Çoxu az elədim…

 

Gözəl-gözəl sözlər tozuymuş tamam, -

Gəlsən çiçək qoyaq tozun üstünə.

Bəlkə çiçəkmiş tozun özü , -

Qoyulub hər gözəl sözün üstünə.

 

Çoxu az elədim, mən aza yendim,

Yüz səsdən qeyb olub bir sözə yendim.

İlahi, bu səhər namaza yendim,

Çəkdim Yer kürəsin dizim üstünə.

 

Can qoydum, hər sözü mən ələ aldım,

Yerə qoymadım ki, könlümə aldım.

Sənin ayağının tozuymuş sandım,

Tozu öpüb qoydum gözüm üstünə.

 

 

Gəl səni bir sevim

 

Gəl səni bir sevim -

Unudum dönə-dönə.

Sevim, təptəzə olum

Unudum,

təzə görünüm yenə.

 

Burax məni çıxım gedim -

Peşiman olanda gələrəm.

Bir saat səni unudaram,

Bir saatdan sonra sevərəm.

 

Görürsən ki, köhnəlirik,

Qoy üstünə qız da sevim.

Peşiman olum, qayıdım,

Yalvarım, sən sevin.

 

Gecələr evə gəlməyim -

Burnunun ucu göynəsin.

Dilinə qurban olum, deynən:

Gəlmir, cəhənnəmə gəlsin.

 

Səndən ötrü ağlayım -

Sonra da döyüm səni.

İmkan ver, başına dönüm,

İmkan ver, sevim səni.

 

 

Ayaqların şəriki

 

Masallıda, İstisuda

(İstisu qocalıq əlamətidi)

Qocalar xatirələr kimi

Bir-birinə dəyə-dəyə yeriyirlər.

Birinə toxunsan

O saat

Aylar, illər tökülər üstündən.

Əllərindəki çəliklər ayaqlarının şəriki kimi

Təptəzədirlər.

Elə sıx oturublar ki,

Elə bil üşüyürlər vaxtdan.

Canlarının suyu quruyub,

Su istəyirlər sudan.

 

 

Qanımda şəkərim saatdı indi

 

Sənli xatirələr çıxır aradan,

Şəhərin üzünə üz çəkilib, üz.

Şəhər qımıldanır bir anın altdan,

Bir xəyal altında çırpınır dəniz.

 

Qanımda şəkərim saatdı indi, -

Bir bax, kökəlməyim yüz saat eylər.

Gözümün işığı azalıb bir az -

Deməli, saatım axşama işlər.

 

Ayrıldı toyuna getdiklərimiz,

Silindi xatirən oğul-uşaqnan.

Köhnə şəhərini dəfn elədilər

Üzünə çəkilən yar-yaraşıqnan.

 

Tərif elədiyin o Məcnun oğlan

Bir çölün düzündə atdı yarını.

Ölmüş sevgisini daşıyır insan,

Quşlar da qırılmış qanadlarını.

 

Əllərim havanı yaralayır bax,

Hava parça-parça qalır havada.

Hardadı əllərin dəymir əlimə? -

Səndən bir tikə qalmayıb burda.

 

 

Laylay

 

Arılar gəlmədi, çiçəklər söndü -

Kolların dibində çiçəklər laylay.

Arıların başı harda qarışdı -

Arıları qovan yellər laylay.

 

Yağışın üzündən göllər qurudu -

Qarnı yerə dəyən ördəklər laylay.

Elə bil stola süd calanıbdı,

Hələ yazmadığım vərəqlər laylay.

 

Qələmi ayağa qaldıra bilmir,

Laylay, əllər laylay, biləklər laylay.

Bu axşam evimin damın uçurtdu,

Laylay, Qəşəm laylay, küləklər laylay.

 

 

Son

 

Mövlanə Calaləddin Rumiyə

 

Heç bahar gəlməzmiş mən girən bağa,

Yolu sağa-sola getdim, qurtardım.

Yaşıl yarpaq qoydum sevda yarama,

Yaram dedi, sərinlədim, qurtardım.

 

Əli yalın qaldım əlimə bax, bax,

Yazı qabarını əlimə qoş, qoş.

Sevda əkdim, oğul-uşaq görmədim,

Elə qaldım, bax, evi boş, əli boş.

 

Girdim ruhum içinə,

Misraları qapı kimi çəkdim

örtdüm üstümə.

Baş çıxartdım həriflərin içindən,

Dedim, deyin Qəşəm bitdi, qurtardı.

 

Baş söykədim "a"lara, "ə"lərə,

Haqqa vardım, məna dərdim, qurtardım.

Gizlinlərdən nişan aldım yerimi,

Gizli sözdüm, mən soruldum, qurtardım.

 

 

Axşam əhvalatları

 

Əvvəl əllərim tökülər cibimə

Sonra barmaqlarım buğda

kimi səpilər.

Dolar barmaqlarım

validol şüşəsinin

yarımçıq yerinə.

Üzümdə stenakardiyanın

sifəti.

Əvvəl dərmanı

əllərim içir.

Tərləmiş əllərim

dərman şüşəsini

bir az sərinlədir.

 

Maaş azlığı qədər əsəb,

Şuşa müharibəsi qədər təzyiq,

Başımı qaldırar ayağa.

Təkcə kasıblıq

başımı salar aşağı.

 

Hərdən başımı itirib

cibimi tapmayanda

arvadım bir əlində su,

bir əlində dərman

dalımca gəzir.

 

 

Qəşəm Nəcəfzadə

 

Ədəbiyyat qəzeti.-2009.-23 oktyabr.-S.4.