Qırgız xalqının sinonimi "Manas

 

Dünən Yazıçılar Birliyində şair, türkoloq alim Adil Cəmilin uyğunlaşdırmasında "Nurlan" nəşriyyatı tərəfindən nəfis tərtibatla çap edilmiş qırğız eposu "Manas dastanı" kitabının təqdimat mərasimi keçirildi. Yeni nəşr eposun Keneş Yusupov tərəfindən nəsr şəklində hazırlanmış variantı əsasında araya-ərsəyə gəlib.

Türk xalqlarının bədii təfəkkür tarixində müstəsna yeri olan "Manas"ın yeni nəşrinin təqdimat mərasimini AYB-nin katibi, tənqidçi Arif Əmrahoğlu açaraq "Manas"ın ilk dəfə qazax ziyalısı Cokan Vəlixanov tərəfindən yazıya alınıb, bəzi parçalarının rus dilinə çevrildiyini, onun dünya xalqlarına çatdırılmasında XIX əsrin 60-cı illərində məşhur rus şərqşünası V.V.Radlovun xüsusi xidməti olduğunu nəzərə çatdırdı. Vurğuladı ki, istedadlı şair kimi tanıdığımız Adil Cəmil həm də ciddi elm adamıdı. O, uzun illərdi ki, "Manas"ı araşdırır, ilk azərbaycanlı manasşünas alim olaraq qırğız-Azərbaycan ədəbi əlaqələrinin möhkəmlənməsi üçün xeyli iş görüb.

Tədbirin aparıcısı ədəbiyyatşünas alim Ramiz Əkbər də A.Cəmilin bu sahədə gördüyü işləri yüksək qiymətləndirdi.

Türkdilli ölkələrə siyasi dəstək fondunun prezidenti Nüsrət Məmmədov türk düşüncəsinin böyük və ölməz daşıyıcısı "Manas"ın azərbaycanlı oxuculara çatdırılmasını dəyərli əməl işi adlandırdı.

Xalq şairi, AYB-nin birinci katibi Fkrət Qoca heç vaxt bitməyən "Manas"ın dilimizə uyğunlaşdırılaraq nəşr edilməsini mühüm ədəbi hadisə kimi dəyərləndirdi.

Filologiya elmləri doktoru Muxtar Nazimoğlu bu böyük dastanın dilimizə uyğundaşdırılmasında A.Cəmilin Azərbaycan dilinin incəliklərinə yaxından bələd olmasının xüsusi rolu olduğunu qeyd etdi. Ədəbiyyatşünas alim Əfzələddin Əsgər kitabın araya-ərsəyə gəlməsinin vacibliyini önə çəkdi. filologiya elmlər doktoru Seyfəddin Rzasoy "Manas"ın nəhəngliyini cismani, poliqrafik yöndə deyil, ruhi, mənəvi baxımdan əzəmətli olduğunu dedi.

Ədəbiyyatşünas alim Şirindil Alışanlı yeni nəşrin böyük əhəmiyyət daşımasından söz açdı, tədqiqatçının bu yöndə araşdırmalarını davam etdirməsini arzuladı.

"Manas"ı qırğız xalqının, Qırğızıstanın mənəvi pasportu kimi dəyərləndirən professor Nizami Tağısoy eposun Azərbaycan dilində nəşr edilməsini alqışladı.

Yazıçı Nahid Hacızadə vurğuladı ki, A.Cəmilin doğulduğu bölgə onun folklordan gəlməsinin başlıca mənbəyidir bu mənbədən əxz etdikləri onu "Manas"a doğru dəfedilməz qüvvəylə çəkir.

Tanınmış şair İlyas Tapdıq hələ sovetlər dönəmində Azərbaycanın Türk dünyasının ürəyi kimi qəbul edildiyini önə çəkərək təqdim olunan kitabın bu ürəkdən su içdiyini dedi.

Şairlərdən Oqtay Rza A.Cəmilə həsr etdiyi şeri oxumaqla yanaşı "Manas dastanı"nın özəlliklərindən, Musa Ələkbərli isə daha çox A.Cəmillə birgə səfərlərdə olduğu günlərin unudulmazlığından, ona unudulmaz Kəlbəcərin bir parçası kimi baxmasından danışdı.

Filologiya elmləri namizədi Elxan Məmmədli A.Cəmillə tanışlığının Kəlbəcəri tanıdığı gündən başlandığını bildirdi, şair Mahirə Abdulla "Sənət dostum, qardaşım Adil "Manas" üzərində işləməklə ürəyinin dalınca getdi" dedi. Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı Əkbər Qoşalı, şair Səlim Babullaoğlu Türk dünyasına, mənəvi dəyərlərimizə başucalığı gətirən, görkəmli yazıçı Çingiz Aytmatovun qırğız xalqının sinonimi kimi dəyərləndirildiyi "Manas"ın dilimizə uyğunlaşdırılaraq nəşr olunmasını yüksək qiymətləndirdilər.

Sonda Adil Cəmil söz alaraq yaradıcılığını, elmi fəaliyyətini "Manas dastanı" üzərindəki işini yüksək qiymətləndirənlərə öz təşəkkürünü bildirdi.

 

 

S.Aranlı

 

Ədəbiyyat qəzeti.-2009.-16 oktyabr.-S.7.