Poeziyadan nəsrə
İnsan ən uca zirvə,-
İnsan kimi yaşasa.
İnsan ən kiçik zərrə-
Kiçilməyə başlasa...
Fikrət
Qoca
“Könlümdən keçənlər” kitabından
Xalq şairi Fikrət Qoca poetik yaradıcılığında cəmiyyətin mənəvi həyatını, zamanla insanın qarşılıqlı əlaqələrinin mahiyyətini yüksək ideya-bədii formalarda əks etdirən, mühüm-sosial fəlsəfi problemlər qaldırıb onun bədii həllini verən, obrazlı qavrayışın yeniliyinə nail olan müasir Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biridir. O, bütün yaradıcılığı boyu poetik axtarışlarında zamanı qabaqlayan, insanın daxili təlatümlərini, ürək çırpıntılarını, sevinc və iztirablarını, dünənini, bu gününü,sabahını bir zərgər dəqiqliyi ilə ifadə etməyi bacaran sənətkardır.
Xalq şairi F.Qoca yaşının kamillik çağında yenə oxucularla görüşə gəlmişdir. Bu dəfə şair öz sevimli oxucularına şeir çələngi deyil, yeni bir nəsr əsəri bəxş etmiş - “Taleyin ağır taleyi” kitabı işıq üzü görmüşdür. Kitabda onun “Taleyin ağır taleyi” romanı, ”Qoca söyüd də yıxıldı”, ”Bir gecə”, ”Nağıl gecəsi” adlı hekayələri, “Şehsaba” novellası çap olunmuşdur. Müəllif bu kitab haqqında yazır: “Mən indi də öz nəsrimdən söz açanda əvvəlcə nasirliyinə hörmət etdiyim yazıçılarımızdan üzr istəyirəm. Mən nəsr yazarkən yazıçılıq iddisında olmamışam, bu gün də deyiləm. Lakin elə mövzular var ki, onlar şeirə gəlmir. Mən də mövzulara arxamı çevirib qaça bilmirəm, istəyimə xəyanət edə bilmirəm, yazmaya bilmirəm, yazıram.” Bu sözlər şairin Azərbaycan xalqına və onun ədəbiyyatına olan tükənməz sevgisindən xəbər verir.
Ədəbiyyat tariximizə nəzər salsaq, görərik ki, dünya hadisələrinə, müasir insana bədii baxışın yeniliyi və vüsəti, ədəbi prosesin ümumi qanunauyğunluqlarını və inkişaf meyllərini əks etdirən estetik bütövlüyün, bədii düşüncə mədəniyyətinin yüksək dərəcəsinə çatması 1960-1980-ci illər nəsr sənətinin nəzərəçarpan nailiyyətlərindəndir. Əminliklə deyə bilərik ki, 60-cı illər nəsri xalqımızın mənəvi tarixinin formalaşmasında, fəlsəfi dünya görüşünün dərinləşməsində, ictimai siyasi baxışların genişlənməsində əhəmiyyətli rol oynamışdır.
Xalq şairi F.Qocanın “Taleyin ağır taleyi” romanı da bu illərin bədii məhsuludur: “Taleyin ağır taleyi” romanımı 1962-ci ildə yazmışdım. Amma çapa verməmişdim. Münasib vaxt gözləyirdim.”
Ömür payına Azərbaycanın müstəqilliyini görmək xoşbəxtliyi düşən F.Qoca əvvəlcə romanın bir hissəsini, müstəqilliyin ilk illərində, 1993-cü ildə isə bütöv halda cap etdirdi. On altı ildən sonra isə oxucular romanı yeni əlifba ilə oxumaq fürsəti qazandılar.
Fikrət Qoca romanı olduğu kimi, heç bir dəyişiklik etmədən nəşr etdirdiyini yazır və bunu onunla əlaqələndirir ki, bu əsər onun gənclik dövrünün, gənclik duyğularının məhsuludur. Sənətkar haqlıdır. Həm də ona görə haqlıdır ki, “Taleyin ağır taleyi” romanı məhz bu gün üçün, müstəqil Azərbaycanın müstəqil gəncliyi üçün yazılmışdır. Bu, hər şeydən öncə şair təfəkkürünün zamanı qabaqlaması ilə əlaqələndirilməlidir.
