Novruz Şərq ölkələrində
Qarlı
və soyuq qışdan sonra təbiətin dirçəlişinin,
ilıq baharın gəlişinin rəmzi olan Novruz bayramı
qədim dövrlərdən Şərq xalqlarına yadigar
qalan ən nəcib, xoş əhval-ruhiyyəli, sevimli
bayramlardan biridir. Bahar bayramı xeyirxah hisslərin, insani
duyğuların, mərdliyin və dostluğun tərənnümü
bayramıdır; ruzi bayramı, əmək bayramıdır;
Novruz təmizlik, saflıq, gözəllik bayramıdır.
Məhəmməd
Əmin Rəsulzadə yazır ki, qədim İran rəvayətlərində
Novruzun gəlişi Cəmşidin taxta çıxması ilə
əlaqələndirilir. Guya Cəmşid
dünyanın hər tərəfini gəzmiş, Azərbaycana
gəlmiş, bu diyarı hər yerdən çox bəyənərək
gündoğana baxan yüksək bir təpədə taxt
qurdurmuş və tacqoyma mərasimini burada keçirmişdir.
Günəşin şüaları şahın
daş-qaşla bəzənmiş taxt-tacına, libasına
düşüb nura qərq edib. Elə buna görə də
şahın adının "Cəm" (Sultan, padşah)
sözünün sonuna "şid" (pəhləvi dilində
"şüa" deməkdir) əlavə olunub və bu əfsanəvi
şah tarixə Cəmşid, yəni "Nur saçan
padşah" adı ilə daxil olub. Həmin gün
böyük bayram şənlikləri keçirilmiş və
bu gün Yeni gün (Novruz) elan edilmişdir. Beləliklə,
Novruz bayramı yeni günün, yeni ilin, yeni həyatın
başlanğıcı bayramı olmuşdur.
Yaxın
və Orta Şərqin bir çox ölkələrində bu
bayram əziz və səbirsizliklə gözlənilən bir
mərasim kimi qeyd edilir. Təbiətə
sitayiş, təbiətin qış yuxusundan ayılması ilə
bağlı olan Novruzun mərasimləri qədim tarixə
malikdir və zaman keçdikcə bu mərasimlər
şamanlıq, atəşpərəstlik, islam kimi dinlərin
və etiqadların təsiri nəticəsində dəyişmiş,
yeni-yeni elementlərlə zənginləşmişdir.
Yeni il -
Novruz bayramı Mərkəzi Asiyadan Balkanlara qədər
uzanan böyük bir ərazidə məskunlaşan
bütün türk xalqları tərəfindən sevinclə
qarşılanır. Keçirilmə günü müxtəlif
olsa da, bunların hamısı Azərbaycanda "bayram ayı"
deyilən və 20 fevraldan 21 marta qədər olan dövrü
əhatə edən müddətə təsadüf edir.
Qədim türklər arasında "Ərgənəkon"
kimi tanınan, ilin dəyişdiyini, baharın gəlməsini,
təbiətin qış yuxusundan ayıldığını
göstərən bu bayramın adı bu gün türk
xalqları arasında müxtəlif şəkildə səslənir. Məsələn,
qırğızlarda "nooruz", özbəklərdə
"novruz", qazaxlarda "novruz, nauruz", uyğurlarda
"noruz, novruz", azərbaycanlılarda "novruz, (noruz),
noyruz”, Krım tatarlarında "navrez", kazan
tatarlarında "neuruz", Balkan türklərində
"mevriz", Yuqoslaviya türklərində "sultanı
navrız", Kipr türklərində "mart dokuzu",
Anadolu türklərində "Sultanı nevruz (nevruz sultan)",
"mart dokuzu, mart bozumu" və s.
Türk
xalqları arasında Novruz bayramının keçirilməsi
məzmun baxımından eyni olsa da, şəkilcə müxtəlifdir.
Bu baxımdan mərasimlərin keçirilməsini şərti
olaraq üç əsas qismə ayırmaq olar: Mərkəzi
Asiya, Ön Asiya, Şərqi Avropa.
