Əlibala Hacızadə
Amansız ölüm görkəmli yazıçı, Prezidentin fərdi təqaüdçüsü Əlibala Hacızadəni ömrünün 74-cü ilində aramızdan apardı.
Hacızadə Əlibala Qüdrət oğlu 28 avqust 1935-ci ildə Biləsuvar rayonunun Ağalikənd kəndində anadan olmuşdur. Doğma rayonundakı Xırmandalı kənd orta məktəbini bitirdikdən sonra o, ADU-nun şərqşünaslıq fakültəsinin fars şöbəsində təhsil almış (1953-1958), Azərbaycan MEA Yaxın və Orta Şərq xalqları İnstitutunda kiçik elmi işçi kimi əmək fəaliyyətinə başlamışdır. 1966-1970-ci illərdə Əfqanıstanda mütərcimlik edən istetadlı yazıçı 1976-cı ildə yenidən Azərbaycan MEA Yaxın və Orta Şərq xalqları İnstitutunda baş elmi işçi vəzifəsində fəaliyyətini davam etdirmişdir. 1994-cü ildən "Nizami" jurnalı onun redaktorluğu ilə işıq üzü görməyə başlamışdı. O, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1962), filologiya elmləri namizədi (1964) idi.
Ə.Hacızadə ədəbi aləmə 1956-cı ildə Uşaqgəncnəşrin buraxdığı "Gəncliyin səsi" almanaxında dərc olunan "Mənim müəllimim" hekayəsi ilə qədəm qoymuşdu. "Heykəl gülür" adlı ilk hekayələr kitabı 1961-ci ildə işıq üzü görən yazıçının sonralar "Unutmaq olmur" (1963), "Məhəbbət olmayan evdə" (1965), "Fərruxi Yəzdin poeziyası" (1965), "Cehiz" (1969), "Pəhləvan" (1974), "Təyyarə kölgəsi" (1992), "İtkin gəlin" (1979), "Əfsanəsiz illər" (1981), "Ayrılığın sonu yoxmuş" (1983), "Dünyanı tanı" (1990), "Vəfalım mənim" (1992), "Sevəcəyəm" (2001), "Əsərləri" (10 cilddə) kitabları nəşr olunmuşdur.
Yazıçının "İtkin gəlin" romanı əsasında yazdığı ssenarisinə 12 seriyalı bədii televiziya filmi çəkilmişdir (1993-1994).
Qələm dostları, çoxsaylı oxucular onu sadə, həssas və səmimi bir insan kimi tanıyır, əsərlərini sevə-sevə mütaliə edirdilər.
Unudulmaz qələm yoldaşımız, təvazökar insan Əlibala Hacızadənin işıqlı xatirəsi qəlbimizdə yaşayacaq.
Allah rəhmət eləsin.
Azərbaycan Yazıçılar Birliyi
Ədəbiyyat qəzeti.-2009.-16
oktyabr.-S.8.