Hələ yaşamağa dəyər

 

"Oğuz eli" qəzetinin ayrıca buraxılışı olan "Yazıçı" bu dəfə ömrün yetmişinə "şairləri susmayan bir vətən basılmayıb" düşüncəsiylə baş-başa yetişən tanınmış şair Məmməd İsmayılın ad gününü salamlayır - görkəmli fikir adamlarının, böyük şəxsiyyətlərin dünyamızı titrədən duyğulu sözləriylə. Çatdırılanlar arasında xalq şairləri Bəxtiyar Vahabzadənin, Vaqif Səmədoğlunun, Sabir Rüstəmxanlının, xalq yazıçısı Əkrəm Əylislinin, millət vəkili, yazıçı Aqil Abbasın, professorlardan Nizami Cəfərovun, Tofiq Hacıyevin, Aydın İbrahimovun dedikləri var. Moskvalı şair tənqidçilərdən İqor Taraseviçin, Yevgeni Yevtuşenkonun, Vladimir Kornin, Natalya İvanovanın, Mixail Sinelnikovun yazdıqları da. Gözəlimiz Türkiyədən Firat Kızıltuc, Ali Akbaş, Vahid Türk, Ömür Seylan, Nəcmi Akyalçın, Mutlu Dəvəçi, Feyzi Hacılı, Ayşə Ay da eyni fikir ucalığından qutlayıblar M.İsmayılın 70 yaşını. Çuvaş şairi Yuri Semender, çex şairi Duşan Jvaçek, macar türkoloqu Elod Kovaçın şairi əziz bilmələri diplomatik meyllərdən yox, poetik ruhun yaxınlığından irəli gəlir. Şairin "Yaddaşına yaxşı bax, unutduğun yerdəyəm" misralarının davamı kimi oxunur bu yazılanlar. Barat Vüsal onu "tale adamı", bizdən qabaqda gedənlərdən biri, S.Rüstəmxanlı cəsurluq körpülərimizdən biri Məmməd İlqar haqq əməlin əməkdaşı kimi xarakterizə edir. Ehtiram ehtiram göstərir ki, onun şeirləri ilə bir neçə nəsil "böyüyüb", Hüseyn Əfəndi bu "tale şairi"nin həyatı, balası olan sözdən söz açır, Musa Yaqub "Gəl mehrə, gəl şeirə qayıdaq, Məmməd İsmayıl" - deyir. Sərvaz önə çəkir ki, o, yaradıcılıq nöqteyi-nəzərindən hər yaşın öz meyvəsini dərməyi ustalıqla bacarır və bu səbəbdən hər dəfə yeni, təzə olaraq qalır.

"Hardasa, hardasa məni duyan var - hələ yaşamağa dəyər bir az da!" - hökmü əslində Məmməd İsmayılın doxsan, yüz yaşının qənaətini özündə əks etdirir. Ancaq bu misraların ovqatı elə onun 40-50, 60-70 illiyini də canında olub və oxucusunu arxasınca aparıb. Aparmasaydı, Azər Abdulla yazmazdı ki, qumrular, torağaylar oxuyanda Məmməd İsmayılı, onun ürəyə toxunan, bədəni titrədib ruhu oyadan həm zərif, həm də çılğın poeziyasını xatırlayıram.

 

 

S.Hüseynoğlu

 

Ədəbiyyat qəzeti.-2009.-9 oktyabr.-S.8.