Mərkəzi
Asiya qisminə Qazaxıstan, Sibir, Altay və Şimal-Qərbi
Çin türkləri - uyğurlar daxildir. Bu ərazidə -
bayram şənlikləri əsasən aşağıdakı
şəkildə keçirilir: Bayram günü əhali kənd-kənd,
oba-oba göy çəmənliklərdə, çay kənarında
toplaşır, çalır, oxuyur, oynayırlar. "Daş
qazan" deyilən böyük çənlərdə
"bayram aşı" bişirilir. Bu yeməyə bəzən
"gecə" də deyilir və əsasən buğdadan
hazırlanır. Qaranlıq düşdükdən sonra
tonqallar qalanır və üzərindən hoppanırlar.
Bayram şənliklərinin əsas tərkib hissələrindən
biri də at yarışları, "keçiqapdı"
oyunudur. Bu günlərdə aşıqlar xalq
qarşısında çıxış edir, Novruz
mahnıları, "Ərgənəkon", "Manas" və
başqa dastanlardan parçalar oxuyurlar.
Ön
Asiya qisminə şərti olaraq Şərqi Anadolunu,
Zaqafqaziyanı, Cənubi Azərbaycanı və Özbəkistanı
daxil etmək olar. Bu ərazidə bayramın keçirilməsində
İran ənənələrinin təsiri nəzərə
çarpır. Lakin türk ənənələri
üstünlük təşkil edir.
Bayrama
hazırlıq bir ay əvvəl başlayır. Evdə, həyət-bacada
səliqə-sahman yaradılır, bayram üçün
yemiş tədarükü görülür, səməni
buğdası isladılır, hər çərşənbə
"üskü" - tonqallar qalanır. Dördüncü
"üskü" axır çərşənbəyə
təsadüf edir. Bu gün də, bayram günü olduğu
kimi, müxtəlif yeməklər hazırlanır,
xonçalar qurulur. Bayram axşamı, səhər tezdən hər
kəs əzizinin, öz qohum-əqrəbasının qəbrini
ziyarət edir. Quran oxutdurur, məzarın ətrafını səliqəyə
salır, ora bayram yemişi qoyur. Günortadan sonra şənliklər
başlayır. Həmin axşam hər adam öz ailəsi ilə
süfrə arxasına yığışır, müxtəlif
yeməklər, şirnilər, yemişlər
hazırlanır. Bayram xonçasının ətrafında
ailə üzvlərinin sayı qədər şam
yandırılır. Bayramın səhəri günü
hamı təzə paltar geyir, bir-birinin evinə qonaq gedirlər.
Cavanlar dəstə-dəstə toplaşır, oxuyur, yallı
gedirlər. Aşıqlar, kəndirbazlar, aktyorlar öz məharətlərini
göstərirlər. Bu gün küsənlər
barışmalı, heç kəs bir-birini incitməməlidir.
Bu bayram
dövründə çoxlu oyunlar mövcuddur - Koskosa,
qapı pusma, baca-baca, şalatma, suya üzük atma, xan oyunu və
s. Bütün bu oyunlar baharın gəlməsi, təbiətin
oyanması, yaz tarla işlərinin başlanması ilə əlaqədardır.
Kosa oyunu
oynayan cavanlar dəstəylə evləri gəzir, oxuyur,
oynayır, müxtəlif tamaşalar göstərir və
bunun müqabilində ərzaq və şirniyyat toplayırlar.
Sonra onlar birlikdə bu toplanan ərzağı yeyib, şənlənirlər.
