Saz
Sənədli hekayə
Torpağımın özəyidir,
Öz xalqımın öz neyidir.
Dünyamızın bəzəyidir,
Ədalətin saz dünyası.
Həmid Abbas
Bürkülü bir yay axşamı idi. Kəndimizdəki iri, yaraşıqlı
mədəniyyət evinin
tamaşa zalı ağzınacan adamla doluydu. Konsert başlandı. Proqram olduqca maraqlı idi. Tamaşaçılar gəncəli müğənniləri,
çalğıçıları, rəqs edənləri hərarətlə qarşılayırdılar.
Birdən aparıcının
həyəcanlı səsi
eşidildi: "Çıxış
edir gənc pəhləvan Suliddin!"
Bir neçə dəqiqə
arası kəsilmədən
çapan çalındı.
Ucaboylu, enlikürəkli,
qırmızıyanaqlı bir gənc pəhləvan
geyimində səhnəyə
çıxanda salon yenidən
canlandı, alqışlar
bir neçə dəqiqə ara
vermədi. Pəhləvan dönə-dönə baş əydikdən sonra əllərini yuxarı qaldırdı.
Bununla demək istəyirdi ki, kifayətdir, zəhmət
çəkməyin, çox
sağ olun. Gənc pəhləvan
gücünü nümayiş
etdirməyə başladı.
Maraqlı nömrələr bir-birini
əvəz edirdi. Pəhləvan gah ağır
çəki daşlarını
yuxarı qaldırır,
gah yoğun və uzun mismarları
əli ilə qalın taxtadan keçirib dişləri ilə çıxarır,
gah yoğun armaturları qoltuğuna sıxıb eşir, gah onun sinəsindəki
iri daş parçasını pəhləvan
cüssəli şəyirdi
gürzlə əzirdi…
Tamaşaçılar bir-birindən maraqlı nömrələrin şahidi
olur, gənc pəhləvanın gücünə
heyran qalır, onu alqışlayırdılar.
Konsertin sonunda aparıcı elan etdi ki,
indi də pəhləvanımız dəyirmi
çaylaq daşlarını
əli ilə vurub ikiyə böləcək. Pəhləvan
gülümsünərək əlavə etdi: o daşları ki, sizin kəndin
cavanları Bərgüşad
çayının sahilindən
gətiriblər. Salonda
canlanma yarandı, sonra alqış sədaları yüksəldi.
Pəhləvan daşları bir-bir
sol əli ilə çəki daşının üzərinə
qoyur, sağ əli ilə vurub asanlıqla sındırır, ikiyə
bölürdü. O, dərindən
nəfəs alıb axırıncı daşı
çəki daşının
üstünə qoydu
və sağ əli ilə güclü bir zərbə endirdi. Daş sıçrayıb
səhnəyə, ordan
da zala dığırlandı.
Gözlənilməz bir
hadisə kimi pəhləvan da, tamaşaçılar da məəttəl qaldılar.
Qabaq sırada əyləşənlərdən biri cəld ayağa qalxdı və daşı götürüb pəhləvana
verdi. Pəhləvan daşı alıb var gücünü topladı və ikinci dəfə zərbə endirdi. Daş sınmayıb səhnəyə düşdü.
Pəhləvan pərt
oldu. O əsəbi halda var-gəl
etdi. Və məhrəbanı sağ
əlinə dolayıb
ücüncü dəfə
güclü zərbə
endirdi. Daş sınmadı. Dördüncü,
beşinci, altıncı
zərbələrdən də
xeyir çıxmadı.
Daş elə bil polad parçasına
dönmüşdü. Daş
sınmır, pəhləvan
sınırdı. O elə
pərt olmuşdu ki, utandığından başını yuxarı
qaldıra bilmir, inamsız, ümidsiz halda səhnədə var-gəl
edirdi. Pəhləvana
elə gəlirdi ki, onun gücü,
qüvvəti tükənmişdir,
indi adi çöpü də sındıra bilməzdi. Tamaşaçılar da peşiman idi. Axı, indiyə qədər heç bir qonaq bu
kənddə pərt olmamış, xəcalət
yola düşməmişdi!
Hamı başını
aşağı dikmişdi.
Heç kəs pəhləvana tərəf
baxmaq istəmirdi, ona görə ki, pəhləvan bu baxışlardan utana bilərdi. Hamının ürəyində
təəssüf dolu
bir cümlə dolaşırdı: "Kaş
pəhləvan daşı
sındıra biləydi".
