“Diqqət: mikrofon!”

 

Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Azərbaycanın efir məkanı: problemlər və vəzifələr” adlı analitik məqaləsi ölkənin teleradio sistemində əsaslı dəyişikliklərin edilməsini və hazırlanan verilişlərin cəmiyyətin intellektual səviyyəsinin artırılması zəminində qurulmasını tələb edir.

***

“Diqqət: mikrofon!” bir qayda olaraq televiziya və radio studiyalarının qapılarında yazılır. Amma elə bilməyin ki, bu yalnız texniki məna daşıyır. Əslində bu ifadə böyük mahiyyət kəsb edir. Bəs, nəyə diqqət yetirməli? Bu sualın geniş, əhatəli və jurnalistikanın elmi köklərinə əsaslanan cavabı Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin oktyabrın 2-də “Azərbaycan” qəzetində dərc olunan məqaləsində öz əksini tapıb.

***

Akademik Ramiz Mehdiyev bu məqalədə ikinci dəfə müstəqillik əldə edən Azərbaycanda mətbuatın, o cümlədən elektron KİV- lərin keçdiyi inkişaf tarixinə nəzər yetirərək onların demokratik proseslərin təkmilləşməsindəki, vətəndaş cəmiyyətinin formalaşmasındakı xidmətlərini yüksək dəyərləndirərək bildirir ki, “Televiziya kanallarının texniki imkanları hədsiz dərəcədə genişlənmiş, qarşılıqlı əlaqə və kommunikasiyanın yeni formaları yaranmış, onların operativliyi yüksəlmiş, təsir dairəsi genişlənmişdir. Artıq ümumrespublika kanalları peyk vasitəsilə dünyanın ayrı-ayrı bölgələrinə yayımlanmağa başlamışlar.

Heç şübhə yoxdur ki, ictimai fikrə təsir imkanları baxımından televiziya və radio bütün digər kütləvi informasiya vasitələrindən yüksəkdə dayanır. Televiziya və radio hər evə, ailəyə daxil olmuş, insanların gündəlik həyatının ayrılmaz tərkib hissəsinə çevrilmişdir.”

Administrasiya rəhbərinin fikrincə elektron KİV zamanın sürəti ilə ayaqlaşmalı, öz proqram siyasətlərini məhz yaşanan dövrün diqtəsi və cəmiyyətin mənəvi tələbləri zəminində qurmağı bacarmalıdırlar. Lakin bu sahədəki bir sıra boşluqlar - PA rəhbəri hesab edir ki, - “Son dövrlər Azərbaycanın televiziya və radio kanallarının fəaliyyətində nöqsan və çatışmazlıqların artması bu məsələnin ictimai müzakirəyə çıxarılmasına, vəziyyətdən çıxış yollarının axtarılmasına, problemlərin aradan qaldırılması üçün əməli tədbirlərin həyata keçirilməsinə zəmin yaratmışdır.”

Bu gün akademik Ramiz Mehdiyevi narahat edən ən mühüm məsələlərdən biri teleradionun məlumatlandırıcı, maarifləndirici, əyləncə funksiyaları arasındakı disbalansın pozulmasıdır. Çünki məhz bu disbalansın pozulması nəticəsində cəmiyyət üçün təhlükəli olan fəsadlar yaranır. Məhz ona görə də PA-nın rəhbəri bu gün Azərbaycanın ekran-efir siyasətinə yenidən baxılmasını zəruri sayır.

Etiraf etməliyik ki, elektron KİV hər şeydən öncə ən mühüm təbliğat və təşviqat vasitəsidir. Təəssüf doğurucu amil ondan ibarətdir ki, bu gün bir çox hallarda bu təbliğat sözünün özü birmənalı qarşılanmır. Daha çox siyasi anlamda dərk olunur. Əslində isə ekran və efir yarandığı gündən bəri dilin, ədəbiyyatın, tarixin, ictimai-siyasi, sosial proseslərin, vətənpərvərlik ideyalarının, etik, estetik dəyərlərin təbliğatçısı olub. Radio-televiziyaların başlıca missiyası budur. Cəmiyyət də daha çox bunu görmək və eşitmək istəyir. Həm də bunu sırf Azərbaycan və Azərbaycançılıq naminə istəyir. Axı bir zaman ölkədə yalnız bir radio və bir televiziya fəaliyyət göstərirdi. O da təkcə ölkə daxilində yayımlanırdı. Bu gün elmi-texniki tərəqqinin sürətli inkişafı nəticəsində radio-televiziyalar artıq sərhəd tanımır. Dünyanın istənilən məmləkətində oturub Azərbaycanı görmək mümkündür. Digər tərəfdən də deyirik ki, ekran cəmiyyətin güzgüsüdür. Elə isə gəlin görək bu gün Azərbaycan cəmiyyətində gedən bütün mütərəqqi proseslər tam şəkildə ekranda öz əksini tapa bilirmi? Təbiidir ki, əgər tapa bilsəydi, akademik Ramiz Mehdiyev bu məqaləni yazmağa ciddi ehtiyac hiss etməzdi.