Ön
Asiya və Şərqi Avropa ərazisinə daxil olan türklər
- qaqauzlar, Krım, Bolqariya, Yuqoslaviya, Kipr türkləri və
s. bahar bayramını müxtəlif şənliklər,
oyunlar, mahnılarla qarşılayırlar. Hər bir kənd
(Kiprdə isə bir neçə kənd) ya böyük bir
meydanda, ya da kəndin kənarındakı çəmənlikdə
bir yerə toplaşır, ümumi yemək mərasimi ilə
bayramı qeyd edirlər. Bu ərazidə yaz çiçəkləri
mühüm rol oynayır. Onları bolluq, sağlamlıq,
xoşbəxtlik rəmzi kimi yaxın adamlarına
bağışlayır, saçlarına taxırlar. Bayram
münasibəti ilə yumurta boyayırlar. Bunların bir hissəsini
ailə üzvlərinə, digər hissəsini isə
bayramı təbrik etməyə gələn gənclərə,
uşaqlara verirlər.
Novruz
münasibəti ilə bişirilən yeməklər müxtəlifdir
və əsasən məhəlli xarakter daşıyır. Məsələn,
Krımda toyuq və toyuq şorbası, Yuqoslaviyada
"karavay" adlı çörək, hörük şəkilli
bulka, quzu budu və quru lobyadan hazırlanmış xüsusi
xörək bişirilir. Süfrələri bayram xörəkləri
və şirniyyat ilə bəzədilmiş evlərin
qapıları bayram günləri bütün qonaqların
üzünə açıq olur.
Novruz
İran xalqlarının əsas bayramıdır. Rəsmi təqvimə
görə bu bayram həm də yeni ilin
başlanğıcına - fərvərdin ayının 1-nə
(21 mart) təsadüf edir.
İranda
Novruzla bağlı ən mühüm mərasimlərdən
biri "axır çərşənbə"dir (farsca:
"Çəharşənbə - suri"). Bu mərasim ilin
sonuncu çərşənbə gecəsi keçirilir. Həmin
axşam uşaqdan tutmuş böyüyə qədər
hamı tikan kollarını və odunu bir yerə toplayıb
tonqal qalayır, deyib gülə-gülə odun üstündən
o yan-bu yana atlanırlar. Hər dəfə tullananda tonqala
müraciətlə deyirlər: "Mənim
sarılığım sənə keçsin, sənin
qırmızılığın mənə!" Bu proses
tonqal sönüb qurtaranadək davam edir. Adətə görə,
tonqalı söndürmək olmaz, o özü yanıb
qurtarmalıdır.
"Axır
çərşənbə"nin maraqlı ünsürlərindən
biri də "qulaq falı"dır. Belə
ki, həmin axşam adamlar küçədə, adətən
dörd yol ayrıcında dayanıb niyyət edirlər və
yol ötənlərdən eşitdikləri təsadüfi
sözlər arasında bu niyyətin həyata
keçib-keçməyəcəyini müəyyənləşdirirlər.
"Axır
çərşənbə" axşamı kimin evində xəstəsi
varsa, bir qab və çömçə götürüb evdən
çıxır. Hər hansı bir qapıya
yaxınlaşıb üzünü örtür, heç bir
söz demədən çömçə ilə
qapını döyür. Ev sahibi gərək çıxıb
onun əlində tutduğu qaba yemək ya pul qoysun. Qaba
qoyulmuş yeməli şeyləri yığıb xəstəyə
verirlər ki, şəfa tapsın.
İranda
Novruz bayramına bir neçə gün qalmış hamı
evini tökür, yəni xalça-palazı
çıxarıb yaxşı-yaxşı
çırpır, otaqları təmizləyir, şüşələri
silir, mis qabları sürtüb ağardırlar. Boşqablarda
səməni əkir, güldanda nərgiz şitili
basdırırlar.
Yeni il
axşamı həyata keçirilən ən mühüm mərasim
adı "s" ("sin") hərfi ilə başlayan
yeddi şeyin (farsca buna "həft-sin" deyirlər)
süfrəyə düzülməsidir. Bunlar
aşağıdakılardır: senced (iydə), sumaq, sirkə,
sünbül, səbzi (göyərti), sir (sarımsıq) və
səməni. Bu adətin kökləri islamdan əvvəlki
dövrlərə gedib çıxır və yeddi mələyin
adı ilə bağlıdır. Yeddi "sin"in
düzüldüyü süfrənin başına
güzgü qoyurlar. Güzgünün hər iki tərəfinə
şamdanlar düzür və onlarda ailədə olan
uşaqların sayı qədər şam yandırırlar.
