Aida
İmanquliyeva Azərbaycanda ilk şərqşünas
qadın alim kimi milli tariximizdə şərəfli
yer tutmuşdur
Sentyabrın 19-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) və AMEA-nın Şərqşünaslıq İnstitutunun kollektivləri, Milli Məclisin deputatları, respublikanın qadın ictimaiyyətinin nümayəndələri İkinci Fəxri xiyabana gələrək XX əsrin tanınmış ziyalılarından biri, görkəmli şərqşünas alim, tərcüməçi, filologiya elmləri doktoru, professor Aida xanım İmanquliyevanın xatirəsini dərin ehtiramla yad etmiş, məzarı üzərinə əklillər və gül dəstələri qoymuşlar.
Anma mərasimində komitənin sədri Hicran Hüseynova alimin həm elmi, həm də ictimai fikir tarixindəki yerindən və rolundan danışmışdır. Bildirilmişdir ki, Aida xanım İmanquliyeva Azərbaycan şərqşünaslıq elminin korifeylərindən biri, yorulmaz tədqiqatçı, həssas qayğıkeş, nəcib bir insan idi. Aida xanım Azərbaycanda ilk şərqşünas qadın alim kimi milli tariximizdə şərəfli yer tutmuşdur.
AMEA-nın
Şərqşünaslıq İnstitutunun direktoru Gövhər
Baxşəliyeva alimin bu gün də
aktuallığını itirməyən zəngin ədəbi
irsindən danışmış, onun mühacir ərəb ədəbiyyatını
dərindən tədqiq etdiyini, şərqşünaslıq
elmində silinməz iz qoyduğunu bildirmişdir: “Aida
xanım İmanquliyevanın tədqiqat əsərləri və
tərcümələri ədəbiyyat və mədəniyyət
xəzinəmizin zəngin sərvətləridir. Qələmə
aldığı bütün əsərləri bu insanın əsl
elm fədaisi, cəsarətli fikir və söz sahibi, kamil
şəxsiyyət olduğunu təsdiq edir. Aida xanım
qısa, lakin şərəfli ömrü boyu Azərbaycan
elminin inkişafı yolunda bacardığını etdi. Azərbaycan
Elmlər Akademiyası Şərqşünaslıq
İnstitutunun direktoru işlədiyi illərdə bu elm
ocağının təkmilləşdirilməsi
üçün böyük işlər gördü”.
Qeyd edək
ki, Bakıda XX əsrin tanınmış şərqşünası
A.İmanquliyevanın 70 illik yubileyinə həsr edilən
“Şərq və Qərb: ortaq mənəvi dəyərlər,
elmi-mədəni əlaqələr” mövzusunda Beynəlxalq
İbn Ərəbi Simpoziumu keçiriləcəkdir. Milli Elmər
Akademiyasının və Böyük Britaniyanın Oksford
Universitetinin İbn Ərəbi Cəmiyyətinin təşkilatçılığı
ilə baş tutacaq tədbirdə alimin bu istiqamətdə
gördüyü tədqiqatları və
araşdırmaları ətrafında müzakirələr
aparılacaqdır. Oktyabrın 9-dan 11-dək davam edəcək
simpoziumda görkəmli şərqşünas alim Aida
İmanquliyevanın yaradıcılığında Şərq-Qərb
mədəniyyətlərinin qarşılıqlı təsiri
və əlaqələri, ortaq mənəvi dəyərləri,
sivilizasiyaların yeni inkişaf mərhələsinin mədəni
təməlini formalaşdıran amillər, İbn Ərəbinin
bədii, fəlsəfi yaradıcılığı ilə Azərbaycan
klassik ədəbiyyatı arasında əlaqə və digər
mövzular ətrafında məruzələr dinləniləcək,
bu istiqamətdə müasir dünya elmini
düşündürən problemlər ətraflı
müzakirə olunacaqdır. Aida İmanquliyeva Şərq-Qərb
elmi-mədəni əlaqələrini nəzəri problem kimi əsaslı
və sistemli şəkildə tədqiq və təhlil edərək
şərqşünaslıq elminin bu istiqamətində yeni mərhələ
açmışdır. Alimin 70 illik yubileyinə həsr edilən
“Şərq və Qərb: ortaq mənəvi dəyərlər,
elmi-mədəni əlaqələr” adlı simpoziumda
dünyanın humanitar və ictimai elmlər sahəsində
aparıcı elm mərkəzləri olan ABŞ-ın Corc
Vaşinqton və Boston universitetlərinin, Rusiya Elmlər
Akademiyasının Maksim Qorki adına Dünya Ədəbiyyatı
İnstitutunun, Sankt-Peterburq Şərq Əlyazmalar
İnstitutunun, eləcə də fransa, İspaniya, Misir və
digər ölkələrin tanınmış alimləri
iştirak edəcəklər.
Azərbaycanın
dünyanın siyasi, iqtisadi, mədəni həyatına
inteqrasiya etdiyi bir vaxtda A.İmanquliyevanın elmi irsinin daha
geniş müstəvidə, dünya səviyyəsində hərtərəfli
öyrənilməsi olduqca zəruridir. Belə bir simpoziumun
keçirilməsi şərqşünaslıq elminə veriləcək
yeni töhfələr baxımından da əlamətdardır.
Ədəbiyyat
qəzeti.-2009.-2 oktyabr.-S.2.