Görülən yuxuların gerçəkliyi
Srağagün Atatürk Mərkəzində Azər Turanın "Xalid Səid Xocayev - şəhid türkşünas" ("Elm və Təhsil" nəşriyyatı, 2009) kitabının təqdimat mərasimi keçirildi. Mərasimi xalq şairi, Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqub açaraq müəllifin ümumən araya-ərsəyə gətirdiyi hər bir kitabının ədəbi mühitdə, türk dünyasında geniş əks-səda verdiyini vurğuladı: "Azərin böyük sənətkarımız Hüseyn Cavid haqqında yazdıqları da eyni fikir ucalığından maraqla qarşılanıb, azərbaycançılığın, türkçülüyümüzün fikir babası Əli bəy Hüseynzadə haqqında qələmə aldıqları da. O, azərbaycançılıq, turançılıq, islamçılıq məfkurəsinin layiqli daşıyıcısıdır, haqqı tapdanmışların ömür yoluna işıq salmaq aşiqlərindən biridir. Azərin 1937-ci il repressiyasının qurbanlarından biri, görkəmli türkoloq Xalid Səid Xocayevin keşməkeşli ömür yolunu işıqlandırdığı bu kitab yüksək vətəndaşlıq əməlidi".
Doktor Cavad Heyət mərasimdə çıxış edərək türk dünyasıyla bağlı nə varsa ona əziz olduğunu vurğuladı: "Xüsusilə türk məfkurəsi yolunda şəhid getmiş bir alimin haqqında yazılan kitabı türk haqqına qayıdış məqamı kimi qəbul edirəm".
Türkiyənin məşhur cərrahlarından biri kimi tanınan İbrahim İldırım yeni nəşri Xalid Səidin edamqabağı çəkilmiş şəklinin ifadə etdiyi iztirabların sözlə təsviri kimi duyduğunu qeyd etdi.
Millət vəkili, kitabın məsləhətçisi Qənirə Paşayeva təqdimat mərasimini Səid Xalid haqqının özünə qaytarılması məqamı olduğunu dedi: "Bu qayıdışa görə Azər Turana minnətdarlıq edirəm. Kitabda Azərbaycan tarixinin çox ağrılı mərhələləri öz əksini tapıb, bir çox qaranlıq məqamlar aydınlaşdırılıb. Latın əlifbasının ilk bayraqdarlarından olan Xalid Səidə olan diqqət əslində milli-mənəvi dəyərlərimizə olan böyük sayğının, məhəbbətin ifadəsidi".
Yazıçılar Birliyinin katibi Arif Əmrahoğlu təqdim olunan kitabın etnik-milli yaddaşımızın bərpasına xidmət etdiyini önə çəkdi. Ədəbiyyatşünas alimlərdən Vəli Osmanlı, Rüstəm Kamal, şairlərdən Oqtay Rza, Elxan Zal Qaraxanlı, professor Bəşir Əhmədov, kitabın naşiri, professor Nadir Məmmədli, Aslan Salmansoy, Xalid Səidin yaxın qohumu adından professor Tanrıverdi Əzizov çıxış edərək yeni kitabın böyük vətəndaşlıq duyğusuyla, tariximizə dərin sevgiylə qələmə alındığını qeyd etdilər.
Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı Əkbər Qoşalı münasibətlərin türk dünyası tarixi-etnoqrafik sferasından daha çox geosiyasi müstəvilər üzərində sürdürüldüyü bir vaxtda yaddaşa işıq salan bu cür nəşrlərin ortaya qoyulmasının vacibliyini önə çəkdi.
"Ədəbiyyat qəzeti"nin şöbə müdiri, şair Adil Cəmil təqdim olunan kitabın əlyazması ilə tanışlığının xoş təəssüratından söz açdı: "Azər şəxsiyyəti ilə yaradıcılığı bir-birini tamamlayan, onunla bir yerdə işləməyimdən qürur duyduğum insandı. Bu yazılanlara onun qəlbi, türkçülük sevgisi üst qatdadı".
Sonda Azər
Turan söz alaraq kitabı haqqında xoş təəssüratlarını söyləyənlərə təşəkkürünü
bildirdi: "Bu kitab nəşriyyata təqdim olunan günü Xalid Səidin qızı Bəhicə xanım Kanadadan zəng edib atasını yuxuda gördüyünü demişdi.
Eyni yuxunun oxşarını gördüyünü isə
bu gün səhər telefonla çatdırdı. Mən bunu
təsadüf yox, türk ruhunun yaşarılığı, əyanolması
faktı, görülən
yuxuların gerçəkliyi
kimi qəbul edirəm".
S.Əsgərli
Ədəbiyyat qəzeti.-2009.-9
oktyabr.-S.8.