Pay
Evə girən kimi həyat yoldaşım dedi ki, qonşumuz Rəcəb bizə balıq gətirib. Kütüm balığı. Qaldım məəttəl. Nə münasibətlədir bu balıq payı?
Səhər evdən çıxanda Rəcəb qabağımı kəsdi. Əlini uzatdı.
- Salam, qonşu .
- Salam. Ay qonşu, niyə zəhmət çəkmisən?
- Balığı deyirsən?
- Bəli.
- Əşşi, nə zəhmət? Bazara getmişdim. Özüm üçün balıq alanda elə bil yuxarıdan qaibanə bir səs gəldi qulağıma: “Rəcəb, sən axı özünçün balıq alanda, niyə qonşunu unudursan?! Bu, Allaha xoş getməz axı...”
Rəcəb ucadan elə çığırırdı ki, sanki mitinqdə çıxış eləyirdi. Qolundan tutub onu sakitləşdirdim.
- Sən ehtiyacı olana kömək elə. Sağlığına mənim balıq almaq imkanım var axı...
Rəcəb özündən çıxdı.
- Olmadı ki, bu, qonşu. Bu, paydır! Bizim xalqın adət-ənənəsi var. Ta qədimdən qonşu-qonşuya pay verib. Bu, hər şeydən əvvəl...
Rəcəbin sözü ağzında qaldı. Hardansa bir maşın peyda oldu. Mən sola qaçdım, Rəcəb sağa... Allah maşın çıxaranın atasına rəhmət eləsin. Əl elədim Rəcəbə, yəni ki, xudahafiz. Rəcəb könülsüz-könülsüz əlini yellədi.
- Maşınla aparardım səni də, - dedi.
Təşəkkür etdim, getdim.
Səhərisi gün yenə Rəcəb qabağımı kəsdi.
- Balığı yediz?
- Yox, - dedim. - Yeyəcəyik.
- Olmadı ki ...
Bəli, Rəcəb yumdu gözünü, açdı ağzını, balıq növlərindən o qədər danışdı ki... Tərs kimi dünənki maşın da yox idi ki, məni sola, Rəcəbi sağa itələsin.
İşdən qayıdanda Rəcəb blokun ağzındaydı. Məni görən kimi üstümə yüyürdü.
- Bu gün yeyin a...
- Mütləq yeyəcəyik.
“Nuş olsun” - deyib əl çəkdi məndən.
Səhər pəncərədən baxıb görəndə ki, Rəcəb yenə həyətdədir, iki dizim vuruldu. Bir xeyli gözlədim. Birdən ağlıma gəldi arvadımdan soruşum ki, niyə balığı bişirmir. Soruşdum . Dedi “bişirərəm də, balıq həsrətisən bəyəm?” Nə isə. Söhbəti uzatmadım. Düşdüm həyətə. Rəcəbi qabaqladım.
- Çox sağ ol, qonşu . Çox ləzzətli idi, - dedim.
Rəcəb ləzzətlə güldü.
- Demək yediz, hə?
- Yedik, çox sağ ol.
- Necəydi?
- Yaxşıydı.
- Lap yaxşıydı, yoxsa...
- Lap yaxşıydı, çox sağ ol.
Rəcəb məni buraxmaq istəmirdi. Qoluma girdi.
- Qonşu, bir məsləhətim var səninlə.
- Buyur.
- Tələsmirsən ki...
- Sözün düzü, bir az tələsirəm.
- Vaxtını çox almayacağam.
- Buyur.
- Sağlığına hər şeyim var. Evim-eşiyim, bağım-bağatım. Uşaqları baş-göz eləmişəm. Üçdə-beşdə gedirəm Dubaya, mal gətirib satıram. Səndən gizlətməyim, ali təhsilim yoxdur. Amma beş sinif oxumuşam. Özü də əlaçı olmuşam. Ədəbiyyat “beş”, idman “beş”...
Nəfəsim daraldı.
- Qonşu, - dedim , - bəlkə axşam eləyək söhbətimizi. İşdən sonra.
Qonşu qolumu buraxdı.
- Gedim maşını qarajdan çıxarım, aparım səni işə.
- Yox, sözünü de. Maşın lazım deyil.
Qonşu farağat əmri alıbmış kimi özünü qurutdu. Yenə mitinqdə çıxış edirmiş kimi səsini qaldırdı:
- Qardaş, sən yuxarılarda işləyirsən. De görüm mənim deputat olmağıma necə baxırsan? Hə?!
- Deputat?!
- Deputat... De görüm mənə kömək edərsənmi?
- Deputatlıq tanışlıqla deyil ki... Gərək xalq, camaat səni bəyənsin, səs versin.
Qonşum Rəcəb iki əlilə sağ əlimi sıxıb dedi:
- Yaxşı, tələsirsən görürəm. Sən get. Axşam görüşərik, əməlli-başlı danışarıq.
Axşam qonşum həyətdə yox idi. Tez evə girdim. Balıq iyi vurdu məni. Arvad Rəcəbin balığını qızartmışdı. Tapşırdım ki, Rəcəb gəlsə, desin evdə yoxam. Bir azdan qapının zəngi çalındı. Arvad getdi qapını açmağa. Rəcəbdi.
