəvi sərvətinin qayğı ilə
toplanmasına, dərin elmi məsuliyyətlə də öyrənilməsinə
və təbliğinə həsr olunmuş yarım əsrlik
tədqiqatçı-yaradıcı ömür yolunu yüksək
qiymətləndirdi. O, Əta Tərzibaşının
monumental "Kərkük xoyratları və maniləri"
kitabının Azərbaycanda nəşrinə ehtiyac
duyulduğunu və bu iş üçün Nazirliyin
lazımi səy göstərəcəyini söylədi.
Nizami adına Ədəbiyyat İnstitutunun direktoru
Yaşar Qarayev dedi: - Əgər desəm ki, "Əta Tərzibaşı"
adı və imzası Azərbaycanda çağdaş bədii
və elmi yaddaşa müqəddəs örnək və rəmz
kimi daxil olub - zənn edirəm ki, səhv etmərəm, əksinə,
neçə-neçə ədəbi nəslin qənaətini və
etirafını ifadə etmiş olaram. "Əta"
sözü məncə, İraq türkmanlarının Xəzər
sahilindəki soydaşlarına Kərkük xoyratlarından
ilk müjdəni, ilk sorağı gətirənlərin
"atası" deməkdir.
"Tərzibaşı"
sözü isə - mənim üçün bu xoyratların
ilk müasir tədqiqi üsulunun, təhlili tərzinin
başında duran mənasını verir.
Əlbəttə, böyük mənəvi dəyər və
sərvət kimi bütövlükdə İraq-türkman
folkloru ilə bizi ilk dəfə görüşdürən
kitabın titul səhifəsində xalq şairi Rəsul
Rzanın və professor Qəzənfər Paşayevin qoşa
adı yazılıb. Lakin məhz bir xoyratçı kimi onların ikisi də,
üstəlik görkəmli türkman alimi və ictimai xadimi Əbdüllətif
Bəndəroğlu da Əta Tərzibaşından
başlayır. Təsadüfi deyil ki, bizim doğma və ana Kərkükə
səfərimiz də Əta Tərzibaşını ziyarətlə
başladı.
İraqda
gəzdiyimiz müqəddəs yerlərin və adamların
siyahısı tamamilə təbii və qanunauyğun olaraq Əta
Tərzibaşı ilə və onun mənzili ilə
tamamlanır. Mən bunu Füzuli soydaşlarının
folklor sərvətinə bəslədiyi böyük və fədakar
məhəbbət üçün bütövlükdə Azərbaycan
xalqının Əta Tərzibaşıya səmimi
ehtiramının bir əlaməti və təzahürü
hesab edirəm.
Bu
gün ona təqdim olunan Azərbaycan Yazıçılar
Birliyinin fəxri üzvü kitabçası da elə bunun əlamətidir
və mən Azərbaycan Yazıçılar Birliyinin
üzvü kimi onu birinci təbrik etmək fürsətindən
istifadə etmək istəyirəm. Güman edirəm ki, Nizami
adına Ədəbiyyat İnstitutunun çapa
hazırladığı folklor antologiyaları silsiləsinin
"İraq-türkman folkloru" cildinin hazırlanmasında Əta
Tərzibaşı bir redaktor, tərtibçi və ekspert
kimi iştirak edəcəkdir.
