"Mənim payım"

 

Bu günlərdə redaksiyamıza təqdim edilən cənublu qardaşımız Əbutalib Allahyariyə məxsus "Mənim payım" kitabı 2003-cü ildə Təbriz şəhərində "Eldar" nəşriyyatında işıq üzü görmüşdür. İki min nüsxə ilə çap olunan "Ulu Tanrının adı ilə" başlanan, oxuculara şair tərəfindən ərməğan edilən bu nəşrdə müəllifin - Əbutalib Allahyarinin müxtəlif janrlarda yazılmış şeirləri toplanmışdır.

Tutqun ləqəbi ilə şeirlərini araya-ərsəyə gətirən Ə.Allahyarinin bu kitabının redaktoru kitaba yazılmış ön sözün müəllifi Mənuçehr (Haray) Əzizidir. Bu nəşrdə Ə.Allahyarinin qəzəlləri, qoşmaları, dördlükləri, gəraylı beşlikləri, habelə sərbəst şeirləri yer almışdır. 187 səhifədən ibarət olan "Mənim payım" şeirlər kitabında yazarın öz dilindən bu sözlər verilmişdir:

- Yeri gəlmişkən, bütün ədəbi dostlar hörmətli ustadlar - Doktor Pədidə, Doktor Kəndvani, Mənuçehr Əzizi, Doktor Şeyda, Mehrkar "Sahib" gündəliyinin baş yazarı Tərkan cənablarına, işçilərinə başqalarına bu şeir toplusunun araya-ərsəyə gəlməsində göstərdikləri diqqət qayğıya, yardımlara görə öz təşəkkürlərimi bildirib, hamılarına xoş uğurlar diləyirəm.

 

Qələmi sıxan əl sıxdı əlimi,

Sındı dirəkləri qapqaranlığın.

Söküldü dan yeri, boğuldu zülmət,

Səhəri görməyim lap oldu yəqin.

 

Bu şeir parçası isə şair Qurban Ənsarinin Əbutalib Allahyariyə ithaf etdiyi şeirdəndir ki, bu şeri kitabın ilk səhifələrində oxuyuruq. Şair deyir:

 

Tutqun, sən elinə, obana ancaq,

Aydın bir səhər arzulayırsan.

Dənizlər şerindən aydınlıq umur,

Neyçün tutqun etmiş ürəyin zaman?

 

- Ədəbiyyat, xüsusilə şeir aləmi sahili dərinliyi bəlli olmayan bir okeandır ki, onda canlanan hər bir şairin yazıçının dünyagörüşü, eləcə müxtəlif səciyyələr daşıyan incə duyğuları həmin şairin, yaxud yazıçının yaradıcılığına nəzər yetirməyi olduqca çətinləşdirir. Şeirdə gələn hər bir kəlmə duyğulu idrak daşıdığı üçün hər bir şairin özünə xas olan duyğu-düşüncələri ilə yaradılmış şeri araşdırıb qiymətləndirmək çətin bir məsələdir, ondan başqa şerin hər bir kəlməsi yalnız idrak daşıyan kəlmə kimi deyil, bəlkə onun özünəməxsus, malik olduğu incə melodiyalar onda olan duyğularda idrak yaradır ki, biz ona şeriyyət deyirik. Hər şair öz istedadı yaradıcılığı qədər ondan faydalanmağa qadir olur. Mən bir oxucu kimi Tutqunun şeirlərinin təsirindən kənarda qala bilmədim. Şairin "Haqq məşəli yanarkən" şerində o, haqq məşəli ilə gələcəyin işıqlı olmasına ümidvar olduğunu bildirir:

 

Gecə qədər dəhşətli olsa,

Aydın bir səhəri gözləyir insan.

Qapqaranlıqlarda cana doysa da,

Nurlu partlayışı izləyir insan.

 

Tutqun bütün şeirlərində özünə xas olan eyhamlardan təşbihlərdən istifadə etməyə qadirdir. Bəzən isə sözlərini çox sadə şəkildə oxuculara çatdırır:

 

Doymuşam ömürdən,

doymuşam gündən,

Baharsız ömürü neyləyim axı,

Əkdiyim gül olur pıtraqlı tikan,

Bu barsız ömürü neyləyim axı.

 

Ə.Allahyari "Qəm qucağı" şerində isə çox gözəl surətdə eyhamlardan təşbihlərdən faydalanır.

 

Yenə küskün ürəyim sevda ocağında yanır,

Canıxıb lap kəpənəktək, odu əyləncə sanır.

Tozlu bir saz kimi qəm telləri mizrab diləyir,

Yenə çılğın damarımda dolanan qan dayanır.

 

Hər halda Tutqun gözəl duyğulara malikdir o, heç zaman yazıb yaratmaqdan usanmır.

 

 

Ədəbiyyat qəzeti.- 2009.- 9 oktyabr.- S. 7.