Ən böyük səadət

 

Daddımsa aləmin hər nemətini,

Dilbər guşələrdə ötdüsə ömrüm,

Dünyanın ən böyük səadətini

Bu boylu çinarın altında gördüm…

 

Bu həzin misraları neçə illər qabaq oxumuşdum və xeyli müddət onun təsirindən çıxmamışdım. Səbəbsiz deyildi: Ölməz Səməd Vurğunun poetik qüdrətinin təsirlənməsi və istedadlı gənc şair Adil Babayevin gələcəyinə yüksək inamı. Düzü, o çinar hələ də mənim xəyalımda yaşayır. Mənə elə gəlir, o çinar bütün çinarların şahıdır və qürurunu saxlamaqdadır… Vaxt ötüşdü, ötən əsrin 60-cı illərində tələbə ikən və müəllim işləyərkən mətbuatda “B.Adil” imzası ilə müntəzəm şeirləri oxudum, sonetləri yeni bir poetik çalarda, Şekspirdən fərqli ruhda səsləndi. Bu bir yana, Adil Babayev səhnə əsərləri qələmə aldı, teatrlarda oynanıldı, habelə teatrşünaslıq sahəsində də öz sözünü dedi. Və bir də aspirant illərimdə “Ədəbiyyat və incəsənət” qəzeti redaksiyasına gələrkən Adil Babayevi redaktor müavini kimi tanıdım. Qəfil otağa girərkən səmimiyyətlə salamlaşır, əməkdaşından hansısa yazının vəziyyətini xəbər alır, azca ovqatı duruldur və öz otağına keçirdi. Adil Babayev “Ədəbiyyat və incəsənət” qəzetində tənqid şöbəsinin müdiri, baş redaktor müavini işdədiyi illərdə ədəbi haqların, mənəvi dəyərlərimizin qorunmasına xüsusi önəm verərdi. indinin özündə belə bu qocaman mətbu orqanının kollektivi B.Adili ununulmaz duyğularla xatırlayır, insani keyfiyyətlərindən, məsuliyyət duyğusundan, səmimiyyətində söz açırlar. Bax, lirik şairimiz mənim yaddaşımda da beləcə qalmışdır. Onun yubileyi keçirildi, verilişlər ekranda canlandı, sözlərinə bəstələnmiş mahnılar dinlənildi.

Və gecənin birində Vahid Əziz zəng elədi ki, bəs, Adil Babayevin şeirləri bir toplum halında məndədir. Oğlu Etibar Babayev istəyir küll halında nəşr olunsun. Sən bir arzunu demişdin: yazmaq istəyirdin. Bəlkə şeirlərini oxuyasan?

Kitablarını yenidən oxudum. Lap çoxdan, bəlkə də otuz beş il öncə Adil Babayevin bir lirik şeirini oxumuşdum. O şeirdə yağış meşəyə çilənir, ağacların nəhəngliyini saymazyana qarşılayır yarpaqların, çiçəklərin xətrinə.

 

Meşəyə yağış yağır, sarı yarpaq yağışı,

Nə qədər məhzun olub çiçəklərin baxışı.

...Duyulur çiçəklərdən, yarpaqdan rütubət,

Yox yerin sinəsindəki bahardakı hərarət.

Meşəyə yağış yağır, sarı yarpaq yağışı,

Payız ötür, qış gəlir, artır torpağın yaşı.

 

35 il ayırır bu lətif, istisi soyumayan şeri bizdən. Adil Babayevin poeziyasının zərifliyini və gücünü bir daha hiss elədim. Şeirlər iki dəfə oxucusunu tapmalıdır: İlk yaranışında və müdriklik təsirində. Birinci oxuyanla bağlıdı, ikinci müəlliflə. Fərqi yoxdu şairin ilkimi, sonuncumu şeridir; bir o var ki, şair şeirlərini hansı vaxtda, hansı yaşda yazırsa belə - onunçun təptəzədi, indicə qələmə alınandı. Adil Babayevin necə ki, “İlk şerim”i var (1971), bir şair ömrünün xoş, intəhasız səsidir:

 

Şahin haqqındadır ilk şerim mənim,

Onu yazan zaman tamam uşaqdım.

O vaxt kim bilərdi, kim bilərdi, kim

Şeirə calayacaq ömrümü bəxtim.

Sonsuz bir həvəslə yazdım şerimi,

Sətirlər sadəlövh, fikirlər duru.

Yanırdı sözlərdə bir məşəl kimi

Bir insan sevinci, bir dost qüruru.

