Dilimizin görkəmli tədqiqatçısı
Azərbaycan dilçilik elminin görkəmli nümayəndəsi,
keçmiş sovet məkanında tanınmış
türkoloqlardan biri olan M.Ş.Şirəliyevin
anadan olduğu vaxtdan 100 il
keçir. M.Ş.Şirəliyev Azərbaycan
dilçiliyinin B.Çobanzadə,
F.Ağazadə,
A.Tağızadə, X.Xocayev,
İ.Həsənov kimi
dilçilər nəslindən
sonrakı elmi nəslə mənsub idi. Bu nəslin
nümayəndələrinə isə başda M.Şirəliyev olmaqla, Ə.Dəmirçizadə, M.Hüseynzadə,
Ə.Orucov, İ.Əfəndiyev
və b. bu kimi görkəmli
dilçi alimləri aid etmək olar. Sovet dövrü
elmi məktəb yaratmış Azərbaycan
alimlərindən Y.Məmmədəliyev,
A.Qarayev, H.Abdullayev, M.Topçubaşov, Z.Bünyadov,
Ə.Seyidov və başqa alimlər kimi akademik M.Ş.Şirəliyev də elmi məktəb yaradan insanlardan idi. Görkəmli alim elmi fəaliyyəti
ilə Azərbaycanda dialektoloji məktəb yaratmışdı. Azərbaycanda
dialektoloji araşdırmalar,
dialekt və şivələrin öyrənilməsi
bu görkəmli alimin adı ilə bağlıdır.
M.Ş.Şirəliyev Azərbaycanın
qədim elm və mədəniyyət
mərkəzlərindən olan Şamaxıda doğulmuş, onun uşaqlıq illəri bolşevik-daşnak quldurlarının
Şamaxı və ona yaxın əraziləri yandırıb-talan etdikləri illərə təsadüf
etmişdi. M.Şirəliyev
1931-ci ildə Azərbaycan
Dövlət Universitetinin
şərqşünaslıq fakültəsini bitirmiş,
sonralar respublikanın
ali məktəblərində
dərs demiş, kafedra müdiri, dekan, rektor müavini
və s. vəzifələrdə işləmişdir.
1949-cu ildən Elmlər
Akademiyası sistemində
işləməyə başlamış,
uzun illər Nəsimi adına Dilçilik İnstitutunun
direktoru olmuşdur. O,
1941-ci ildə "Bakı
dialekti" mövzusunda
namizədlik dissertasiyası
müdafiə etmiş,
lakin əsərin elmi məziyyəti nəzərə alınaraq
ona birbaşa filologiya elmləri doktoru elmi dərəcəsi
verilmişdir. O, 1949-cu ildə
Elmlər Akademiyasına
müxbir üzv,
1962-ci ildə isə həqiqi üzv seçilmiş, həm də əməkdar elm xadimi fəxri
adına layiq görülmüşdür.
M.Ş.Şirəliyevin aspiranturada
elmi rəhbəri prof. B.Çobanzadə olmuşdu, lakin B.Çobanzadə qanlı Stalin repressiyasının günahsız qurbanı oldu, buna baxmayaraq
gənc aspirant daha ciddi səylə
elmi axtarışlarını
davam etdirdi. Bu yerdə görkəmli
alim Ə.Abdullayevin sözləri yada düşür: "…İstanbul
Universitetində oxumuş
dilçi, prof. B.Çobanzadə 1937-ci ildə
həbs edildi. Onun aspirantları - M.Şirəliyev, Ə.Dəmirçizadə,
M.Hüseynzadə və
İsmayıl Əfəndiyev
başsız qaldılar.
Sonralar onların yetişməsi üçün
uzun illər lazım oldu".
