Natəvan
Faşizm
barbarları dünya mədəniyyətinin böyük abidələrini
uçurub dağıtdıqları, böyük sənətkarların
ölməz əsərlərini öz murdar çəkmələri
ilə ayaqladıqları bir zamanda qəhrəman
xalqımız özünün mədəniyyətə,
şeir və sənətə məhəbbətini təcəssüm
etdirərək doğma paytaxtımız Bakının gözəl
meydanlarından birində altı heykəl ucaltdı.
Bu
heykəllər arasında qədim Şərq libasında,
gözəl qamətli bir qadın ötüb-keçənlərin
nəzərini daima cəlb edir.
Hər
keçən adam ixtiyarsız dayanır,
çarğatının ucunu ədəblə yana atmış,
əynində incəbelli çərkəzi arxalıq olan bu
qadının enli qaşları altından baxan gözəl
gözlərinə diqqət edir. Sanki oradakı dərin, alicənab
kədərin sirrini duymağa çalışır.
Bu,
XIX əsrdə zərif bir çiçək kimi Şuşa
dağlarında yetişmiş məşhur Azərbaycan
şairəsi Xan qızı Natəvandır.
Natəvan
bir şeir ulduzu kimi, dövrünün ən yaxşı
şairlərini öz ətrafına cəlb etmişdir.
Ədəbiyyat
tariximizdə "Məclisi-üns" adı ilə məşhur
olan ədəbi cəmiyyəti yaradan, ona ruh və rövnəq
verən Natəvan idi.
Bu
məclisə Zakirin nəvəsi Abdulla bəy Asi, Kəminə,
Xan Qaradağski və Nəva kimi görkəmli şairlər
daxil idi.
Natəvanın
ilham verdiyi "Məclisi-üns"ün üzvləri
Nizami, Füzuli, Xətai kimi böyük şairlərimizin əsərlərini
təhlil edib öyrənərmişlər.
Natəvan
öz müasirləri arasında dövrünün əzab və
iztirablarını, əməl və arzularını çox
təbii, incə bir avazla tərənnüm edən zərif təbiətli
bir şair kimi məşhur idi.
Natəvan
öz xalqının qızı idi. Onun dövründə
xalqımızın ağır dərdləri var idi.
Çar
istilası Azərbaycan xalqının həyatındakı əzab
və məşəqqətləri qat-qat artırmış,
ölkədə yeni faciələr yaratmışdı. Natəvanın
tərənnümlərindəki iniltilər məhz bu iztirab
və əzabların ifadəsi idi.
Zalımlara,
istilaçılara qarşı ədəbiyyatımızda
bir tərəfdən Mirzə fətəlinin, Seyid Əzimin,
Zakirin qəzəbli və amansız satirası
canlanırdısa, o biri tərəfdən Natəvanın neydən
daha həzin rübabı səslənirdi.
Onun
qəzəllərində böyük bir insan kədəri
duyulmaqdadır:
Yenə,
yarəb, nə qəmgindir mənim
bu
şad olan könlüm,
Rümuzi-eşqdən
agah olub, ustad olan kölüm.
Görübdür
yarı əğyarla, olubdur məhv nəzzarə,
Edibdir sinəsin yarə, mənim abad olan könlüm.
Niyə peymanədən keçdin, niyə zəncirdən qaçdın?
Nədəndir çöllərə düşdün, mənim
bərbad olan könlüm?
Bu böyük hicran, Natəvanın şəxsi iztirablarının tərcümanı olduğu kimi, dövründəki məşəqqətlərin də əks-sədasıdır. Lakin Natəvan bədbin deyildir.
Həyatın acılıqları onun nazik qəlbini hər dəqiqə qanadırdısa da, lakin ondakı həyat eşqini məğlub edə bilmirdi.
O, yaz səhəri
Natəvan bunu duyurdu. O, bəzən həyatın ağır kədərlərini öz rübabının zərif tellərində tərənnüm edə-edə onu nəhayətsiz insan eşqinə tərcih etmək istəyirdi…
Vətənimizin və xalqımızın fəxri, böyük ürəkli analarımızın timsalı olan şairə Natəvanın ölüm carçılarına əbədi cavabı olan bu sözlər heç bir zaman unudulmayacaq:
Cahanı tərk eləməz kim ki, aşiqi-candır,
Həyatdan üzüb əl, eyləməz cahan tərkin!
Çünki bu sözlər əzab və iztirabların məğlub edə bilmədiyi bir qəlbdəki böyük həyat sevgisindən doğmuşdur.
Şerimizdəki bu ölməz ənənə, kim bilir, bəlkə də, gözəllik və təbiət nəğməkarı olan Vaqifdən gəlmişdir?
Natəvan həm gözəl şairə, həm də böyük anadır. Onun ən gözəl şeirləri oğul məhəbbətindən, ana sevgisindən danışır.
Natəvanın əziz oğlu dünyadan vaxtsız gedərkən böyük şairənin qələmindən süzülən sözlərdə nə qədər saf bir ana qəlbinin çırpıntıları duyulur:
Varımdı sinədə dərdü qəmü nihan, ölürəm,
Fəda olum sənə, gəl eylə imtahan, ölürəm.