 

Və son misraların xatirələr işığından yol gəlməsi, şairə sədaqətinin əks-sədası:

 

Bəli, illər keçir, doluram yaşa,

Şahin xəyalımdan çıxmayır yenə.

Görünür, bəxş etmiş sevinclə qoşa

Ucalmaq eşqini ilk şerim mənim.

 

Adil Babayevin poeziyasında poetik hiss qüvvətlidir, fikri içərisində həzm edəndir, çünki ezoterik mətləblərdən uzaqdır - sadədir, səmimidir. Lev Tolstoy deyirdi ki, sadəlik - gözəlliyin zəruri şərtidir. Və şair özü də vurğulamışdı ki:

 

Bu dünyada gözəllikdən yarıdım,

Nəğməm, eşqim gözəllikdən yarandı.

 

Adil Babayevin şeirləri lirikliyi və epikliyindən asılı olmadan həzindir, melodiyalıdır. Bir bəndlik şeirdə belə, şair şeirə gərəkli kövrək notları itirməmişdir, həsrətiylə səsləndirmişdir:

 

Nə göy gözlərin var, gözünə qurban!

Yoxsa göy, rəngini sənlə bölüşmüş?

Səfalı Göy gölün mavi suyundan,

Yoxsa iki damla gözünə düşmüş?

 

Bəli, poeziyasındakı həmin məziyyət epik şeirlərində də həzinliyini, poetik faktın tərənnümünü qorumuşdur.

Adil Babayevin poeziyasında kövrək, ömrün vəfasızlığından doğan nigarançılıq hissi qırmızı xətlə keçir. İnsan doğulur, yaşayır və… bu əbədi həqiqətə bir o qədər də inanmır mənim yozumumda. “Saat işləyir” şerini 1969-cu ildə yazmışdır. Misralar sanki pak, ləkələnməmiş səmadan bahar yağışına qarışıb damcı-damcı düşür, heç kəsi diksindirmək istəmir.

 

Saat işləyir, vaxt ötür…

Ömrüm tökülür yoxluğa

damla-damla.

Kim bilir?

Bəlkə elə bu axşam

Vidalaşacağam dövrəmdəki

qayğılı,

arzulu,

sevincli,

kədərli,

sözlü,

Xəbərli izdihamla?

Axı, kimsəyə bəlli deyil

Ömrün son saatı?

Ah, necə şirindir

Ümidli, iztirablı,

Sevincli, əzablı,

İnsan həyatı?!

 

Mən şairin xüsusilə, 70-ci illərin əvvəllərində qələmə aldığı şeirlərdə toxunduğum bu fikrin mübhəm çırpıntısını duydum. Yaşı heç əlliyə çatmamış Adil Babayev eyforiyaya uymaq istəmirsə, xarici mühitin doğurduğu təsirlərə - eksogenliyə də tabeçilik göstərmir. Deməli, şair psixologiyası son dərəcə kövrək və titrək membrana bənzərdir, uzaq xatirənin kölgəsinə biganə deyil. “Son dayanacaq”, “Mənim abidəm”, “Timsahların göz yaşları”, “Anamın üzüyü” şeirlərində həyatın yoxluq üzünə idraki yanaşma da vardır:

 

Bilirəm,

Mən öləndə

Əklil də gətirəcəklər,

Qəzetlərdə başsağlığı da verəcəklər,

Xətir üçün.

Qəbrim üstündə söz deyən də olacaq.

Ancaq

Əsl xatirəm - abidəm

Sayılacaq iki tarix yazılı

sadə başdaşı.

Bir də övladlarımın, ömür yoldaşımın

Məzarıma tökdüyü göz yaşı.

 

Adil Babayev xaraktercə saf, canıyanan, hisslərinə sığınan şəxsiyyət olmuşdur. Münasibətində itirməyi xoşlamırmış, eləcə də dostluğunda, həmfikirliyində. Belə bir dəyərə malikdir, şeirlərində iç yanğısını, kədərini bariz təsvir eləmişdir. Şair dostu, Ənvər Əlibəylinin xatirəsinə bir şerində bir ərin itirilməsiylə onun qadınının iztirabı başlanması anını poetikləşdirmişdir:

 

…Lakin ömür adlı qatar

Son dayanacağına çatdı -

günün birində.

Kişi köçdü…

ayrıldı elindən, evindən.

Balalar yollara baxdı,

qadının saçlarına düşdü dən…

 

Bax, budur həyat yoldaşının sədaqət nişanəsi.