Akademik M.Ş.Şirəliyevin elmi yaradıcılığında başlıca yeri dialektoloji tədqiqatlar tutur. Alimin dialekt və
şivələrin öyrənilməsi
sahəsindəki işi
bir sıra nəzəri ümumiləşdirmələr
aparmağa, ümumiləşdirici
nəzəri əsərlər
yaratmağa imkan verdi və bu
əsasda alimin "Azərbaycan dialektologiyasının
əsasları" adlı
əsəri meydana gəldi (1962). Həmin
əsər 1968-ci ildə
təkmilləşdirilmiş şəkildə yenidən
nəşr olundu. Bu əsərdə ümumiləşmiş şəkildə
Azərbaycan dili dialekt və şivələrinin bir-birindən fərqli cəhətləri araşdırılmışdır.
1957-ci ildən Azərbaycan dialektologiyasının bir
sahəsi olan dilçilik coğrafiyası
da inkişaf etməyə başladı.
Türkologiyada, o cümlədən Azərbaycan
dilçiliyində dilçilik
coğrafiyasının əsasını
akademik M.Ş.Şirəliyev
qoymuşdur. Türk dillərinin tədqiqi sahəsində ilk dəfə Azərbaycan dialektoloqları dialektlərin
spesifik xüsusiyyətlərini
aydınlaşdırmaq və
izoqlossları seçmək
məqsədilə dilçilik
coğrafiyası metodunu
tətbiq edirlər. Dilçilik coğrafiyası
metodunu tətbiq edərkən Azərbaycan
dialektoloqları izoqlossların
a) ədəbi dildən; b) bir dialektin digər
dialektdən; c) Azərbaycan dialektlərinin
qohum dillərdən fərqli əlamətlərini
nəzərə alırlar.
M.Ş.Şirəliyevin rəhbərliyi
ilə Azərbaycan dialektoloqları türk dilləri arasında ilkin olaraq Azərbaycan
dili Şərq qrupu dialekt və
şivələrini əhatə
edən təcrübi
dialaektoloji atlas hazırlamışlar. Türkologiya
tarixində birinci olan atlas 50 xəritədən
və müfəssəl
izahdan ibarət idi.
Bu zərurət
nəzərə alınaraq,
türkdilli dialektoloqların
V elmi sessiyası
1965-ci ildə Bakıda
çağırıldı. Həmin sessiyanın gündəliyində aşağıdakı
məsələlər dururdu:
a) SSRİ ərazisindəki
türk dillərinin dialaktoloji atlaslarının
hazırlanması haqqında; b) Türk dilləri dialektoloji lüğətlərinin
tərtibi haqqında;
c) Türk dillərinin tarixi dialektologiyası məsələlərinin
araşdırılması haqqında
(A.N.Kononov: Tyurkskaya filoloqiya və SSSR. M.1968.səh. 15).
1964-cü ildə akademik
M.Ş.Şirəliyevin redaktorluğu
ilə "Azərbaycan
dilinin dialektoloji lüğəti" nəşr
edilir, lakin ilk təcrübə olduğundan dialekt və şivə sözlərinin müəyyən
qismi bu lüğətdə öz
əksini tapmamışdı.
Odur ki, 2 cildlik "Dialektoloji lüğət" Azərbaycan
dilçilərinin fəal
iştirakı ilə
1999-cu ildə Türkiyədə
çap olunmuşdur.
Hörmət əlaməti
olaraq, lüğətə
fəxri redaktor kimi M.Ş.Şirəliyevin
adı yazılmışdır.
XX əsrin 70-ci illərindən
Bakı şəhəri
keçmiş SSRİ məkanında
türkoloji mərkəzlərdən
biri kimi tanınmağa başlayır.
Bu işdə Azərbaycan KPMK-nın keçmiş birinci katibi, ümummilli lider Heydər Əliyevin Azərbaycanın
Ümumittifaq miqyasında
tanınmasında böyük
xidmətləri oldu. Həmçinin akademik M.Şirəliyevin
və başqa türkoloq alimlərimizin elmi nüfuzları da təsirsiz qalmadı. 70-ci illərin əvvəllərində Bakıda
beynəlxalq səviyyəli
"Sovetskaya tyurkoloqiya"
jurnalı nəşr
olunmağa başladı.