- Necəsiz, bacı?
- Yaxşıyıq.
-
- Evdə yoxdur. Gec gələcək.
- Yaxşı, onda mən sonra gələrəm.
- Bilirsiz... Gec gələcək ey...
- Balıq iyi gəlir. Xoşunuza gəldi?
- Gəldi, çox sağ olun. Zəhmət çəkmisiz...
- Nə zəhmət? Borcumdur. Bu hələ harasıdır. Qoy bir deputat seçilim... onda görərsiz Rəcəb kimdir.
Qonşum gedəndən sonra arvadım mətbəxə gəldi, bişirdiyi balığı nimçəyə qoydu mənimçin.
- Ye, - dedi, - yoxsa Rəcəb bizdən əl çəkən deyil.
- Rəcəb mənim atamı yandırıb. Gərək almayaydın balığı.
- Nə bilim. Nə deyir, nə istəyir ki?
- Eşitmədin nə deyir? Deputat olmaq istəyir.
- Olsun də...
Bir saatdan sonra qapının zəngi çalındı. Mən də gözlükdən baxmadan qapını açdım. Rəcəb dəvətsiz-zadsız özünü saldı içəri, məni qucaqladı, ağzını söykədi qulağıma.
- Evdə ola-ola nöş deyirsən evdə yoxam, qurban olum sənə.
- İndicə gəldim.
- Yaxşı. Lap tutaq indicə gəlmisən. De görək səninlə üzbəüz oturub söhbət eləyə bilərik?
- Rəcəb kişi, gözüm üstə yerin var, amma vallah-billah, imam haqqı, pir haqqı bu deputatlıq işində mən sənə kömək edə bilmərəm.
Rəcəb gözlərini bərəltdi.
- Nöşün?!
- Mənlik deyil.
- Təvazökarlıq eləmə. Lap elə sənlikdir! O cür yerdə işləyirsən. Atamın goru üçün sənlikdir! Kefin yerində deyilsə, qoyaq sabaha. Mən getdim. Balığın ətri evdən çəkilməyib, hə? Yenə gətirəcəyəm.
- Rəcəb, sən atanın goru, gətirmə! Eşidirsən, istəmirəm. Başuva dönüm, istəmirəm.
Rəcəb qapıdan çıxanda ucadan dedi:
- Gətirəcəyəm... Paydır də... Əl əli yuyar, əl də üzü. Sağ ol. Öpürəm.
Səhər lap tezdən işə getdim ki, Rəcəbi görməyim. Günorta işdən icazə alıb getdim bazara. Beş dənə iri kütüm balığı alıb gəldim Rəcəbgilə. Qapıya arvadı çıxdı. Yaxşı ki, özü evdə yox idi.
- Bu nədir, a qonşu? - deyə arvadı soruşdu.
- Paydır də...
- Payınız çox olsun.
- Salam deyərsiz Rəcəb kişiyə.
- Əleyküssalam.
- Sağ olun.
- Xoş gəldiz.
Canım qurtardı. O gündən
Rəcəb mənə
daha salam vermir.
Əzrayıl
Onun bürüşmüş, tüpürcəkli dodaqlarında həmişə təbəssüm var. O, bu təbəssümü elə bil satın alıb. Ölüm xəbərini də gülə-gülə deyir. Gözlərinin dərinliyindəki kədər olmasa, deyərsən ki, bu sallaq sifətli, protez dişli kişi dünyanın ən xoşbəxt bəndəsidir.
Onun oxuduğu bircə qəzet var. Bu qəzeti ona görə alıb oxuyur ki, burada hər gün xeyli başsağlığı çap olunur. Məşhur adamlar öləndə qəzeti götürüb otaq-otaq gəzir, sevinə-sevinə deyir: “Öldü ey... öldü!”. İş yoldaşları onun adını “loxəbər” qoyublar.
Bu gün də o, səhər işə gələndə “sevdiyi” qəzeti aldı. Əvvəlcə axırıncı səhifəsinə baxdı. Başsağlığı yox idi. Qanı qaraldı. “Onda bu qəzet mənim nəyimə gərəkdir?” - deyə köşkə yaxınlaşdı, istədi qəzeti qaytarsın, utandı. İşdə də günortayacan otağında oldu. Köhnə qəzetləri vərəqlədi. Köhnə başsağlıqlara baxdı. Ölənlərin adını ucadan sadaladı. “Demək bunların hamısı indi torpağın altındadı, hə? Kəfənə bürünüb yatırlar, hə? Mənsə torpağın üstündəyəm. Ura! Yeyirəm, içirəm, kef edirəm”. Bunu deyib düşdü bufetə, dünəndən qalmış xörəkdən “nuş” eylədi, sonra çıxdı otağına. İçəri girəndə gördü ki, iş yoldaşları ağlayır. Üç qız idi, üçü də ağlayırdı.
- Niyə ağlayırsınız, nə olub ki? - deyə soruşdu.
