“Cəsarət-ürəyin istedadıdır”
Doğru qənaətdi ki, azadlıq nəğməkarı, xalq şairi Xəlil Rza Ulutürkün poetik təfəkkürünün mənbə və qaynaqları milli-etnik mənbələr - folklor, klassik poeziya, habelə, dünya ədəbiyyatının ədəbi ənənələrini novatorcasına əxz etməsidi. Bu sıraya türk özümlüyündən ayrılmanın dərki, kökü - başlanğıcı tanıma və tanınma cəhdi, milli birlik vacibliyinin təbliği, Turançılıq aşiqliyi, azərbaycançılıq savaşı da daxildi. "Bütün bunlar X.R.Ulutürkü hərəkətə gətirən, onu başqalaşdıran psixoloji-mənəvi məkanlardır ki, şairi böyük həyat və mübarizə yoluna çıxarmışdır".
Ədəbiyyatşünas alim Əlizadə Əsgərlinin "Xəlil Rza Ulutürkün poetikası" monoqrafiyasında da böyük şairin yaradıcılığı bu yöndən araşdırılır, onun vətən, tarix, xalq qarşısındakı ictimai borcundan, poetik qüdrətindən söz açılır.
Xəlil Rza Ulutürk "milli vətəndaş şair, görkəmli tərcüməçi, dilin təmizliyi uğrunda usanmaz mübariz", novator şairdi. "Onun şəxsiyyətini ehtiva edən çoxcəhətlilik bədii-elmi təfəkkürünün zənginliyi ilə bağlıdır… Onun poeziyasında mifoloji başlanğıcdan həyata, təbiətə, dünyaya, xalqa baxış və münasibət müəyyənliyi güclüdür".
Sözügedən monoqrafiyanın birinci fəslində şairin poetikasına bu münasibət prizmasından nəzər salınır. Kitabın ikinci fəslində X.R.Ulutürkün ictimai-siyasi lirikasının təkamülü və onun fərdi müəyyənlik xüsusiyyətləri, poemalarının tarixə baxış keyfiyyətləri, tarixi gerçəklik zəminində milli xarakterinin təkamülü öyrənilir.
Tədqiqatın üçüncü fəslində şairin vəzn, janr, bənd və qafiyə sistemi, ahəng və intonasiyası, təsvir və ifadə vasitələri araşdırılıb.
Müəllif X.Rza milliliyinin nəzəri-ideoloji və bədii-estetik əsaslarında M.Ə.Sabir və A.Səhhət poetik məktəbinin dayandığını, C.Cabbarlı, S.Vurğun, R.Rza ədəbi məktəblərinin müstəsna yer tutduğunu önə çəkir, şairin türk qövmlərinin ədəbi təcrübəsinə yaxından bələdliyi, slavyan xalqları ədəbiyyatına, folkloruna aşinalığı müqayisəli təhlil yoluyla diqqətə çatdırır. Tədqiqatçı qeyd edir ki, X.R.Ulutürk poeziyasına baxışın metodoloji məsələləri həm də XX əsr şerinin bütünlükdə poetikasının öyrənilməsi ilə müəyyənləşir: "İlk dəfə səy etmişik ki, bədii dil X.Rza şerində necə təzahürləşir, ona cavab verək. Şair ədəbi dil nəhrindən necə, nə qədər, nə məqsədlə istifadə edib, onları müəyyənləşdirək. X.Rzanın heca vəznində ritm, ahəng, intonasiya bu şeirlərin üstündə hansı naxışları, ornamentləri qoyur - onları göstərmək istəmişik…"
Monoqrafiya X.Rza şeirləri necə hörülübsə, bu ornamentləri eləcə də izah edə bilmək, onların fikir və mənasını "oxuya", "oxuda bilmək" amacıyla araya-ərsəyə gəlib, özündə "İldırım buludun, tufan dənizin, Cəsarət ürəyin istedadıdır" qənaətini bütövlükdə ifadə edir.
Kitab ədəbiyyatşünas alim Ş.Alışanlının elmi redaktorluğu, professorlar N.Şəmsizadə və N.Qəhrəmanlının rəyi ilə nəşr olunub.
S.Əsgərli
Ədəbiyyat qəzeti.-2009.-16
oktyabr.-S.5.