Roman müasir həyatımızla tam səsləşir. Yazılmasından 50 ilə yaxın bir zaman keçməsinə baxmayaraq, əsərdə cərəyan edən hadisələrin bir çoxuna bu gün də rast gəlmək mümkündür, ədəbiyyatın tənqid hədəfinə tuş gələn həsənağalar, məmmədovlar yenə var. Saf, pak, ülvi məhəbbətin simvolu olan aynurlar, nərgizlər yaşayır. Yer üzü taleyi ağır gətirən talelərdən xali deyil.
“Taleyin ağır taleyi” romanı başdan-başa sovet cəmiyyətinin çürüklüyünü, məhvə doğru sürükləndiyini göstərir.
Əsərin üstün cəhətlərindən biri də ondan ibarətdir ki, nasir, sovet ideologiyasının tüğyan etdiyi bir zamanda böyük cəsarət və inamla İmperiyanın Azərbaycanın maddi-mənəvi sərvətlərini talan etdiyini yazır, obrazların dili ilə siyasi quruluşun çürüklüyünü açıb göstərirdi. “...Yəni hər şeyə hamı cavabdehdi, eyni zamanda da heç kəs, heç nəyə cavabdeh deyil. Bu da bizim quruluşun foks-moksudu”. F.Qoca kiçik hadisələrin fonunda elə böyük məsələləri qabardırdı ki, yaşadığı cəmiyyətdə bu fikirləri səsləndirmək sadəcə imkansızdı. Bunu yalnız xalqını tükənməz bir ilhamla sevən, ürəyində vətən sevgisi gəzdirən Fikrət Qoca edə bilərdi.” Təhməz abidəni söküb yerində aptek tiksin soysun. Təhməz abidənin damında restoran açıb soysun. Sədr meşəni qırıb pambıq əksin. Neftçi torpağın damarını axırıncı damarına kimi soysun, dağları daş eyləyib yığsın vaqonlara daşısın. Quşunu atın, balığını tutun, amandı tez-tez, sonra hamısı düşmənə qalacaq, düşmənə - balamıza nəvəmizə. Gələcək, dərmanla şoranlaşdırdığımız torpaqları görəcək yerin altından qanını çəkmişik, alovlu nəfəsini - qazını çəkmişik. Daşını, dəmirini, filizini, meşəsini darmadağın eləmişik. Gəlib tapacaq dəbdəbəli qəbirlərimizi, mərmər heykəllərimizi sürüyüb söküb tikəcək, deyəcək “tfu” sizə anasından kəsənlər.” Romandan götürdüyümüz bu sətirləri oxuduqca Fikrət Qocanın hələ 60-cı illərdə Azərbaycanın nə vaxtsa müstəqillik əldə edəcəyinə olan böyük inamının şahidi oluruq.
“Taleyin ağır taleyi” romanında diqqət çəkən məqamlardan biri də burada insan amilinin, onun mənəvi-psixoloji cəhətlərinin, daxili iztirablarının ustalıqla ifadə olunmasındadır. Əlbəttə, bu, bütün yaradıcılığı boyu insan taleyini dərindən izləyən, obrazların həyatını yaşayan, hər misrasında bir insan qəlbi döyünən şairdən gözləniləndir. Lakin bu gözləntinin nəsr formasında bu qədər rəvan, şirin bir dillə nəql olunması müəllifin və həm də Azərbaycan nəsrinin qüdrətindən xəbər verir.