Salona ağır sükut çökmüşdü. Heç
kəs dinib-danışmırdı. Hətta
bürkülü yay gecəsinin dözülməz
istisini də hiss edən yox idi. Birdən
kəndin ağsaqqalı
Məhəmmədəli kişi
ayağa qalxıb səhnəyə yaxınlaşdı.
O, mehribanlıqla pəhləvana
üz tutub:
- Oğlum, - dedi, - zəhmət olmasın, o daşı ver mənə.
Pəhləvan ağır addımlarla
daşa yaxınlaşdı
və onu könülsüz halda götürüb ixtiyara verdi. Məhəmmədəli
kişi daşı alıb o tərəf
bu tərəfə çevirdi, diqqətlə
nəzərdən keçirdikdən
sonra tamaşaçılara
üz tutdu:
- Camaat, - dedi, - bu, göy daşdır. Bu daş çaylaqda az hallarda gözə dəyir. Uşaqlar bilməyib gətiriblər. Özünüz bilirsiniz ki, göy daş sərtlikdə qranitdən geri qalmır.
Hər tərəfdən səslər ucaldı:
-Doğrudur, doğrudur!..
Hamının üstündən elə bil bir dağ götürüldü. Məhəmmədəli kişi gah pəhləvana, gah da camaata baxa-baxa:
- Bu daşı heç bir pəhləvan sındıra bilməz, - dedi. - Bunu gürzlə də əzmək olmaz.
Tamaşaçılar bir ağızdan:
- Doğrudur, doğrudur! - deyir, bu sözlərlə pəhləvana ürək-dirək verirdilər.
Pəhləvan bir az toxtadı, gözlərinə inam gəldi. Lakin onun pərtliyi tamamilə yoxa çıxmamışdı. O, daşı ixtiyardan alıb stolun üstünə qoydu. Hamı elə bildi ki, artıq pəhləvan öz inadından dönmüşdür. Aparıcı pəhləvana yaxınlaşıb konsertin qurtardığını elan etmək istəyəndə pəhləvan ona başı ilə işarə etdi. "Tələsmə, bir az gözlə". Aparıcı heç bir söz demədən səhnənin arxasına keçdi. Pəhləvan nə barədəsə bir an düşündü, birdən eyni açıldı, inamlı addımlarla səhnənin kənarındakı stola yaxınlaşdı və maqnitofonu işə saldı. Sazın tellərindən qopan "Cəngi" sədaları pərdə-pərdə ətrafa yayıldı. Elə bil bütün salon - adamlar da, daş da, divar da sehrlənmişdi. Hamı bir az bundan qabaqkı pərtliyi unutmuşdu. Ədalət çalırdı. Böyük coşqunluqla, sonsuz ehtirasla çalırdı. Elə bil tilsimli bir aləmə düşmüşdüm. Gözlərim bir nöqtəyə zillənmişdi, dinib danışa bilmirdim, sanki dilim tutulmuşdu. Tərpənməyə taqətim yox idi. Elə bil qollarım bağlanmışdı. Ədalət gözlərim önündə canlanırdı. Sazı sinəsinə, üzünü saza elə sıxmışdı ki… Sazın sehrli simləri coşqun bir şəlalə təki çağlayırdı. Gözlərimin önündəki lövhələr bir-birini əvəz edirdi. Budur, Qoç Koroğlu Qıratın belində, Misri qılınc əlində. Dəlilər də atlanıblar. "Cəngi"nin sədaları atların kişnərtisinə qarışır. Koroğlu dəlilərə üz tutur:
Hoydu, dəlilərim, hoydu,
Yeriyin meydan üstünə.
Mən özüm Aslan paşanı,
Hərəniz bir xan üstünə.
Birdən gözlərim pəhləvana
sataşdı. O, əllərini
qoynuna qoyub "Cəngi"ni elə dinləyirdi ki, sanki səhnədə,
tamaşaçıların qarşısında olduğunu
unutmuşdu. Onun eyni açıq,
üzügülər, baxışları
məğrur idi.
Qollarına elə bil şir gücü gəlmişdi. Birdən ciddi
görkəm alaraq əyilib bayaqkı dəyirmi daşı götürdü, çəki
daşının üstünə
qoyub sağ əli ilə güclü bir zərbə endirdi. Daş iki yerə bölündü.
Bir parçası dığırlanıb
salona, Məhəmmədəli
kişinin ayaqları altına düşdü.
Salonda gurultulu alqışlar qopdu. Hamı ayağa qalxdı.
Məhəmmədəli kişi əyilib para göy daşı
götürdü. Daşın kəsilən
hissəsi şüşə
təki parıldayırdı…
Tariyel Cahangir
Ədəbiyyat
qəzeti.- 2009.- 20 noyabr.- S.4.