Kövrək duyğuların tərənnümçüsü

 

Xuraman Vəfa çağdaş poeziyamızın istedadlı nümayəndələrindən biridir. Mən onu iyirmi ilə yaxındar ki, maraqlı yaradıcılıq yolu keçən qələm sahibi kimi tanıyıram. Ötən müddət ərzində Xuraman xanımın yazıb-yaratmaq dairəsi sadə, lirik şeir nümunələrindən başlayaraq həm süjetli nəzm, həm povestli nəsrədək zənginləşmişdir. Əsasən sevgi, məhəbbət duyğuları aşılayan müəllif artıq ondan çox kitab çap etdirmişdir. Şairənin ilk oxucularından biri mənəm. Hətta kitablarından bir necəsinin redaktoru olmuşam. Onun "Soraqlı könlü…" daim axtarışdadır. Tapıntılara qayğı, əzab-əziyyət, zəhmət hesabına yol salan bu zərif təbiətli insan inama, işığa, parlaq aydın gələcəyə arxalanır. O, tam varlığıyla millətə, xalqa, torpağa bağlıdır. Əsas qəhrəmanları saf amallarla, təmiz əməllərlə yaşayıb-yaradanlar, ürəkdən sevib-sevilənlərdir.

Xuraman Vəfa istiqlaliyyət, bütövlük, paklıq, azadlıq naminə canından keçənlərin xatirəsini əzizləməklə yanaşı, qorxaqları, xainləri lənətləyir; satqınlara nifrət yağdırır; iradəsizləri, maymaqları tənqid atəşinə tutur. Aşağıdakı misralar dediklərinimi əsaslandıran misaldır:

 

 

Yalan həqiqəti üstələyəndə,

Qarğa simfoniya bəstələyəndə,

Aqilin başını naşı əyəndə

Qəlbim qumbaraya dönər, partlayar.

 

X.Vəfa alovlu, atəşli sevgi məhəbbət kövrək həzin duyğular tərənnümçüsüdür. Əsərlərinin ruhuna ülvi, müqəddəs arzuların şirəsi, rayihəsi hopub. Şairə lirik aləmə o qədər aludədir ki, hətta kitablarında ayrı-ayrı bölmələri, fəsilləri sətirlərlə adlandırır:

 

"Canımda həsrətin odu var hələ",

"Sevənlər inamlı olsunlar gərək…"

 

Filologiya elmləri doktoru, professor, yazıçı-dramaturq Aqşin Babayevin yazır ki, Xuraman Vəfanın sevgisi boya-başa çatdığı ana torpaqdır, bir insanlardır. Ana sevgisi, ata məhəbbəti, övlad istəyi. Onun poeziyası bu hisslərdən yoğrulmuşdur. Bu şeirlər pak duyğuların poetik təzahürüdür.

 

Mən öz balamı sevəndən bəri

Sənin kimliyini bilmişəm, ana!

 

Cəsarətə, fədakarlığa səsləyən sətirlər:

 

Oğullar əsgər gedir,

İgid gedir, ər gedir.

Qorxaq qaçıb gizlənir,

Vuruşmağa ər gedir.

 

Xuraman Vəfanın vusal, həsrət, müqəddəs kədər, torpaq sevgisi ilə dolu misralarında həm təbiilik, həm səmimilik var. Şairənin ana, Vətən, şəhidlər kimi oxucunu təsirləndirən mövzularla bərabər gəncliyi, cavan nəsli saflaşmağa, birliyə, həmrəyliyə səsləyən yazıları oynaqdır, axıcıdır, təsirlidir.

Xuraman xanım bütün istək, düşüncə və qayələrini şeir vasitəsilə tam əks etdirməyə imkansızlaşanda nəsrin növlərinə - hekayəyə, esseyə, povestə keçir. Bu baxımdan onun "Taleyimiz, yaddaşımız" adlandırdığı kitab əhəmiyyətlidir. Kitabdakı əsərlər sırasında eyni adlı povestə xüsusi yer ayrılıb. Mövzu müstəqillikdən sonrakı həyatımızdan götürüldüyünə görə müasirliyi, aktuallığı ilə fərqlənir. Nəğməkar müəllifin məhəbbəti qoşa qanadlıdır: bir yandan torpaqlarının iyirmi faizi nankor qonşular tərəfindən işğala məruz qalmış ölkəmiz, bir yandan da Vətən uğrunda qurban gedən və ya canından keçməyə hazır olan insanlara bəslənən sevgi!

Xuraman xanımın mənsur şeirləri də xoş, həzin təəssürat bağışlayır. Məsələn, "Gəlməyəcəyini bilsəm də", "Darıxıram", "Payız", "Uçulmuş yuva", yaxşı sözün, təsirli ifadənin əlaməti kimi kiçik parçalara diqqət yetirək:

 

"Unudulmaq - ən çox

qorxduğum kabus".

"Axşamın tez düşməsini gözləyirəm - səni yuxuda görə bilim deyə. Heç olmasa yuxuma gəl!"

"Sən məndən uzaqlaşdıqca tənhalıq, həsrət, iztirab,

əzab mənə yaxınlaşır".

Xuraman Vəfa yazılarında hikmətli sözlərə - aforizmlərə də yer ayırır. Nümunələr:

 

Bulud olan yerdə zirvə, duman olan

yerdə yol görünmür;

Məhəbbət tikər, nifrət sökər;

Arifin sözünə, cəlladın üzünə,

düşmənin gözünə bax!

 

Könül həsrət çəkəndə

xatirələr oyanır

 

Sevgidən, məhəbbətdən çoxsaylı şeirlər yazan lirik təbiətli şairə hətta "sevgi lüğəti" tərtib edib, onu mətbuat səhifələrinə çıxarıb. Sözlərinə mahnılar bəstələnib. Musiqi xadimlərindən Nəriman Məmmədli, Tahir Əkbər, Nailə Mirməmmədli, Şəfiqə Axundlu, Xanım İsmayılqızı ilə əməkdaşlıq edir.

Xuraman xanım 2003-cü ildən bəri "Vəfa" adlandırdığı ədəbi - bədii, ictimai, elmi-publisistik jurnalın həm təsisçisi, həm baş redaktorudur.

Xaçmazın Qaraqurdlu kəndində, ziyalı ailəsində ilk dəfə həyat işığını görən şairə taleyindən razıdır: oğul qız anasıdır, əlli yaşlı nənədir. O yeni-yeni əsərlərlə, kitablarla "gəlirəm" deyən təzə-tər yaradıcılıq töhfələriylə öz pərəstişkarlarını sevindirəcək!

 

 

Oqtay RZA

 

Ədəbiyyat qəzeti.-2009.-20 noyabr.-S.4.