Əsərin mərkəzində Həsənağanın oğlu Taleyin taleyi dayanır. Yazıçı (həm də bu sözü qətiyyətlə söyləmək olar) Taleyin timsalında müasir gəncliyi narahat edən ən aktual probremləri önə çəkir. Bir çox insani problemlərlə yanaşı, burada insan qəlbini riqqətə gətirən məqamlardan biri də ata-oğul münasibətləridir. Bu nüans ilk baxışda sadə görünə bilər, lakin hər kəsə bəllidir ki, Azərbaycan reallığında, fərq etməz; istər sovet cəmiyyətində, istərsə də müasir dövrdə olsun; əksər ailələrdə ata-oğul münasibətləri bəzən yanlış bir istiqamətdə qurulmuşdur. Əlbəttə, müasir düşüncə tərzinə malik bir çox ailələrimizdə bu münasibətlər düzgün tənzimlənir, lakin bu göstərici çox az ailələrə şamil oluna bilər. Halbuki, bizim ən qədim ədəbi nümunələrimizdə - “Kitabi Dədə Qorqud”da valideyn-övlad münasibətinin necə qurulmalı olduğuna dair kifayət qədər bilgilər vardır; “Qız anadan görməyincə öyüd almaz”, “Oğul atadan görməyincə süfrə yaymaz” və s.
“Taleyin ağır taleyi”ni oxuduqca müəllifin bir daha bu məsələyə həssaslıqla yanaşdığının şahidi olursan. Qeyd etmək lazımdır ki, insanın gələcək taleyi məhz bu məqamdan asılıdır. Əgər valideyn övladını düzgün tərbiyə etməzsə, psixoloji təzyiq altında saxlayıb, kiçik yaşlarından uşaqda özünə inam hissi yaratmaq əvəzinə, daim yerli-yersiz tənqid edərsə, bu övladın gələcəyi, onunla bərabər millətin gələcəyi də böyük təhlükə altına düşə bilər. Bu isə öz növbəsində cəmiyyətdə baş verə biləcək faciələrin başlanğıcına çevrilə bilər. “Taleyin ağır taleyi” romanında belə bir faciənin əsasını Həsənağa öz ailəsində, Taleyin taleyində qoyur: “...Həsənağanı siz də tanıyırsınız. Taleyin atasıdır. O sür- sümüyün, arıq oğlanın. Həsənağa evdə də qaradinməz, zəhmli adamdı. Deyirlər o olan yerdə Taleyin oturduğunu görən olmayıb. Uşaq atasından dəhşətli dərəcədə qorxur. Atasını görəndə rəngi ağarır. Atası qəfilcən ondan bir söz soruşsa, özünü itirir, kəkələyir ayrı vaxtı bülbül kimi ötən uşaq bir cümləni düzəldincə ölüb-dirilir. Həsənağa oğlunun ondan elə qorxduğundan ürəyində həzz alır.”
Romanda ümumi hadisələr fonunda əsərin əsas qəhrəmanlarından olan Taleyin məhrumiyyətlərlə dolu acı həyatı təsvir edilir. O, atasının təzyiqləri altında xəstəliyə düçar olur, gənc yaşında ağır stress keçirir. Onun sonrakı faciəli həyatına məhz atası Həsənağa səbəb olur. Həsənağa oğlunun belə olmasını istəməzdi. Həsənağaya görə o, öz oglunu çox sevir. Övladının maddi cəhətdən tam təmin olunduğunu düşünən ata, bununla da öz vəzifəsini bitmiş hesab edir. Bu reallıqla biz bu gün tez-tez qarşılaşırıq. Bir çoxları atalıq vəzifəsini təkcə maddi təminatda görür,övladına bir zərrə də olsa valideyn sevgisi verə bilmir, yeri gəldi-gəlmədi tənbeh, edir cəzalandırır, bunun adına tərbiyə də deyirlər. Müəllif hadisələrin sonrakı inkişafında öz ecazkar qələmilə oxucuya açıb göstərir ki, bu tərbiyə yox, faciədir.
Fikrət Qoca əsərin əvvəlində Həsənağanı Sarıqayalıların hörmət etdiyi ağsaqqallardan biri kimi təsvir edir. Hadisələrin sonrakı axarında, daha dəqiq desək, Qulam Məmmədov rayon prokuroru təyin olunandan sonra Həsənağa dəyişir. Doğrudur, bir ticarət işçisi kimi o, təmiz adam da deyildi, yeni prokurorun gəlişindən sonra isə tamamilə çirkaba yuvarlanır. Məhz prokuror Məmmədov onun ailə faciəsini, faciəvi ölümünü yaxınlaşdırır. Umumiyyətlə, müəllif, bu romanda bir çox xarakterik, tipik obrazlar yarada bilmişdir. Mənfi tiplər arasında Məmiş, katib Məmmədovla Mərkəzi Komitənin şöbə müdri Nicat Nicatoviç, rayon milis rəisi və başqalarını göstərmək olar. Bu obrazlar bütövlükdə sovet hakimiyyətinin mahiyyətini açıb göstərən qanunsuzluq zəncirinin kiçik həlqələri idi.