- Səmayənin atası... qırx beş yaşında... qəflətən keçinib, - dedi qızlardan biri və gülər üzlü əclafın həmin dəqiqə necə sevindiyinə təəccübünü gizlətmədi:
- Niyə sevinirsiniz?
- Mən sevinirəm?! Sevinənin atasına lənət! Durun, gedin yas yerinə. Mən də gəlirəm. Səmayə bizim kontorun ən ləyaqətli işçilərindəndir. İndi neynəmək olar? Ölüm elə şeydir ki, heç nəyə baxmır.
Ağlayan qızlardan biri plaşını geyinə-geyinə zarıdı:
- Vaxtında da... Vaxtsız yox!
- Ölüm həmişə vaxtsızdır, - dedi o biri qız və otaqdan çıxdılar.
Gülərüzlü əclaf
tək qaldı. Bir xeyli otaqda var-gəl elədi.
Sonra yas yerinə getdi. Gəlib
çadırda özünü yuxarı başa verdi, Səmayənin atasının xalça
üstündəki şəkli ilə də xeyli söhbət
elədi: “Sən indi uzanmısan torpağın altında, mənsə
torpağın üstündəyəm, qaqaş. Mən indi
çayıma qənd salacağam, olacaq şirin. Sonra bax bu şorqoğalını ləzzətlə
yeyəcəm. Xurma da yeyəcəm,
Evə çatanda diksindi. Düz blokun ağzına mafə qoyulmuşdu. Hövlnak pillələri qalxıb zəngi basdı. Qapını balacaboy, tumgöz, it iyi verən arvadı açdı. Qucaqlaşdılar.
- Nə oldu, qorxdun? - soruşdu arvadı.
- Qorxdum.
- Mən ölən can deyiləm, qorxma.
- Bəs ölən kimdir?
- Yuxarıda qonşu. Şərbətəli.
- Onun nə yaşı vardı ki?..
- Əlli iki.
- Xəbəri yerində qalsın.
- Acsan?
- Yox. Yas yerində yemişəm. İki dənə şorqoğalı, meyvə -zad. Televizoru qoş, kef eyləyək, - deyib yenidən arvadını qucaqladı.
Arvad tum gözlərini bərəldib zəndlə ərinə baxdı.
- A kişi, yaman arıqlamısan ey... axır vaxtlar. Sifətin şəndirə dönüb, sallanıb. Boğazının altı xoruz pipiyi kimi titrəyir. Vay-vay-vay... Qaşların da ağarıb ki sənin...
- İndi görürsən məni?
- Əlbəttə, yox.
- Onda nə deyirsən?
Arvadının sözü onu əsəbiləşdirdi. Təbəssümü yox oldu dodaqlarından. Amma şüşəbəndə çıxıb həyətə baxanda, blokun ağzındakı mafəni görəndə sevindi, yenidən dodağına təbəssüm qondu, gəlib çarpayıya uzandı, televizora baxdı, yuxuya getdi.
Gecə yuxuda Əzrayılı gördü. Əzrayıl Səmayənin atasının şəklinə oxşayırdı. Qalın qaşlı, alov gözlü, həvə dişli bir kişiydi. Sağ əlini keçirdi gülərüzlü əclafın boğazına, qışqıra-qışqıra soruşdu:
- Adam öləndə niyə sevinirsən, qoduq?! Niyə gülürsən?!
- Mən?!
- Bəli, sən!
- Əzrayıl müəllim, atamın goru üçün sevinmirəm, gülmürəm. Mənim dodağımın fasonu belədir.
- Yalançının atasına lənət! - dedi Əzrayıl. - İndi düş qabağıma görüm.
-Yox!.. Yox!.. Yox!.. - qışqırıb yuxudan ayıldı gülərüzlü əclaf.
Qorxudan ürəyi partlayacaqdı az qala.
Arvadı diksinib qalxdı.
- Nə olub, a kişi? Yuxuda nə gördün?
- Əzrayılı!
- Kimi?
- Əzrayılı! Deyirdi adam öləndə sən niyə sevinirsən, gülürsən? Mən adam öləndə sevinirəm bəyəm?
Arvadı uzandı, sağ böyrü üstə çevrilib dərindən “ah“ çəkdi.
- Əzrayıl olanda nə olar, - dedi. - Köpəkoğlu düz deyir də... Adam öləndə sən sevinirsən də...
- Kəs səsini! Yat!
Arvadı dinmədi.
Səhər işə gedəndə gülərüzlü əclaf gördü ki, qarşıdakı blokun da ağzında mafə var. Dodaqlarına təbəssüm qondu, sevindi. Birdən yuxusu yadına düşdü. Əzrayıl gəldi gözləri önünə. Sağ əlini ağzına apardı, təbəssümünü gizlətmək istədi. Olmadı.
Gülərüzlü
əclafın “solmayan”
təbəssümü yenə
onun bürüşmüş,
tüpürcəkli dodaqlarında
idi... Yenə sevinirdi, yenə gülürdü...
Aqşin Babayev
Ədəbiyyat qəzeti.-2009.-23
oktyabr-S.4.