Həmişəyaşar sənət

 

Görkəmli dramaturq İlyas Əfəndiyevin xatirə günü ərəfəsində əməkdaşımız Azərbaycan Akademik Milli Dram Teatrının direktoru, əməkdar mədəniyyət işçisi Maqbet Bünyadovla əlaqə saxlamış ondan müsahibə almışdır.

- Maqbet müəllim, bir neçə dramaturq var ki, onlar Akademik Milli Dram Teatrın həyatında, yaradıcılıq yolunda mühüm rol oynamışlar. Azərbaycan dramaturgiyasının banisi M.F.Axundovdan tutmuş ən məhsuldar dramaturqlarımız Cəfər Cabbarlının, Hüseyn Cavidin, son zamanlar isə Elçinin əsərlərinin ilk səhnə təcəssümü 137 yaşlı Milli Dram Teatrın səhnəsində öz əksini tapmış, həmin əsərlər neçə-neçə aktyor nəslinin püxtələşməsində, rejissorların yetişməsində, sənətkarlıqlarının artırılmasında mühüm rol oynamışdır. Onların sırasında görkəmli dramaturq İlyas Əfəndiyevin səhnə əsərləri mühüm əhəmiyyət kəsb edir. Sizcə, İlyas Əfəndiyev Akademik Milli Dram Teatrı dedikdə başa düşülür.

- "İlyas Əfəndiyev Akademik Milli Dram Teatrı" mövzusu neçə-neçə elmi işin, araşdırmanın, dissertasiyanın, diplom işinin mövzusudur. Bu sahə ilə neçə-neçə tədqiqatçılar, teatrşünaslar məşğul olub olacaqlar. Amma bizim teatrın kollektivi üçün "İlyas Əfəndiyev teatr" mövzusu doğma ocağımızın tarixinin böyük bir parçasıdır. Görkəmli dramaturqun 1944-cü ildə Mehdi Hüseynlə birlikdə yazdığı "İntizar" pyesindən tutmuş 1996- ildə hazırlanan "Hökmdar qızı" əsərinə kimi qırx ildən çox bir dövrdə Milli Dram Teatrında iyirmi dram əsəri tamaşaya qoyulmuşdur. Belə uğur dünya dramaturgiyası tarixində çox az müəllifə nəsib olub. Onun əsərlərini Səftər Turabov, Ədil İsgəndərov, Tofiq Kazımov, Əliheydər Ələkbərov, Ağakişi Kazımov, Mərahim fərzəlibəyov kimi rejissorlar tamaşaya hazırlayıblar. Dramaturqun vəfatından sonra isə istedadlı rejissorlarımızdan olan əməkdar incəsənət xadimi Bəhram Osmanov "Natəvan" əsərinə ikinci dəfə bizim səhnəmizdə quruluş vermişdir.

İlyas Əfəndiyev dramaturgiyası ilə neçə-neçə aktyor nəsli səhnə uğuru qazanmışdır. Xalq artistləri Amaliya Pənahova, Firəngiz Mütəllimova indi Türkiyədə çalışan Məlahət Abbasova ilk uğurlarını İlyas müəllimin əsərlərində qazanıblar. Bu gün teatrda çalışan aktyorların əksəriyyəti İlyas Əfəndiyevin əsərlərində neçə-neçə rol oynayıblar, daha dəqiq desək, onların inkişafında, tamaşaçı məhəbbəti qazanmasında İlyas müəllimin payı var.

- Hər il mövsümü İlyas Əfəndiyevin "Hökmdar qızı" pyesinin tamaşası ilə açırdınız

- Elədir. Bildiyiniz kimi "Hökmdar qızı" ilk dəfə 1996- il noyabr ayının 17-i tamaşaçıların ixtiyarına verilib. O vaxtdan başlayaraq həmişə mövsümü bu əsərlə açmışıq bağlamışıq. Hər mövsüm ərzində bu əsər dəfələrlə oynanılıb. Çünki Qarabağ mövzusu İlyas Əfəndiyev yaradıcılığı üçün həmişə öndə olub. Amma bildiyiniz kimi, həmin tamaşada oynayan aktyorların bir neçəsi rəhmətə gedib. Qalanları isə artıq yaşlaşıblar. Yaş həddi ilə oynadıqları obrazların xarakteri düz gəlmir. On üç illik istismardan sonra dekorlar köhnəlib. Ona görə builki mövsümü yenə İlyas müəllimin "Qarabağ" mövzusuna həsr olunmuş başqa bir əsəri ilə - "Xurşidbanu Natəvan" tamaşası ilə açdıq. Teatrımız təmirdə olduğu üçün həmin əsəri S.Vurğun adına Dövlət Rus Dram Teatrının səhnəsində göstərdik. Açılış da böyük uğurla keçdi. İnşallah, "Hökmdar qızı" əsərinini gələcəkdə yeni quruluşda tamaşaçıların ixtiyarına verəcəyik.

İlyas Əfəndiyev dramaturgiyası bizim teatr üçün həmişə əzizdir, doğmadır. Bu həmin əsərlərin bədii cəhətdən sanballı olmasından, teatrın onlara ehtiyacından irəli gəlir.

- "Xurşidbanu Natəvan" əsərində əsas rolları kimlər ifa edirdilər? Ümumiyyətlə, bu tamaşanın yaradıcı heyəti haqqında deyə bilərsiniz?

- Bilirsiniz ki, "Xurşidbanu Natəvan" pyesi ilk dəfə 1981-ci ildə tamaşaya qoyulub. Həmin tamaşanın hazırlanması prosesi bu gün yadımdan çıxmır. Onda mən teatrda icraçı direktor vəzifəsində çalışırdım. Quruluşla əlaqədar bəzi işlər mənim boynuma düşmüşdü. Amma çətinlikləri səbrlə, təmkinlə dəf elədik. O zaman həmin əsərə indi Akademik Milli Dram Teatrın baş rejissoru vəzifəsində çalışan xalq artisti Mərahim Fərzəlibəyov quruluş vermişdi. Baş rolda Amaliya Pənahova çıxış edirdi. Tamaşanın bəstəkarı Arif Məlikov, rəssamı Elçin Aslanov idi.

İkinci quruluşun rejissoru isə əməkdar incəsənət xadimi Bəhram Osmanov, bəstəkarı əməkdar incəsənət xadimi Cavanşir Quliyev, rəssamı əməkdar artist İsmayıl Məmmədovdur.

Tamaşada baş rolu - Xurşidbanu Natəvan obrazını xalq artisti Bəsti Cəfərova canlandırır. Əsas rolları xalq artistləri Nurəddin Mehdixanlı (Xasay), Rafiq Əzimov (Mirzə Ruhullah), əməkdar artistlər Sabir Məmmədov (Seyid Hüseyn), Cəfər Namiq Kamal (Şahzadə), Mehriban Xanlarova (Təhminə), Tofiq Hüseynov (Qala rəisi) başqaları ifa edirlər.

Tamaşaçı reaksiya göstərir ki, İlyas Əfəndiyev dramaturgiyasına dünən olduğu kimi, bu gün ehtiyac var. Bu həmişəyaşar bir sənətdir.

 

 

Müsahibəni yazdı:

Atababa İsmayıloğlu

 

Ədəbiyyat qəzeti.-2009.-2 oktyabr.-S.1, 2.