Əsərin mərkəzi surətləri Tale və Aynurdur. Yazıçı bu obrazların simasında elə bir məhəbbət lövhəsi yaradır ki, uzaq 60-cı illərdə baş verən hadisələr bu gün də oxucunun ürəyini riqqətə gətirir. Bu iki yeniyetmə gəncin məhəbbəti elə bir məhəbbətdir ki, onun alovunu nə Həsənağanın qulaq batıran səsi, nə Taleyin qazandığı haram pullar, nə də ətrafda cərəyan edən hadisələr söndürə bilir. Onların sevgisi bir bağçada qoşa bitən fidan kimi böyüyür, təravətlənir, əzilsə də, öz ətrini sona qədər qoruyub saxlaya bilir. Qarşılarına çıxan çətinliklərə baxmayaraq bu iki gənc, Aynurun atası, namuslu milis zabiti olan Kamalın sayəsində çirkabdan qurtulur, öz ülvi arzularına doğru gedirlər. Sonda saf, hər cür fitnədən uzaq olan məhəbbət qalib gəlir.
Həmid, Nərgiz, Xanım kimi yardımçı obrazlar romanda diqqət çəkən surətlərdəndir. Müəllifin böyük şövqlə yaratdığı bu surətlər əsas ideyanın ifadəsinə kömək etməklə yanaşı, milli-mənəvi dəyərlərin işıqlandırılmasına, təbii həyat lövhələrinin yaradılmasına xidmət edir. Müəllif, bu obrazlar vasitəsilə xalqımızın adət-ənənələrini, yaşam tərzini, yüksək əxlaqi dəyərlərini açıb göstərməyə nail olmuşdur.
“Taleyin ağır taleyi” romanında əsas surətlərdən biri də rayona yeni təyin olunmuş raykomun birinci katibi Mürşüd Hüseynovdur. Ata-anasını 1937-ci ilin repressiyalarında itirən Mürşüd, MK-nın şöbə müdiri Nicat Nicatoviçin ailəsində böyüyür. Onun sayəsində birinci katib vəzifəsinə qədər yüksəlir. Qəlbən saf, təmiz bir insan olan Mürşüd ona göstərilən “qayğının” təmənnasız olmadığını anlayınca dərin mənəvi sarsıntı keçirir. O, ətrafını bürüyən saxta komministlərin əhatə dairəsindən çıxa bilmir, əksinə, getdikcə onların müti quluna çevrilir. Onun üçün geriyə yol yoxdur. Mürşüd bunu belə etiraf edir: “Olmayaydı qayınatam, belə münasibətlərimiz olmayaydı,mən ən təmiz katiblərdən biri olardım, xalqa xidmət edərdim». Daxilən özü ilə mübarizə aparan Mürşüd Hüseynov ətrafındakılara, xüsusilə qayınatası və himayədarı Nicat Nicatoviçə müqavimət göstərə bilmir. Vəzifəyə təyin olunduğu ilk dönəmlərdə vicdanla çalışsa da, Nicat Nicatoviçin təzyiqləri altında cinayətkarların himayədarına çevrilir.
“Taleyin ağır taleyi” romanı xarakterlər romanıdır. Bu romanda insan taleləri dostluq, siyasi fikirlər, məhəbbət, xəyanət və nifrət elə bir sənətkarlıqla təsvir edilmişdir ki, yazılmasından uzun illər keçməsinə baxmayaraq, əsər bu gün də öz təravətini qoruyub saxlaya bilmişdir.
Bəhram CƏFƏROĞLU
Ədəbiyyat qəzeti.-2009.-16 oktyabr.-S.7.