Miniatur kitabın
böyüklüyü
"Təxminən üç il bundan əvvəl
burada maestro Niyazinin haqqında yazılanları özündə
əks etdirən miniatür kitabın təqdimat mərasimi
keçirildi. Həmin mərasimdə mən görkəmli
yazıçımız Mirzə İbrahimovun qızı
Sevda xanımla şəxsən
Bunları Miniatür Kitab Muzeyinin direktoru Zərifə xanım Salahova tarix elmləri doktoru, professor Teymur Əhmədovun "Mirzə İbrahimov. Həyat və yaradıcılığı" miniatür kitabının təqdimat mərasimində söylədi.
Millət vəkili, professor Cəmil Həsənli təqdimat mərasimində çıxış edərək kitab muzeyinin müqəddəs bir məkan olmasını önə çəkdi, bildirdi ki, buradakı miniatür kitablar Azərbaycanın böyük tarixini özündə əks etdirir. Sonra o, Mirzə İbrahimovdan mütəfəkkir yazıçı, görkəmli ictimai xadim, Azərbaycan dilinin odqoruyanı kimi söz açdı: "Daşıdığı yüksək vəzifələrin müqabilində o, imkan düşən kimi azərbaycançılıq düşüncəsini qabartdı, Azərbaycanın taleyi üçün mühüm işlər gördü. 1956-cı ilin avqustunda qəbul olunan Azərbaycan Konstitusiyasında dilimizin dövlət dili kimi öz əksini tapmasında Mirzə müəllimin müstəsna xidməti olmuşdu və bunun üstündə onun başı çox bəlalar çəkdi. Ancaq bununla o, azərbaycançılıq düşüncəsində elə bir yer saldı ki, sonralar bu prosesi heç cür dayandırmaq mümkün olmadı. Mirzə müəllim bir şəxsiyyət kimi əsl insan idi. Ona gələn çoxsaylı məktublara şəxsən öz əliylə cavab yazardı. Ədalətli, prinsipial, işıqlı ziyalı, böyük vətəndaş, görkəmli yazıçı idi".
Millət vəkili, yazıçı-publisist Elmira Axundova M.İbrahimovla uzun illər bir yerdə işləməsindən qürur duyduğunu önə çəkdi: "Böyük vəzifə daşımasına baxmayaraq, heç kəsin qəlbinə dəyməz, səsini ucaltmazdı. O, görüləcək işi yada salar, xatırladardı. Ən yüksək səviyyədə rəsmi yazışmaların əsası bizdə Mirzə müəllim Yazıçılar İttifaqının sədri işləyərkən qoyulmuşdu. Mirzə müəllim xüsusi olaraq tapşırmışdı ki, Yazıçılar İttifaqında bütün yazışmalar Azərbaycan dilində aparılsın. O, bədnam Zori Balayanın "Ocaq" əsərinə qarşı ölkəmizdə səsini qaldıran, ona tutarlı cavab verən ilk insanlardan biri idi. Gəncənin adının qaytarılmasında da o, ilk təşəbbüskarlardan olmuşdu. Mirzə müəllimlə ümummilli lider Heydər Əliyev arasında böyük dostluq var idi. Bu dostluğun sayəsində Mirzə müəllim dilimizlə, milli-mənəvi dəyərlərimizlə bağlı bir çox əməli işini reallaşdıra bildi…"
Sonra millət vəkili bildirdi ki, Bakının görümlü yerlərindən birində Mirzə İbrahimovun heykəlinin ucaldılması ona ən yaxşı sayğı olar.
Professor Fərhad Bədəlbəyli də M.İbrahimov haqqında unudulmaz xatirələrini dilə gətirdi: "Mən bu ailəyə çox yaxınam. Ona görə ki, atam da, əmim də Mirzə müəllimlə çox yaxın dost idilər. Xoşbəxtəm ki, belə görkəmli bir insanı, böyük vətəndaşı görmək, onunla bir yerdə olmaq, fikir mübadiləsi aparmaq mənə də nəsib olub".
Ədəbiyyatşünas alim Gülrux Əliəbyli nəzərə çatdırdı ki, Mirzə müəllim onun ilk xeyirxahlarından olub: "Onun ironik gülüşü heç vaxt yadımdan çıxmaz. Onda xüsusi cazibə, şəxsiyyət bütövlüyü var idi…"
Filologiya elmləri doktoru Sabir Nəbioğlu, millət vəkili Aydın Mirzəzadə, yazıçı Nüşabə Məmmədli də M.İbrahimovun xalqımız və ədəbiyyatımız qarşısındakı xidmətlərindən söz açdılar.
Xalq yazıçısı, AYB-nin katibi Çingiz Abdullayev Mirzə müəllimlə bağlı xatirələrini bölüşdü: "Katibliyə yeni işə gələndə Anar müəllimin Bakıda olmaması səbəbindən bir iclası mən aparmalı oldum. Bərk həyəcan keçirirdim. Bunu hiss edən Mirzə müəllim zarafat etdi ki, qorxma, Süleyman Rüstəm sənə kömək edər, Ali Sovetdə çox iclas açıb, bağlayıb. Beləcə, Mirzə müəllim məni o iclasın xofundan xilas etdi. Ancaq məndən də çox-çox qabaq o, öz nüfuzu, müdrikliyi ilə böyük sənətkarlarımız Üzeyir bəyi, Səməd Vurğunu Azərbaycanın fəxri insanları kimi otuz yeddinci ilin repressiyasından qorumuşdu…"
Tədbirin sonnuda yazıçının övladları - bəstəkar Sevda İbrahimova və "Literaturnı Azərbaycan" jurnalının baş redaktoru Solmaz İbrahimova atalarının xatirəsini dərin hörmətlə yad edənlərə, Miniatür Kitab Muzeyinin direktoru Z.Salahovaya dərin minnətdarlıqlarını bildirdilər.
Sərvaz
Ədəbiyyat qəzeti.-2009.-16
oktyabr.-S.5.