Cavid
dünyasına səyahət
Hər şeyə görə - atamı Vətən torpağına qovuşdurduğuna, əzizlərimi bir sərdabədə - Cavid məqbərəsində görüşdürdüyünə, Cavid ocağının çırağını yenidən yandırdığına görə unudulmaz Heydər Əliyevə minnətdaram.
Turan Cavid
Cavidin
klassik "İblis" əsəri bu sözlərlə
bitir: "İblis yerə enir". Sual doğur: Nə
üçün yerə? Çünki iblis Allah tərəfindən
lənətlənərək qovulduğundan o, ucalığa,
kosmosa yüksələ bilmədiyi kimi, insanlar tərəfindən
də dərk edildiyindən onların arasında qala bilməzdi.
Dərk olunan və qovulan iblis insanlar
arasından qovulduğu kimi, dərk olunan imperiya, eləcə
də onun başçıları və qulları
insanlığa xəyanət etdiklərinə görə bir
qismi imperiyanın - iblisin özü tərəfindən, digər
qismi isə bir qədər sonra zamanın hökmü ilə
cəzalandırıldı. Tarix sübut
etdi ki, iblis (imperiya) dərk olunanda rədd edilir, mütəfəkkir
(Cavid) dərk olunanda qəbul olunur. İblisin dərki
İblisin faciəsi, mütəfəkkirin dərki isə
mütəfəkkirin qələbəsi ilə nəticələnir.
Vaxtı ilə iblis - Sovet imperiyası H.Cavidi (eləcə də
minlərlə başqalarını) "vətən
xaini", "xalq düşməni",
"pantürkist", "panislamist"… elan edərək
müəyyən zaman kəsiyində olsa da əbədi səhnədən
çıxardı. Amma bütün bunlar müəyyən
zaman kəsiyində, həm də yuxarı dairələrdə,
siyasi-ideoloji, konyuktur idarə sistemində baş verdi. Xalq və onun qədirbilən oğulları öz
mütəfəkkirlərini siyasi təqib və təzyiqlərə
baxmayaraq yaşatmağa çalışdı, fürsət
düşən kimi onların irsini nəşr etdi, abidələrini
ucaltdı, ev muzeylərini yaratdı, bir sözlə, bu
mütəfəkkirləri bəşəriyyətə tanıtdı.
"Hüseyn Cavidin ev muzeyi" kitabının müəllifi
Salatın Əhmədli də belə bir qədirşünaslıq
işi görərək sovet totalitar rejimi dövründə
olmazın təqib və təzyiqlərinə məruz qalaraq
uzaq Sibirə sürgün edilən Cavid əfəndinin, eləcə
də onun ailəsinin - Mişkinaz xanımın, Ərtoğrolun, Turan
xanımın ağrılı taleyini can yanğısı ilə
qələmə alır. Müəllif kitabını
haqlı olaraq ümummilli lider Heydər Əliyevin muzeyin
açılışı zamanı Turan xanımla dialoqundan
başlayır. Salatın xanım bununla demək
istəyir ki, belə bir muzeyin
açılışını etməyə hamıdan daha
çox mənəvi, əxlaqi, haqqı və səlahiyyəti
olan ümummilli lider Heydər Əliyevdir. Şübhəsiz
ki, yalnız milli-mənəvi dəyərlərin təhlükəsizliyi
keşiyində qətiyyətlə dayana bilən Heydər
Əliyev kimi şəxsiyyət Cavidin cənazəsini vətənə
gətirə bilərdi. Heydər Əliyev böyük siyasi
ustalıqla 59 yaşında pantürkist-millətçi kimi
Sibirə sürgün edilən Hüseyn Cavidi 100
yaşında vətənə gətirdi. Sanki
o, türkçülərin ən dahisini, ən
dühasını vətənə gətirməklə milli
hissə və duyğuya malik olan şəxsiyyətlərin
hamısının cənazəsini, ruhunu, öz doğma vətənlərinə
- Azərbaycana qaytardı. Lakin Cavidin nəşini Sibirdən
gətirmək onu Sibirə sürgün etməkdən
qat-qat çətin idi. Milli öndərimiz nitqlərinin
birində bildirirdi ki, "…1982-ci ildə H.Cavidin cənazəsini
uzaq Sibirdən Azərbaycana gətirmək asan iş deyildi. Bu
böyük iradə, cəsarət tələb edirdi. Ancaq
xalqımıza, millətimizə, tariximizə, mədəniyyətimizə,
ədəbiyyatımıza olan sədaqət mənə belə
bir cəsarət göstərməyə imkan verdi".