Administrasiya rəhbərinin fikrincə efir məkanında biznes maraqları ictimai maraqları üstələməməlidir. “İctimaiyyəti narahat edən və ən çox müzakirə olunan məsələlərdən biri televiziya kanallarında aşağı səviyyəli, keyfiyyətsiz əyləncə və şou-biznes xarakterli verilişlərin çəkisinin artmasıdır. Problemin ekspertlər səviyyəsində müzakirəsi göstərir ki, teleradio qurumlarının biznes maraqları, efir vaxtının mentalitetimizə yad verilişlərlə doldurulması, peşəkar kadrların azlığı və digər məsələlər bu kimi ciddi çatışmazlıqların yaranmasının əsas səbəbləridir”.

Bu gün əyləncə xarakterli verilişlərin çoxluğu proqram siyasətində böyük boşluqlar və yeknəsəklik yaradıb. Axı hər bir televiziya və radio proqramında auditoriyanın bütün təbəqələrinin marağı nəzərə alınmalıdır. Xüsusilə uşaqlar və gənclər. Bu gün bu proqramların özləri də daha çox əyləncə üstündə qurulur. Uşaq verilişləri hər bir kanalda həftədə bir yaxud iki dəfə bir saat müddətində nümayiş etdirilir və bu verilişlər daha çox oyun xarakterli olaraq uşaqların intellektual inkişafına, əsaslı təsir gücünə malik deyil. Bir çox inkişaf etmiş ölkələrdə, o cümlədən Amerika Birləşmiş Ştatlarında elə kanallar var ki, onlar gündəlik proqramlarının səkkiz saatını yalnız uşaqlara həsr edirlər. 2009-cu il Azərbaycanda uşaq ili elan olunub. Bu son dərəcə gözəl bir təşəbbüsdür. Amma gəlin görək bu təşəbbüsün ekran həyatı varmı? Yoxdur. Halbuki uşaq ili ilə əlaqədar teleradioların xüsusi layihələri olmalı idi. Çoxsaylı müsabiqələr, festivallar, bilik yarışları keçirilməli idi. Böyük fitri istedada malik uşaqlar cəmiyyətə təqdim olunmalı idilər. Uşaqların bədii yaradıcılığı ekranda öz əksini tapmalı idi. “Abşeron” rəsm qalereyası neçə illərdir ki, balaca rəssamların əl işlərindən ibarət sərgilər təşkil edir. Bu əsərlərin bir çoxu da xarici ölkələrdə nümayiş etdirilib. Amma televiziyalar bunların heç birinə maraq göstərmir. Ümumiyyətlə, incəsənətin rəssamlıq sahəsi televiziyalar üçün tam mənada unudulub. Bəzi rəssamlara həsr olunan portret verilişlər istisna olmaqla. Axı istər klassik, istərsə də müasir Azərbaycan rəssamlığının çox böyük məziyyətləri var ki, onları yalnız televiziyada açmaq mümkündür. Dünya rəssamlıq məktəbinin inkişaf xüsusiyyətləri də televiziya proqramları üçün daha məqbuldur. Ümumiyyətlə, dünya mədəniyyətinin, dünya musiqisinin təbliği yetərli deyil. Dünya musiqisi yalnız Maykl Cekson və Şakiranın yaradıcılığı ilə məhdudlaşmır. Klassik Azərbaycan və klassik dünya musiqisinin təbliğini də qənaətbəxş hesab etmək olmaz... Bir zamanlar Əfrasiyab Bədəlbəylinin, Azər Rzayevin, Zəhra Quliyevanın müəllif proqramları var idi ki, onları nəfəs çəkmədən dinləmək olardı. Bu qəbil verilişlər insanların musiqi zövqünün formalaşmasında müstəsna əhəmiyyət kəsb edirdi.

 

Diqqət: mikrofon!

 

Bu ifadə hər kəsi daha çox diqqətli olmağa çağırır. PA rəhbərinin bu konsepsiya xarakterli yazısı sübut edir ki, efir məkanında hər bir əməkdaşın diqqətli olması onun həm vəzifə, həm də vətəndaşlıq borcudur. Xüsusilə də aparıcıların daha hazırlıqlı və daha diqqətli olmaları gərəkdir. Akademik Ramiz Mehdiyev TV kanallarında aparıcı probleminin də olmasından narahatlığını bildirərək qeyd edir ki, “bir çox hallarda aparıcıların peşəkarlıq səviyyəsi, nitqi standartlara uyğun gəlmir”. Administrasiya rəhbəri ölkənin teleradio kanallarını bir-birini təkrarlamamağa, daha çox beynəlxalq modellərdən, o cümlədən BBC və CNN-nin təcrübəsindən bəhrələnməyə çağırır. “Müasir dövrdə internetin sürətli inkişafı müəyyən sahələr üzrə ixtisaslaşmış bir çox televiziya kanallarını balanslaşma istiqamətində səy göstərməyə məcbur edir. Məsələn, Fransanın BFMTV, ABŞ-ın Bloomberg, CNBC kimi biznes və maliyyə kanalları ənənəvi statuslarından imtina etməyə, siyasət və digər sahələr üzrə proqramlar hazırlamağa məcbur olurlar. Təəssüf ki, Azərbaycan telekanalları müasir tendensiyaları nəzərə almaqda, fəaliyyətlərini günümüzün tələbləri səviyyəsində qurmaqda passivlik nümayiş etdirirlər.”