Bu jurnalı elmi sanbalına görə o vaxtlar Moskvada nəşr olunan "Voprosı yazıkoznaniya"
jurnalı ilə müqayisə etmək olardı. Keçmiş SSRİ dövründə
türk dillərinin dialektologiya məsələlərinə
aid elmi konfranslardan üçü
Bakıda keçirilmişdir
(1956; 1960; 1965), digər tərəfdən Bakıda
və başqa şəhərlərdə keçirilmiş
elmi konfransların materialları da (Ümumittifaq məcmuəsi)
rus dilində bir neçə dəfə Bakıda nəşr edilmişdir. İttifaq miqyasında bütün türk dilləri dialektologiyasına
rəhbərlik edən,
dialektologiya məsələlərini əlaqələndirən
və idarə edən bir orqan
- Dialektologiya Komitəsi
fəaliyyət göstərirdi
ki, onun da sədri akademik
M.Ş.Şirəliyev idi.
M.Ş.Şirəliyevin elmi
fəaliyyəti sayəsində
Azərbaycan dialektologiya
məktəbi başqa
türk dillərinin dialektlərini öyrənmək
üçün nümunəyə
çevrilmişdi.
Akademik M.Ş.Şirəliyevin elmi yaradıcılığı dialektologiya
sahəsi ilə məhdudlaşmır. O, Azərbaycan
dilinin morfologiya və sintaksisinə, nitq mədəniyyəti, üslubiyyat, orfoqrafiya, orfoepiya məsələlərinə,
türkologiyanın nəzəri
problemlərinə dair
əsərlərin, ali
və orta məktəblər üçün
dərsliklərin müəllifi
olmuşdur. Təkcə
onu qeyd etmək lazımdır ki, onun M.Hüseynzadə
ilə birlikdə orta məktəblər üçün yazdığı
"Azərbaycan dilinin
qrammatikası (sintaksis)"
kitabı yarım əsrə yaxın məktəblilərin stolüstü
dərsliyi olmuşdur.
Bir sözlə, alimin qələmindən
100-dən çox elmi əsər və monoqrafiya çıxmışdır.
Görkəmli alimin
elmi fəaliyyəti yalnız keçmiş
SSRİ ərazisi ilə
məhdudlaşmırdı. O, 1957-ci ildə Türk Dil Qurumunun üzvü
seçilmişdi (Azərbaycandan
prof. Ə.Dəmirçizadə
də o vaxtlar bu qurumun
üzvü idi).
M.Ş.Şirəliyev Türk Dil Qurumunun
qurultaylarında (1957, 1966, 1972) iştirak edib mühazirələr oxumuşdu.
1953-54-cü illərdə Bolqarıstan
hökumətinin dəvəti
ilə Sofiya Universitetində, 1963-cü ildə
isə Polşa Xalq Respublikasının dəvəti ilə Varşava və Krakov universitetlərində
türk dilindən mühazirələr
oxumuşdu. Alim bir sıra beynəlxalq
əhəmiyyətli elmi
yığıncaqlarda uğurla
çıxış etmiş,
əsərləri bir
çox xarici dillərdə nəşr
olunmuşdur. Akademik
M.Ş.Şirəliyevin bilavasitə
rəhbərliyi və
yaxından qayğısı
sayəsində onlarla
namizədlik və doktorluq dissertasiyaları müdafiə olunmuşdur.
O, Azərbaycan Sovet Ensiklopediyası baş redaksiya heyətinin üzvü idi.
Görkəmli alimin unudulmaz xatirəsi bu gün də onu tanıyanların qəlbində yaşamaqdadır.
Peyğəmbər Əleyhissəlam
buyururdu: "Elmindən
fayda gələn alim min abiddən
irəlidir". Bəli,
akademik M.Ş.Şirəliyev
elmi ilə cəmiyyətə, insanlara
fayda gətirən alimlərdən idi.
Aydın
NAĞDALIYEV
Ədəbiyyat qəzeti.-2009.-23 oktyabr.-S.2.