“Azərbaycan” N-10

 

"Azərbaycan" jurnalının oktyabr sayı Firuzə Məmmədlinin yeni şeirləri ilə açılır.

Əlövsət Bəşirlinin hüquq-mühafizə orqanı əməkdaşlarının fəaliyyətindən bəhs edən "Qanla suvarılan ağac" povesti və Bayram İsgəndərlinin "İçi qurumuş adam", "Qəzəlxan", "Qarmonçalan Nəsib" və Dəhnəli Məmmədin (Hacızadə) "Qoz" hekayələri "Nəsr" bölməsində təqdim olunur.

Poeziya həvəskarları bu yeni sayda Əlisəmid Kür, Çingiz Bahaduroğlu, Musa Yaqub, Məlahət Ağacanqızı, İltifat Saleh, Səyyarə Məmmədli, Qəşəm Nəcəfzadə, Firudin Şahbuzlu, Vəliş Qaragöl və Bahadur Fərmanın yeni şeirləri ilə tanış ola biləcəklər.

Aydın Talıbzadənin Azərbaycan teatrının inkişaf tarixindən geniş bəhs edən "Xəfif təbəssümlü maska" məqaləsi, "Teatral freskalar" bölməsi altında çap olunub.

Tanınmış şair Oqtay Rzanın 75 yaşı ilə bağlı İntiqam Qasımzadənin "Dost sözü" yazı-təbriki və şairin yeni şeirləri də oktyabr sayında verilib.

Xalq yazıçısı Elçinin "Tənqid və ədəbiyyatşünaslıq" bölməsində verilmiş "Azərbaycan ədəbi prosesində nə baş verir?" (Nə etməliyik və necə etməliyik?) məqaləsi də oktyabr sayında yer alıb.

Professor Qəzənfər Paşayevin akademik Bəkir Nəbiyevin "Seçilmiş əsərləri"nin beşinci cildi barədəki "Gərgin əməyin bəhrəsi" yazısı da bu sayda çap olunub.

Tənqidçi Vaqif Yusiflinin "Ömrün altmışıncı payızı, yaxud fəhləlikdən akademikliyə" məqaləsi akademik İsa Həbibbəylinin 60 yaşı münasibətilə qələmə alınıb və jurnalın bu sayında dərc olunub.

Daimi bölmələrdən olan "Kitab rəfi"ndə "XX əsr Azərbaycan poeziyası antologiyası" (I kitab) və "Azərbaycan folkloru antologiyası, XVIII cild, Şəki folkloru" topluları barədə, Rasim Nəbioğlunun, Vilayət Quliyevin, Cabbar Cəlil Bəydillinin, Ənvər Çingizoğlunun, "Poeziya günü-2" almanaxının, Dəyanət Osmanlının, Allahverdi Eminin, Hüseyn Kürdoğlunun, Fatma Həsənqızının, Süleyman Hüseynovun, Ramiz Abdullayevin və İlham İnamın yeni kitabları barədə yazılar verilib.

 

 

P.Mahmudova

 

Ədəbiyyat qəzeti.-2009.-20 noyabr.-S.6.