Mülahizələr müstəvisində

 

Unudulmaz xalq şairimiz Bəxtiyar Vahabzadə hələ 1984-cü ildə şair Adil Cəmilin " Gənclik" nəşriyyatında işıq üzü görən "Aylı gecə nağılı" şeirlər kitabına yazdığı "Söz məcaza çevriləndə" başlıqlı ön sözdə şairin poetik istedadından ürək genişliyi ilə söhbət açır, topluya daxil edilən şeirləri ustad gözüylə sərf-nəzər etdikdən sonra məmnunluqla qeyd edirdi ki, bunlar çox gözəldir: "Əsas olan odur ki, bu kitabın müəllifi şerin olduğunu, hardan qaynaqlandığını bilir, duyur. Odur ki, yazmaq üçün yazmır, qəlbini boşaltmaq üçün yazır. Buna görə onun şeirlərinin böyük məhəbbətlə oxunacağına şübhəm yoxdur".

Onun yaradıcılıq imkanları, tədqiqatçılıq səriştəsi haqqında professorlardan İmamverdi Əbilov, Qəzənfər Paşayev, Məhərrəm Qasımlı, Bəhlul Abdulla, Elməddin Əlibəyzadə, Nizaməddin Şəmsizadə, Məhərrəm Cəfərli, Əflatun Saraclının yazdıqları da var, tanınmış yazıçı, şair tədqiqatçılardan Məmməd Aslan, Nahid Hacızadə Vaqif Yusiflinin ürək sözləri . Bütün yazılıb-deyilənləri xoş bir qənaət səciyyələndirir ki, Adil Cəmilin "Hansı şerindən hansı misranı çəksək, haqqında danışmağa, incələməyə lüzum duyarıq - çünki şair nədən yazdığını necə yazdığını gözəl bilir" (Məmməd Aslan), "poeziyasındakı lirik təhkiyə uşaqlığın, folklorun təbiətin romantik ovqatına köklənib" (Şirindil Alışanlı), eyni zamanda, o, "gəldiyi elmi qənaəti M.Adcı, L.Qumilyov, O.Süleymenov, B.Ögəl kimi görkəmli türk tarix araşdırıcılarının mülahizələri ilə bağlayır" (Məhərrəm Qasımlı). "Adil Cəmilin "Manas eposu türk dastançılıq ənənəsi" mövzusunda yazdığı tədqiqat işi hər şeydən öncə ümumtürk mədəniyyətinə bir xidmətdir" (Qəzənfər Paşayev).

Filologiya elmləri doktoru, AMEA-nın müxbir üzvü Teymur Kərimlinin yeni nəşrə yazdığı ön sözdə oxuyuruq: "Heç gərək, təsadüfi sayılmasın ki, bu gün bir şair, bir alim, nəhayət, bir insan, dost, ailə başçısı, səmimi vətənpərvər kimi Adil Cəmil haqqında yazılanlardan qalın bir kitab bağlanıb, qədirşünaslıq örnəyi göstərilib".

Sözügedən kitabda manasşünas alim, şair-publisist A.Cəmilin ədəbi elmi yaradıcılığına həsr olunmuş məqalələr, ona ithaf edilmiş şeirlər s. özünə yer almışdır. Ədəbi imzası sənətsevərlərə kifayət qədər tanış olan bir qələm adamının ədəbi, elmi fəaliyyətinə fərqli rakuslardan münasibəti ortaya qoyan yeni nəşr özündə müxtəlif yaş nəslinə mənsub maraqlı yaradıcılıq yolu keçmiş insanların baxışlarını ifadə edir.

A.Cəmilin maraqlı yaradıcılığı şəxsiyyəti barəsində tədqiqatçı Azər Turan bu qənaətdədi ki, onun şeirləri "şəxsiyyətinin yarı()dır". Onun şeirlərində "kənd xatirələri, yurd yanğısıən əsası isə əsl Azərbaycan insanının taleyi görünür" (Aydın Xan). "Adil Cəmilin şeirlərini oxuduqca gözlərimiz önünə xeyirxah, heç kəsdən minnət götürməyən bir insan gəlir" (Elxan Həsənzadə). "Adilin poetik uğurlarının bir səbəbi xalqın folklor təfəkküründən yetərincə faydalanması, onu ruhuna, canına hopdurmasıdır" (Amil Avey), "El-obaya bağlılıq, Vətən sevgisi, torpağa məhəbbət Adilin əksər şeirlərinin mayasıdır" (Flora Xəlilzadə). O, "hansı mövzuda yazırsa yazsın, misralarında Tanrıdan gələn bir sehr, pıçıltı var" (Əbülfət Mədətoğlu), "Adilin şeirlərində özündən daha çox qarşı tərəfin uğursuzluğundan, talesizliyindən dərdlənən vəfalı bir aşiqin, gözəl qəlb sahibinin zinharı var" (Sərvaz).

Yeni nəşrə xalq şairləri Hüseyn Arif Qabilin, şair, professor Famil Mehdinin vaxtilə Yazıçılar İttifaqının üzvlüyünə keçmək üçün Adil Cəmilə verdikləri zəmanətlərin mətni daxil edilib. Bu yazılanlardan oxuyuruq ki, A.Cəmil "Sözün həqiqi mənasında fitri şairlik istedadına malik" (H.Arif) qələm sahibidir.

Şair Oqtay Rzanın sözləri ilə desək, A.Cəmilin xoşu gəlmir tayfabazdan, yerlipərəstdən - çünki vətən sevgisi var misralarında.

"Adil Cəmil mülahizələr müstəvisində" (Bakı, "Elm" nəşriyyatı - 2009) toplusu "Bioqrafik bilgi" yazısı ilə tamamlanır. Bu yazı onun yaradıcı ömrünün bütün məqamlarına işıq tutur - avtobioqrafiyasından tutmuş əsərlərinə, tərcümələrinə qədər.

Kitaba daxil edilən fotoşəkillərdə isə Adil türk düşüncəsinin daşıyıcıları Anar, Çingiz Aytmatov, İsa Kayacan, Fikrət Türkmən, Məmməd Aslan, Əbdüllətif Bəndəroğlu, Vaqif Səmədoğlu, Qəzənfər Paşayev Balaş Azəroğluyla, ən başlıcası isə anası Maral xanımla, ailə üzvlərilə bir yerdədir. Ömrün əlli beşinci pilləsində dayanıb, ötən illəri xatırlamaq üçün bu şəkillər az material verməz.

 

 

Sərvaz

 

Ədəbiyyat qəzeti.-2009.-9 oktyabr.-S.7.