***

Mənim xoş üzə ehtiyacım var,

Sənin xoş sözə.

Götür kitabımı

Oturaq üz-üzə!

 

 

Qalan deyil

 

Kainatda mərtəbələr

Sonsuzluğa qədər gedir.

Sevinc lap ilk qatlardadır,

Uzaqlara kədər gedir.

Kədər yol-yoldaşım mənim,

Kədər dərdli başım mənim.

Başsız mümkün olan deyil,

Ömür yoldu yalan deyil.

Ömürlərdən yollar qalır,

Yol heç kəsə qalan deyil.

 

 

Qəbələdə qarşıladım payızı

 

Avqustun axırında,

Göydən od yağa-yağa

Mən getdim Qəbələyə,

Payızı qarşılamağa.

Müdrik qoz ağacları

Düzülüb yol yanında

Əsgər sıralarıyla.

Zümrüd sırğalarıyla,

Yola baxıb nazlanır

Zoğal - dağların qızı.

Armudlar budaqlarda

Saralıb gəl-gəl deyir

- Ayıların arzusu.

Yay yorub ağacları

Saçlarına dən düşüb.

Bulaq dağların sazı,

Çalınıb kökdən düşüb.

Hər ağac budağında

Saxlayıb payımızı.

Bakıdan Qəbələyə

Gəldim ki, hörmət ilə

Qarşılayım payızı.

 

 

Yaylı, qışlı Şamaxı

 

Mən sürünən dumanın

Göz yaşıydım, yağırdım.

Ağrıyan ürəyimdə

Bir bayatı çağırdım.

Qış gəldi hey, qaç, gəldi,

Qış gəldi vay Şamaxı.

Yay gəldi isti düşdü,

Gözəlim, ay Şamaxı.

Buluddan işıq kimi,

Güllü sarmaşıq kimi

Sarınırıq boynuna.

Unudulmuş haqq kimi,

Budağa yarpaq kimi

Qayıdırıq qoynuna.

Uşaq səsi, quş səsi

Güllərin rayihəsi

Yamaclarda çağlayır,

Sevincindən kövrəlib

Bulaqları ağlayır.

Çoban bayatısının

Əksi-sədası axır.

Bülbülün nəğməsindən

Gülün ədası baxır.

Bu gözəllik yanında,

Sevgi burulğanında

Zaman keçir an kimi.

Dağ dalından boylanır

Payız boz duman kimi.

Köçür quşlar, yarpaqlar,

Evlərin səsi köçür,

Dağdan, bağdan, dərədən

İnsan nəfəsi köçür.

Həyətlərdən ruh köçdü,

Evlər yan-yana qaldı.

Payız gəldi, biz getdik,

Dağlar dumana qaldı.

Heç bilmirəm, doğrusu,

Bu sevincdi, kədərdi?

Həyat belə dövr edir,

Etibar bu qədərdi

Yenə göylər güləcək,

Yenə bahar gələcək.

-Ay dağlar, xoş görmüşük.

-Ay insan, xoş gəlmisən.

Dünya belə qurulub,

uman var, küsən!

 

 

Çətin yol

 

Bu dünya bir bilməcədi,

Gah gündüzdü, gah gecədi.

Bilmədim nədi, necədi?

Gələndən gedənə kimi.

 

Bir bədəndə sağ var, sol var,

Qul qəlbində şah var, qul var.

Öz canımda çətin yol var

Ağıldan gödənə kimi.

 

Pis işi xəlvət görürük,

Yaxşını çölə səpirik.

Hamımız ömür sürürük

Dinsizlikdən dinə kimi.

 

 

Fikrət Qoca

 

Ədəbiyyat qəzeti.-2009.-2 oktyabr.-S.3.