İraq-türkman folklorunun tanınmış tədqiqatçısı
professor Qəzənfər Paşayev göstərdi ki, mərhum
xalq şairimiz Rəsul Rza ilə birlikdə nəşr
etdirdiyi "Kərkük bayatıları", daha sonra
özünün geniş müqəddimə və izahlarla
çapa hazırladığı "İraq-türkman bayatıları",
"Arzu-Qəmbər dastanı", "Kərkük
mahnıları", "Kərkük ata sözləri və
məsəlləri", "Kərkük folklor
antologiyası" və bu qəbildən olan digər
kitabların Azərbaycan oxucuları arasında şöhrət
qazanmasında ustad Əta Tərzibaşının haqqı
çox böyükdür. O dedi: - 50-ci
illərin axırlarına qədər bizdə İraqda
yaşayan soydaşlarımız barədə, onların ədəbi-bədii
sərvəti haqqında, demək olar, məlumat yox idi. 50-ci
illərin sonunda Rəsul Rza, Bəxtiyar Vahabzadə və
Qasım Qasımzadənin İraq səfərindən qayıdarkən
gətirdikləri hədiyyələrin, mən deyərdim, ən
qiymətlisi Əta bəyin üç cildlik "Kərkük
xoyratları və maniləri" kitabı oldu. Mən İraqda işlədiyim illərdə Əta
Tərzibaşının türkman söz və musiqi
folklorunu necə fədakarlıqla topladığının, tədqiq
və nəşr etdiyinin şahidi oldum. İraq-türkman
folkloruna dair ilk dərsimi 1964-cü ildə Bağdadda
"Qardaşlıq" klubunda Əta Tərzibaşı ilə
üç saatlıq görüşümüz zamanı aldım. İraq-türkman folkloru
materiallarının ölkəmizdə dəfələrlə,
həm də kütləvi tirajlarla çapı sahəsində
gördüyüm işlərdə, eləcə də bu zəngin
mənəvi sərvətin tədqiqinə həsr olunmuş
doktorluq dissertasiyamın yazılmasında Əta Tərzibaşı
əsərlərinin böyük köməyi
olmuşdur və bu köməyi heç vaxt unuda bilmərəm.
Ayaz Vəfalı
dedi: - Əta bəy, mən Bakıdan Bağdada yola
düşərkən "Gənclik" nəşriyyatında
çapa hazırlanan "Füzuli xəlqiliyi"
kitabımın ottiskini - basmasını özümlə gətirmişəm.
Onun səhifələrinə baxsanız yer-yer sizin
üç cildlik "Kərkük xoyratları və maniləri"
kitabınıza isnad olduğunu görərsiniz. Sizin ərəb
əlifbası ilə çap olunmuş həmin əsərinizi
mənə 60-cı ilin əvvəllərində mərhum
şairimiz Qasım Qasımzadə vermişdi. O vaxt mən Füzuli və xalq
yaradıcılığı mövzusunda dissertasiya üzərində
işləyirdim. Bu kitablarla tanışlıq mənim
mövzunu, demək olar, tamamilə yeni bir baxımdan görməyimə
kömək etdi. Füzuli irsinin xəlqiyyat qaynaqlarını İraqdakı
soydaşlarımızın sinəsində əsrlərlə
yaşayıb gələn böyük söz xəzinəsindən
ayrı necə təsəvvür etmək olarmış?! Sonralar mənim
ayrı-ayrı yazılarım barədə
"Qardaşlıq" jurnalında dediyiniz xeyirxah fikriniz, həmçinin
zəhmət çəkib avtoqrafla göndərdiyiniz "Kərkük
xoyratları və maniləri" (İstanbul, 1975) monumental
kitabınız heç zaman unutmayacağım hədiyyələrdəndir.
Söhbət zamanı Əta Tərzibaşı
gördüyü işləri doğma xalqı
qarşısında bir övlad borcu kimi qiymətləndirdi.
Ümidvar olduğunu söylədi ki, dahi Füzulinin yubiley tədbirləri
uğurla keçəcək və ədəbi-mədəni əlaqələrimiz
bundan sonra mahiyyətcə tamamilə yeni bir mərhələyə qədəm
qoyacaqdır.
Əta Tərzibaşı
axırda söhbət iştirakçılarına "Kərkük
havaları" və "Kərkük şairləri"
adlı üç cildlik kitabını hədiyyə etdi.
Ədəbiyyat qəzeti.-2009.-20 oktyabr.-S.2.