Gələcək əsrlərin salnaməçiləri

 

Gələcək əsrlərin salnaməçiləri,

haqqımda düzgün yazın.

Laqeyd zahirim sizi çaşdırmasın,

Mənim adımı, şəklimi uca tutun, çünki bu adın

sahibi dostlar tərəfindən əziz tutulardı,

öz nəğmələrilə öyünməzdi,

qəlbindəki məhəbbət ümmanını səxavətlə

hamının qəlbinə çiləməkdən zövq alardı,

yar-yoldaşının, əzizlərinin xəyalilə

tək-tənha yol-rizdə dolaşar,

dostlar intizarında xüffət çəkər,

yuxusuz gecələr keçirərdi.

Sevgilisindən umduğu

müqəddəs məhəbbət

duyğularına

şəkk gətirərkən

dəhşətli iztirablar keçirərdi,

vəhşi çöllərdə, təpələrdə, çəmənlərdə,

dolaşmaqda,

təbiətin ağuşuna atılmaqda səadət tapardı,

dostu ilə küçələrdə tez-tez qol-boyun görünərdi.

 

 

Yoxdur mənim hesabımda

 

İnsan əməyini yüngülləşdirən maşınlarım yoxdur -

ixtiralarım, kəşflərim yoxdur,

xəstəxanaların, kitabxanaların tikilişinə

vəsiyyət ediləsi bəxşişim yoxdur,

Amerika uğrunda qəhrəmanlığa görə

yad edilməyəcəyəm.

bir zəka sahibitək,

rəflərdə toz basmış

kitablarıma görə xatırlanasıyam.

Bir neçə günəşli nəğmə qoyub gedəcəyəm

dünyada dostlar üçün, sevənlər üçün.

 

 

Nakamlara

 

Öz böyük arzularını həyata keçirmədən

məğlub olanlara,

Ön sırada ilk güllədən həlak olmuş

əsgərlərə,

Gəmi bələdçilərinə, sədaqətli,

təmkinli sükançılara,

böyük fikirlərlə dolu olan,

ancaq bəyənilməyən bir çox nəğmələrə,

tablolara

şöhrət çələngli abidə ucaldardım.

Dünyadan vaxtsız köçən,

mənəvi ehtiraslardan alışıb

kül olanlara

Ən uca abidə düşür.

 

 

Şəhər gördüm yuxuda

 

Şəhər gördüm yuxuda, elə bir şəhər ki,

bütün ölkələr birləşib

hücum etsələr məğlub olmaz.

Yuxuda gördüm ki,

bu heç zaman görünməmiş bir

Dostluq şəhəridir.

Bu şəhərdə məhəbbət hər şeydən

uca tutulur, müqəddəs sanılır.

Şəhər sakinlərinin hərəkətlərində,

onların hər kəlməsində,

hər baxışında

gördüyüm məhəbbətdi.

 

 

Uolt Uitmən

 

İngilis dilindən çevirəni: Əhəd Muradxanlı

 

Ədəbiyyat qəzeti.-2009.-23 oktyabr.-S.3.