İmza günündə

 

Sentyabrın 26-da Nizami muzeyinin birinci mərtəbəsində yerləşən kitabxanada xalq yazıçısı Anarın "Ağ liman", "Beşmərtəbəli evin altıncı mərtəbəsi" və Günel Anarqızının "Altıncı" əsərləri daxil edilmiş yeni bir kitabın imza günü keçirildi.

Mərasimi Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid açaraq xalq yazıçısı Anarın ədəbiyyatımız və mədəniyyətimiz qarşısındakı böyük xidmətlərindən, təqdim edilən kitaba daxil edilmiş "Ağ liman" və "Beşmərtəbəli evin altıncı mərtəbəsi" əsərlərinin Azərbaycan insanının yetişməsi prosesindəki yerindən ətraflı bəhs etdi.

Millət vəkili, yazıçı-publisist Elmira Axundova imza günlərinin ənənə halını almasını təqdir edərək dedi: "Çox maraqlı bir layihədi. Bu layihənin təşəbbüskarı olan Anar bizim canlı klassiklərimizdən biridir. Onun haqqında saatlarla danışmaq olar. Şadam ki, Anar müəllimin ailəsində üçüncü, dördüncü nəsil ədəbiyyat adamları yetişir. Mən burada çox görkəmli ziyalılarımızın işıqlı simalarını, çoxsaylı oxucuları görürəm və sevinirəm ki, bizdə kitaba olan maraq öləzimir".

Şair Əjdər Ol mərasimdəki qısa nitqində vurğuladı ki, bütün yaxşı kitabların nəsillərdən keçmə mərhələsi olur, yeni nəsillər bu kitablardan bəhrələnir, şəxsiyyət kimi yetişirlər: "Elə kitablar var ki, onlar bütün nəsillər üçün maraqlıdı. Burada təqdim olunan kitaba daxil edilən əsərlər də həmişə oxucu marağında olub, o əsərlər əsasında filmlər çəkilib, tamaşalar hazırlanıb, bunun səbəbi onunla bağlıdır ki, həmin əsərlərdə cəmiyyəti maraqlandıran ən aktual məsələlər öz əksini tapıb".

Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı xatırlatdı ki, o həyatında ilk dəfə 1964-cü ildə belə bir mərasimə qatılıb: "Rəhmətlik Məmməd Araz 1964-cü ildə "Mən səni görmüşəm" kitabını imzasıyla mənə verib. İndi ikinci dəfədir ki, Anar müəllimlə Günel xanımın birgə nəşr olunmuş kitablarının imza günündə iştirak edirəm. Günelin yaradıcılığında, şəxsiyyətində, qadın ruhunda kişi əzmkarlığı görürəm. Anar müəllimsə həmişə Azərbaycan kitabının keşiyində ləyaqətlə dayanan bir şəxsiyyət olub. Bu gün Anar haqqında yaza bilən də, yaza bilməyən də yazır. Ancaq çox vaxt olanı, haqqı yazmırlar. Ancaq Anar mənim gözümdə həmişə zirvə olub. O, anlamaq dərdini, anlaşılmamaq dərdinin faciəsini yaşayan adamdı. Bu faciəni Mirzə Cəlil də yaşayıb, Hüseyn Cavid, Əli bəy Hüseynzadə və başqaları da… Anar Azərbaycanı dünyada təmsil etməyi bacaran, təmsil edən bir şəxsiyyətdi və əsərlərinə olan əbədi maraq da buradan qaynaqlanır.

Millət vəkili Cəmil Həsənli kitabın az qala gözdən düşdüyü bir məqamda belə tədbirlərin böyük təsir gücünə malik olduğunu önə çəkdi, xalq yazıçısı Anarın cəmiyyətimizdə dəyərli yeri olduğunu dilə gətirdi, dedi ki, ədəbiyyatımızın, mədəniyyətimizin tarixində Anar elə bir yüksək yerdə dayanır ki, bəlkə də biz o yüksəkliyi hələ bütün aydınlığıyla görə bilmirik.

"Ulduz" jurnalının baş redaktoru Elçin Hüseynbəyli Anarın cəmiyyətdəki yerini əxlaq məktəbi kimi dəyərləndirdi, xalq artisti Amaliya Pənahova təqdim edilən kitaba daxil edilən əsərlərin ədəbi qəhrəmanlarının ona yaxşı tanış olduğunu, bu əsərlər əsasında hazırlanan tamaşalarda baş rolların ifaçısı olmasından qürur duyduğunu söylədi.

Şair Qəşəm Nəcəfzadə də xalq yazıçısının parlaq yaradıcılığından, örnək olan şəxsiyyətindən, onun türk dünyası qarşısındakı xidmətlərindən söz açdı.

Tənqidçi-ədəbiyyatşünas Gülrux Əlibəyova daha çox Günel xanımın yaradıcılıq imkanları üzərində dayandı, onun bədii təfəkkürünün və yaradıcılığının vurğunu olduğunu önə çəkdi, gələcəyinə ümidli olduğunu dedi.

Tədbirdə çıxış edən Günel Anarqızı dedi: "Hamınıza təşəkkür edirəm, bu qədər insanın bir yerə cəm olması, imza gününə qatılması ilk növbədə kitaba, ziyalıya olan marağın təcəssümüdü".

Sonda xalq yazıçısı Anar təqdim edilən kitabın araya-ərsəyə gəlməsində əməyi olanlara dərin təşəkkürünü bildirdi: "Mən hər dəfə xarici ölkələrdə bu tipli mərasimlərin keçirildiyini görəndə düşündüm ki, belə tədbirləri bizdə də keçirmək yaxşı olar. Yazıçılar Birliyində "Bayatı" kitab-mağazası yaranandan sonra ilk olaraq orada imza günlərinin keçirilməsi təşəbbüsündə oldum. İlk nəticələr pis olmadı. Artıq imza günləri bir ənənə şəklini alıb və bu məni çox sevindirir".

 

 

Sərvaz

 

Ədəbiyyat qəzeti.-2009.-2 oktyabr.-S.3.