Adil Babayevin lirikasında sonetlər xüsusi mərhələ yaradır. Altmışıncı illərdə o, bu qədim klassik janrın xüsusiyyətlərini saxlamaqla öz təfsiri və üslubunda sonetlər yazdı. Və bu bədii nümunələr ədəbi tənqid tərəfindən yaxşı qarşılandı. Məlumdur ki, bu lirik janrın vətəni İtaliyadır. Belə ki, Dante, Petrarka və Şekspir sonetlərində məşhurlaşmışlar. Orta əsrlər əhvali-ruhiyyəsini tərənnüm edən sonetlər strukturunu saxlamışdır. Azərbaycan ədəbiyyatında S.Vurğun, S.Rüstəm, A.Şaiqlə yanaşı, Adil Babayev bu janrın imkanlarını yenidən yaşatmışdır: Şairin sonetləri insanın daxili aləmindəki həzinliyi, yaşamağın məqsədi, habelə yaşamaqla ölüm arasındakı labüd uçurumun təsviri çalarları.

 

Ölüm müdhiş deyildir, yaşamaq

çətin işdir.

Onun hər dəqiqəsi enişdir,

yüksəlişdir.

Gəlin əziz dostlarım

yaşamağı öyrənək.

 

Yuxarıda toxunduğum şeirlərdən fərqli şəkildə sonetlərdə bir nikbinlik ovqatı labüd səslənir. Digər bir sonetində şair inama dəstək verir və onu həyati, eşqi, misraları timsalında görür. Yox, əgər:

 

İnamın qırılsa könlüm qan ağlar,

İnamsız hər günüm qəlbimi dağlar,

İnamsız hər anım bir zəhərli ox. -

 

təkidində qalır.

Adil Babayev sözə sığınan şairdir və sözün poetik çərçivədə diri qaldığını, bu çərçivəni uçurub çıxmağı bacardığını qiymətləndirir. Sonetlərində bir az ləngərli tərzdə sözə yanaşır:

 

Şairik, sözə verək könlümüzün qanını,

Səmanın şimşəyini, dənizin tufanını,

Söz yolunda eyləyək ömrümüzü bir fəda.

 

Sonetlərin “Təzadlar içində yaşayırıq biz” başlığı altında toplanması bu lirik-epik düşüncələrin motivini əyaniləşdirir. Hiss olunur, şair xüsusilə, 60-70-ci illərin ab-havasından, sosial mühitin oyatdığı oyanışdan, xarakterlərin təzadından və s. doğan proseslərə biganə qalmamışdır. Və bu klassik janrı mühitimizdə qorumuşdur.

Şair Adil Babayevin yazdığı poemalar da diqqətimi cəlb elədi, bu janrda da o, məqsədinə müvəffəq olmuşdur. Bəllidir ki, poema öz janr-struktur xüsusiyyətinə görə daha çox təsvir-tərənnümə meyllidir və süjet xəttə sadiqdir. Lakin şairin lirik “mən”i aparıcıdır, hadisələrin “şərhçisidir”. Beş poeması öz tematik-tərənnüm baxımından rəngarəngdir, maraqlıdır, tərbiyəvi və tarixi səciyyəlidir. “Babəkdən sonra”, “Qız qalası”, “Qartal qanadları” və “Memarın məhəbbəti” poemaları şərti səslənsə də, adları çox şeyi soraq verir. “Babəkdən sonra” tarixi olayların maraqlı məqamlarına işıq salır. Babək və Afşin obrazları elə tarixilik kontekstində təsvir edilmişdir. Babəkin əzəməti, Afşinin miskinliyi şair təsvirində canlı, inandırıcıdır. Xəyanətin aqibəti oxucu nəzərində canlanır. Xüsusilə, Babək, Afşin, hakim dialoqları təbiidir, kəskindir, poetik gücə malikdir. Poemada vətənpərvərlik ruhu hakimdir, bir beyt açır məsələni:

 

Yadların verdiyi sevinc, səadət,

Axırda çevrilib fəlakət olur.

 

Ümumiyyətlə, tarixi-dramatik poema janrına Adil Babayevin yaradıcılıq istiqaməti yetərincə idi; bu da onun səhnə marağı ilə, teatr məsələlərinə yaxından bələdliyilə əlaqədardı. Tarixə meyllilik “Qız qalası”nda başqa epik-məzmun təsvirində yazılmış maraqlı əsərdir. Bu poemada da şair Vətən eşqini ülvi məhəbbətdən üstün tutur. Mərd qızlarımıza əbədi daş abidə ucaldır. Ucaldır ki, tarixlərdən bir mənəvi-yadigar nəsildən-nəslə ötürülsün.