Salatın
xanım kitabın növbəti bölümündə diqqəti
iki dahiyə - Hüseyn Cavidə və Heydər Əliyevə
yönəldir. Daha doğrusu, Heydər Əliyevin Cavid irsinə
göstərdiyi diqqət və qayğını önə
çəkərək ulu öndərin Cavidə məhəbbətinin
əsas qaynaqlarını tədqiq etməyə cəhd edir. Və belə bir nəticəyə gəlir ki,
Hüseyn Cavidlə Heydər Əliyevi birləşdirən
yalnız məkan və coğrafi ərazi deyil, həm də
onların baxışlar sistemindəki türkə və
türkçülüyə, genə və genetik koda,
yaddaşa və şəcərəyə, millətə və
xalqa olan sədaqət hissləridir. Hər
iki dahinin ömür və əməl yoluna diqqətlə nəzər
salsaq görərik ki, onlar türk xalqlarının mədəni
birliyinin tərəfdarı və təəssübkeşi
olmuş, bu ortaq türk mədəniyyətinin dünya mədəniyyətindəki
yerini və mövqeyini həmişə və hər
yerdə uca tutmuşlar. "Hüseyn Cavidin ev muzeyi"
kitabının müəllifi Salatın xanım bu qısa,
lakin faktlı, predmeti və konseptual şərhdən sonra
muzeyin yaradılması və inkişafında Heydər Əliyevin
müstəsna xidmətlərini xüsusi qeyd edir. Oxucunu muzeyin iç dünyasına dəvət edən
müəllif "Muzeyə giriş, yaxud daxilə pəncərə"
bölməsində muzey bələdçisi kimi deyil, əsl
tədqiqatçı-alim kimi çıxış edir. Əslində
Cavidin ev muzeyinə girişlə, Cavidin ideya-fəlsəfi,
poetik dünyasına daxil olmağın əsası qoyulur.
Salatın xanımın tədqiqatından
aydın görünür ki, muzeyə gələnlər
stenddəki tarixi fotoşəkilləri, illüstrasiyaları,
əlyazmaları və əşyaları seyr etməklə
qalmır, Cavid dünyasına daxil olur, Cavid sehrinin, Cavid
tilsiminin təsiri altına düşür, Cavidi əhatə
edən makro və mikro mühit barəsində ətraflı
məlumat alır. Müəllif oxucunun diqqətini Cavidin əsərlərindən
götürülmüş seçmə poetik beytlərə
yönəldir, həmin beytlərin ideya-fəlsəfi mündəricəsini
açaraq "səma şairi"nin bir muzeyə
sığmadığını elmi dəlillərlə izah
edir.
Müəllif özü də yalnız muzeydəki
materiallarla kifayətlənmir, yeri gəldikcə Cavidlər
ailəsi ilə bağlı yeni fakt və xatirələri,
naməlum tarixi həqiqətləri elmi dövriyyəyə
buraxır və tragik-dramatik ömür yaşamış bu
ailənin mükəmməl elmi tərcümeyi-halının yaranmasında öz töhfələrini
verir. Kitabda Mişkinaz xanımın, Turan
xanımın Cavidsiz və Ərtoğrolsuz
yaşadığı illər ürək yanğısı
ilə (Mişkinaz xanımın və Turanın Ərtoğrolun
dəfn mərasimində iştirak etmək üçün
Naxçıvan şəhərinə getmələrinə
icazə verilməməsi və həmin vaxt onların yaşadığı psixoloji sarsıntılar) təsvir
edilir.
