Turan Cavid anıldı
Oktyabrın 2-də Azərbaycan Milli Elmlər Akademiyası Hüseyn Cavidin ev muzeyində şairin qızı, əməkdar incəsənət xadimi, teatrşünas Turan Cavidin anım günü keçirilmişdir.
Bu münasibətlə muzeydə Turan xanıma həsr olunmuş sərgi nümayiş etdirilmişdir. Muzeyin direktoru, filologiya elmləri namizədi Gülbəniz Babaxanlı, AMEA-nın müxbir üzvü Teymur Kərimli, xalq şairi Gülhüseyn Hüseynoğlu, “Cavid ömrü” filminin rejissoru, xalq artisti Ramiz Həsənoğlu, Müşgünaz rolunun ifaçısı, əməkdar artist Dilarə Əliyeva, yazıçı-publisist Kamran Əliyev, bu ocağın varislərindən, eyni zamanda himayədarlarından biri olan Tağı Əhmədov və başqaları Cavid irsinin qorunmasında Turan xanımın misilsiz əməyindən və əziyyətlərindən danışmışlar. Ulu öndər Heydər Əliyevin Hüseyn Cavid irsinə qayğısı, onun nəşinin uzaq Sibir torpağından Bakıya, oradan da Naxçıvan torpağına aparılması, Cavidlər ailəsinə məqbərə ucaltmasından razılıqla söhbət açılmışdır. Çıxış edənlər sovet totalitar rejimi dövründə olmazın əziyyətlərə, məhrumiyyətlərə düçar olmuş, təqib və təzyiqlərə məruz qalaraq uzaq Sibirə sürgün edilən Cavid əfəndinin, eləcə də onun ailəsinin ağrılı taleyindən ürək yanğısı ilə danışmışlar.
Anım günü çərçivəsində yazıçı-publisist Salatın Əhmədlinin “Hüseyn Cavidin ev muzeyi” kitabının da təqdimatı olmuşdur. Kitabda ev muzeyin yaranma tarifindən, eksponatlarından, muzeyə verilmiş hədiyyələrdən, eyni zamanda Cavid əfəndinin Nafçıvandakı ev muzeyindən, Cavid əfəndi haqqında yazılmış monoqrafiyalardan, onun haqqındakı filmdən bəhs olunmuşdur.
Kitabın elmi redaktoru və on sözün müəllifi filologiya elmləri doktoru, professor Cəlal Qasımov, redaktoru ev muzeyinin direktoru, filologiya elmləri namizədi Gülbəniz Babaxanlıdır.
Ədəbiyyat qəzeti.-2009.-9 oktyabr.-S.6.