Almaniyadan məktub
Almaniyada
yaşayan həmvətənimiz, Azərbaycan
Yazıçılar Birliyinin üzvü, AMEA M.Füzuli
adına Əlyazmalar İnstitutunun ştatdan kənar əməkdaşı
Məhəmmədəli Hüseyni xaricdə yaşayan azərbaycanlılar
içində vətəndaşlıq fəallığı
ilə seçilən ədəbiyyat tədqiqatçısıdır.
O neçə illərdən bəridir ki, Azərbaycan ədəbiyyatı
tarixi sahəsində apardığı araşdırmaları
ilə respublikamızın dövri və elmi mətbuatında
çıxış edir, maraqlı tapıntıları
haqqında Azərbaycan ictimaiyyətinə məlumat verir. O
böyük çətinliklər bahasına olsa da, bir
çox bizə naməlum olan yazılı abidələrimizi
dünyanın müxtəlif kitabxanalarından taparaq, surətlərini
çıxarmış, Bakıya - Əlyazmalar İnstitutuna
göndərmişdir.
M.Hüseyninin
bütün dünya azərbaycanlılarının maraqla izlədiyi
«Ədəbiyyat qəzeti»nə təqdim etdiyimiz bu məqaləsində
XV əsrin görkəmli Azərbaycan şairi Kişvərinin
həyat və yaradıcılığına dair orta əsr mənbələri
tədqiqat obyektinə çevrilir, şairin Tehranın Məclise-Şuraye-İslami
Kitabxanasında saxlanan türkcə divanı barədə ilk
dəfə məlumat verilir. Ən maraqlı cəhət odur
ki, bu divan həm də dövrünün mahir xəttatı
kimi tanınan Kişvərinin öz əli ilə
köçürülubdür. Məlum olduğu kimi, klassik ədəbiyyatımızın
cəmi bir neçə nümayəndəsinin əsərlərinin
onların öz əli ilə yazdığı nüsxəsi
- avtoqrafı əlimizə çatmışdır. Orta əsr
təzkirələrindən istifadə edən müəllifin
Kişvərinin həyat və yaradıcılığına
dair söylədiyi fikirlər diqqətəlayiqdir.
Paşa ƏLİOĞLU
Kişvəri
divanının avtoqraf nüsxəsi
XIII əsrdən etibarən ümumxalq dili əsasında təşəkkül tapmağa başlayan Azərbaycan ədəbi dili XV əsrdə yaranmış əlverişli ictimai-siyasi şəraitdə inkişaf etməkdə idi. Milli mədəniyyətə, türk dilinə sayğı ilə yanaşan Qaraqoyunlu və Ağqoyunlu hökmdarlarının qayğısı, həmin dövrdə Heratda dahi Əlişir Nəvai və Sultan Hüseyn Bayqaranın yaratdığı cığatay-türk ədəbiyyatının, möhtəşəm ədəbi məktəbin təsiri nəticəsində anadilli ədəbiyyatımızın çiçəklənməsində mühüm rol oynayan Cahanşah Həqiqi, Əfsəhəddin Hidayət, Əhmədi Təbrizi, Dədə Ömər Rövşəni, Şeyx İbrahim Gülşəni, Süruri, Xətai Təbrizi, Xəlili, Həbibi, Kişvəri kimi sənətkarlarımız meydana çıxır.
Adları çəkilən şairlərdən Kişvərinin həyat və yaradıcılığı diqqətimizi xüsusilə cəlb edir.
XVII əsrin mütəfəkkir şairi Saib Təbrizi özünün «Səfinə» məcmuəsinə Kişvərinin aşağıdakı iki şah beytini daxil etmişdir:
Xəstə canım çəkdi ah ol
nərgisi-xəttan görüb,
Avçı tək kim ox çıxarub
belidən ceyran görüb...
Vəh nə avçıdür gözün kim,
qaşlarundan bal açub,
Qafi-qüdrət quşidən iki qanat almış gəlür.