Müəllifin
haqlı qənaətlərindən aydın görünür
ki, repressiv aksiyalara yalnız Hüseyn Cavid deyil, Cavidlər ailəsi,
Cavid nəsli məruz qalmışdır. Salatın xanım
bir nəslin tragik taleyinə növbəti tipologiyanı - Cavidin
irsini, əsərlərini də əlavə edir. Həqiqətən də, repressiya özünün,
xüsusilə dəhşətli, amansız formasını
"əxlaqi-estetik" doktrina mundiri geyəndə və mənəviyyata,
yaddaşa qarşı çevriləndə alır.
Çünki qəsdin hədəfinə və qurbanına bu
zaman ən bəşəri, ən əbədi dəyər və
sərvətlər - sivilizasiya və sivilizasiyanı
yaradanların və yaşadanların özü çevrilir.
Cavid əfəndinin əsərlərinin və əlyazmalarının
("Atilla", "Çingiz xan", "Telli saz",
"İblisin intiqamı…") məhvi artıq şəxsiyyətə
yox, elə bəşəri dəyərlərə qarşı
yönəlmiş repressiv aksiya idi.
Məlumdur
ki, türkdilli xalqların lüğət fondunda repressiya,
deportasiya, genosid sözləri yoxdur. Bu sözlər yaddan gəldiyi
kimi, onun icraçıları da əsasən yadlar idi.
Yadların milli-mənəvi dəyərləri məhv etməsi
prosesi öz qaynağını çar Rusiyasının
yaratdığı "ağ terror"dan alır və
özünün zirvə məqamına bolşeviklərin
"qırmızı terror"unda çatır. Bolşeviklər
bu prosesdə yalnız rəng dəyişikliyi - qan
simvolikası ilə deyil, həm də repressiyaların
coğrafiyasının genişliyi və kütləviliyi ilə
seçilir. Sovetlər məkanında repressiyaların ifadə
etdiyi leksik çalar da dəyişir, bu söz "cəzalandırmaq"
funksiyasını itirərək "məhv etmək" məzmunu
daşıyır. Müəllifin Cavidlər ailəsinin faciəsinə
geniş yer ayırması yaddan gələn bəlanın
tarixi ibrət dərsi olduğunu anlatmağa, kökə,
yaddaşa və şəcərəyə sədaqətə
xidmət edir. Bu kitabda Cavidlər ailəsinin fonunda milli əxlaqa
və milli dəyərlərə malik olan şəhid və
qurbanların hamısının taleyi öz əksini
tapır.
Müəllif sonrakı bölmələrdə Cavidin muzey
- məbədgah, ziyarətgah həyatı, muzeyin elektron
variantı, son illərdə orada görülmüş
işlər, görkəmli şairin yubileylərinin
keçirilməsi, əsərlərinin təkrar nəşri,
eləcə də Naxçıvandakı məqbərəsi
və ev muzeyi barədə ətraflı məlumat verir.
Kitabda
verilmiş eksponatlarla müəllif nitqi arasındakı daxili
rabitə və ünsiyyət əsərə sistemli icmal
deyil, monoqrafik forma və məzmun verir, onun elmi dəyərini
və oxunaqlığını artırır.
Mənə elə gəlir ki, "Hüseyn Cavidin ev muzeyi" kitabı ilə Salatın Əhmədlinin də Cavidşünaslar sırasında durmağa tam mənəvi-əxlaqi haqqı və səlahiyyəti çatır. İnanırıq ki, bu kitab tədqiqatçıların, Cavidşünas alimlərin, Cavidsevərlərin, muzey işçilərinin, bütövlükdə isə geniş oxucu auditoriyasının diqqətini çəkəcək və onların stolüstü kitabına çevriləcəkdir.
Cəlal QASIMOV
Ədəbiyyat qəzeti.-2009.-9
oktyabr.-S.6.