Məhz konsepsiya xarakterli bu məqalədə efir məkanının bütün incəlikləri şərh olunaraq ali təhsil müəssisələrində peşəkar jurnalist kadrların hazırlanmasına da diqqət yetirilərək qeyd olunur ki, “ali məktəblərdə jurnalistikanın elmi əsasları tədris olunur. Lakin praktikada jurnalist konkret iş yerinə gələndə onu təzədən öyrətmək zərurəti yaranır.”

Burada bir məqamı xatırlamaq yerinə düşərdi ki, 70-80-ci illərdə Azərbaycanda yalnız bir Televiziya və bir Radio fəaliyyət göstərirdi. Lakin bu teleradio tələbə jurnalistlər üçün həm də təcrübə bazası idi. Xüsusilə gənclik verilişlərinin 60 faizi məhz tələbə jurnalistlər tərəfindən hazırlanardı. Hətta tələbə müəlliflərin aldıqları qonorar ştatdakıların qonorarından qat-qat çox olardı. Nəticədə jurrnalist tələbələr həm nəzəriyyəni təcrübəyə tətbiq etmək imkanı əldə edirdilər, həm də maddi cəhətdən təmin olunurdular. Yaradıcı insanlar üçün maddi və mənəvi stimulun bir-birini tamamlaması isə son dərəcə mühüm əhəmiyyət kəsb edir. Onu da qeyd etmək yerinə düşər ki, xatırladığımız məhz həmin illərdə Moskvada dərc olunan “Jurnalist” və “Radioveşaniye I Televideniye” adlı sahə jurnalları var idi. Ekran efir məkanına məxsus bir sıra incəliklərin öyrənilməsində bu qəbil nəşrlərin də əhəmiyyəti az deyildi. Bu gün dərc olunan “TVplyus” jurnalı da tərtibat və məzmun baxımından maraqlıdır. Lakin bu yalnız AzTV-nin orqanıdır. Ölkənin bütün teleradiosunu əhatə edən bir jurnalın da olması bu sahədəki bir sıra problemlərin həllinə yardım etmiş olardı.

PA-nın rəhbəri Ramiz Mehdiyev Azərbaycanın efir məkanının tam mənzərəsini yaradan bu məqaləsində sözü gedən sahənin inkişafı baxımından yeni qurumların yaradılması ehtimalının da olduğunu bildirir. “Bir sıra ölkələrdə TV Akademiyası fəaliyyət göstərir. TV sahəsində olan problemlərin araşdırılması və tele-jurnalistlərin hazırlanması ilə məşğul olur. Hesab etmək olar ki, indiki mərhələdə tele-kanallarda çalışan kadrların ixtisaslarının artırılması məqsədi ilə ölkədə əsaslı tədbirlər haqqında düşünməyin vaxtı çatıb.”

Etiraf etmək gərəkdir ki, akademik Ramiz Mehdiyev əslində bu məqaləsi ilə sanki geniş tamaşaçı və dinləyici auditoriyasının arzu və istəklərini də dilə gətirmiş oldu.

Bütövlükdə bu məqalə ölkənin efir məkanının yaradıcı heyəti üçün birmənalı şəkildə fəaliyyət proqramıdır. Teleradio jurnalisti olmaq istəyənlər üçünsə ən dəyərli dərs vəsaitidir.

Teleradio jurnalistlərinin qarşısında duran başlıca vəzifələrin şərh olunduğu, bu sahədəki problemlərin yaranma səbəblərinin və onların aradan qaldırılması yollarının ətraflı izah edildiyi bu fəaliyyət konsepsiyasına görə akademik Ramiz Mehdiyevə bu sahənin sıravi bir nümayəndəsi kimi böyük minnətdarlığımı bildirirəm.

“Diqqət: mikrofon” yazılan hər bir studiyaya daxil olan aparıcıya isə “Azərbaycanın efir məkanı: problemlər və vəzifələr “adlı məqaləni dönə-dönə oxuyub sonra mikrofonu açmağı tövsiyə edirəm. Çünki mikrofon önündə diqqət yetirilməsi vacib olan bütün məqamlar bu fəaliyyət proqramında öz əksini tapıb.

 

 

Zərxanım ƏHMƏDLİ

 

Ədəbiyyat qəzeti.-2009.-16 oktyabr.-S.5.