“Heydər Əliyev və Azərbaycan ədəbiyyatı”

 

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutu Azərbaycan Yazıçılar Birliyinin 75 illiyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” kitabını nəşr etdirmişdir. “Şərq-Qərb” nəşriyyatında nəfis tərtibatda işıq üzü görən kitabda müasir Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin ömür yoluna, ictimai-siyasi fəaliyyətinə müxtəsər nəzər salınmış, ulu öndərimizin milli ədəbiyyatımızla bağlı fikir və mülahizələri təhlil edilmiş, folklorun və klassik ədəbi irsin tədqiqinə, nəşrinə, təbliğinə qayğısından söz açılmış, mədəniyyət sahəsində müdrik siyasətinin mahiyyəti diqqətə çatdırılmışdır.

Kitab yeni nəşrin elmi redaktoru akademik Bəkir Nəbiyevin qələmə aldığı “Heydər Əliyev haqqında etüdlər” bölməsi ilə açılır. “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” kitabında müqəddimə kimi düşünülmüş yazıda müəllif müdrik siyasətçinin yalnız bəzi görkəmli sənətkarlarımız haqqında dediklərini müxtəsər şərh etməklə kifayətlənməmiş, eyni zamanda ulu öndərimizin elm və sənət bilicisi kimi tanınan dövlət başçılarından fərqini də oxuculara çatdırmışdır. Bu münasibətlə o yazır: “Onu yaxından tanıyanların müşahidələri də sübut edir ki, Heydər Əliyev on illər boyu öz yüksək erudisiyası, zəngin bilik ehtiyatı, heyrətamiz təhlil qabiliyyəti, hər bir mövzuya yaradıcı münasibətilə qarşısında çıxış etdiyi auditoriyanı məhz həmin sahə üzrə ixtisaslaşması həqiqətinə inandıra bilmişdir. Buna görə də memarlar onu memar, kino işçiləri kinoşünas, tarixçilər tarixçi, ədəbiyyatçılar ədəbiyyatşünas kimi qəbul edirdilər. Onun politologiyaya, dövlət idarəçiliyi, iqtisadiyyat, bank-maliyyə işi və sair sahələrlə bağlı nitq və çıxışlarını, mülahizə və fikirlərini də buraya əlavə etsək, gözlərimiz önündə həqiqətən də XX əsrdə siyasətçilər və dövlət xadimləri arasında az təsadüf edilən ensiklopedistin, özəlliklə də yorulmaq bilməyən bir humanitarın yaddaqalan, koloritli obrazı canlanır”.

Adının 5 bölmədə (“Heydər Əliyev haqqında etüdlər”, “Heydər Əliyev və Azərbaycan folkloru”, “Heydər Əliyev və klassik ədəbiyyat”, “Heydər Əliyev və ədəbi proses”, “Heydər Əliyev və Azərbaycançılıq”) ehtiva olunduğu kitabda ulu öndərin ölkəmizdə ədəbiyyatın inkişafına göstərdiyi diqqət və qayğı ətraflı şərh olunmuşdur.

Nizami adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə nəşr olunan kitabda ümummilli liderin yazıçılarla müxtəlif görüşlərində çəkilmiş fotoşəkilləri də yer almışdır.

 

 

Ədəbiyyat qəzeti.-2009.-2 oktyabr.-S.2.