Fəraqdən gecələr yatmaram sabaha kimi,
Xəyali-zülfünə bağlı gedibdi can, ölürəm.
Bu ölməz qəzəldəki dərin hüzn bədbinlik deyil. Bu hüzn öz oğlunu sonsuz bir məhəbbətlə sevən ana qəlbinin böyük insani dərdidir.
Bizim analarımız daşqın sevincləri duymağı bacardıqları kimi, ağır kədərləri də yaşaya bilirlər. Bu hiss yalnız əsl analara məxsusdur.
Bizim anaların ürəyi öz qəhrəman oğulları üçün yanmağı bacarır. Bugünkü vətən müharibəsində vuruşan igid oğullarımız ana qəlbinin bu nəcib duyğusuna aşinadırlar. Onlar ana qəlbinin nə olduğunu bilməyən vəhşilərə, barbarlara qarşı çarpışırkən anadan, ana ürəyinin böyük qüdsiyyətindən qüvvət alırlar.
Natəvan bu müqəddəs oğul məhəbbətini bütün varlığı ilə duyan bir ana idi.
Bu gün eydi-şərif oldu, məgər, sahib-xəbərsənmi?
Güman etmə ki, işrət içrə əylənsin anan sənsiz.
Güli-ruyindən ayrı neylərəm mən gülüstan sənsiz,
Edər bülbül kimi nalə bu zarü Natəvan sənsiz.
Dünya ədəbiyyatında övlad dərdini, oğul hicranını Natəvan kimi dərindən hiss və tərənnüm edən ikinci bir şairəyə rast gəlmək çətindir.
Öz dostuna, sevgilisinə nəhayətsiz sədaqət, dönməz vəfa bizim xalqımıza məxsus bir ənənədir. Bu ənənə qədimlərdən bədii ədəbiyyatımızın ən əziz mövzularından biri olmuşdur.
Bizim gözəllər öz sevgililəri uğrunda cəfalara dözməyi, onların hicranında pərvanətək yanmağı öz səadətlərinin üzvi bir hissəsi kimi qəbul edirlər. Böyük Vətən davasında misilsiz igidliklər göstərən qəhrəmanlarımızın sevgililəri onların fərağına mərdliklə dözməyi özləri üçün, çox haqlı olaraq, böyük bir şərəf hesab edirdilər.
Natəvan əsl sevgililərin bu nəcib duyğularını nə qədər böyük və şairanə bir ilhamla tərənnüm etmişdir:
Qoyubdur intizarında, neçin gəlməz, neçin gəlməz?
Həmişə ahu zarında, neçin gəlməz, neçin gəlməz?
Könüldə ahu zarım var, nə səbrü, nə qərarım var,
Deməz bir dilfikarım var, neçin gəlməz, neçin gəlməz?
Böyük insani kədər, analıq məhəbbəti, sədaqət və vəfa duyğuları ilə bərabər Natəvanda dərin bir təbiət eşqi də var idi. Şairə ana vətənin çəmənlərində gəzərkən bəzən yol kənarında boynunu burmuş bir bənövşə qarşısında dayanır və onun qərib görünüşü ilə öz duyğuları arasında bir ahəng axtarırdı:
Fələk rənginə bənzər bu bənövşə,
Tutub səhraları həp su, bənövşə.
Neçin gülşənlərin tərkin qılırsan,
Düşübsən çöllərə dilcu, bənövşə.
Hələ qəddin bükülmüş pirlər tək,
Deyirsən sübhü şam ahu, bənövşə.
Səni şövqi-bahar aşiftə qılmış,
Çəkər aşiq olan qayğu, bənövşə.
Dilər ətrin könül badi-səbadən,
O zülfi-yar tək xoşbu, bənövşə.
Bəzən də günəşə qarşı gülümsəyən bir qərənfil görərkən şairənin qəlbindəki həyat və eşq həvəsi daha da coşur və onun sinəsindən belə incilər tökülür:
Səni kimdir sevən bica, qərənfil?
Sənə mən aşiqi-şeyda, qərənfil.
Səni gülşən ara aşiftə gördüm,
Yəqin bildim tutub sövda, qərənfil.
Belə pəjmürdə halilə durubsan,
Düşər güllər ara qovğa, qərənfil.
Driğa kim, vəfasızdır bu gülşən,
Gedər bu tələti-ziba, qərənfil.
Üzündən pərdeyi-nazın kənar et,
Unutma aşiqi haşa, qərənfil!..
Azərbaycan ədəbiyyatını əgər bir gülüstana bənzətmək lazım gələrsə, Natəvan bu gülüstan içində özünəməxsus zərif ətri ilə insanı sərməst edən bir bənövşədir. Buna görədir ki, Azərbaycan mədəniyyətinin altı böyük siması arasında onun da heykəli əzəmətlə yüksəlir.
(
"Ədəbiyyat qəzeti, 31
may 1942-ci il )
İlyas Əfəndiyev
Mehdi Hüseyn
Ədəbiyyat qəzeti.-2009.-2
oktyabr.-S.1, 2.