Bundan əlavə, süfrəyə aşağıdakı
şeylər də qoyulur: Quran, iri təndir çörəyi,
üzərində yaşıl yarpaq olan bir kasa su, bir
şüşə gülab. Bütün bu şeylərdən
istifadə etməklə müəyyən edilmiş qaydada təzə
il üçün fal açılır, niyyət edilir.
İl təhvil
olduqdan sonra hər bir ailədə kiçiklər
böyükləri təbrik etməyə gedirlər və
böyüklər də onlara bayram hədiyyəsi verirlər.
Novruzda küsülülər barışırlar, ədavətlər
unudulur.
Novruz bayramında şirniyyatdan, meyvə və çərəzdən
geniş istifadə olunur. İranlılar Novruz
üçün özlərinə məxsus çərəz
hazırlayırlar: püstə, badam, fındıq, balqabaq və
yemiş toxumu, noxud bir yerə qarışdırılıb
qovrulur, sonra üstünə duzlu su səpilir və yeyilir
Ənənəyə
görə, bayram 13 gün davam edir və bu müddət ərzində
adamlar bir-birinin evinə qonaq gedir, bayram hədiyyələri
aparırlar. Yeni ilin 13-cü günü
xüsusi şəkildə qeyd olunur ki, buna "Sizdəh bedər"
("On üçün qovulması") deyilir. 13 rəqəmi
nəhs sayıldığı üçün həmin
gün hamı evdən çıxır, çəmənliklərdə,
dağlarda, çay kənarlarında, meşələrdə
gəzişir, yeyib-içir, şadlıq edir, müxtəlif
musiqi alətlərinin müşayiəti ilə rəqs edirlər.
Bu vəziyyət gecəyarısına kimi davam edir və
yalnız bundan sonra camaat evlərinə dağılır. Beləliklə,
13-cü günün "uğursuzluğu" evlərdən
"qovulur".
İranlılar yeni ili imkan daxilində mütləq təzə
paltarda qarşılamağa çalışır, evdəki
köhnə, çatlamış saxsı qabları
sındırb atır, yenilərini alırlar, ən fəqir
ailələr belə bütün imkanlarını sərf
edirlər ki, bayram süfrələri səliqəli və zəngin olsun.
Orta əsr
ərəb tarixçisi Əl-Məqrizinin "əl-Xitat"
əsərində verdiyi məlumatlarına əsasən Novruz
bayramı Abbasilər xilafəti dövründə VIII əsrdən
başlamış ərəb Şərqində yaz bayramı
kimi qeyd edilməyə başlamışdır. Xəlifə əl-Məmunun
(813-833) göstərişinə əsasən Novruz
bayramının icrası onun hakimiyyəti dövrundə
qanuni şəkil almışdır. Bəzi xəlifələr
bu bayramın geniş şəkildə qeyd olunması
üçün hər cür şərait yaradırlar. Belə
ki, Novruz bayramı günlərində camaat xəlifəni
bayram münasibətilə təbrik edir, ona hədiyyələr
gətirirdilər.
Novruz bayramının ilk günlərində xalq içindən
bir nəfəri "Əmiru-novruz" elan edib bayramı idarə
etməyi ona tapşırırdı. Həmin adam üzünə
un və ya əhəng çəkib qırmızı və
ya sarı xələt geyinər, uzunqulağa minib şəhərin
küçələrini gəzib varlılardan hədiyyələr
toplayardı. Novruz bayramı günlərində hər yerdə
od yandırılır, adamlar bir-birinin üstünə su
çiləyirdilər.