Ağqoyunlu hökmdarı
Sultan Yəqubun sarayına yaxın olmuş Kişvəri gözəl şair və mahir bir
xəttat kimi müasirləri - xüsusilə
Əlişir Nəvai,
eləcə də ondan sonra yaşamış
şairlər tərəfindən
yüksək dəyərləndirilmişdir. O, təxminən
XV əsrin ikinci yarısında - XVI əsrin
əvvəllərində yaşayıb-yaratmışdır.
Müasir dövrün ədəbiyyatşünaslarından
ilk dəfə İsmayıl Hikmət özünün «Azərbaycan
ədəbiyyatı tarixi»
adlı əsərində
şair haqqında məlumat vermişdir. Sankt-Peterburqun Şərq muzeyində
saxlanan əlyazmada Xətai məsnəvisinə
rast gələn alim həmin məcmuədə Kişvəri
təxəllüslü şairin
bir neçə türkcə qəzəlini
də görmüş,
əlində olan məhdud materiallar əsasında bu şeirlərə münasibətini
bildirmişdir. İsmayıl
Hikmət şeirlərinin
dil və üslubu əsasında Kişvərinin Azərbaycan
şairi olduğunu bildirmiş, onu həssas və rəvan təbli şair kimi qiymətləndirmiş, Şah
İsmayıl Xətainin
müasiri olduğunu təxmin etmişdir.
1946-cı ildə akademik Həmid Araslı Kişvərinin
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda
saxlanan əlyazma divan haqqında ilk dəfə məlumat verir. Aşkar edilən bu nüsxə şairin həyat və yaradıcılığı barədə
daha ətraflı danışmağa imkan verirdi. Əlyazma əsasında tədqiqatını
quran görkəmli alim şairin bədii yaradıcılığını
təhlil edərkən
onun ədəbi dilimizin inkişafındakı
rolunu da xüsusilə vurğulamışdır. Divanı elmi ictimaiyyətə təqdim edən H.Araslı filoloqların, dilçi alimlərin diqqətini şairin yaradıcılığına cəlb
etmişdir.
1976-cı ildə professor Cahangir Qəhrəmanov Kişvəri
divanının elmi təsvirini vermişdir. 77
vərəqdən ibarət
bu yarımçıq
və nöqsanlı əlyazma divanında Kişvərinin 253 qəzəli,
9 müxəmməs, 26 rübai
və 1 poema olduğunu bildirən alim divanın imla və qrafik-orfoqrafik xüsusiyyətlərinə dair
ətraflı məlumat
vermişdir.
Dilçi alim Roza Eyvazova
1983-cü ildə nəşr
etdirdiyi «Kişvəri
divanının dili (morfoloji xüsusiyyətlər)»
adlı tədqiqat əsəri də diqqətimizi cəlb edir.
Kişvəri divanı ilk dəfə 1984-cü ildə
Cahangir Qəhrəmanovun
tərtibatı və
ön sözü ilə çap edilmişdir. 163 səhifədən
ibarət olan Kişvəri divanının
bu nəşrində çoxsaylı qüsurların
olduğunu görürük.
Tərtibçidən əlavə
3 redaktorunun olduğuna
baxmayaraq, kitab səhvlərlə doludur.
Qəzəllərin sıralanma,
tərtib prinsipi də pozulmuşdur. Ön sözdə Kişvəri divanının
Bakı nüsxəsindən
başqa aşkar edilən iki əlyazma nüsxəsi barədə də məlumat verilir. Onlardan biri Səmərqənd
Elmi-Tədqiqat İnstitutunun kitabxanasında,
digəri isə Daşkənddə - Biruni
adına Şərqşünaslıq
İnstitutunda saxlanır.
Səmərqənd nüsxəsinin
Bakı nüsxəsindən
köçürüldüyü məlum olmuşdur.