 

Yeddi başlı, yeddi rəngli bu odların

qucağında

Qoca memar qala tikir Azərbaycan

torpağında.

Qız qalası - gözəlliyə, ülviyyətə

şahid olur.

O zamandan xalqımıza vüqar olur,

ümid olur.

 

Səhnə həyatımızı tarixləşdirən nadir aktyorlar arasında Hüseyn Ərəblinskinin öz yeri vardır. Onun faciəli taleyi haqqında B.Adilin yazdığı “Qartal qanadları” poeması bütövlükdə həyəcanlı ovqatın qənimətidir. Şair hər bir hadisəni həyəcanın səsiylə təsvir edir. Sonda Üzeyir bəyin “Sənsiz”iylə Ərəblinskinin yoxluğu arasında poetik assosiasiya təbii səslənir:

 

Bəlkə də “Sənsiz”in kövrək xalları -

Yarandı bəlkə də o matəm günü?

Bəlkə də Hüseynin böyüklüyünü,

Üzeyir bəlkə də duydu o anda…

 

“Memarın məhəbbəti” dahi memar Əcəminin qəmli məhəbbətinin tarixçəsindən danışsa da, sənətkar istedadının möcüzələri poetikləşdirilmişdir. Xüsusilə, Əcəminin dahi Nizamiylə görüşü ilə əsərin bitməsində də bir rəmzi anlaşma yox deyil.

 

…Memar şairlə dayanıb qoşa,

Qəlbində silinməz, ağır bir kədər

Araz sularına edir tamaşa…

 

Adil Babayevin poeziyasına ilkin ekskurs lirik-romantik yaradıcılığın zənginliyini bir daha göstərdi. Mən hər bir şerin, poemanın məzmun-forma rəngarəngliyini duydum. Və unutmayaq ki, 30 ildən artıq yazılma ömrünü - tarixini yaşadan bu poeziya poetik sınaq mərhələlərdən müdrikcəsinə adlamış, ruhunu, ovqatını saxlamışdır. Sanki mərhum şair kənarda durub, təzələnən şerin, yeniləşən şairlərin ədəbi taleyinə sevinir və qürurlanır, öz poeziyasının ona xəyanət etməməsi üçün. Bəlkə də belə bir sabitlik dahi Səməd Vurğunun 20 yaşlı cavan şairin ilhamına etibarıydı. Axı bu gənc şair Çinar obrazını haradan təxəyyülündə canlandırmışdı, hansı Məkanın Çinarıydı? Bu Çinarlı gecə - poetik fantom hansı hissləri oyatmışdı?

 

Gecədir… Ay atmış öz rübəndini,

Göylərin sinəsi yenə tərtəmiz.

Sürüb uzaqlara söz səməndini

Bir dünya görmüşlə danışırıq biz.

 

Bu dünyanın hər üzünü dadan bu müdrik qocanın nəhəng palıdı, salxım söyüdü… seçməsi də təsadüfi olmamışdır; Şair tapıntısında məhz əzəmətli çinarı seçmişdir. Başına gələn nakam eşqini boylu çinarın altında nəql eləyir. Və gənc şair simvolik olaraq elə öz yaradıcılıq yolunu bu çinardan keçirir, özündən sonra gələnlərə şeirlərini oxuyur. Axı poeziya ölmür, əbədidir; deməli, şair ömrü də həmçinin…

Mən ölməz şairimiz Adil Babayevin poeziyasını bu yaşımda və bu zövqümdə təmkinlə oxudum. Kövrəldim, vaxtsız şair itkisinə, hansı ki, o, çox yazardı - əbədi ilhamına güvənərək. Nə etmək, həyatın dəyişməz qanunları danılmazdır. Amma mən yazıma nöqtə qoymaq istədiyim anda Adil Babayevin poeziyasını özünün əbədiləşdirdiyi o çinara bənzətdim və bir də oxudum. Səməd Vurğunu kövrəldən, şerə səsləyən o misralarda dayandım:

 

Daddımsa hər nemətini,

Dilbər guşələrdə ötdüsə ömrüm -

Dünyanın ən böyük səadətini

Bu boylu çinarın altında gördüm.

 

Və bir daha inandım ki, ən böyük səadət şerin ölməzliyidir…

 

 

Allahverdi EMİNOV

 

Ədəbiyyat qəzeti.-2009.-23 oktyabr.-S.3.