Qobustan"ın payız sayı
İldə
4-dəfə işıq üzü görən
"Qobustan" sənət toplusunun 3-cü sayı
çapdan çıxmışdır. Toplunun bu sayı
görkəmli rəssam Səttar Bəhlulzadənin 100 illiyinə
həsr olunmuş yazılarla açılır. Sənətşünas
Ziyadxan Əliyevin görkəmli sənətkara həsr etdiyi
məqalə "Süslənmiş rənglərin
poetikası" adlanır. Nəzakət Azərinin "S.Bəhlulzadənin
xeyir-dua verdiyi rəssam", Mehriban Novruzovanın "Azərbaycan
rəssamlığında qadın obrazı", Zahid
Sarıtorpağın "Rənglərin zamansızlıq
çalarları", Təranə Əliyevanın "Qanun
musiqi aləti miniatürlərdə" adlı qeydlərində
təsviri sənətimizin müxtəlif məsələlərindən
söhbət açılır. Bu sayda musiqi sahəsinə
daha geniş yer ayrılıb. AMEA-nın müxbir üzvü
Zemfira Səfərovanın "Fətullah Şirvani" və onun "Musiqi məsələsi
risaləsi", S.Ələkbərin "Sarvan və
karvan", respublikanın əməkdar müəllimi Gövhər
Hüseynovanın "Mənalı alim ömrü", sənətşünaslıq
namizədi Arzu Quliyevanın "Fikrət Əmirovun simfonik muğamları", professor
İmruz Əfəndiyevanın "Sevdiyim bəstəkar və
gözəl insan haqqında düşüncələr",
yazıçı-publisist Mustafa Çəmənlinin
"İlk Azərbaycan rəqs ansamblı”, Reza Cudi Cabbarinin
"Bakı Musiqi Akademiyasının vokal ifaçılıq
pedaqoji tarixinə bir nəzər", sənətşünaslıq
namizədləri Ağahüseyn Anatolluoğlunun "Muğam
elmi məqalələrdə", Abbasqulu Nəcəfzadənin
"Müsəlləs çalğı aləti",
şair Oqtay Rzanın "Bir Manaf dayı vardı"
adlı araşdırma və məqalələrində
görkəmli bəstəkarlarımız haqqında söhbət
açılır, musiqi və rəqs sənətimiz tədqiq
və təbliğ olunur. Məryəm Əlizadənin "Sən
haralısan, zavallı Timon", Könül Əliyevanın
"Çağdaş Azərbaycan teatrının dünya
teatr prosesinə inteqrasiyası və avanqard teatr prinsipləri",
Gülnarə Kərimovanın "Namiq Kamal və Azərbaycan
teatrı", Ələkbər Qasımovun "Gürcü
dramaturgiyası Naxçıvan teatrında", Dəniz Əhmədovanın
"Hüseyn Cavid irsinin qorunması və təbliğində
xatirə ev muzeylərinin rolu", Kamil Əfsəroğlunun
"Bir filmin tarixçəsi", Vəfa Mühacirovanın
"Klassik rus dramaturgiyası Sumqayıt teatrı səhnəsində"
adlı yazıları da toplunun bu sayında təqdim olunub.
Bunlardan əlavə
bu sayda sənətin digər sahələrinə həsr
olunmuş "Müasir mərhələlərdə tikinti,
memarlıq və şəhərsalma siyasətilə
bağlı problemlər" (Rüfət Ağazadə),
"XVIII-XIX əsr Azərbaycan yaşayış evlərinin
demokratik tərtibatı" (Nuranə Səlimli), "Hər
insan bir dünyadır" (Lalə Hüseynova)
başlıqlı yazıları da oxumaq olar.
A.Xiləli
Ədəbiyyat qəzeti.-2009.-20
noyabr.-S.6.