Sadalanan nüsxələrdən
başqa Kişvərinin
Azərbaycan türkcəsindəki
divanının bu yaxınlarda aşkar etdiyimiz yeni bir nüsxəsi barədə məlumat vermək istərdik. İlk dəfə Əhməd Münzəvi
1977-ci ildə nəşr
etdirdiyi «Fehristi-nüsxəhaye-farsi» kataloqunda bu yazılı abidənin İranın Parlament (indiki Məclise-Şuraye-İslami)
kitabxanasının təsviri
verilməmiş kitabları
sırasında mövcud
olduğunu bildirmişdir.
Son illərdə həmin əlyazmaların
da kataloqu Seyid Məhəmməd Təbatəbai Bəhbəhani
tərəfindən tərtib
edilmiş və
2007-ci ildə «Fehriste-müxtəsəre-nüsxəhaye-fəttiye-kitabxaneye-Məclise-Şuraye-İslami»
adı ilə nəfis şəkildə
çap edilmişdir.
Həmin kataloqda Kişvərinin 9162-ci nömrə
altında mühafizə
edilən türkcə
divanı barədə
məlumat verilibdir. Bu yazılı abidənin elmi təsviri indiyədək verilməmişdir. Nüsxə
haqqında verəcəyimiz
bütün məlumatları
divanın əlyazmasının
möhtərəm alim
Hüseyn Müttəqqi
vasitəsi ilə aldığımız surəti
əsasında əldə
etmişik.
Təəssüf ki,
Bakı və Daşkənd nüsxələri
kimi bu nüsxə
də dövrümüzə
mükəmməl şəkildə
gəlib çatmamışdır.
fars və türk (Azərbaycan) dillərində yazılan
şeirlərindən ibarət
olan bu divanın
vərəqlərinin bir
hissəsi tökülmüş, yazılı
abidədən yalnız
91,5 vərəq (183 səhifə)
qalmışdır. Bunun da
26,5 vərəqi (53 səhifə)
şairin ana dilində yazdığı
qəzəlləri və
bir neçə müəmmanı əhatə
edir. Əlyazmanın Bakı və Daşkənd nüsxələri
ilə müqayisədə
(Səmərqənd əlyazması
Bakı nüsxəsindən
köçürüldüyünə görə hesaba alınmır) yeni aşkar
edilmiş əlyazmanın
ən önəmli və diqqətəlayiq məziyyəti ondan ibarətdir ki, bu divan şairin
öz əli ilə yazılmışdır.
Əlyazmanın əvvəli,
ortası və sonundakı bəzi vərəqlər düşdüyü
üçün burada
bizim tərəfdən
vərəqlərin nömrələnməsi şərti sayılmalıdır. Abidənin
keçən əsrin
birinci yarısında
bərpa olduğu təxmin edilir. Bərpa zamanı cildin arxasına bir ağ vərəq əlavə edilərək
yapışdırılmışdır. Şərq əlyazmaçılığında
zəhr adlanan həmin vərəqin a tərəfində İranın məşhur
əlyazmaçı alimi
Mehdi Bəyani bu əlyazma divan barədə belə yazmışdır:
«Məndə Sədi
«Bustan»ının bir neçə nüsfəsi var ki, sonları bu sözlərlə tamamlanır: «Kətəbə
ələbd əlzəif
Kişvəri 896 m[təmam]. Nüsxəni (Kişvəri divanı nəzərdə tutulur -
M.H.) həmin «Bustan» əlyazmaları ilə tutuşdurduqda heç bir tərəddüdə
yol vermədən bu divanın şairin (Kişvərinin
- M.H.) öz əlilə
yazıldığını deyə bilərik.
Əmir Əlişir
Nəvai «Məcalisün-nəfais»ində Kişvərinin nəstəliq
xətti ilə yazan xoşnəvis (xəttat) şairlərdən
olduğunu bildirir. Əlbəttə, bu nəstəliq xətti (Kişvərinin xətti
-M.H.) 9-cu əsrin (miladi
XV əsr) xoş xətlərindən hesab olunur.
Məhəmmədəli
HÜSEYNİ
Berlin
Ədəbiyyat qəzeti.-2009.-2
oktyabr.-S.3.