Ətrini duyaram
De, sənsiz yaşayım mən necə gülüm?
Könül sevər səni ölüncə gülüm.
İpək saçlarının hər gecə gülüm,
Ətrini duyaram şeirlərimdə.
Nə qədər yüyürdüm sənə çatmadım,
Yuxum qaçaq düşdü, gecə yatmadım.
Sənin tək ətirli çiçək tapmadım,
Ətrini duyaram şeirlərimdə.
Niyə isinmədin közümə mənim?
Qəm, kədər çökübdü gözümə mənim.
Hopmusan fikrimə, sözümə mənim,
Ətrini duyaram şeirlərimdə.
Üşüsən
Qoy dünya bürünsün sevgi ətrinə,
Eh, sən olan yerdə gülün ətri nə.
Özüm də bilmədən dəydim xətrinə,
İncimə, qadası, sözümdən mənim.
Gör nələr çəkmişəm eşqin əlindən,
Baş aça bilmədim sənin felindən.
Demə nədən solub-saralmışam mən,
Bax, həsrət tökülür üzümdən mənim.
Dərdimi dəftərə özün yaz, götür,
Dərdimi deməyə telli saz götür.
Ay gülüm, üşüsən bir az köz götür,
Sinəmdə alışan közümdən mənim.
Şükürlər olsun
Göndərdiyin bu Qurana,
Üz tutduğum din, imana.
Yaşadığım hər bir ana
Şükürlər olsun, Allahım.
Qovuşduğum səadətə,
Düz ilqara, sədaqətə.
Bu sevgiyə, məhəbbətə,
Şükürlər olsun, Allahım.
Haqdan alovlanan şama,
Ürəyimdə yanan şama.
Sabaha olan inama.
Şükürlər olsun, Allahım.
Bu işığa, bu ocağa,
Bu vətənə, bu torpağa.
Qaldırdığım bu bayrağa,
Şükürlər olsun, Allahım.
Olmasa
Ürəkdə kin yoxsa can qocalarmı?
Əgər toxunmasan ilan çalarmı?
Görən bundan böyük bir dərd olarmı? -
Sənin salamını alan olmasa.
Deyirəm bir kimsə olmasın darda,
Yaxşı dost qalmasın tufanda, qarda;
Dostluqdur ən böyük dövlət də, var da, -
Araya inciklik salan olmasa.
Vahid Əlioğlu
Ədəbiyyat qəzeti.-2009.-23 oktyabr.-S.4.