Bayram
şənliklərində xəlifələr də
yaxından iştirak edirdilər. Xəlifənin
sarayında qurulan bu şənliklər Orta əsrlərdə
Qərbi Avropa ölkələrində keçirilən
karnavalları xatırladırdı. Bu günlər xalqın
müxtəlif təbəqələri xonçalar düzəldib
saraya gəlir və xəlifəni, onun ailəsini təbrik
edirdilər. Xəlifə isə onlara hədiyyə,
pul paylayarmış. Bu şənlikləri karnaval şənliklərinə
yaxınlaşdıran cəhətlərdən biri burada
iştirak edənlərin üzlərinin niqabla, maska ilə
örtülü olması idi. 892-ci ildə hakimiyyətə gələn
xəlifə əl-Mötədid bu mərasimi qadağan
etmişdir. Belə bir qadağanın qəbul edilməsində
ortodoksal din xadimləri də müəyyən rol
oynamışlar. Onların fikrincə, bayram günləri od
yandırmaq, su çiləmək zərdüştçiliyin
qalığı kimi qiymətləndirilirdi.
Müasir
dövrdə Novruz bayramı Misir ərəbləri tərəfindən
qarşılanır.
Misirdə
yazın gəlişi "Şəmmu-n-nəsim" - yaz və
artım, məhsuldarlıq bayramı ilə bağlı
müxtəlif mərasim və ayinlərin icrası ilə
qeyd edilir. Misirli alim Əhməd Ruşdi Saleh
tarixi mənbələrə istinad edərək göstərir
ki, bu bayram öz genezisinə görə xain qardaşı Set
tərəfindən öldürülmüş su və nəbatət
allahı Ozirisin yenidən həyata qayıtması, dirilməsindən
bəhs edən qədim Misir mifi ilə bağlı olsa
da, sonrakı əsrlərdə daha geniş məna kəsb edərək
yaz, məhsuldarlıq bayramı kimi qeyd edilmişdir. Qədim Misir fironları ilin bu fəslində
bağ-bağatlara, çəmənliklərə
çıxıb Ozirisin gəlişini təbiətin
oyanması kimi qarşılamışdır. Əhməd
Ruşdi Salehin fikrincə “Şəmmu-n-nəsim” etimoloji cəhətdən
qədim Misir dilində “şəmmu” - “qoxu duyma”
sözünün yaz mənasında işlənməsi
ilə bağlıdır.
“Şəmmu-n-nəsim”
bayramı günlərində misirlilər qayıqlara minib Nil
çayında gəzintiyə çıxır, müxtəlif
bayram xörəkləri bişirir, ziyafətlər düzəldirlər.
Bu günlər bağ və çəmənliklər
onların əsas gəzinti yerləri olur. Bu bayramı əsas
etibarilə Misirin qədim yerli sakinlərindən olan qibtilər
özlərinin fironlar dövründə təşəkkül
tapmış Yeni il bayramı kimi qeyd edirlər. Ümumiyyətlə,
bu gün milli Misir bayramı hesab olunur.
Novruz
bayramı elə bir bayramdır ki, hər təzə il ona
yeni bir təravət gətirir, ildən-ilə bayram mərasimləri
yeniləşir, zənginləşir. Bayramın bir mərasimi
isə onu qarşılayanların hamısı
üçün dəyişməz qalır - bu Novruzun "il
təhvil olur" deyilən mərasimidir. Köhnə
ilin yeni ilə keçdiyi, gecə ilə gündüzün
tarazlaşdığı saat bütün ailə üzvləri
bayram süfrəsinin ətrafında toplaşır və
bayram xonçasında ailə üzvlərinin sayı qədər
şam yandırılır - evə işıq, nur gəlir.
Xeyirxah
niyyətlər, ülvi hisslər bayramı olan Novruz
bayramınız mübarək olsun! Bu bayram hamının
ocağına səadət, xoş günlər, əmin-amanlıq,
yeni-yeni nailiyyətlər gətirsin.
Aida İMANQULİYEVA
“Ədəbiyyat qəzeti”
21 mart 1991-ci il
Ədəbiyyat qəzeti.-2009.-9
oktyabr.-S.3.